Məhkəmə qərarları › İş №2-1(3-8)-27/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-27/2026

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-27/2026 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Məmmədov Zaur İkram oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “yetkinlik yaşına çatmayan uşağın soyadının dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(118)-7892/2025 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Səadət sarayı (Bakı nikah evi) tərəfindən veriliş AZ-İİ 571660 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. 2 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- V 094369 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı1, anası İddiaçı2dır.

3. İddiaçı1 ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət edərək, xx.xx.2025-ci ildə anadan olmuş övladı X1 “Abdurzaqova”-dan “Yusifli”-yə dəyişdirilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2025 tarixli, 3-165/8-A-xx-xx/2025 saylı məktub ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ona görə də, X1 “Abdurzaqova”-dan “Yusifli”-yə dəyişdirilməsi ilə bağlı müraciət qeydiyyat orqanında təmin edilməsi qanunverciliyə əsasən mümkün deyildir.

5. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X1 dəyişdirilərək Yusifli soyadının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişlər.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2025-ci ildə doğulmuşdur. Azyaşlının soyadının “Abdurzaqova”-dan “Yusifli”-yə dəyişdirilməsini xahiş etmişlər, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edirlər. İmtinanın qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək konstitutsiyon hüquqlarının təmin edilməsi və bərpası, eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(118)-7892/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə)

8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı izahatında uşağın soyadının dəyişdirilməsi səbəbi kimi soyadın tələffüzünün çətin olduğunu bildirmiş, lakin məhkəmə qeyd edilən səbəbi uşağın soyadının dəyişdirilməsi üçün yetərli səbəb hesab etməmişdir. Belə ki, uşaq hazırda valideynin “Abdurzaqova” soyadını daşıyır ki, qeyd edilən soyad uşağın mənafeyinə xələl gətirə biləcək və ya gülünc səslənən soyad olmamaqla, emosional və mənəvi baxımdan heç bir mənfi təsir yaratmır. İddiaçılar tərəfindən uşaqlarının soyadı dəyişdirməyə sövq edən tutarlı səbəblər barədə hər hansı hallar qeyd edilməmiş və uşaq üçün real məhrumiyyətlər yaratması halına istinad edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

9. İddiaçı1 həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, vətəndaş olaraq öz hüquqlarından istifadə edərək övladının soyadının dəyişidirilməsi üçün qanuni formada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə öz qərarında Ali Məhkəmənin vahid məhkəmə təcrübəsindən misal gətirir və orada qeyd olunur ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Bəli gülünc soyad, mən deməzdim ki, Abdurzaqov adı gülüncdür amma bu gün ölkəmizdə Abdurzaq adlı bir ad yoxdur. Xüsusilə məhkəmə iclasında bildirmişdir ki, özü məktəbdə, universitetdə və ya hərbi xidmətdə olarkən bu soyadının ola bilməməsi onu bir gənc olaraq dəfələrlə utandırmış, bir neçə yerdə xüsusilə rəsmi sənəddə “Abruzaqov” soyadı Abdulrzaq, Abulrazaq, Abdulqaz kimi səhv yazılmışdır ki, sonradan həmin sənədləri çox çətinliklə və stressli vəziyyətdə dəyişə bilmişdir. Qız övladı böyüdür, onun gələcəyinin parlaq olması və onun soyadda üzləşdiyi çətinliklərlə qarşılaşmaması üçün bu gün bu addımı onun mənafeyi naminə edir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

12. İddiaçı2 və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, qeyd olunan tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası:

13. Maddə 32. Şəxsi toxunulmazlıq hüququ İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya:

14. Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

16. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları:

17. 1. Ümumi müddəalar (-) 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. (-) 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. (-) 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. (-) 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

İnzibati Prosessual Məcəllə:

18. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

20. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.

23. İşdən görünür ki, hazırda iddiaçı xx.xx.2025-ci ildə anadan olmuş övladı X1 “Abdurzaqova”-dan “Yusifli”-yə dəyişdirilməsi niyyətindədir. Bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin icrasından imtina etmişdir.

24. Odur ki, hazırki mübahisənin predmetini cavabdehin iddiaçının övladının soyadının “Abdurzaqova”-dan “Yusifli”-yə dəyişdirilməsindən imtinası təşkil edir.

25. Kollegiya nəzərə alır ki, qüvvədə olan qanunvericilik 18 yaşına çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşlarının öz soyadını dəyişdirməsinə olan hüququnu tanıyır. Bununla belə, yuxarıda geniş şərh olunduğu kimi, bu hüquq da mütləq deyil, müəyyən məhdudiyyətlərə tabedir. Beynəlxalq təcrübədə də soyadların dəyişdirilməsi zamanı fərdin şəxsi, sosial və hüquqi vəziyyətinə təsir edən əsaslı səbəblərin təqdim edilməsi zəruri hesab edilir və bu məsələlərdə şəxsi istəklə ictimai maraqlar arasında balansın qorunması vacibdir. Soyad şəxsin kimliyinin, xüsusilə, onun ailə mənsubiyyəti və nəsil əlaqələrinin müəyyənləşdirilməsinin əsas elementidir.

26. İddiaçı azyaşlı qızının soyadının dəyişməsi səbəbini özünün məktəbdə, universitetdə və ya hərbi xidmətdə olarkən bu soyad ilə qarşılaşmadığı, bu halın onu bir gənc olaraq dəfələrlə utandırması, bir neçə yerdə xüsusilə rəsmi sənəddə “Abruzaqov” soyadı Abdulrzaq, Abulrazaq, Abdulqaz kimi səhv yazılması qızının da bu kimi hallar ilə gələcəkdə rastlaşmaması təşkil edir.

27. Məhkəmə kollegiyası nəzərə alır ki, soyadın sabitliyinin təmin edilməsi ictimai mənafeyə, təhlükəsizliyə və digər şəxslərin hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ona görə də əhalinin qeydiyyat sisteminə xələl gətirən üsullarla edilən və qeyrimüəyyənlik yarada biləcək soyad dəyişikliklərinə dövlət tərəfindən məhdudiyyətlər qoyula bilər. Müvafiq qanunvericilik soyadın dəyişməzliyi ilə bağlı ictimai mənafeyə əsaslanır ki, bu da hüquqi müəyyənliyin və vətəndaşlıq vəziyyətinin sabitliyinin mühüm elementi sayılır.

28. Məhkəmə kollegiyası bir daha təkrarlayır ki, bir şəxsin soyadının dəyişdirməyə sövq edən gerçək səbəblər olsa da, bu, ictimai maraqlar baxımından, o cümlədən, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması və ya şəxsin kimliyinin müəyyən olunması və hər hansı bir soyadın daşıyıcısının müəyyən bir ailə ilə əlaqələndirilməsi vasitələrinin qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.

29. Beləliklə, hazırkı işin halları baxımından iddiaçının sadəcə simvolik və emosional motivasiyalara əsaslanan deməsinə görə özünün qarşılaşdığı lakin qızının soyadını dəyişməkdən ibarət olan fərdi marağı ictimai maraqlardan üstün tutulması üçün yetərli deyil. Daşqa sözlə desək “Mən belə hiss edirəm” və ya “mənim üçün bu vacibdir” demək kifayət etmir. Çünki burada cəmiyyətin maraqları daha üstündür və təkcə şəxsi istək onlardan üstün tutula bilməz.

30. İctimai maraqların qorunması qanuni məqsəddir və sözügedən qanuni məqsədə çatmaq üçün cavabdeh orqan tərəfindən edilmiş müdaxilə iddiaçı üçün müəyyən narahatlıq törətsə də, qeyri-mütənasib hesab ediləcək, yaxud da qanunvericiliyin, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının pozulması kimi qiymətləndiriləcək həddə deyil (AİHM-in İsmayılzadə Azərbaycana qarşı və Stjerna Finlandiyaya qarşı işləri). Odur ki, cavabdeh inzibati orqan tərəfindən belə halda müdaxiləyə yol verilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

31. Həmçinin qeyd olunmalıdır ki, azyaşlı Adiləyə “Abdurzaqova” soyadının verilməsi valideynlərin razılığı əsasında həyata keçirilmişdir. Soyad “Abdurzaq” şəxsi adından formalaşmışdır və ərəb mənşəli olub “ruzi verən Allaha bəndə” mənasını ifadə edir. Soyadın sonunda işlədilən “-ov” şəkilçisi isə ata adına və ya nəsil mənsubiyyətinə işarə edən ənənəvi soyad formasıdır. Yəni burada hər hansı bir “utancverici“ amil olmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə atanın özünün soyadının dəyişdirilməsi ilə uşağının soyadının dəyişdirilməsi halı da qanunvericlik üzrə mümkün hal olmasına baxmayaraq ata bunu etməmişdir. Bu isə deməyə əsas verir ki, ata öz soyadının mübahisəli olmasına istinad etsədə özü bu soyadı dəyişdirməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, azyaşlılarla bağlı məsələlər – o cümlədən valideynlik hüquqları, uşağın təhsil və sağlamlıq məsələləri, eləcə də ailə münasibətlərinə dair digər mübahisələr – həll edilərkən “uşağın ən üstün maraqları” prinsipi əsas götürülməlidir. Bu prinsip uşağın hüquqlarının qorunmasında prioritet təşkil edir və onun fiziki, əqli, mənəvi və sosial inkişafının təmin olunmasını hədəfləyir.

33. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsində uşaqların hüquqlarının qorunması açıq şəkildə nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər bir uşaq dövlətin və cəmiyyətin qayğısı ilə əhatə olunmalı, onun sağlam inkişafı və təhsil alması təmin edilməlidir. Bununla yanaşı, uşağın maraqları hüquqi münasibətlərdə hər zaman prioritet olaraq nəzərə alınmalıdır.

34. Bundan əlavə, bu prinsip beynəlxalq hüquqda da tanınır. Xüsusilə BMT Uşaq Hüquqları Konvensiyasının 3-cü maddəsi qeyd edir ki, uşaqla bağlı bütün fəaliyyətlərdə – valideynlərin, dövlət orqanlarının və ya digər şəxslərin hər hansı qərarlarında – uşağın ən üstün maraqları əsas meyar olmalıdır. Bu, uşağın müdafiəsini təmin edən universal prinsiplərdən biridir və onun fiziki, əqli və mənəvi rifahını qorumağa yönəlib.

35. Məhkəmə kollegiyası hesab edir ki, azyaşlı Adiləyə valideynlərindən birinin soyadının verilməsi onun ailə mənsubiyyətinin müəyyən edilməsi, sosial və psixoloji inkişafı, hüquqlarının maneəsiz həyata keçirilməsi baxımından uşağın ən üstün maraqlarına tam uyğundur. Soyad mənaca müsbət xarakter daşıyır, uşağın şərəf və ləyaqətinə zidd deyildir və ictimai həyata inteqrasiyasına mane olmur.

36. Bundan başqa, iddiaçı bir neçə yerdə xüsusilə rəsmi sənəddə “Abruzaqov” soyadı Abdulrzaq, Abulrazaq, Abdulqaz kimi səhv yazılması, sonradan həmin sənədləri çox çətinliklə və stressli vəziyyətdə dəyişə bilməsi, qızının da soyadla bağlı üzləşdiyi çətinliklərlə qarşılaşmaması üçün hazırki iddia ilə verməsi barədə hala gəldikdə isə, iddiaçı məhkəməyə bu qəbildən olan konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini gələcəkdə qızı tərəfindən də həmin hallar ilə qarşılaşacağı halını təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçının real problemlərlə qarşılaşdığı qənaətinə gəlmək üçün də yetərli əsaslar yoxdur. Bu hallar da ehtimallara əsaslana bilməz.

37. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

38. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.”

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

40. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(118)-7892/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar