Məhkəmə qərarları › İş №2-1(3-8)-305/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-305/2026

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-305/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2ə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Cabbarova Gülnar İnqilab qızı (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsə qarşı “müddətsiz əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X9 sosial ekspert komissiyası tərəfindən qəbul edilmiş II dərəcəli əlilliyinin ləğv edilməsi barədə ##.##.2024-cıi il tarixli qərarının ləğv edilməsi və II dərəcəli əlilliyinin ləğv olunduğu tarixdən bərpa olunmasının cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş ##.##.2011-ci il tarixli qərarın ləğv edilməsini və müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1975-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü il tarixdən etibarən məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşmışdır. 1993-cü ildə 1 Qarabağ Müharibəsi zamanı yaşadıqlarız evə mərmi düşməsi nəticəsində aldığı travma nəticəsində ona 2001-ci ildə əlillik təyin olunmuşdur. 2011-ci ildən etibarən isə ümumi xəstəlik səbəbilə əlilliyi müddətsiz II qrup olaraq qiymətləndirilmişdir. İddiaçıya əlil kimi pensiya təyin olunmuşdur, lakin 2024-cü ilin aprel ayının birindən etibarən əlilliyini əsassız olaraq ləğv edilmişdir. Belə ki, agentlik tərəfindən heç bir əsas olmadan onu əyani müayinəyə çağırmışlar. Halbuki, müddətsiz əlillik təyin olunmuş şəxslər təkrar əyani müayinəyə yalnız cavabdeh orqan tərəfindən bu barədə əsaslandırılmış qərar qəbul edilməklə və yalnız əlilliyin qiymətləndirilməsinə əsaslı şübhələr barədə məlumat verildiyi hallarda cəlb oluna bilər. Cavabdeh orqanın isə iddiaçın təkrar əyani müayinəyə cəlb etməsi və nəticədə əlilliyinin ləğvi barədə qərar qəbul etməsi qanunsuz olmuşdur. Əlilliyinin ləğvi ilə mənim pensiya ödənişi də dayandırılmışdır. İddiaçı bir neçə dəfə cavabdeh orqana əlilliyinin bərpası ilə bağlı müraciətlər etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, müraciətlərindən sonra cavabdeh orqan tərəfindən yenə də əyani müayinə olunsa da, xəstəliyi əlilliyin bərpası üçün əsas versə də, heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində əsasən, əlilliyin qiymətləndiriliməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edilə bilər. İddiaçının isə əyani müayinəyə cəlb olunmağı üçün belə əsaslar və şübhələr mövcud deyildir. Cavabdeh orqan iddiaçının əyani müayinə edilməyi üçün qanuna uyğun olaraq əsasların və əlilliyinə şübhələrin nədən ibarət olmasını göstərməmişdir. Göründüyü kimi cavabdeh orqanın barəsində olan qərarı ilə tamamilə qanunsuz və əsassız olaraq əlilliyi ləğv olunmuş və pensiyası dayandırılmışdır. Nəticədə məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında ##.##.2011-ci il tarixində qiymətləndirilmiş və ona “Kəskin debillik dərəcəsində oliqofreniya, psixopatabənzər davranış, anamnezində qıcolma tutmaları ilə.” diaqnozu ilə Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş sonuncusu 3-17-4/2-1- ****/**** nömrəli məktub əsasında ##.##.2024-cü il tarixinə olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan ##.##.2011-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEKə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının ##.##.2011-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı ##.##.2011-ci il tarixdən II dərəcəli müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2 üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.2011-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Eyni zamanda, ##.##.2011-ci ildə aparılmış qiymətləndirmə nəticəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- ****/**** saylı, ## #### 2024-cü il tarixli qərarı ilə ##.##.2011-ci il tarixində “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi barədə qəbul edilmiş qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, iddiaçını əyani müayinəyə cəlb etmədən əlilliyin müəyyən edilməsindən imtina barədə qərarları qəbul etmişdir. Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının sağlamlıq vəziyyəti ##.##.2011-ci ildə qiymətləndirilmiş və ona ikinci dərəcə əlilliyi müddətsiz təyin edilmişdir. Cavabdeh 2011-ci il tarixli inzibati aktın ləğvi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. 31.Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə, həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. İşin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata kecirilməsini tələb edir. Hazırki mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq bizim etirazı belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq müvafiq tibbi-ekspertiza və ya əyani müayinəyinin keçirilməsi barədə qərardad qəbul etməmişdir. Bu isə işin nəticələrinin "Diaqnozun təsdiqini tapmaması" barədə qərar iddiaçının mövcud tibbi sənədləri əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Qeyd olunan diaqnoz "Diaqnozun təsdiqini tapmaması" halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində müddətsiz əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməklə, müddətsiz əlilliyin bərpa olunmasına nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə işin faktiki və hüquqi halları baxımından iddianının əsaslılığından öncə iddianın mümkünlük şərtlərinin yerinə yetirilib-yetirilməməsnin yoxlanılması zəruridir. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçıya ##.##.2011-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyinatı aparılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən ##.##.2024cü il tarixdə yenidən əyani müayinə dəvət edilmiş, ##.##.2011-ci il tarixli ləğvi barədə qərar qəbul edilməsinə dair ##.##.2024-cü il tarixdə bildiriş göndərilmiş, ##.##.2024-cü il tarixdə “diaqnoz təsdiqini tapmaması” əsası ilə əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ##.##.2002-ci il tarixdən əlilliyə görə pensiya ödənilmiş, ##.##.2024-cü il tarixdən pensiya ödənişinin həyata keçirilməsi dayandırılmış, bu barədə müvafiq inzibati orqan tərəfindən ##.##.2024-cü il tarixli qərar qəbul edilmiş, qərarın qəbul edilməsinin əsası xidməti məruzəyə əsasən əlilliyin ləğv edilməsi, diaqnoz təsdiqini tapmaması barədə qərarın qəbul edilməsi qeyd edilmişdir. İddiaçı cavabdehin əlilliyin ləğv edilməsi ilə bağlı qəbul etdiyi qərarın mübahisələndirilməsinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, hazırki iddia növü mübahisələndirmə haqqında iddia olduğundan, prosessual qanunvericiliyin tələbinə əsasən həmin iddia növü ilə bağlı iddianın mümkünlük şərti kimi iddia müddətinə aid tələbə riayət edilməsi tələb olunur. Həmçinin, kollegiya bununla bağlı qeyd edir ki, oxşar işlər üzrə formalaşdırılmış məhkəmə təcrübəsinə dair hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarın məzmununda qeyd edilmişdir ki,” ....Göründüyü kimi, iddiaçıya onun əlilliyinin ləğv edilməsi artıq xx.xx.2019-cu ild tarixdən məlum olmuş, belə ki, keçən müddət ərzində iddiaçı əlilliklə bağlı pensiya almadığı üçün hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, 2019-cu ildən 2024cü ilə qədər bu halı mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası bildirir ki, xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərar bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Lakin iddiaçı həmin inzibati aktı nə “İnzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də İPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür......” Kollegiya qeyd edir ki, iddiaçının əlilliyinin ləğv edilməsi barədə qərarın ##.##.2024-cü il tarixdə qəbul edilməsi, pensiya ödənişinin ##.##.2024-cü il tarixli qərar əsasında dayandırılması halı müəyyən edildiyindən, iddiaçı artıq əlilliyin ləğv edilməsi ilə bağlı hüquqlarının pozulması barədə pensiya almadığı vaxtdan məlumatlı olmuşdur. Buna baxmayaraq, həmin müddətdən (##.##.2024-cü ildən) 1 ildən artıq müddət keçdikdən sonra (##.##.2025-ci ildə) onun barəsində qəbul edilmiş inzibatı aktı məhkəmə qaydasında mübahisələndirmişdir. Halbuki, prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı inzibati akt barədə məlumatlı olduğu (hüququnun pozulduğunu bildiyi) andan 30 gün müddətində həmin aktı mübahisələndirmək hüququna malik olmuşdur, həmin şərtin ödənilməməsi isə iddianın mümkün sayılmaması üçün əsas sayılır. Nəticə etibarilə hazırki iş üzrə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Bundan əlavə, kollegiya qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən qanunla müəyyən edilmiş müddətdən 1 il keçdikdən sonra onun bərpasına yol verilməməsi imperativ norma kimi nəzərdə tutulduğundan, habelə normada müəyyən edilmiş istisna halların iddiaçıya münaisbətdə mövcudluğu aşkar edilmədiyindən, ötürülmüş müddətin bərpasına dair iddiaçıya hüquqi yardım göstərilməsi, bu istiqamətdə araşdırma aparılmasının əsasları da mövcud olmamışdır. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar araşdırılmamış, iddianının mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi istiqamətində araşdırılma aparılmayaraq, formalaşdırılmış məhkəmə təcrübəsinə aid hüquqi mövqe nəzərə alınmayaraq, işə mahiyyəti üzrə baxılmış, bununla da işin hallarına düzgün hüquqi qiymət verməyərək, gəldiyi nəticə yalnış olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət məhkəmə qərarının ləğv edilməsi hissəsində əsaslı olmaqla, həmin hissədə təmin edilməli, iddia mümkün sayılmadığından şikayət iddianın təmin edilməməsi hissəsində əsassız olduğundan, təmin edilməməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar