Məhkəmə qərarları › İş №2-1(3-8)-292/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-292/2026

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-292/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli, 2-1(118)-8321/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. Hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı tərəfindən 2021-2022-ci illər ərzində meyvə-tərəvəz məhsullarının xarici ölkələrə ixrac edilməsi, lakin xarici valyuta vəsaitlərinin qanunla müəyyən edilmiş müddət ərzində müvəkkil edilmiş bank hesabına köçürülməməsi barədə İsmayıllı rayon prokurorluğunda toplanmış materiallar əsasında 18 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 208.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.

2. Qərarın icrası məqsədilə AR Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən qəbul edilmiş 27 noyabr 2024-cü il “Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında” qərara əsasən ********* nömrəli cinayət işi üzrə İddiaçı bütün fəaliyyəti dövründə qanunvericiliyin tələbinə əməl olunması vəziyyətinin yoxlanılması və onun fəaliyyətinə faktiki rəhbərliyin X5 tərəfindən həyata keçirilməsi müəyyən edildiyinə görə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ümumilikdə məbləğinin müəyyən edilməsi məqsədilə növbədənkənar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qəbul edilməsi qərara alınmışdır.

3. Bundan sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli, **********189562 nömrəli qərarı əsasında iddiaçının fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlanılan dövr - 1 dekabr 2017-ci il - 1 noyabr 2024-cü il; gəlir vergisi üzrə isə 1 yanvar 2017-ci il - 1 noyabr 2024-cü il müəyyən edilmişdir.

4. Cavabdehin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 14 yanvar 2025-ci il tarixli, **********190634 nömrəli qərarı əsasında iddiaçıdan bütün sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş və təsdiq olunmuş halda götürülməsinin həyata keçirilməsi qərara alınmışdır.

5. Cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 may 2025-ci il tarixli, **********194292 nömrəli qərarına əsasən 116,06 manat ödəmə mənbəyində vergi, həmçinin, Vergi Məcəlləssinin 57.1-ci maddəsinə əsasən 2024-cü ilin iyun, iyul, avqust və sentyabr ayları üzrə hər ay 40 manat olmaqla, ümumilikdə 160 manat maliyyə sanksiyası hesablanmışdır.

6. İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 9 aprel 2025-ci il tarixli, **********190745 nömrəli “Səyyar vergi yoxlaması aktı” əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 may 2025-ci il tarixli, **********194292 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş aktda qeyd olunanlar qanunvericiliyin tələbləri ilə uyğunsuzluq təşkil edir. Belə ki, 1) aktın 1.8-ci bəndində qeyd edilmişdir ki, vergi yoxlaması iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş, elektron məlumatlar əsasında aparılmışdır. 2) Aktın 1.9.1-ci bəndində “digər sənədlər təqdim edilmədi” qeyd olunsa da, həmin sənədlərin nədən ibarət olması cavabdeh tərəfindən aktda qeyd edilməmişdir. Cavabdehə göndərilən flaşkartda, göndərilənlərin siyahısında bununla bağlı məlumatlar öz əksini tapmış, həmçinin “sənədlərin qismən təqdim olunması barədə” xx.xx.2025-ci il tarixli aktda və ona əlavə edilmiş Siyahıda qeyd olunmuşdur. Eyni zamanda həmin bənddə qeyd olunmuşdur ki, sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olunmuşdur. Qeyd edir ki, belə bir akt tərtib edilə bilməzdi. Çünki, “sənədlərin qismən təqdim olunması barədə” xx.xx.2025-ci il tarixli aktla təsdiq olunur ki, sənədlər yoxlamaya təqdim edilmişdir. 3) Aktın 2.1-ci bəndində vergilər üzrə - gəlir vergisi üzrə (aktın 18-ci səhifəsi) qeyd olunmuşdur ki, iddiaçı 2022-2023-cü illərdə elektron alış aktı ilə X1 təsərrüfatı məhsulları almışdır. V.Kərimovun istintaqa ifadəsində 2023-cü ildə rəsmiləşdirdiyi əmtəəsiz alış aktlarının 2022-ci il üzrə vergi orqanı tərəfindən fərdi sahibkar İddiaçı kameral qaydada hesablanmış gəlir vergisini azaltmaq məqsədi güddüyünü bildirdiyi qeyd edilsə də, gömrük orqanı təsdiq edir ki, k/t məhsulları, xarici ölkələrə ixrac edilmiş, bununla bağlı yük gömrük bəyannamələri mövcuddur. Eyni zamanda, qeyd olunmuşdur ki, yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi xərclərini təsdiq edən sənədləri yoxlamaya tam təqdim etməmişdir. Bunun nəticəsində səyyar vergi yoxlaması ilə cavabdeh tərəfindən yoxlama ilə əhatə olunan 2021-2023-cü illərin gəlir vergisinin düzgünlüyünün yoxlanılması məqsədilə vergi ödəyicisinin xərclərinin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmadığından Vergi Məcəlləsinin 67.14cü maddəsinə əsasən vergi ödəyicisinin vergiyə cəlb edilən xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən gəlirə görə şərti rentabellik norması əsasında müəyyən edilmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-769/2024 saylı, xx.xx.2024-cü il Qərarında olan hüquqi mövqedən çıxış edərək bildirir ki, gəlirin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən yoxlama aparılan zaman, mallarının dəyərinin müəyyən edilməsi üçün ekspertiza və ya mütəxəssis rəyinin alınması ilə bağlı səlahiyyətləri olsa da, imkanlarından istifadə etməmişdir. Bu cür hüquqi mövqe şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur. 4) Aktın 2.6-cı bəndində əks olunan cədvəldə iyul 2023 - may 2024-cü il dövrü ərzində əlavə dəyər vergisinin hesablandığı qeyd olunmuşdur. Bunu da əsassız hesab edərək bildirir ki, iddiaçının fəaliyyəti xx.xx.2023-cü il tarixdən dayandırılmış və bu məlumat aktda öz əksini tapmışdır. Həmin tarixdən sonra iddiaçının fəaliyyəti olmadığı və 2023-cü ilin iyul – 2024-cü ilin may ayları üzrə ƏDV hesablanmadığı halda, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən hər aya müvafiq olaraq 40 manat maliyyə sanksiyasının tətbiqi qanunsuz olmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(112)-11931/2025 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsində icraat zamanı cavabdeh orqan məhkəməyə vəsatətlə müraciət edərək, cinayət işi üzrə müvafiq məhkəmə qərarı qəbul edilənədək, hazırkı məhkəmə icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Vəsatət onunla əsaslandırılmışdır ki, istintaqla müəyyən edilmişdir ki, iddiaçının və digərlərinin adından həyata keçirilən sahibkarlıq fəaliyyətinə faktiki olaraq X5 rəhbərlik etmişdir. Cinayət işi üzrə V.Kərimov CM-nin 188.3, 208.2.1, 213.3 və 222-2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, cinayət işi İsmayıllı Rayon Məhkəməsinə baxılması üçün göndərilmiş, hazırda cinayət işi məhkəmənin icraatına qəbul edilərək, məhkəmə baxışına təyin edilmişdir. Qeyd olunan məsələ ilə bağlı analoji işlərlə bağlı məhkəmələrin ümumi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyi nəzərə alınaraq cinayət işinin başlanması ilə bağı cinayət təqibi üzrə icraatın açılması deyil, məhz işin baxılması üçün məhkəmənin icraatına qəbul edilməsi icraatı dayandırmağa məcbur edən amil kimi qəbul oluna bilər. Həmçinin, analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında mövqeyi belə olmuşdur ki, “apellyasiya məhkəməsi işin hallarına düzgün və müfəssəl qiymət verməməklə, bir mübahisə üzrə iki paralel icraatın aparılmasına şərait yaradılmışdır. Qeyd olunan cinayət işi üzrə cinayət təqibinin hazırkı mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, həmin hallar cinayət təqibi zamanı araşdırılmalıdır. Qeyd olunanlardan göründüyü kimi, faktiki rəhbər Vasif Kərimovun təqsiri məhkəmə hökmü ilə təsdiqini tapdığı halda, iddiaçı hər hansı hüquqi məsuliyyət daşımayacaqdır.

