Məhkəmə qərarları › İş №2-1(3-8)-264/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-264/2026

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-264/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: mənzillə təmin olunma) Sədrlik edən və məruzəçi hakim X8, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-4964/2025 xx.xx.2025-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayon İcra Hakimiyyəti Başçısının 20 oktyabr 2014-cü il tarixli 515 saylı Sərəncamı ilə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 58, mənzil 12-də yaşayan İİ qrup Qarabağ Müharibəsi əlili X13 5 nəfər ailə üzvü ilə birlikdə mənzil şəraitini genişləndirmək məqsədilə mənzil növbəsinə götürülmüşdür. Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin verdiyi xx.xx.2025-ci il tarixli 56 saylı arayışda İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 58, mənzil 12 ünvanında yaşadıqları qeyd edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı məktubundan görünür ki, iddiaçı İbadov X10 rayonu, Xırdalan şəhəri, X17 küçəsi, ev 58 ünvanında 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sosial-məişət şəraitin yaxşılaşdırılması üçün Nazirlik tərəfindən yenidən mənzillə təmin edilməyiniz mövcud qanunvericiliyə uyğun deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2-ci qrup, 1-ci Qarabağ müharibəsi əlili X3 mənzil şəraitini və ümumi sahəsi 66,1 kv.m, 38.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzildə 3 ailənin yaşadığını nəzərə alaraq iddiaçının mənzillə təmin olunması barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2- ci qrup, 1-ci Qarabağ müharibəsi əlilidir. O, ümumi sahəsi 66,1 kv.m, 38.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzildə onunla birgə 7 nəfər ailə üzvü-3 ailə (həyat yoldaşı, qızı, 2 oğlu və 2 gəlini) ilə birgə yaşayırlar. Həmçinin qısa müddət ərzində nəvəsi də dünyaya göz açacaqdır. Beləliklə, ailə üzvlərinin sayı 8 nəfərə çatacaqdır. 2 otaqlı, darısqal, iç-içə olan otaqlarda bu qədər ailə üzvlərinin yaşaması çox çətin və acınacaqlıdır. Bir sözlə mümkün deyil. Həmçinin bu dövrdə ev almaq çox çətin olduğundan ev almağa da maddi imkanları yoxdur. X4 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi dövlət tərəfindən 1 dəfə yuxarıda qeyd etdiyi yaşayış sahəsi ilə təmin olunmuşdur. İddiaçı həmçinin mənzil şəraitini genişləndirmək məqsədilə Abşeron RİH-nə güzəştli mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Abşeron RİH-nin xx.xx.2014-cü il tarixli, 515 №-li Sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Lakin güzəştli mənzil növbəsinə götürülməsinə baxmayaraq, imkanı olmadığından mənzil də ala bilmir. Daha sonra iddiaçı X4 ailə üzvlərinin sayının artması ilə əlaqədar 2 otaqlı evdə yaşamağın mümkün olmadığına görə məcbur qalaraq,ev almağa maddi imkanı olmadığından, Azərbaycan Respublikası ƏƏSMN-nə mənzillə təmin olunması barədə müraciət etsə də, imtina cavabı almışdır. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən hesab edir ki, 2-ci qrup, 1-ci Qarabağ müharibəsi əlili, vətən uğrunda canını fəda edən iddiaçı X4 mənzillə təmin olunmalıdır. Tələbin hüquqi əsasları. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamının bəndlərinin diqqətinizə çatdırıram: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. 2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022–2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etsin. Bundan başqa şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2021-ci il tarixli Fərmanının bəndlərini nəzərə çatdırıram: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin (bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən özəlləşdirilməsi həmin mənzillərin satışı yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 3. Nazirlik: 3.1. bu Fərmanın 1-ci hissəsində qeyd edilən mənzillərin satışını bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təşkil etsin; 3.2. mənzillərin satışından əldə olunan vəsait hesabına yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər görsün: 3.2.1. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulmuş şəxslər; 3.2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulmuş şəxslər; 3.2.3. bu Fərmanın 3.2.2-ci yarımbəndində nəzərdə tutulan, 2020-ci və 2021-ci illər ərzində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər; 3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan mənzillərin satışına aşağıdakı hallarda yol verilir: 4.1. həmin mənzillərin sayı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu Fərmanın 3.2.1 – 3.2.3-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin, eləcə də bu Fərman qüvvəyə mindiyi günədək yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda olan gözdən əlilliyi müəyyən edilmiş şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sayından artıq olduqda; 4.2. həmin mənzillərin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş yaşayış sahəsinin ayrılma norması nəzərə alınmaqla bu Fərmanın 3.2.1 – 3.2.3-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə verilməsi mümkün olmadıqda. 5. Yerli icra hakimiyyəti orqanları bu Fərmanın 3.2.3-cü yarımbəndində göstərilən şəxslər barədə məlumatları Nazirliyə təqdim etsinlər. 6. Bu Fərmanın 1-ci hissəsi və 3.1ci bəndi bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan qayda ilə eyni gündə qüvvəyə minir. Azərbaycan hökumətinin 2004-cü ildə qoşulduğu Avropa Sosial Xartiyasının 31-ci maddəsində deyilir ki, hər bir insan mənzil hüququna malikdir. Bu gün ölkədə “Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot normasının müəyyən edilməsi barədə” müvafiq layihədə yaşayış sahəsinin uçot normasının minimal səviyyəsi adambaşına 12 kvadratmetr nəzərdə tutulub. Əgər adambaşına düşən yaşayış sahəsinin uçot normasının minimal səviyyəsi 12 kv.m-dirsə, onda 8 nəfər üçün 96 kv.m nəzərdə tutulub. Ümumi sahəsi 66,1 kv.m, 38.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzildə bu qədər ailə üzvü üçün, 2 gəlini, 2 oğlu və 1 qızı olan ailə üçün yaşamaq çox çətin və dözülməz və ailə dəyərlərinə çox ziddir. Azərbaycan Respublikasının Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 saylı fərmanına əsasən yeni normaların təyin edilməsi barədə fərmanın icrasını Nazirlər Kabinetinə tapşırılmışdı. Nazirlər Kabineti 2019-cu ildə 459 saylı qərarına əsasən sosial kirayə müqaviləsi üzrə isə 16 kv.m təşkil edir. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Burada müraciət edən vətəndaşların ehtiyacı olduğu yaşayış sahəsinin minimal ölçüsü əsas götürülür. Veteranlar haqqında Azərbaycan Respublikası qanunun 11-ci maddəsinə əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqda aşağıdakı bəndləri də nəzərinizə çatdırıram: Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdətutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir. Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitin yaxşılaşdırılmasına dair Prezidentin müvafiq sərəncamları ilə hərbi əməliyyatlar zamanı ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6467/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. İddiaçı İbadov X10 rayonu, Xırdalan şəhəri, X17 küçəsi, ev 58 ünvanında ümumi sahəsi 66.1 kv.m olan 2 (iki) otaqlı mənzil ilə təmin edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar- uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etmiş olduğu müvafiq qərarında qanunun tələbinə görə yaşayış sahəsi verilərkən adambaşına düşən norma yalnız yaşayış otaqlarının ümumi həcmi deyil, mənzilin ümumi sahəsi nəzərə alınmaqla hesablanması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Mövcud vəziyyətdə vətəndaşların mənzillə təmin olunması həm qanunvericilik baxımından mümkünsüzdür, həm dövlət büdcəsinin və dövlət mənzil fondunun imkanları xaricindədir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-4964/2025 xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2- 1(102)-1270/2024 saylı analoji qərarına istinadən qeyd edir ki, iddiaçının adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun olmamış və qanuna görə də cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, 5 nəfər ailə üzvü və hər bir ailə üzvünə düşən ayrılma norması 16 kv. metr olmaqla (5x16kv.metr=80 kv.metr), hazırki mənzilin ümumi sahəsi 66.1 kv.metrdir ki, (80kv.metr-66.1kv.metr=13.9kv.metr) qeyd edilən sahəyə münasibətdə 16 kv.metr çatışmayan hissə yaranmır və hər bir ailə üzvünə (66.1 kv.metr : 5 =13.22 kv.metr) 13.22 kv.metr sahənin düşdüyü müəyyən edilir. İddiaçının 2 otaqlı mənzildə 7 nəfər ailə üzvü-3 ailə (həyat yoldaşı, qızı, 2 oğlu və 2 gəlini) ilə birgə yaşamasına münasibətdə məhkəmə qeyd edilir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 20 oktyabr 2014-cü il tarixli 515 saylı Sərəncamı ilə X13 7 deyil, 5 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. Beləliklə, iddiaçı cavabdeh tərəfindən ona əlavə mənzil verilməsini zəruri edən faktiki şərtlərin mövcuddluğunu sübut edə bilməmişdir. Qeyd edilənlər iddianın təmin edilməməsi üçün əsas təşkil edir. Qərarla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı 2 şəxsin ad, soyadı və adı verilərək, onların 2-ci dəfə evlə təmin olunması barədə məlumat verilmiş və onların həqiqətən evlə təmin olunmaları barədə tərəfindən vəsatət verilərək, cavabdeh orqana sorğu verilməsi xahiş edilmişdir. X2 təqdim etdiyi şəxsin adı texniki səhv olaraq, Şirxan kimi təqdim edilsə də, əsl adı Şirvandır ki, həmin şəxs də, həmçinin X9 da 2-ci dəfə evlə təmin olunmuşlar. Lakin cavabdeh orqan X5 mənzillə təmin edilməsi barədə inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi mümkün deyil deməklə kifayətlənmişdir. Ona görə də cavabdeh orqanın sorğuya düzgün cavab verməməsi nəticəsində iddia təmin edilməmişdir. X1 2-ci dəfə mənzillə təmin edilməsi barədə tərəfindən sübut məhkəməyə təqdim ediləcəkdir. Cavabdeh orqan Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, yəni bərabərlik hüququ prinsipini kobud şəkildə pozaraq, istədiyi vətəndaşları 2-ci dəfə mənzillə təmin edir. Hansı ki, iddiaçı kimi mənzil şəraiti olan şəxslərin mənzillə təmin olunmalı olduğu halda, onun acınacaqlı vəziyyətini, onunla birlikdə yaşayan 7 nəfər ailə üzvünü nəzərə almayaraq, onu mənzillə təmin etmirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 4.0 və 4.0.2. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Maddə 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: .... 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; ..... Maddə 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə 27 avqust 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin 2.3-cü bəndinə görə həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı: Bənd 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cıil tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı əlilliyi müəyyən edilmiş şəxs kimi ona verilmiş mənzilin ümumi sahəsi az olduğundan, ailə üzvlərinin sayının nəzərə alınaraq, onun yeni mənzillə təmin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan imtina əsası kimi iddiaçının eyni əsasla artıq mənzillə təmin olunması və bu səbəbdən sosial-məişət şəraitinin yenidən yaxşılaşdırılmasının qanunvericiliyə uyğun olmaması halına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı müharibə əlilidir, bu əsasla iddiaçı və 4 nəfər ailə üzvinə mənzil sahəsi ayrılmış, həmin mənzil hazırda iddiaçının xüsusi mülkiyyətində olmaqla, bu hüquq dövlət qeydiyyatına alınmışdır. Həmin mənzilə dair çıxarış məlumatlarından görünür ki, mənzilin ümumi sahəsi 66,1 kv.m.dir. Müvafiq icra hakimiyyəti orqanının xx.xx.2014-cu il tarixli sərəncamı ilə iddiaçı və 5 nəfər ailə üzvi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yenidən uçota alınmışdır. İndiki halda iddiaçı onun mülkiyyətinə verilmiş mənzildə 3 ailənin yaşaması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması halına istinad edərək, onun əlilliyi müəyyən edilmiş şəxs qismində mənzillə təmin edilməsini istəyir. Kollegiya ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə işin halları birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılaraq, işin hallarına və iddianın əsaslılığına qanunvericiliyin tələbləri və oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından düzgün dəyərləndirmə aparıldığından, hüquqi qiymətvermənin əsasları ətraflı şəkildə qeyd edildiyindən kollegiya həmin dəyərləndirmə ilə razı olduğundan, təkrarən həmin halların qeyd edilməsi zərurəti mövcud olmamışdır. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən eyni bir əsasla mənzillə təmin edilməsi bir dəfə həyata keçirilir, habelə bu zaman verilmiş mənzilin ümumi sahəsi adambaşına düşən uçot normasından az olmamalıdır. Kollegiya iddiaçının tələbin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozitiv şərtlərinə əsasən ər, arvad, uşaqlar və valideynlər ailə üzvlərinin dairəsinə düşən şəxs hesab olunurlar. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və onun ailə üzvlərinin sayı nəzərə alınmaqla, əlilliyi müəyyən edilmiş şəxs kimi qanunvericiliyin tələbinə uyğun mənzillə təmin edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 3 ailənin həmin evdə yaşaması halına istinad etməklə, tələbin əsası kimi həmin hala istinad etməkdə haqlı olmamışdır. Bundan əlavə kollegiya qeyd edir ki, hazırki iş üzrə iddianın əsaslılığını qanunla müəyyən edilmiş uçot norması ilə bağlı tələblər üzrə dəyərləndirildikdə də, əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya qeyd edir ki, bu hissədə də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına ətraflı şəkildə qeyd edildiyindən, həmin halların təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. İndiki halda iddiaçıya münasibətdə qeyd olunan normanın dispzotiv şərtləri də mövcud olmamışdır. Kollegiya iddiaçının şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı başqa şəxsin iki dəfə eyni əsasla mənzillə təmin eidlməsi halına istinad etmiş və bu hala dair CD disk təqdim etmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilən sübut tədqiq edilmiş, iddiaçının istinad etdiyi halın müəyyən edilməsi mümkün olmamış, iddiaçı tərəfindən həmin hala dair başqa sübut təqdim edilməmişdir. Nəticə etibarilə iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımında da dəyərləndirilməsi mümkün olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (iddiaçının eyni əsasla artıq mənzillə təmin edilməsi, uçot norması qaydasının pozulması halının müəyyən edilməməsi, istisna normaya aid halın mövcud olmaması, bərabərlik prinsipinin tələblərinin pozulması halının aşkar edilməməsi) iddianın əsaslılığını və şikayətin dəlillərini təkzib etdiyindən, apellyasiya şikayəti əsassız olmuş, cavabdehin iddiaçı barəsində hərəkətləri qanunauyğun olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquiq qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-4964/2025 xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar