Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-275/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz ərazi idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Xaçmaz rayon Bələdiyyəsinin ## ### 2004-cü il tarixli, ** saylı qərarı ilə Hacılar kəndi ərazisindən ona 5,2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı cavabdehin imtinası əsassız sayılaraq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Qalağan Bələdiyyəsinin ## ### 2004-cü il tarixli, ** saylı qərarı ilə Hacılar kəndinin ərazisindən 5.2 hektar torpaq sahəsi satmışdır. Torpaq sahəsinin satılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ## ### 2004-cü il tarixli rəy verilmişdir. Həmçinin həmin torpaq sahəsinin Alqısatqısına dair akt ##.##.2004-cü il tarixdə, 1381 sayla qeydə alınmışdır. Xaçmaz rayon Xəzər Təsərrüfatının yerquruluşu xəritəsindən çıxarış verilmiş, torpaq sahəsinin alqı-satqı dəyəri tərəfindən ödənilmişdir. Adına olan Xaçmaz rayon Bələdiyyəsinin ## ### 2004-cü il tarixli, ** saylı qərarla, Hacılar kəndinin ərazisindən 5.2 hektar torpaq sahəsini, alqı-satqı ilə almış, torpaq barədə rəy də vardır. Bu torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması barədə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi idarəsinə göndərdiyi ərizədən müsbət cavab almamışdır. Hüquqlarının müdafiəsi üçün məhkəmə qaydasında iddia qaldırmağına zərurət yaranmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərdə uyğunsuzluq var. Belə ki, torpaq sahəsinin ayrılmasına dair ##.##.2004-cü il tarixli ** saylı qərarda Xaçmaz rayon bələdiyyəsi yazılsa da, qərar Xaçmaz rayon Qalağan bələdiyyəsi tərəfindən təsdiqlənmiş, Torpaqların Alqı-Satqısına dair Aktda satın alınmış torpaq sahəsinin miqdarı qeyd edilməmişdir. Kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə satılmış 5.2 ha torpaq sahəsinə dair yerquruluşu sxemlərində qeyd olunan ərazi * saylı Xaçmaz Ərazi Idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaq sahəsi kimi göstərilmiş ərazidə yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Xaçmaz rayon bələdiyyəsinin ## ### 2004-cü il tarixli ** saylı qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün 52000 kv.m torpaq sahəsi satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyində kənd təsərrüfatı məhsulları və heyvandarlığın inkişafı üçün satılması nəzərdə tutulan 5.2 ha torpaq sahəsinin Qalağan bələdiyyəsinin mülkiyyətinə aid olduğu, qeyd edilən məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Torpaq sahəsinin alqı-satqı aktı ## #### 2004-cü il tarixdə 1381 nömrə ilə qeydə alınmışdır. Xaçmaz rayon Dövlət Arxivinin ##.##.2022-ci il tarixli, *** saylı sorğuya cavab məktubunda Xaçmaz rayon, Qalağan bələdiyyəsinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Xaçmaz rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli ** saylı İddiaçı ünvanlanmış məktubu ilə Xaçmaz rayonu Qalağan bələdiyyəsinin ## ### 2004-ci il tarixli ** saylı qərarı ilə ayrılmış torpaq sahəsinə dair sənədlərin arxiv surətləri təqdim edilmişdir. Cavabdehin ## ###### 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, Xaçmaz rayonu Qalağan bələdiyyəsinin ## ### 2004-ci il tarixli ** saylı qərari ilə Xaçmaz rayon Hacılar kəndi ərazisində yerləşən İddiaçı istifadəsinə ayrılmış 5.2 ha torpaq sahəsinin kateqoriyası elektron baza (DWG) məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası kolluq, yararsız torpaqları kimi göstərilmişdir. Torpaqların elektron kadast uçotu informasiya sistemində (TEKUIS) isə kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası əkin və örüş kimi göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova) Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ona icarə yolu ilə deyil, alqı-satqı əsasında verilmiş, ödəniş qəbul edilmiş və hüquq təsdiqedici akt tərtib olunmuşdur. Hüquqi münasibət torpaq sahəsinin satıldığı tarixdə mövcud olan qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, onun torpaq kadastrı və dövlət torpaq reyestri sahəsində səlahiyyətləri Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinə verilmişdir. Bu isə o deməkdir ki, əvvəlki orqan tərəfindən verilmiş hüquq təsdiqedici aktlar qüvvədə qalır və onların icrası üzrə öhdəliklər hüquqi varis olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə düşür. Reyestr orqanı hüquq yaradan deyil, mövcud hüququ qeydiyyata alan orqandır və bu hüququ tanımaqdan imtina etmək səlahiyyətinə malik deyildir. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş hüquq təsdiqedici sənədlər əsas hesab olunur. Həmin sənədlərə daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri üzrə hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daxildir. Mübahisəli torpaq sahəsi üzrə iddiaçıya verilmiş “Torpaqların alqı-satqısına dair” akt ##.##.2004-cü il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində qeydiyyata alınmışdır. Bu isə qeyd olunan aktın yuxarıda göstərilən Qanunun tələblərinə tam uyğun olaraq hüquq yaradan və hüquqi qüvvəyə malik sənəd olduğunu təsdiq edir. Beləliklə, cavabdeh orqan tərəfindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunun birbaşa tələblərinə ziddir, çünki reyestr orqanı hüququ yaradan deyil, mövcud və qanuni əsaslarla əldə edilmiş hüququ qeydiyyata alan orqandır. Hüquq təsdiqedici sənəd mövcud olduğu halda, dövlət qeydiyyatından imtina edilməsi inzibati səlahiyyət həddinin aşılması və vətəndaşın mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması deməkdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin cavabdeh orqanın mövqeyini əsaslı hesab etməsi həm maddi hüquq normalarının, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir və məhkəmə qərarı bu səbəbdən də əsassız sayılmalıdır. Həmçinin ona məlum olmuşdur ki, Xaçmaz rayonu, Hacılar kəndində X1 ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli 2.93 ha, kənd təsərrüfatlı torpaq torpaq sahəsinə və X2 ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli 8.8815 ha, kənd təsərrüfatlı torpaq sahəsinə mülkiyyət hüquqları tanınaraq, reyestrdən çıxarış verilmişdir. Bu fakt cavabdeh orqanın eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli yanaşma tətbiq etdiyini göstərir ki, bu da Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinin pozulması deməkdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, iddia tələbi əsassızdır. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarında bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə biləcəyini əsas götürmüşdür. Lakin, Xaçmaz rayon Hacılar kəndində yerləşən 5.2 ha torpaq sahəsi barədə Qalağan Bələdiyyəsinin hesabına əvvəlcədən 25527840 manat haqq ödənilməklə, “Torpaqların alqı satqısına dair” akt bağlanmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
“Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Xaçmaz rayon Bələdiyyəsinin ## ### 2004-cü il tarixli, ** saylı qərarı ilə Hacılar kəndi ərazisindən iddiaçıya ayrılmış 5,2 hektar torpaq sahəsinə dair çıxarışın verilməsindən imtinası təşkil edir. Iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh iddiaçının müraciətini imtina məktubu ilə cavablayaraq qeyd etmişdir ki, torpaq sahəsinin ayrılmasına dair ##.##.2004-cü il tarixli ** saylı qərarda Xaçmaz rayon bələdiyyəsi yazılsa da, qərar Xaçmaz rayon Qalağan bələdiyyəsi tərəfindən təsdiqlənmiş, torpaqların alqısatqısına dair aktda satın alınmış torpaq sahəsinin miqdarı qeyd edilməmişdir. Kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə satılmış 5.2 ha torpaq sahəsinə dair yerquruluşu sxemlərində qeyd olunan ərazi * saylı Xaçmaz Ərazi Idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaq sahəsi kimi göstərilmiş ərazidə yerləşir. Kollegiya inzibati orqanın dəlilləri ilə razılaşmamaqla aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından göründüyü kimi Xaçmaz rayon Qalağan bələdiyyəsinin ## ### 2004-cü il tarixli ** saylı qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün 52000 kv.m torpaq sahəsi satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyində kənd təsərrüfatı məhsulları və heyvandarlığın inkişafı üçün satılması nəzərdə tutulan 5.2 ha torpaq sahəsinin Qalağan bələdiyyəsinin mülkiyyətinə aid olduğu, qeyd edilən məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Xaçmaz rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli ** saylı İddiaçı ünvanlanmış məktubu ilə Xaçmaz rayonu Qalağan bələdiyyəsinin ## ### 2004-ci il tarixli ** saylı qərarı ilə ayrılmış torpaq sahəsinə dair sənədlərin arxiv surətləri təqdim edilmişdir. Eyni zamanda iş materiallarında olan Xaçmaz rayon Qalağan bələdiyyəsinin ## ###### 2022-ci il tarixli 14 nmrəli məktubu ilə mübahisəli torpaq sahəsinin iddiaçının istifadısində olmasını ## ### 2004-cü il tarixli qərarın qüvvədə olmasını təsdiq etmişşdir. Kollegiya ilk növbədə qeyd edir ki, hüquq müəyyənedici sənədlərin qanunauyğun formada tərtib edilməsi inzibati orqanların məsuliyyət sferasına daxil olduğundan yol verilmiş yalnışlıqlara istinad edilməklə iddiaçının hüquqlarının qeydə alınmasından imtina edilməsi əsassız olmaqla onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəldilmişdir. Bu səbəbdən də cavabdehin torpaq sahəsinin ayrılmasına dair ##.##.2004-cü il tarixli ** saylı qərarda Xaçmaz rayon bələdiyyəsi yazılsa da, qərarın Xaçmaz rayon Qalağan bələdiyyəsi tərəfindən təsdiqlənməsi, torpaqların alqı-satqısına dair aktda satın alınmış torpaq sahəsinin miqdarının qeyd olunmaması ilə bağlı dəlilləri əsassız olmaqla iddiaçının öhdəlik daşıdığı məsələ olmamışdır. Eləcə də birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin ## ###### 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktından görünür ki, Xaçmaz rayonu Qalağan bələdiyyəsinin ## ### 2004-ci il tarixli ** saylı qərarı ilə Xaçmaz rayon Hacılar kəndi ərazisində yerləşən İddiaçı istifadəsinə ayrılmış 5.2 ha torpaq sahəsinin kateqoriyası elektron baza (DWG) məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası kolluq, yararsız torpaqları kimi göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) isə kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası əkin və örüş kimi göstərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaq sahəsi kimi göstərilmiş ərazidə yerləşməsinə istinad etsə də, təqdim etdiyi müayinə aktından torpaq sahəsinin DWG məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, uqodiyası kolluq, yararsız torpaqları kimi göstərildiyi qeyd olunmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Sadalanan normaların tələblərindən göründüyü kimi qanunvericiliklə bələdiyyə tərəfindən kənd təsərrüfat təyinatlı az yararlı və yararsız torpaqların şəxslərin mülkiyyətinə verilməsi yolverilən hesab edilir. Torpaq sahəsi hazırda TEKUIS-də örüş torpaqlarına aid olsa da, iş materiallarından görünür ki, bələdiyyə tərəfindən iddiaçıya ayrıldığı dövrdə DWG məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, uqodiyası kolluq, yararsız torpaqlar kimi göstərilmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması barədə dəlili əsassız olmuşdur. Birinci instansiya məhkəməsi həmin dəlili əsaslı hesab etməklə yalnış hüquqi nəticəyə gəlmiş, işin yuxarıda qeyd olunan hallarını araşdırmamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində istinad etdiyi halların mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan istinad etdiyi halların torpaq sahəsi ayrılan vaxta alınmamasının torpaq sahəsinin ayrılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırki halda da iddiaçıya mübahisəli torpaq sahəsinin ayrılmasına dair Xaçmaz rayon Qalağan Bələdiyyəsinin ## ### 2004-cü il tarixli, ** saylı qərarı mövcuddur. Eyni zamanda həmin qərarın və onunla əlaqəli sənədlərin arxividə mövcuddur. Qeyd olunmalıdır ki, müvafiq sənədlərin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması iddiaçının məsuliyyət sferasına aid deyil. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın (bələdiyyələr publik idarəçiliyi həyata keçirən inzibati orqanlardır) deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də (xüsusilə də onun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olduğu nəzərə alındıqda) davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən, inzibati orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə Xaçmaz rayon Bələdiyyəsinin ## ### 2004-cü il tarixli, ** saylı qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Xaçmaz rayon Bələdiyyəsinin ## ### 2004-cü il tarixli, ** saylı qərarına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Xaçmaz rayon Bələdiyyəsinin ## ### 2004cü il tarixli, ** saylı qərarı şəxsin həmin torpaq sahəsi üzərində hüququn reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Yuxarıda istinad olunan hallardan göründüyü kimi iddia predmeti olan torpaq sahəsi ilə bağlı iddiaçı tələbində haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan iddanı təmin etməmişdir. Beləliklə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməli, 5,2 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilsin. Xaçmaz rayon Qalağan Bələdiyyəsinin ## ### 2004-cü il tarixli, ** saylı qərarı ilə Hacılar kəndi ərazisindən ayrılmış 5,2 hektar torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.