Məhkəmə qərarları › İş №2-1(3-8)-287/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-287/2026

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-287/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “evin yerləşdiyi həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2212/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, mənzilin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X13 Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin 3-21-3-60/2-2909/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına mənzilin verilməsi ilə bağlı Abşeron rayon Saray qəsəbəsi X5 İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 07 nömrəli Qərarı və həmin qərarla əlaqəli digər sənədlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində, R.Nəbiyev küçəsində yerləşən onun mülkiyyətində olan 31 nömrəli evin yerləşdiyi 1138 m2 həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1976-cı ildən Abşeron rayonu, X6 stansiyasında fəhlə işləmişdir. Həmin idarədə mənzil növbəsinə götürmüşdür və 1980-cı ildə idarənin müdiriyyəti ilə Həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə Saray qəsəbəsində Meşə Təsərrüfatı işçiləri üçün, birtipli layihələr əsasında tikilmiş, hər birinin həyətyanı torpaq sahəsi 1000-1200 m2 olan bir mərtəbəli fərdi yaşayış evlərindən biri, Saray qəsəbəsinin Nəsimi (indiki R.Nəbiyev) küçəsində 31 nömrəli bir mərtəbəli, bir mənzilli, 3 otaqlı ev 4 nəfərdən ibarət onun ailəsinin istifadəsinə verilmişdir. İdarəsinin müdiriyyəti ilə həmkarlar ittifaqı komitəsinin birgə qərarı Abşeron rayonu Saray qəsəbəsi X10 İcraiyyə Komitəsinin 22 aprel 1980-cı il tarixli 07 nömrəli Qərarı ilə təsdiqlənərək, 10 may 1980-cı il tarixli 6 №-li orderlə onun ailəsinin istifadəsinə verilmişdir. Həmin vaxtdan bəri 44 ildən artıq müddətdə onun ailəsi həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. İmtina ilə razılaşmır və imtina əsassız və qeyri-qanunidir. Saray qəsəbəsində vaxtilə Meşə Təsərrüfatı işçiləri üçün tikilmiş və hazırda onların mülkiyyətinə verilmiş xeyli sayda yaşayış evləri və onların həyətyanı torpaq sahələri vardır. Yəni onun ilə eyni idarədə işləmiş və eyni vəziyyətdə olan xeyli vətəndaş artıq onlara verilmiş bu hüquqlardan istifadə edərək evləri və həyətyanı torpaq sahələrini öz mülkiyyətlərinə almışlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eynimühüm faktiki hallara malik olan işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının nümayəndəsi X1 4 saylı Abşeron Ərazi İdarəsinə 26 oktyabr 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı mənzilin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2212/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin Saray qəsəbə XDS İcraiyyə Komitəsinin 7 saylı, 22 aprel 1980-ci il tarixli protokoluna əsasən ona ayrıldığını bildirmiş və mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı həmin torpaq sahəsinin satılmasına dair nə inzibati icraat zamanı inzibati orqana, nə də məhkəmə icraatı zamanı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon dövlət arxivi tərəfindən təqdim edilmiş, Saray qəsəbə XDS İcraiyyə Komitəsinin 7 saylı, 22 aprel 1980-ci il tarixli protokolundan görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil İddiaçı ayrılmışdır. Yəni nə iddiaçının istinad etdiyi yuxarıda qeyd edilən qərarda, nə də hər hansı hüquqmüəyyənedici sənəddə torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, göstərilən bu xüsusatların iddia ərizəsində qeyd olunmasına və məhkəmə gedişində xx.xx.2025-ci il tarixliərizə ilə eyni vəziyyətdə olan şəxslərə məhkəmə qərarları ilə həyətyanı torpaq sahəsinin verilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(118)-403/2020 saylı və xx.xx.2014-cü il tarixli, 2-1(118)-137/2014 saylı Qərarlarının surətlərinin məhkəməyə təqdim edilməsinə baxmayaraq, hazırki işdə birinci instansiya məhkəməsi ümumiyyətlə həmin məsələləri təhlil edib aydınlaşdırmayıb, “X9” Qanununun 9-cu maddəsinin göstərişinə əhəmiyyət verməmişdir. Sumqayıt İnzibati Məhkəməsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə uyğun olaraq əlavə məlumat və sübutların əldə edilməsi üçün kifayət qədər tədbir görmədən, öz qərarında hər hansı hüquq müəyyənedici sənəddə torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyini göstərməklə kifayətlənmişdir. Məhkəmə nəzərə almamışdır ki, 1980-cı ildə torpaq üzərində xüsusi mülkiyyət hüququna yol verilmişdi və ona verilmiş orderdə torpaq sahəsinin ayrılması barədə göstəriş ola bilməzdi. Amma Saray qəsəbəsində birmərtəbəli fərdi yaşayış evləri birtipli layihələr əsasında tikilmişdi və onların hamısının həyatyanı sahələri var idi və indi də həmin vəziyyətdə qalır. Torpaq sahəsi də ayrı-ayrı vətəndaşlara deyil, evləri tikdirən təşkilata ayrılmışdı. Həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi isə sonradan qəbul edilmiş qanunlarla nəzərdə tutulmuşdur. Sumqayıt İnzibati Məhkəməsi məsələni ətraflı araşdırmadığı və düzgün hüquqi nəticəyə gəlmədiyi üçün iş üzrə yanlış qərar qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onların növləri

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 6.Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması; torpaq qanunvericiliyinin icrasını təmin edən normativ-hüquqi aktların qəbulu və onlara dəyişikliklərin edilməsi; dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının müəyyən edilməsi; bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması;..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” azərbaycan Respublikasının Qanunun Maddə 12. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Yaşayış evlərinin və şəxsi yardımçı təsərrüfat üçün tikililərin yerləşdiyi torpaq sahələrinin verilməsi torpaq qanunvericiliyi ilə tənzimlənir. Mənzillərin mülkiyyətçiləri Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi qaydada razılaşdırılmış layihəyə uyğun surətdə mənzillərin quruluşunu dəyişdirmək, onları modernləşdirmək, rekonstruksiya və ya əsaslı təmir etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı order əsasında özəlləşdirilmiş və hazırda xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən mənzilin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki,hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, ümumi sahəsi 123,6 kv.m. təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq XDS İcraiyyə Komitəsinin 22 aprel 1980-ci il tarixli qərarı ilə iddiaçının adına 31 nömrəli ev 43,8 kv.m. olan 3 otaqlı mənzil verilmiş, onun əsasında order tərtib edilmiş, daha sonra mənzilin özəlləşdirilməsi nəticəsində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, 29 dekabr 2023-cü il tarixdə texniki passport tərtib edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, müayinə aktının məzmununda torpaq sahəsinin ölçüsünün 0,1138 ha, evin ölçüsünün 123,5 kv.m. olduğu qeyd edilmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispotiv şərtlərində əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsaslara imperativ norma şəklində müəyyən edilmişdir. Cavabdhe inzibati orqanın mülkiyyət hüququnun qeydə alınması üçün öhdəliyi o halda mövcud olur ki, əmlak üzərində qanunla müəyyən edilmiş qaydada və əsaslarla mülkiyyət hüququ yaranmış olsun. Kollegiya iddiaçının əmlak üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı qeyd edir ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətinə verilsə də, həmin mənzilin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hər hansı hal həmin sənəddə öz əksini tapmamış, sözügedən order yalnız mənzilin mülkiyyətə veirlməsi halını müəyyən etmişdir. Nəticə etibarilə iddiaçının adına sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi mövcud olmamışdır. Başqa sözlə desək, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair heç bir torpaqayırma sənədi mövcud olmamış, mənzilin xüsusi mülkiyyətə verilməsi halı yalnız həmin əmlaka aid olmaqla, onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi halını ehtiva etməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, hazırki iş üzrə iddianın əsaslılığının 439 nömrəli 13 yanvar 2015-ci il tarixli Fəranın tələbləri baxımından da müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas olan hüquqmüəyyənedici sənədləri mövcud olmadığından, habelə həmin əmlakın özəlləşdirilməsi üçün hüquqi əsasın olması halı müəyyən edilmədiyindən, iddia tələbinin əsaslılığını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin dəlili kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı tərəfindən bərabərlik prinsipinin tələbləri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarlara istinad etməkdə haqlı olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddiaçının şikayətinin dəlillərini təkzib etməklə, cavabdehin iddiaçıya münasibətdə hərəkətlərində bərabərlik prinsipinin tələblərinin pozulması (eyni faktiki vəziyyətdə olan müxtəlif şəxslər barəsində fərqli qərar qəbul edilməsi) halının mövcud olmadığını deməyə əsas verir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2212/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar