Məhkəmə qərarları › İş №2-1(3-8)-310/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-310/2026

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-310/2026 19.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI QƏRAR Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Hüquqi Şəxsinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Hüquqi Şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı X3 barəsində verilmiş ##.##.2022-ci il tarixli, ***** nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” yə əsasən onun “keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla, özünü kəsmələr ilə. Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar və intihar cəhdləri ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsindən kəllədaxili hipertenziya ilə təzahür edən postravmatik ensefalopatiya şəklində nəticəsi. Burun sümünüyünün sınığından sonrakı vəziyyət” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən iddiaçı ilk dəfə ##.##.2023-cü il tarixdə TSEK-də müayinədən keçmiş və ona “üzvi (qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət və davranış pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar və intihar cəhdləri ilə” diaqnozu ilə “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən iki il müddətinə ##.##.2025-ci il tarixədək orqanizmin funksiyalarının 40% pozulmasına görə əlillik təyin edilmişdir.

3. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə qiymətləndirilərək, “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina cavabı verilmişdir.

4. Bundan sonra iddiaçıya TSEK-ə göndərilməsi üçün Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2025-ci il tarixli, D********DSR nömrəli göndəriş (Forma 088) verilmişdir.

5. Həmin göndərişə əsasən TSEK-ə göndəriş zamanı əsas diaqnozu: XBT 10 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (II Qarabağ müharibəsi zamanı almış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, funksional tutmalar intihar cəhdləri ilə”, yanaşı xəstəlikləri: T90.5 “Kəllədaxili travmaların nəticələri. Partlayış travması, keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsindən kəllədaxili hipertenziya ilə təzahür edən postravmatik ensefalopatiya şəklində nəticəsi”, G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya. Postravmatik ensefalopatiya”, G44.3 “Xroniki postravmatik baş ağrısı”, G90.8 “Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. Asteno-nevrotik sindrom, vegetativ damar paroksizmləri” qeyd edilmişdir.

6. Sözügedən imtina qərarından iddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar ##.##.2025-ci il tarixdə cavabdeh orqanda onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Sosial Ekspert Komissiyası tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilmişdir.

7. Bundan sonra iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 hüquqi şəxsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

8. İddia tələbi hazırkı qərarın 1-6-cı bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2 və 7.6.2.1-ci bəndlərinə əsasən F07.0 kodlu “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Göndərişdə (Forma 088) qeyd edilən digər yanaşı xəstəliklər (G93.4, G90.8, G44.3, T90.5) də “Əlilliyin müəyyən olunması meyarları” na əsasən əlilliyin təyin edilməsinə əsas olmasına baxmayaraq, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsindən imtina cavabı verilmişdir.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı hazırkı qərarın 1-6-cı bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, insanlarla ünsiyyət qura bilməməsindən, baş ağrılarından, başın sıxılmasından şikayətlənmişdir. Anamnestik məlumatlarda ailəli və 2 (iki) övladı olduğunu (8-ci sinif, 3-cü sinif məktəbli), işləmədiyini, Sumqayıt şəhərində mənzillə təmin olunduğunu bildirmişdir. Təxminən 5 (beş)-6 (altı) ay öncə avtomobilini bilərək işıqfor dirəyinə vurduğunu qeyd etmiş, özünə xəsarətləri olduğunu söyləmiş, hər iki said nahiyəsində qayçı, vintaçan ilə etdiyini qeyd etdiyi kəsikləri göstərmiş, hətta öz övladına da şiddət göstərdiyini (boğub) vurğulamışdır. Zahirən yaşına və cinsinə uyğun görünmüş, lakin danışarkən həyəcanlı olması hiss edilmişdir. Düşüncəsi normal, məzmunu adekvat, patoloji düşünmə forması qeyd olunmamışdır. Yaddaş, diqqət və idrak funksiyaları yaşına və təhsil səviyyəsinə uyğun izlənilmiş, bələdliyi bütün növlərdə tam qorunmuşdur. Əsas şikayətləri sosial, maddi vəziyyətlə bağlı olmuşdur. Şikayətlər emosional tonda, geniş təsvirlərlə təqdim olunmuş, lakin obyektiv müşahidələr və şikayətləri təsdiqlənməmişdir. Nitqində qeyrisəmimilik təəssüratı yaranmışdır. Hazırki vəziyyəti “üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu” kimi dəyərləndirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələrin adı aparılmamışdır. Aparılan anamnestik və obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Mehriban Mahmudlu-Abbaszadə).

11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, iddiaçıda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Ağırlaşma - üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0. “Əlilliyin müəyyən olunması meyarları” nda 7-ci bənd - Psixi və davranış pozuntuları - 7.6.2-ci bənd - üzvi mənşəli şəxsiyyət pozuntusu, 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla, iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji işlərdə məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliklərin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək, etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlilləın dəlillərini qəbul etməyərək, iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ...

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

22. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

26. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi ##.##.2026-cı il tarixdə qiymətləndirilərək ona “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə imtina cavabı verilmiş, bundan sonra iddiaçı bu qərardan yuxarı inzibati orqana şikayətlə müraciət etmiş, şikayətlə əlaqədar cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilmişdir.

27. İddiaçı verilən imtina ilə razılaşmayaraq, ona əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

28. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada və apellyasiya şikayətinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz birinci instansiya məhkəməsində araşdırma zamanı iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.

29. Hazırkı qərarın 5-ci bəndində qeyd edilən Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, D********DSR nömrəli göndərişdən göründüyü kimi onda əsas diaqnozu: XBT 10 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (II Qarabağ müharibəsi zamanı almış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, funksional tutmalar intihar cəhdləri ilə”, yanaşı xəstəlikləri: T90.5, G93.4, G44.3 və G90.8 kodlu xəstəliklər mövcuddur.

30. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən iddiaçının əyani müayinəsi keçirilərək məhkəmə-psixiatrik ekpertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki: - əyani müayinə zamanı iddiaçının psixi statusu zahirən narahat və gərgindir, düşüncəsi kobud pozulmamış, bələdliyi zaman, məkan və şəxsə görə saxlanılmışdır, söz ünsiyyətinə sərbəst daxil olur, verilən sualları mahiyyətinə uyğun cavablandırır, nitqi və təfəkkürü ləngdir, söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, torpidlik əlamətləri müəyyən edilir. Əhvali ruhiyyə fonu dəyişkəndir, enməyə meyillidir. Xarici qıcıqlara qarşı həssaslığın artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, koqnitiv funksiyaların zəifləməsi müşahidə edilir. Emosional sferası qeyri-stabildir. - müayinə nəticəsində iddiaçıda F07.0 kodlu “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozlu xəstəlik aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirləri və cəhdlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” da “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu təyin edilməsi və hal-hazırkı psixiatrik koqnitiv funksiyaların enməsi ilə” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.

31. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş D********DSR nömrəli göndərişdə qeyd olunan diaqnoz iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı verilmiş məhkəmə-psixiatrik ekpertizasının rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.

32. Belə ki, F07.0 kodlu xəstəlik isə AR Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2.1, 7.6.2.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir.

33. “Əlilliyin müəyyən olunması meyarları” nın həmin bəndlərindən görünür ki, F07.0 kodlu xəstəlik: - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə; - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda isə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir.

34. Hazırkı qərarın 30-cu bəndində qeyd olunan ekspert rəyindən göründüyü kimi iddiaçıda zahirən gərginlik, təfəkkürün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyənin dəyişkən olması, emosional dayanıqsızlıq, intihar fikirləri və cəhdləri kimi patofunksional əlamətlər fonunda F07.0 kodlu “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi ilə” diaqnozlu xəstəlik aşkar edilmişdir.

35. Həmçinin, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərardan da müəyyən edilir ki, iddiaçıda intihar fikirləri mövcud olmuş, müayinə zamanı izahatında bir müddət əvvəl öz avtomobilini bilərək işıqfor dirəyinə vurduğunu, özünə xəsarətlər yetirdiyini, hər iki said nahiyəsində qayçı, vintaçan ilə kəsiklər etdiyini bildirmişdir.

36. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıda F07.0 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.1-ci bəndində qeyd olunduğu kimi - müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi müəyyən edilir.

37. İddiaçının əlilliyinin səbəb əlaqəsinə münasibətdə kollegiya qeyd edir ki, hazırda iddiaçıda aşkar edilən F07.0 kodlu “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyinin MN MHHK tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2022-ci il tarixli, ***** nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” də “kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar və intihar cəhdləri ilə” diaqnozu ilə səbəb əlaqəsi aydın şəkildə müəyyən edilir.

38. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

39. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

40. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

42. Bu mənada, apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

43. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar