Məhkəmə qərarları › İş №2-1(3-8)-307/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-307/2026

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-307/2026 24.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(118)-7311/2025 nömrəli qərarından İddiaçı2 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 1999cu il tarixli torpaq ayrılması barədə sərəncamlara əsasən istifadələrində olan və Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə nümayəndəliyi üzrə sərəncamlarına əsasən onlara ayrılmış Abşeron rayonu, Saray qəsəbəsi (hazırda yeni məhəllə adlanır) ərazisindəki torpaq sahələrinə birgə müvafiq hüquq müəyyənedici sənədlərin - reysterdən çıxarış və texniki pasportun (plan-ölçülərinin) verilməsini və torpaq sahələri üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(118)-7311/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia tələbinə dair müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Könül Həbibova). Qərarla razılaşmayan İddiaçı2 nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin İddiaçı2 münasibətdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclaında iştirak etmiş İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 nümayəndəsi və vəkili tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(118)-7311/2025 nömrəli qərarından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(118)-7311/2025 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia tələbinə dair müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı2 nümayəndəsi və vəkili tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti verilmişdir. Kollegiya şikayətin mümkünlüyü ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinin dispozitiv şərtinə əsasən iddiaçı yalnız tələbinin təmin olunmadığı halda şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki iş üzrə müvafiq məhkəmə qərarının məzmununda “......47. Bundan əlavə, məhkəmənin müvafiq sorğusu olmadığı təqdirdə işə cəlb edilməmiş torpaq mülkiyyətçinin cavabdeh orqana etdiyi yazılı müraciətin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi halı ilə də tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə danışıqların aparılması öz təsdiqini tapır. 48. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazın dəlili ilə məhkəmə prosesi gedişində tələbə dair hərəkətləri hazırki mərhələdə bir-birini tamamlamır. 49. Nəzərə alınmalıdır ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara öhdəliyin icrası haqqında iddia inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi əsas şərtlərdən biridir. Əgər tərəflər arasında inzibati orqana müraciət çərçivəsində razılıq əldə olunmursa, o zaman yaranmış mübahisə məhkəmə predmeti olur. Məhkəməyə qədər cavabdeh orqanın mövqeyinin əsaslılığı, istinad olunmuş dəlillər isə məhkəmənin araşdırma predmetini təşkil edir. 50. Hazırda isə məhkəmənin araşdırma predmeti cavabdeh orqan tərəfindən təqdim edilmiş məktublara əsasən davamlı şəkildə dəyişir. Tərəflər məhkəmədənkənar mübahisənin həlli istiqamətində fəaliyyət göstərirlər, iddia tələbi isə məhkəmənin icraatında qalmaqda davam edir. 51. Məhkəmə tərəflərin diqqətinə çatdırır ki, inzibati prosesdə məhkəmə passiv müşahidəçi rolunu oynamır. Odur ki, aparılan inzibati ircaat nəticəsində işin müsbət həlli mümkün olmadıqda və tərəflər arasında “real mübahisə”nin mövcud olduğu halda, hazırkı iddia tələbinə məhkəmədə baxıla bilər. 52. Əlavə olaraq məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə inzibati icraat aparmaq və ya natamam olan və ya hazırda da davam edən inzibati icraatı tamamlamaq öhdəliyi daşımır. Məhkəmə ona təqdim olunmuş, yəni yekunlaşmış icraata dair materialları (inzibati icraat materialları və işi) əsasında inzibati orqanın artıq konkret olaraq bilinən və aydın görünən mövqeyinin qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. 53. Yuxarıda göstərilən halları ümumilikdə nəzərə almaqla məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisənin həllinə dair inzibati orqan tərəfindən aparılan icraat yekunlaşmadığı üçün, iddiaçının hazırkı tələbinə münasibətdə icraatla bağlı qanunvericiliyin tələblərinə riayət edilməklə baxılması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.” Qeyd edilmişdir. Göründüyü kimi hazırki iş üzrə məhkəmənin hüquqi mövqeyi iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən hüquqlarını pozmamaqla onun müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlər çərçivəsində yenidən baxılmasını ehtiva edir. Nəticə etibarilə bu hal iddiaçının hüququnun pozulmamasına səbəb olmaqla, tələbinin təmin olunmaması kimi qiymətləndirilməsinə əsas vermir. Bu baxımından kollegiya hesab edir ki, hazırki vəziyyətdə məhkəmə yalnız cavabdeh orqanın qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələrinin düzgün icrasını tələb etmişdir, yəni qəbul edilmiş qərar iddiaçınnı müraciətinə əsasən inzibati icraatın aparılması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə tərəflərin ziyanına şərh oluna bilməz. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından iddiaçının “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ da istisna edilir. Bu hal isə özlüyündə iddiaçı tərəfindən verilmiş şikayətinə apellyasiya qaydasında baxılmasının mümkün sayılmaması üçün əsas hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 nümayəndəsi və vəkili tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(118)-7311/2025 nömrəli qərarından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(118)-7311/2025 nömrəli qərarından İddiaçı2 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar