Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-313/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı Abşeron rayon Məmmədli bələdiyyəsinin ## #### 2003-cü il tarixli **/* nömrəli qərarı ilə mərhum həyat yoldaşı X3 ayrılmış faktiki sahəsi 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Abşeron rayon Məmmədli bələdiyyəsinin ## #### 2003-cü il tarixli **/* nömrəli qərarının surətindən görünür ki, X4 0.10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış 0.10 ha torpaq sahəsinə dair Məmmədi Bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarışın tərtib edilmişdir. Torpağın alqı-satqısı aktının surətindən görünür ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2003-cü il tarixli **/* nömrəli qərarı ilə X3 0.10 ha torpaq sahəsi ayrılmış və X4 torpaq sahəsinin müqabilində 840 manat pul vəsaiti ödəmişdir. **/* nömrəli, ##.##.2003-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, X4 torpaq sahəsinin müqabilində 840 manat pul vəsaiti ödəmişdir. Abşeron rayon * saylı Notariat ofisinin ##.##.2025-ci il tarixli, ** nömrəli məktubun surətindən görünür ki, İddiaçı müraciəti əsasında ##.##.2021-ci il tarixdə vəfat etmiş X3 adına vərəsəlik işi açılmışdır. Cavabdehin ##.##.2025-ci il tarixli, ******/*-****/** nömrəli imtina məktubuna əsasən, aparılan araşdırma zamanı Məmmədli bələdiyyəsi tərəfindən ## #### 2003-cü il tarixdə, 13/1 nömrəli qərarı ilə ayrıldığı halda, arxiv arayışının hazırkı müraciətə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə olunmuş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, sözügedən qərarda hüquq sahibi "X4" kimi göstərildiyi halda, ölüm haqqında şəhadətnamədə "X3" kimi qeyd olunduğu müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin yol layihəsinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Abşeron rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu Məmmədli bələdiyyəsinin ##.##.2003-cü il tarixli qərarlarında **/* saylı qərar aşkar edilməmişdir. X2 Agentliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubuna əsasən, aparılmış araşdırmaya əsasən mərhum X4 Abşeron rayonu Məmmədli Bələdiyyəsinin məlum qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin Böyükşor-Pirşağı yolunun mühafizə zolağına düşmədiyi məlum olmuşdur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2003-cü il tarixli **/* nömrəli qərarı ilə mərhum həyat yoldaşı X3 Abşeron rayonu Məmmədli Bələdiyyəsinin ərazisində ayrılmış faktiki sahəsi 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2003-cü il tarixli **/* nömrəli qərarı ilə mərhum həyat yoldaşı X3 Abşeron rayonu Məmmədli Bələdiyyəsinin ərazisində ev tikmək məqsədilə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həyat yoldaşı dəyərini ödədikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi onların istifadəsindədə və sahibliyindədir. Iddiaçı * saylı Abşeron Ərazi Idarəsinə 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşına məxsus olması barədə arayışın verilməsi ilə bağlı ərizə ilə müraciət etsə də cavabdeh tərəfindən hələ də müraciətinə cavab verilməmişdir.Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Məmmədli bələdiyyəsi tərəfindən ## #### 2003-cü il tarixli **/* nömrəli qərarı ilə ayrıldığı halda, arxiv arayışının hazırkı müraciətinə əlavə edilmədiyi, müraciət üzrə əlavə olunmuş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu, belə ki, sözügedən qərarda hüquq sahibi “X4” kimi göstərildiyi halda, ölüm haqqında şəhadətnamədə “X3” kimi qeyd olunduğu, torpaq sahəsinin yol layihəsinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2003-cü il tarixli **/* nömrəli qərarı ilə mərhum həyat yoldaşı X3 Abşeron rayonu Məmmədli Bələdiyyəsinin ərazisində ayrılmış faktiki sahəsi 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə qərarının hazırda qüvvədə olması, torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənilməsi qərarın arxiv nüsxəsi aşkar edilməsə belə, torpaq sahəsinin ona ayrılmasını təsdiq edir. Cavabdehin gətirdiyi digər arqument isə ondan ibarətdir ki, sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğunun göstərilməsidir. Buna dair məhkəmə qeyd etməyi zəruri bilir ki, mərhumun ata adında nəzərə çarpacaq şəkildə olmayan texniki səhvin olması onun hüquqlarının məhdudlaşdırlması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, mərhuma ayrılmış 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında hər hansı maneə mövcud deyildir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və apellyasiya şikayətinin dəlilləri kimi aşağıdakıları qeyd etmişdir: Məmmədli bələdiyyəsi tərəfindən ## #### 2003-cü il tarixdə, **/* nömrəli qərarı ilə ayrıldığı halda, arxiv arayışının müraciət ərizəsinə əlavə edilmədiyi, Abşeron rayon Dövlət Arxivi tərəfindən Abşeron rayon, Məmmədli Bələdiyyəsinin ## #### 2003-cü il tarixli qərarlarında **/* saylı qərarının Dövlət Arxivinin arxiv fondunda aşkar edilməməsi barədə ## ###### 2025-ci il tarixli məktub Sumqayıt Inzibati Məhkəməsinə ünvanlanmışdır; Torpaq sahəsinin yol layihəsinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Hazırkı iş üzrə iddia tələbi Məmmədli bələdiyyəsinin ##.##.2003-cü il tarixli **/* saylı qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas ilə bağlıdır. Cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi Məmmədli bələdiyyəsi tərəfindən ## #### 2003-cü il tarixdə, **/* nömrəli qərarı ilə ayrıldığı halda, arxiv arayışının müraciət ərizəsinə əlavə edilmədiyi, Abşeron rayon Dövlət Arxivi tərəfindən Abşeron rayon, Məmmədli Bələdiyyəsinin ## #### 2003-cü il tarixli qərarlarında **/* saylı qərarının Dövlət Arxivinin arxiv fondunda aşkar edilməməsi barədə ## ###### 2025-ci il tarixli məktub Sumqayıt Inzibati Məhkəməsinə ünvanlanmış, torpaq sahəsinin yol layihəsinin mühafizə zolağında yerləşdiyi müəyyən olunması hallarına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh2 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəzlənmişdir. Iddiaçı torpaq sahəsinin ayrılmasının hüquqmüəyyənedici sənədi kimi Abşeron rayon Məmmədli bələdiyyəsinin ##.##.2003-cü il tarixli **/* nömrəli qərarına istinad edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı Abşeron rayon Dövlət Arxivinin sorğuya cavab olaraq bildirmişdir ki, ##.##.2003-cü il tarixli **/* nömrəli qərar arxiv sənədlərində mövcud deyildir. Daha sonra Abşeron rayon dövlət Arxivi məhkəmə kollegiyasının sorğusuna -##.##.2026-cı il tarixli cavab məktubunda Abşeron rayon Məmmədli bələdiyyəsinin 2003-cü ilə dair qərarlarında vətəndaş X4 adına ##.##.2003-cü il tarixli **/* nömrəli qərar aşkar edilmədiyini; -##.##.2026-cı il və ##.##.2026-cı il tarixli cavab məktublarında Abşeron rayon Məmmədli bələdiyyəsinin 2003-cü ilə dair qərarlarında ##.##.2003-cü il tarixli **/* nömrəli qərarın mövcud olmadığını; -##.##.2026-cı il tarixli cavab məktubunda Abşeron rayon Məmmədli bələdiyyəsinin 2003-cü ilə dair qərarlarında ##.##.2003-cü il tarixli **/* saylı qərarın mövcud olmadığı, o cümlədən 2003-cü ilin ** saylı qərarlarında X4 adının aşkar edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsaslandığı hüquqmüəyyənedici inzibati aktın mövcudluğu mübahisənin həlli üçün həlledici əhəmiyyət kəsb edən haldır. Həmin inzibati aktın mövcudluğu iş üzrə əldə edilmiş mötəbər sübutlarla təsdiq edilmədiyi halda, həmin aktın hüquqi nəticələr doğurması və onun əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının tələb edilməsi üçün hüquqi əsasın mövcudluğundan söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi isə iddiaçının istinad etdiyi qərarın mövcudluğunu rəsmi arxiv məlumatları ilə yoxlamadan və həmin sənədin həqiqiliyini mötəbər sübutlarla müəyyən etmədən, yalnız təqdim olunmuş sənədlərə əsasən qərarın mövcud olması qənaətinə gəlmişdir. Halbuki, apellyasiya baxışı zamanı əldə olunmuş rəsmi arxiv məlumatı həmin qənaətin işin faktiki hallarına uyğun olmadığını təsdiq edir. Apellyasiya şikayətinin digər dəlili mübahisəli torpaq sahəsi yolun mühafizə zolağının düşməsi ilə bağlıdır. Bununla bağlı X2 Agentliyi torpaq sahəsinin yolun mühafizə zolağına düşməməsi barədə məktub vermiş, lakin cavabdeh yenidən apellyasiya şikayətində həmin dəlilə istinad etmişdir. Beləliklə, cavabdehin bu dəlili əsassız olsa da, məhkəmə kollegiyası hesab edir ki, hüquqi qüvvəsi və mövcudluğu təsdiq edilməyən inzibati akt əsasında şəxsin daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması qanunvericiliyin tələblərinə uyğun deyildir. Bu baxımdan, birinci instansiya məhkəməsinin cavabdehin imtinasını qanunsuz hesab etməsi və iddia tələbini təmin etməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar mövcud olmamışdır. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.