11. İddiaçı vəsatətə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, aparılan cinayət işinin hazırkı inzibati mübahisənin həllinə hansı təsir etmə hallarının mövcud olması əsaslandırılmamışdır. CM-in 213.3-cü maddəsi üzrə cinayət işinin başlanmasına səbəb və əsas iddiaçının 2021-2022-ci illər ərzində həyata keçirilmiş sahibkarlıq fəaliyyəti zamanı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən keçirilmiş kameral vergi yoxlamaları zamanı aşkar olunmuş xüsusilə külli miqdarda vergidən yayınma faktı üzrə hallardır. Sonradan kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarlar məhkəmədə mübahisələndirilmişdir. Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işinin istintaqı aparılan zaman iddiaçı, X7 və X6 barəsində VM-in 38.3.6-cı maddəsi ilə onların həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərinin 7 ilini əhatə etməklə yenidən səyyar vergi yoxlamaları keçirilmiş, nəticədə səyyar vergi yoxlamalarının nəticələri barədə aktlar və iddiaçı və digərləri barələrində vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarlar qəbul edilmişdir. Səyyar vergi yoxlaması aktı və vergi məsuliyyətinə cəlbetmə qərarı qəbul edildikdən sonra X5 iddiaçı, X7 və X3 adından həyata keçirilən sahibkarlıq fəaliyyətinə faktiki rəhbərlik etdiyi müəyyən edildiyindən, istintaq hərəkətləri davam etdirilərək, 10 gün müddətində hər 3 sahibkarın 7 illik sahibkarlıq fəaliyyətləri zamanı vergi borclarının olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rəy alındıqdan sonra faktiki rəhbər olan X5 yenidən CM-in 188.3, 208.2.1, 213.3 və 222-2.1-ci maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onun barəsində ittiham aktı tərtib edildikdən, həmin ittiham aktı təsdiq edildikdən sonra 61 cilddən ibarət cinayət işi baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda cinayət işi üzrə məhkəmənin baxış iclasları davam etdirilir. Qeyd edilən xüsusatlar da bir daha onu təsdiq edir ki, istər cavabdeh tərəfindən, istərsə də Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılmış istintaq məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olan 3 fiziki şəxsin vergi orqanları tərəfindən keçirilmiş kameral və səyyar vergi yoxlamalarının nəticəsi olaraq qəbul edilmiş qərarlar əsasında aparılmışdır. Eləcə də, iddiaçı barəsində həyata keçirilmiş kameral (2021 və 2022-ci illər üzrə) və səyyar vergi yoxlamasının (2017-2024) nəticəsində X5 faktiki rəhbər olaraq CM-in 188.3, 208.2.1, 213.3 və 222-2.1 ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilərək, onun barəsində cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Hazırkı iddia tələbində də iddiaçı onun sahibkarlıq fəaliyyətinin 2017-2024-cü illəri əhatə edən səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş vergi məsuliyyətinə cəlbetmə qərarını məhkəmədə mübahisələndirilir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin icraatında olan X5 barəsində olan cinayət işi üzrə CM-in 213.3-cü maddəsinə aid hissədə ittihamın əsassız olmasının sübut edilməsi üçün hazırda icraatda olan inzibati işin baxılmasının davam etdirilməsi və hazırkı iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının qəbu edilməsi zəruridir. Bununla da təsdiq edilir ki, cinayət işinin başlanması, yeni ittihamın verilməsinə səbəb məhz mübahisələndirilən, cavabdeh inzibati orqan tərəfindən VM-in 38.3.6-cı maddəsinə əsasən həyata keçirilmiş səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş vergi məsuliyyətinə cəlb etmə qərarıdır. İPM-nin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Hazırkı inzibati iş üzrə isə bu hallar yoxdur. Cinayət işi üzrə mühakimə icraatı digər şəxs, faktiki rəhbər olan başqa sahibkar olmayan fiziki şəxs barəsində aparıldığı halda, mübahisələndirilən qərarlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər barəsində qəbul edildiyindən inzibati icraat onlar barəsində həyata keçirilir. İnzibati mübahisə üzrə iddianın təmin edilməsi barədə məhkəmənin qərarı qəbul edildiyi halda, bu hal cinayət işinin CM-in 213.3-cü maddəsi üzrə ittihamın aradan qaldırılmasına gətirib çıxardığından cinayət işi üzrə icraat hazırkı inzibati icraatdan asılıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli, 2-1(118)-8321/2025 nömrəli qərardadı ilə hazırkı iş üzrə inzibati icraat İsmayıllı Rayon Məhkəməsinin icraatında olan 1(037)-32/2025 nömrəli cinayət işinə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. (hakim Könül Həbibova).

13. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə müvafiq halın yəni, əsl sahibkarın X5 olub-olmasının sübuta yetirilməsi hazırkı iş üzrə barəsində qərar qəbul edilmiş şəxsə münasibətdə xüsusilə önəm kəsb edir. Sübuta yetirilərsə ki, əsl sahibkar İddiaçı deyil, X4r, bu, hazırkı mübahisə predmeti olan qərarın əsl olmayan şəxs barəsində çıxarılması deməkdir. Yəni yekun məhkəmə qərarı ilə şəxs təqsirli hesab edilsə və ona hökm verilərsə, bütün vergi məsuliyyəti faktiki rəhbərə keçəcəkdir. Məhkəmə məhz qeyd olunan halın öz təsdiqini tapmasını zəruri hesab edir. Araşdırılmalı olan bu hissə inzibati məhkəmənin predmeti deyil, cinayət qanunvericiliyinin normaları ilə tənzimlənir və həmin iş hal-hazırda İsmayıllı Rayon Məhkəməsinin icraatında olmaqla, cinayət işi üzrə məhkəmənin araşdırma predmetidir. Belə olan halda, məhkəmənin inzibati qanunvericilik çərçivəsində özünün qiymət verə bilmədiyi hal nə qədər ki öz təsdiqini tapmamışdır, icraat dayandırılmalıdır. Çünki ittiham aktında qeyd edilənlər öz təsdiqini tapdığı halda, hazırkı inzibati iş üzrə İddiaçı barəsində çıxarılmış qərarla hökm ziddiyyət təşkil edəcəkdir.

14. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və inzibati iş üzrə icraatın dayandırılmasından imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayətini vəsatətə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

17. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi ... 1.2. bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

19. Mülki Prosessual Məcəllə: Maddə 254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: ... 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; ...

20. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Həmin Qərarda qeyd edilmişdir ki, “göründüyü kimi qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz”.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

23. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş üzrə icraatın dayandırılması barədə vəsatət rədd edilməlidir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsi məhkəmə icraatının dayandırılması üçün iki halı müəyyən edir. Həmin normaya görə inzibati iş üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər: 1) Mübahisənin predmeti ilə bağlı cinayət təqibi aparılsın və bu cinayət işinin nəticəsi inzibati mübahisənin həllinə birbaşa təsir göstərə bilsin; 2) İnzibati iş üzrə qərarın qəbul edilməsi başqa (cinayət və ya mülki) iş üzrə müəyyən ediləcək hallardan asılı olsun.

25. Kollegiya qeyd edir ki, bu norma hüquqi müəyyənlik və məhkəmə araşdırmasının operativliyi prinsiplərindən irəli gəlir və geniş şərh oluna bilməz.

26. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan xx.xx.2004-cü il tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən iş üzrə icraatın dayandırılması məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda icraatın dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.

27. İcraatın dayandırılması ilə bağlı İPM-nin tələbinin, eləcə də, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü iş üzrə məhkəmə icraatının dayandırılması üçün həmin işə baxılmasının qeyri-mümkünlüyü müəyyən edilməli və həmin qeyri-mümkünlük cinayət və ya mülki iş üzrə müəyyən ediləcək hallardan asılı olmalıdır.

28. Cavabdeh icraatın dayandırılması ilə bağlı vəsatətini hazırkı işin iddiaçı vergi ödəyicisinin adından faktiki sahibkarlıq fəaliyyəti keçirən şəxs barəsində aparılan cinayət işindən asılı olduğunu hesab edərək, bu əsasla icraatın dayandırılmalı olması ilə əsaslandırır.

29. Birinci instansiya məhkəməsi isə cavabdehin vəsatətini əsaslı sayaraq, işə baxılmasının qeyri-mümkünlüyünü müəyyən etmədən iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul etmişdir.

30. Nəzərə almaq lazımdır ki, vergi orqanının qərarının mübahisələndirilməsi üzrə hazırkı inzibati işdə məhkəmə vergi yoxlamasının qanuniliyi, vergi öhdəliyinin düzgün hesablanması, inzibati aktın qəbul olunması proseduruna riayət edilib-edilməməsi kimi məsələləri araşdırır, vergi öhdəliyinin məbləği və hesablanma qaydası inzibati araşdırmanın predmetidir. Cinayət işi çərçivəsində isə şəxsin təqsirliliyi məsələsi araşdırılır.

31. Bu baxımdan, inzibati məhkəmə icraatı qaydasında qeyd olunan məsələlərin araşdırılması üçün cinayət işi üzrə hökmün mövcudluğu zəruri deyildir. İnzibati məhkəmə icraatında işə baxan məhkəmə müstəqil şəkildə sübutları qiymətləndirərək qərar qəbul bilər. Bu isə o deməkdir ki, inzibati işin nəticəsi cinayət işindən asılı deyil. Bu hal da hazırkı işə İPM-in 7.2-ci maddəsinin tətbiqini istisna edir.

32. Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən şəxsin vergi öhdəliyi cinayət məsuliyyətindən asılı olmayaraq yaranır. Şəxsin cinayət törədib-törətməməsindən asılı olmayaraq, vergi aktının özü qanunsuz (məsələn, hesablamada riyazi səhv varsa və ya prosedur pozulubsa) ola bilər. Belə olan halda, cinayət işinin nəticəsini gözləmək əhəmiyyət kəsb etmir, çünki aktın formal-hüquqi qüsurları cinayət işi çərçivəsində aradan qaldırılmır.

33. Analoji mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1537/2021 nömrəli qərarında da kassasiya instansiyası məhkəməsi eyni mövqedən çıxış etmişdir.

34. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş üzrə icraatın dayandırılması barədə vəsatət rədd edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli, 2-1(118)-8321/2025 nömrəli qərardadı ləğv edilsin. Vəsatət rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar