Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-270/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Quliyev Ismayıl Rza oğlu və X2 ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Iddiaçının vergi ödəyicisi olmaqla əsas fəaliyyəti tumlu və çəyirdəkli meyvələrin becərilməsindən ibarət olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə iddiaçının adına qeydə alınmışdır. Quba rayon Icra Hakimiyyəti Başçısının ## ### 2023-cü il tarixli məktubuna əsasən məlumatlandırma icraatı qaydasında Quba şəhəri, M.P.Vaqif küçəsində fərdi yaşayış evinin inşa edilməsi razışlaşdırılmışdır. 303013007013-***** reyestr nömrəli ##.##.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsi üzərində inşa edilmiş 182.9 kv m daşınmaz əmlak fərdi yaşayış evi kimi iddiaçının adına qeydə alınmışdır. “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli qərarın surətindən görünür ki, 2025-ci ilin fevral ayı ƏDV bəyannaməsi üzrə 78101,70 manat (433898,31*18%) ƏDV məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyəti kənd təsərrüfatı sahəsində bağçılıq fəaliyyətindən ibarətdir. Eyni zamanda Quba şəhərində ona məxsus olan torpaq sahəsində Quba rayon Icra Hakimiyyəti başçısının *-**/*-*-K-**/**/**** nömrəli ##.##.2023-cü il tarixli sərəncamına əsasən özü və ailəsi üçün fərdi ev inşa etdirmişdir. 3 il keçdikdən sonra cavabdeh vergi orqanı əlavə dəyər vergisi üzrə kameral yoxlamanın keçirilməsi ilə əlaqədar ## #### 2025-ci il tarixli **************** nömrəli məktub daxil olmuşdur. Cavab məktubunda fəaliyyətinin ƏDV-li sahəyə aid olmadığını bildirmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə ona 78101,70 manat məbləğində ƏDV-nin kameral hesablanması barədə №*-21-2-10/2-29409/2025 nömrəli qərarın surəti göndərilmişdir. Həmin qərarda fərdi yaşayış evinin satış qiymətini müəyyən etmək üçün ekspert dəvət edildiyi, ekspertin yüksək qiymət təyin etdiyi və buna əsasən də 78 101,70 manat məbləğində ƏDV hesablandığı bildirilirmişdir. Qanunsuz hesablamalar barədə cavabdeh vergi orqanına etdiyi müraciətlər baxılmamış qalmışdır. Bununla belə cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərini kobud şəkildə pozmaqla qanunsuz hesablamaları barədə aşağıdakıları bir daha diqqətinizə çatdırır. Belə ki, ona məxsus olan evin fərdi yaşayış evi olması evin bütün hüquqi və texniki sənədlərində öz əksini tapmışdır, o cümlədən evin tikintisinə dair Azərbaycan Respublikası Quba rayon Icra Hakimiyyəti başçısının *-**/*-*-K-**/**/**** nömrəli ##.##.2023cü il tarixli sərəncamında və digər bütün hüquqi sənədlərdə. Göründüyü kimi kameral yoxlama zamanı vergi orqanı tərəfindən rəsmi sənədlərdə qeyd olunan məlumatlar nəzərə alınmamış və ən qəribəsi də budur ki, heç bir müqavilə, satış sənədi və digər hər hansı sənədlər olmadan özünə məxsus olan və hal-hazırda da onun mülkiyyətində olan fərdi evi üçün onun özünə də ƏDV hesablamışlar. Beləliklə, Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşlar. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Cavabdeh vergi orqanı tərəfindən çıxarılmış qərarda verginin hesablaması zamanı ekspertin rəyinin əsas götürüldüyü qeyd olunmuşdur. Ekspert rəyinə əsasən verginin hesablanması zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 44-cü maddəsinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 44.6-cı maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Beləliklə, vergi orqanı tərəfindən ekspert cəlb edilməsi zamanı ona heç bir məlumat verilmədiyi və onun (nümayəndəsinin) ekspertizada iştirakını təmin etmədiyi üçün Vergi Məcəlləsinin 44.6 və 44.7-ci maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa Vergi Məcəlləsinin 44.9-cu maddəsinə əsasən “Ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır”. Göründüyü kimi, vergi orqanı tərəfindən ekspertin verdiyi rəyin surəti ona təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 44.9-cu maddəsinin tələblərinin pozulduğu aydın görünür. Əlavə olaraq bildirir ki, Vergi Məcəlləsinin 12.1-ci maddəsinin tələblərinə əsasən “Vergi o halda müəyyən edilmiş hesab olunur ki, vergitutma obyekti müəyyən edilsin”.Göründüyü kimi hər hansı verginin hesablanması üçün vergitutma obyektinin olması mütləqdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən isə ƏDV məqsədləri üçün “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir”. Göründüyü kimi, heç bir vergitutma obyekti olmadan, heç bir satış əməliyyatı aparılmadan verginin hesablanması Vergi Məcəlləsinin 159-cu maddəsinin birbaşa pozulmasıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı ünvan 1 ünvanında bina tikintisi fəaliyyəti ilə məşğul olduğu və qeyd olunan ünvanlarda yerləşən çoxmərtəbəli yaşayış binasında mənzillərin təqdim edilməsinin həyata keçirildiyi müəyyən edilmişdir. Müvafiq dövr üzrə təqdim edilmiş mənzillərin bazar qiymətlərinin müəyyən edilməsi üçün aparılmış qiymətləndirilmə işi “Qiymətləndirmə fəaliyyəti haqqında” ##.##.1998-ci il tarixli ***-IQ nömrəli Qanuna, Milli Qiymətləndirmə Standartlarına, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmış ekspert rəyinə əsasən hər kvadrat metrinin 800,0 manat (ƏDV daxil) olduğu müəyyən edilmiş, vergi orqanı tərəfindən keçirilmiş nəzarət tədbirləri məlumatlarına əsasən ünvan 3 ünvanında yerləşən bina üzrə ümumi sahəsi 640 kv m olmaqla mənzilərin satıldığı müəyyən edilmişdir. 2023-cü ildən bina tikintisi fəaliyyəti ilə məşğul olmağına baxmayaraq, ƏDV-nin məqsədləri üçün ərizə ilə müraciət edilməmiş və ƏDV bəyannamələri təqdim edilməmişdir ki, bu da Vergi Məcəlləsinin 154.6-cı və 177.2-ci maddələrinin tələblərinin pozulmasına əsas verir. Əldə edilmiş məlumatlara əsasən vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə vergi bəyannaməsi təqdim edilməməklə 433898,31 manat ((640 * 800) / 1,18) dövriyyə məbləğinin yayındırıldığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən 2025-ci ilin fevral ayı ƏDV bəyannaməsi üzrə 78101,70 manat (433898,31 * 18%) ƏDV məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Yuxarıda qeyd edilən kənarlaşmalarla bağlı vergi ödəyicisinə ##.##.2025-ci il tarixli **************** nömrəli uyğunsuzluq məktubu, həmçinin ##.##.2025-ci il tarixli **************** nömrəli ƏDV qeydiyyatı haqqında məktub göndərilsə də vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat və zəruri sənədlər, həmçinin ƏDV qeydiyyatına dair ərizə təqdim edilməmişdir. Vergi ödəyicisi 2023-cü ildən bina tikintisi fəaliyyəti ilə məşğul olmağına baxmayaraq, ƏDV-nin məqsədləri üçün ərizə ilə müraciət etməmiş və ƏDV bəyannamələri təqdim etməmişdir və bu da Vergi Məcəlləsinin 154.6-cı və 177.2-ci maddələrinin tələblərinin pozulmasına əsas verir. Daşınmaz əmlakın daxili və xarici fotoşəkillərinin vizual araşdırılması zamanı və eyni zamanda hər mənzil üçün ayrıca işıq, su və qaz sayğaclarının quraşdırılması, binanın ətrafının fərdi evlərlə müqayisədə hasarlanmaması, binanın həyətinin ümumi istifadəyə verilməsi, binanın bir bloklu olması, hər mənzilin ayrıca girişinin olması, hər mərtəbənin dəhlizinin ümumi istifadə üçün nəzərdə tutulmuş formada təmir olunması vergi ödəyicisi tərəfindən daşınmaz əmlakın faktiki olaraq satış məqsədi ilə inşa edildiyinə əsas verir. Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin vergi üstünlüyü əldə etmək məqsədilə əməliyyatlar həyata keçirdiyi aşkar edildikdə vergilərin faktiki iqtisadi göstəricilər əsas götürülməklə hesablanması vergi orqanı tərəfindən həyata keçirilə bilər. Eyni zamanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalara görə yaranan vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetirilməli olduğundan həmin yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin vergi üstünlüyü əldə etmək məqsədilə əməliyyatlar həyata keçirdiyi aşkar edildikdə vergilərin faktiki iqtisadi göstəricilər əsas götürülməklə hesablanması vergi orqanı tərəfindən həyata keçirilə bilər. Bundan elavə coxmənzilli bina ilə əlaqədar olaraq müvafiq dövlət təşkilatlarına sorğular göndərilmişdir. “Azəriqaz” IB X1 Istismarı Idarəsi tərəfindən göndərilən cavab məktubunda həmin çoxmənzilli binada müxtəlif şəxslərin adına 17 ədəd sayğac quraşdırıldığı qeyd edilmişdir. “xxxx” ASC-dən daxil olan məktubda isə 8 ədəd müxtəlif şəxslər adına olan sayğacın olduğu göstərilmişdir. * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli sorğusuna cavab olaraq Quba rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli *-**/*-****/**** nömrəli məktubunda həmin binanın çoxmənzilli bina olduğu qeyd olunmuşdur. Bütün bunlar sübut edir ki, iddiaçı İddiaçı tərəfindən tikilmiş bina fərdi yaşayış üçün deyil, əhalinin mənzil ehtiyacını ödəmək üçün tikilmiş ayrı-ayrı şəxslərə satılan coxmənzilli yaşayış binasıdır. Məhkəmənin iddiaçının xeyrinə qərar qəbul etməsi eyni fəaliyyətlə məşğul olan digər vergi ödəyicilərinə vergidən yayınmaq üçün şərait yarada bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi tərəfindən iddiaçı İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə hesab etmişdir ki, təqdim edilən hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddiaçının mülkiyyətində ************ reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri ərazisində torpaq sahəsi vardır. Iddiaçı həmin torpaq sahəsi üzərində Quba rayon Icra Hakimiyyəti başçısının 5- **/*-*-K-**/**/**** nömrəli ##.##.2023-cü il tarixli sərəncamına əsasən fərdi yaşayış evi inşa etdirmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçının həmin torpaq sahəsində inşa etdiyi evin hissələrinin satıldığını qeyd etsə də, bununla bağlı hər hansı hüquqmüəyyənedici sənədlər məhkəmə araşdırması zamanı müəyyən edilmədir. Yəni iddiaçı tərəfindən həmin yaşayış evinin hissələrinin digər şəxslərə satılması sübuta yetrilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçıdan ƏDV-nin tutulması yolverilməzdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətinı iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır, əlavə olaraq Vergi Məcəlləsinin 16.2, 16.3, 16.5, 23.1.1. 24.0.1, 24.0.2, 33.2, 37.1, 37.2,37.3,72.2,94,154.6, Inzibati Prosessual Məcəlləsinin 12.1, 35.1, 58.7–ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırmışdır ki, iddiaçı vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş bina tikintisi fəaliyyəti ilə məşğul olmamışdır. Bildirilir ki, iddiaçı öz ailəsi ilə birlikdə Quba şəhəri, Vaqif küçəsində özünə məxsus olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi qərarına gəlmişdir. Bu məqsədlə tikinti qanunvericliyinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında tikilməsi istədiyi fərdi yaşayış evinin layihəsini hazır etdikdən sonra münasibət bildirilməsi üçün Quba Icra Hakimiyyətinə göndərilmiş və sonuncu həmin layihəyə etiraz etmədiyini bildirmişdir. Iddiaçı da öz yaxınlarının maddi dəstəyi ilə həmin fərdi yaşayış evinin tikintisini başlamışdır. Göründüyü kimi, iddiaçı tikinti qanunvericiliyinin tələblərinə əsasən tikintisinə icazə tələb edilən bina (çoxmənzilli yaşayış binası) deyil, fərdi yaşayış evi inşa etmişdir. Iddiaçı inşa etdiyi fərdi yaşayış evini və ya onun hər hansı hissəsinin satışını həyata keçirməmiş və cavabdeh vergi orqan tərəfindən ƏDV hesablandığı 2025- ci ilin fevral ayında heç bir (alqı-satqı) əməliyyatı baş verməmişdir. Kameral vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Mübahisələndirilən qərarların məzmunundan görünür ki, cavabdeh vergi orqanı təqdim edildiyini iddia etdiyi yaşayış sahələrinin hər kv m sahəsinin bazar qiymətinin müəyyən edilməsi üçün güya ekspertiza keçirmiş və hazırlanmış ekspertiza rəyinə əsasən 800,00 (ƏDV daxil) manat məbləğində müəyyən etmişdir. Sadalanan normalardan göründüyü kimi, qanuvericilik yoxlama zamanı xüsusi bilik tələb olunan məsələlər üzrə vergi orqanına ekspert cəlb etmək hüququ vermiş, ekspertizanın keçirilməsi haqqında qərar qəbul edildiyi halda isə dərhal bu qərarla yoxlama keçirilən vergi ödəyicisini tanış etmək və sonuncuya onun ekspertiza ilə bağlı hüquqlarını izah etmək vəzifəsini təsbit etmişdir. Lakin iddiaçının yoxlamanın gedişatında ekspertizanın keçirilməsindən ümumiyyətlə xəbəri olmamış, sonuncu vergi orqanı tərəfindən ekspertizanın keçirilməsi haqqında qərarla tanış edilməmiş, iddiaçının onun Vergi Məcəlləsinin 44.7- ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməmiş və yalnız ekspert rəyi əldə edildikdən sonra onun əsasında kameral vergi yoxlaması zamanı vergilərin hesablanması aparılmışdır ki, bununla da iddiaçının hüquqları məhdudlaşdırımış və vergi orqanı tərəfindən kobud qanun pozuntusuna yol verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bitməz. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 154. Vergi ödəyiciləri 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 154.6. Aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Hazırk iş üzrə iddiaçının iddia tələbi “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli qərarının ləğv edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində ƏDV bəyannaməsi üzrə 78101,70 manat əlavə vergi ƏDV məbləği hesablamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən olunur ki, vergi orqanı iddiaçı tərəfindən fərdi yaşayış evi adı altında çoxmənzilli binanı inşa etdiyi və binanın faktiki olaraq 17 mənzildən ibarət olması müəyyən edilmişdir. Belə ki, iş üzrə toplanmş sübutlarla, o cümlədən obyektin texniki xüsusiyyətləri, planlaşdırılması və faktiki istifadə vəziyyəti ilə müəyyən edilir ki, həmin tikili ayrıayrı müstəqil yaşayış sahələrindən ibarətdir, bu sahələrin hər birinin ayrıca girişləri, kommunal təminat sistemləri (sayğacları) mövcuddur və onlar müstəqil istifadə üçün yararlıdır. “Azəriqaz” IB X1 Istismar Idarəsi tərəfindən göndərilən məktubd həmin binada 17 ədəd qaz sayğacının quraşdırıldığı müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, həmin sayğaclar ayrı-ayrı şəxslərin adına qeydə alınmışdır. Bundan başqa Quba rayon Icra Hakimiyyəti vergi orqanının sorğusuna cavab olaraq həmin tikilinin çoxmənzilli yaşayış binası olmasını bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.54-cü maddəsinə əsasən bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə ürə sözügedən daşınmaz əmlak məhz çoxmənzilli binanın tərifinə uyğundur və yuxarıda sadalanan binaya xas elementləri özündə cəmləyir. Göstərilən hallar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən həyata keçirilmiş fəaliyyət ayrı-ayrı müstəqil yaşayış sahələrinin yaradılması və onların dövriyyəyə çıxarılması ilə bağlı olub, bu isə mahiyyət etibarı ilə gəlir əldə etməyə yönəlmiş sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməlidir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 37.1 və 37.3-cü maddələrinə əsasən kameral vergi yoxlaması vergi orqanında olan sənədlər və vergi ödəyicisinin təqdim etdiyi məlumatlar əsasında aparılır, ziddiyyət aşkar edildikdə isə vergi orqanı əlavə məlumat və izahat tələb etmək səlahiyyətinə malikdir. Hazırkı işdə vergi orqanı tərəfindən aparılmış yoxlama qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir və inzibati orqanın səlahiyyət hədləri aşılmamışdır. Birinci instansiya məhkəməsi isə vergi orqanının kameral yoxlama nəticələrini və inzibati aktın əsasını təşkil edən faktiki halları tam və obyektiv araşdırmadan, yalnız iddiaçının təqdim etdiyi izahat və sənədlərə üstünlük verməklə nəticəyə gəlmişdir ki, bu da Inzibati Prosessual Məcəllənin sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsipinə ziddir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 218.4.3-cü maddəsi fiziki şəxslərin əmlakının təqdim edilməsini ümumi qaydada sadələşdirilmiş vergi rejimi ilə əlaqələndirsə də, həmin norma vergi öhdəliyinin avtomatik istisnası kimi təfsir edilə bilməz. Vergitutma obyektinin mövcudluğu hər bir halda faktiki iqtisadi əməliyyatın mahiyyətinə uyğun olaraq müəyyən edilməlidir. Kollegiya hesab edir ki, burada obyektin hüquqi statusu yox, iqtisadi mahiyyət və faktiki istifadə forması (məzmunu) əsas götürülməlidir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi vergitutma obyektidir. Eyni zamanda 161.1-ci maddəyə görə vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin əldə etdiyi və ya almağa hüququ olduğu bütün iqtisadi faydaları əhatə edir. Bu baxımdan, iddiaçının həyata keçirdiyi əməliyyatın yalnız formal olaraq mülkiyyətin özgəninkiləşdirilməsi kimi deyil, iqtisadi məzmun baxımından gəlir xarakterli əməliyyat olubolmaması araşdırılmalı idi. Kollegiya qeyd edir ki, fəaliyyətin sistemli və gəlir əldə etmək məqsədilə həyata keçirilməsi ƏDV tətbiqi üçün vacib meyardır. Bir obyekt daxilində bir neçə müstəqil yaşayış sahəsinin yaradılması və onların ayrı-ayrılıqda istifadəyə (və ya satışa) yönəldilməsi artıq sadə fərdi ev tikintisi deyil, kommersiya xarakterli tikinti fəaliyyətidir. Iş materiallarında toplanmış sübutların məcmusu göstərir ki, iddiaçı tərəfindən həyata keçirilən əməliyyatların xarakteri, ardıcıllığı və iqtisadi nəticələri onun fəaliyyətinin sadə şəxsi əmlak satışı çərçivəsindən kənara çıxdığını, vergitutma məqsədləri üçün gəlir əldə etməyə yönəlmiş əməliyyat kimi qiymətləndirilməsini şərtləndirir. Birinci instansiya məhkəməsi isə bu halları araşdırmadan və qiymətləndirmədən nəticəyə gəlmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 2.3, 3.2 və 3.9-cu maddələrinə əsasən vergi münasibətləri yalnız bu Məcəllə ilə müəyyən edilir, vergitutmanın iqtisadi əsaslandırılması və hüquqi müəyyənlik prinsipi təmin olunmalıdır. Vergi orqanının inzibati aktı məhz bu prinsiplərə uyğun qəbul edilmişdir və onun qanuniliyini şübhə altına alan sübutlar iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, obyektin formal olaraq fərdi yaşayış evi kimi rəsmiləşdirilməsi vergi öhdəliklərindən yayınmaq məqsədilə hüquqi formadan istifadə kimi qiymətləndirilə bilər və belə hallarda vergi qanunvericiliyinin məqsədlərinə uyğun olaraq əməliyyatın real iqtisadi mahiyyəti əsas götürülməlidir. Birinci instansiya məhkəməsi isə inzibati orqanın üzərinə düşən sübutetmə yükünü düzgün qiymətləndirməmiş, vergi orqanının təqdim etdiyi yoxlama nəticələrini təkzib edəcək mötəbər sübutlar olmadan yalnız hüquqi formanı əsas götürmüş, obyektin faktiki xüsusiyyətlərini, istifadə qaydasını və iddiaçının fəaliyyətinin iqtisadi mahiyyətini lazımi qaydada qiymətləndirməyərək iddianı təmin etmişdir ki, bu da maddi hüquq normalarının və inzibati icraat prinsiplərinin pozulması ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli nömrəli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-270/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-270/2026
08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver