Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-267/2026 06.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Cabbarova Gülnar İnqilab qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Salahov Əliş Rasim oğlunun iştirakı ilə İddiaçı Aydəmirova Günel Ələddin qızının cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(118)-3788/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı Aydəmirova Günel Ələddin qızı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tikinti işlərinin dayandırılması barədə 20 noyabr 2024-cü il tarixli, 1106 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhər sakini Rzayev Ədalət Qulu oğlu ilə Quba regional Asan Xidmət Mərkəzində Notarait ofisində bağlanmış 29 avqust 2023-cü il tarixli, AN-I 1189527 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Amsar kəndində yerləşən 0,4285 ha torpaq sahəsindən 0,04 ha hissəsini aldı. Aldığı torpaq sahəsinə dair dövlət reyestrindən adına çıxarış var. Həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başladı. Təxminən 10 gündür ki, torpaq sahəsində tikinti işini bitirmişdi. Özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən birmərtəbəli, mansarlı fərdi yaşayış evi tikmişdir. Fərdi yaşayış evinin damını tam olaraq ustalar vurmuşdular. Beləliklə fərdi yaşayış evi tamamilə tikilmişdir. 28 oktyabr 2024-cü il tarixdə saat 16:00-da Quba rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsində tikdiyi fərdi yaşayış evini 10-AC-027 dövlət qeydiyyat nişanlı traktorla sökmüşdülər. İddiaçı özünə məxsus torpaq sahəsində tikdiyi fərdi yaşayış evinin sökülməsi xəbərini alaraq yaşadığı Quba rayonu Alpan kəndindən Quba rayonu Amsar kəndinə gələndə artıq ev sökülmüş vəziyyətdə idi. Lakin buna baxmayaraq həmin evin sökülməsi anını tanışları video görüntüyə almışdılar. İddiaçı torpaq sahəsinin üzərində yerləşən evin tikilməsini hələ oktyabr ayının əvvəli yekunlaşdırmışdı. İddiaya əlavə etdiyi fotoşəkillərdən də göründüyü kimi, fərdi yaşayış evinin divarları tamamilə hörülmüş, dam örtüyü tamamlanmışdır. Bundan sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi şöbəsi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan sonra ona Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 20 noyabr 2024-cü il tarixli, 1106 saylı tikinti obyektində tikinti işlərinin dayandırılması barədə qərar verilmişdir. Həmin qərarda mərtəbənin xaricində divarlarının hörgü işləri aparılması qeyd edilmişdir. Halbuki iddiaçı fərdi yaşayış evinin tikintisini başa çatdırmışdır. Divarlar çoxdan hörülüb qurtarılmışdır. Fərdi yaşayış evinin bir hissəsi hətta qanunsuz olaraq Quba rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq sökülmüşdür. Həmin qərarda həmçinin tikintinin dayandırılması qeyd edilsə də, iddiaçı tikintini çoxdan dayandırmışdır. Çoxdan tikilmiş tikintinin dayandırılması barədə qərar qanunsuz və əsassız olmaqla heç bir məntiqə sığmır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 20 noyabr 2024-cü il tarixli 1106 saylı tikinti obyektində tikinti işlərinin dayandırılması barədə qərar tamamilə qanunsuz və əsassızdır. Ona görə ki, inzibati icraat çərçivəsində qərar qəbul edilənə kimi ona məlumat verilməmiş, bildiriş göndərilməmiş, inzibati icraatın aparılması ilə bağlı heç bir xəbərdarlıq edilməmişdir. İddiaçı öz torpaq sahəsində tikintini başa çatdırdıqdan sonra onun barəsində tikinti işlərinin dayandırılması barədə 1106 saylı qərar qəbul edilmişdir. Bundan başqa qərarın özü də tamamilə qüsurludur. Belə ki, qərarda tikinti obyektinin mövcud vəziyyəti qrafasında “mərtəbinin xarici divarlarının hörgü işləri aparılır” deyə qeyd edilmişdir. Halbuki həmin qərar qəbul edilənə kimi, iddiaya əlavə etdiyi fotoşəkildən də göründüyü kimi tikinti işləri yekunlaşmışdır. Yəni tamamilə tikintisi başa çatdırılmışdır. Dam örtüyü vurulmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Quba rayon İcra Hakimiyyəti tərəfindən Agentliyə 26 oktyabr 2024-ci il tarixli məktubla Quba rayonu Amsar kəndi ərazisində Günel Aydəmirova tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti işləri aprılması ilə əlaqədar məlumat daxil olmuşdur. Şimal Regional Tikinti Müfəttişliyinin müfəttişi 28 oktyabr 2024cü il tarixdə qeyd edilən ünvana baxış keçirilməsi ilə əlaqədar getmiş və həmin tikinti obyektində qismən söküntü işlərinin aparıldığını müşahidə etmişdir. Söküntü işlərinin kimin tərəfindən aparılmasını müəyyən etmək mümkün olmamışdır. Növbəti dəfə 19 noyabr 2024-cü il tarixində həmin tikiliyə dövlət nəzarəti həyata keçirilərkən, yenidən özbaşına tikinti işlərinə başlanılmasına görə texniki baxış aktı tərtib olunmuş və tikintiyə icazəverici sənədləri alınana qədər tikinti işlərinin dayandırılması barədə 20 noyabr 2024cü il tarixli, 1106 nömrəli qərar tərtib olunaraq poçt vasitəsilə sifarişçinin ünvanına göndərilmişdir. Eyni zamanda tikinti obyektinin sökülməsi ilə bağlı Agentlik tərəfindən hər hansı qərar qəbul edilməmiş və həmin ünvanda tərəflərindən söküntü işləri aparılmamışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintidə icazənin yaxud məlumatlandırma icraatı ilə bağlı sənədlərin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə Agentlik tərəfindən həmin tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3.1.6-cı bəndinə uyğun olaraq tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən, tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikintiquraşdırma işlərinin dayandırılması və zəruri hallarda obyektin sökülməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydaları”nın 1.4cü bəndinə əsasən Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra - Müfəttişlik) vasitəsilə həyata keçirir. Eyni zamanda iddiaçı tərəfindən bugünədək tikintiyə dair heç bir icazəverici sənədlər alınıb Agentliyə təqdim edilməmişdir Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: 29.08.2023-cü il tarixli, AN-I 1189527 nömrəli alqı-satqı-müqaviləsindən görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,04 ha torpaq sahəsi Rzayev Ədalət Qulu oğlu tərəfindən iddiaçı Aydəmirova Günel Ələddin qızına satılmışdır. 11.10.2023-cü il tarixli, 2823035481 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,04 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. 23.10.2024-cü il tarixli 1761038 nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Aydəmirova Günel Ələddin qızı barəsində Quba rayonu Amsar kəndi ərazisində mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsində əsaslı tikintisi olan fərdi yaşayış binasının inşa etməklə torpağın məqsədi təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə olunması müəyyən edilmişdir. 06.11.2024-cü il tarixli, 1787552 nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, Aydəmirova Günel Ələddin qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən Aydəmirova Günel Ələddin qızı 500 manat cərimə edilmişdir. 22.10.2024-cü il tarixli bildirişdə qeyd edilmişdr ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci və 3.11.5-2-ci bəndlərinə əsasən dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan icaat çərçivəsində özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə əraziyə baxış keçirilən zaman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət etmədən tikinti və quraşdırma işləri apardığı aşkar edilmişdir. Ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmaması, özbaşına tikinti işlərinin aparılması, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikilməsi, tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirilməsi, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikilməsi qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunan qanun pozuntuları ilə əlaqədar cinayət və inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırda özbaşına apardığı tikinti işlərinin dərhal dayandırılması yazılı qaydada tövsiyə edilir. Əks təqdirdə bununla əlaqədar qanunvericiliyə uyğun tədbir görüləcəkdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Quba rayon İcra Hakimiyyətinə ünvanlanmış 28.11.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Quba şəhəri, 32-33-cü məhəllədə fiziki şəxs Zeynalov Eldəniz Asəf oğlu və Quba rayonu, Amsar kəndi ərazisində fiziki şəxs Aydəmirova Günel Ələddin qızı tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri və tikinti norma və qaydaları pozulmaqla tikinti işləri aparıldığı üçün Agentlik tərəfindən sifarişçilərə tikinti işlərin dayandırılması barədə 20 noyabr 2024cü il tarixli, 1106 nömrəli və 22 noyabr 2024-cü il tarixli, 1111 nömrəli qərarlar verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən iddiaçı Aydəmirova Günel Ələddin qızına ünvanlanmış 06.12.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Quba rayonu, Amsar kəndi ərazisində mülkiyyətində olan torpaq sahəsində tikintiyə icazəverici sənədlər olmadan tikinti işləri aparıldığı üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə uyğun olaraq tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən 20 noyabr 2024-cü il tarixli, 1106 nömrəli qərar verilmişdir. İnşa etdiyi tikinti obyektinin sökülməsi ilə bağlı Agentlik tərəfindən hər hansı qərar qəbul edilməmiş və söküntü işləri aparılmamışdır. Quba rayon İcra Hakimiyyətin tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış 26.10.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Quba rayonu, Amsar kəndi ərazisində Aydəmirova Günel Ələddin qızı tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti və quraşdırma işləri aparıldığı müəyyən edilmişdir. Həmin şəxsə özbaşına apardığı tikinti quraşdırma işlərinin dayandırılması barədə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamış və aparılan qanunsuz işlər davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarına və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci və 4.16.3-cü bəndlərinə uyğun olaraq, Quba rayonu, Amsar kəndi ərazisində qeyd olunan şəxs tərəfindən özbaşına aparılan tikinti işlərinin qarşısının alınması, sökülməsi barədə qərar verilməsi və buna məsul şəxslər barəsində qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə göstəriş verməyini xahiş edir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin 19.11.2024-cü il tarixli 241070 nömrəli texniki baxış aktında qeyd edilmişdir ki, tikinti obyektinin ünvanı Quba rayonu, Amsar kəndi, təyinatı fərdi yaşayış evidir. Tikinti obyektinin sifarişçisi Aydəmirova Günel Ələddin qızıdır. Tikinti obyektinin layihəçisi xüsusi razılığın rekvizitləri yoxdur. Lisenziya yoxdur. Tikintiyə icazə yoxdur. Tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan yoxdur. Tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri tələb olunmur. Tikinti obyektinin layihə üzrə giriş və mərtəbələrinin sayı sifarişçinin nümayəndəsinin verdiyi məlumata əsasən 1 girişli və 1 mərtəbəlidir. Aparılmış tikinti-quraşdırma işlərinin həcmi və tikinti obyektinin mövcud vəziyyəti mərtəbənin xarici divarlarının hörgü işləri aparılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(118)-3788/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Qəşəm Məmmədli). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(118)-3788/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. ... Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları ... 75.13. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. ... Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Maddə 92. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 iş günü müddətində sifarişçiyə (podratçıya) təqdim olunur “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “cavabdehin tikinti işlərinin dayandırılması barədə 20 noyabr 2024-cü il tarixli, 1106 saylı qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş 29.08.2023-cü il tarixli, AN-I 1189527 nömrəli alqısatqı-müqaviləsindən görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Rzayev Ədalət Qulu oğlu tərəfindən iddiaçı Aydəmirova Günel Ələddin qızına satılmışdır. Bununla bağlı torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla 11.10.2023-cü il tarixli, 2823035481 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı onun xüsusi mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış sahəsi inşa etmişdir. Quba rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış 26.10.2024-cü il tarixli məktubdan görünür ki, Quba rayonu, Amsar kəndi ərazisində Aydəmirova Günel Ələddin qızı tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti və quraşdırma işləri aparıldığı müəyyən edilmişdir. Həmin şəxsə özbaşına apardığı tikinti quraşdırma işlərinin dayandırılması barədə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamış və aparılan qanunsuz işlər davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarına və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci və 4.16.3-cü bəndlərinə uyğun olaraq, Quba rayonu, Amsar kəndi ərazisində qeyd olunan şəxs tərəfindən özbaşına aparılan tikinti işlərinin qarşısının alınması, sökülməsi barədə qərar verilməsi və buna məsul şəxslər barəsində qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə göstəriş verilməsini xahiş edir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin 19.11.2024-cü il tarixli 241070 nömrəli texniki baxış aktından görünür ki, tikinti obyektinin ünvanı Quba rayonu, Amsar kəndi, təyinatı fərdi yaşayış evidir.Tikinti obyektinin sifarişçisi Aydəmirova Günel Ələddin qızıdır. Tikinti obyektinin layihəçisi xüsusi razılığın rekvizitləri yoxdur. Lisenziya yoxdur. Tikintiyə icazə yoxdur. Tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan yoxdur. Tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri tələb olunmur. Tikinti obyektinin layihə üzrə giriş və mərtəbələrinin sayı sifarişçinin nümayəndəsinin verdiyi məlumata əsasən 1 girişli və 1 mərtəbəlidir. Aparılmış tikinti-quraşdırma işlərinin həcmi və tikinti obyektinin mövcud vəziyyəti mərtəbənin xarici divarlarının hörgü işləri aparılır. Tikintiyə icazə və ya məlumatlandırma icraatı yoxdur. Bundan sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 20 noyabr 2024-cü il tarixdə “Tikinti işlərinin dayandırılması” barədə 1106 nömrəli qərar qəbul edilmişdir. Hazırda iddiaçı həmin qərarın əsassızlığına istinad etməklə mübahisələndirir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinin tələbinə əsasən yerli icra hakimiyyətinin başçısı yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir: 3.11.5.1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını; 3.11.5.2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını: 3.11.5.2.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini; 3.11.5.2.2. barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinə başlanılmasına əsas olmadan tikinti obyektinin tikildiyini; 3.11.5.2.3. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini. Eləcə də Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 92.4-cü maddəsinin tələbinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə. Beləliklə, iş materiallarından göründüyü kimi iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə məşğul olsa da, qanunvericilikdə nəzərdə tutulmuş məlumatlandırma icraatı və müvafiq icazələr ilə bağlı tələbə riayət etməmiş, eləcə də yerli icra hakimiyyəti və cavabdeh inzibati orqan tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq bununla bağlı zəruri sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, Quba RİH başçısının Amsar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən iddiaçıya ünvanlanan 22.10.2024-cü il tarixli bildirişdə qeyd edilmişdr ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci və 3.11.5-2-ci bəndlərinə əsasən dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan icraat çərçivəsində özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə əraziyə baxış keçirilən zaman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət etmədən tikinti və quraşdırma işləri apardığı aşkar edilmişdir. Ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmaması, özbaşına tikinti işlərinin aparılması, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikilməsi, tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirilməsi, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikilməsi qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunan qanun pozuntuları ilə əlaqədar cinayət və inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırda özbaşına apardığı tikinti işlərinin dərhal dayandırılması yazılı qaydada tövsiyə edilir. Əks təqdirdə bununla əlaqədar qanunvericiliyə uyğun tədbir görüləcəkdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinin tələbi nəzərə alınmaqla Quba rayon İcra Hakimiyyəti tərəfindən 26.10.2024-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət ünvanlanaraq mübahisəli ərazidəki mövcud vəziyyət barədə məlumat verilmiş və müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsinin tələbinə əsasən 19.11.2024-cü il tarixli, 241070 nömrəli texniki baxış aktı tərtib edilmiş, həmin aktda tikintinin aparılması zamanı yol verilmiş pozuntular qeyd olunmuşdur. Bundan sonra cavabdeh inzibati orqan tərəfindən “Tikinti işlərinin dayandırılması” barədə 20 noyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Eləcə də cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 06 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Quba rayonu, Amsar kəndi ərazisində mülkiyyətində olan torpaq sahəsində tikintiyə icazəverici sənədlər olmadan tikinti işləri aparıldığı üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə uyğun olaraq tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən 20 noyabr 2024-cü il tarixli, 1106 nömrəli qərar verilmişdir. Göründüyü kimi qanunvericiliyin tələbi barədə iddiaçıya dəfələrlə məlumat verilməsinə baxmayaraq mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin qanuni şəkildə həyata keçirilməsini təsdiqləyəcək müvafiq sənədlər onun tərəfindən təqdim edilməmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanununun tələblərinin pozulmasına istinad olunsa da, məhkəmə araşdırması zamanı hər hansı pozuntu aşkar edilməmiş, yuxarıda istinad olunan sənədlərdən də göründüyü kimi iddiaçı həyata keçirilmiş inzibati icraat gedişində yol verilmiş pozuntular barədə mütəmadi olaraq məlumatlandırılmışdır. Həmçinin “Tikinti işlərinin dayandırılması barədə” 20 noyabr 2024-cü il tarixli, 1106 nömrəli qərarın “Pozuntuların aradan qaldırılması üçün göstəriş” bəndində qeyd edilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə icazə, yaxud məlumatlandırma icraatı ilə bağlı sənədlərin Agentliyə təqdim edilməsi təmin edilsin. Eləcə də aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün 30 günlük müddət təyin edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən ünvanlanmış iddia tələbinə etirazdan da göründüyü kimi iddiaçı tərəfindən bugünədək tikintiyə dair hər hansı icazəverici sənədlər Agentliyə təqdim edilməmişdir. Beləliklə kollegiya hesab edir ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilmiş, iddiaçı tərəfindən bunun əksini təsdiqləyəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin predmetini təşkil edən qərar qəbul edilərkən həyata keçirilmiş inzibati icraat ilə bağlı hər hansı qanun pozuntusu aşkarlanmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(118)-3788/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.