Məhkəmə qərarları › İş №2-1(3-8)-34/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-34/2026

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-34/2026 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “47 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2- 1(118)-5754/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür (AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi).

2. Dövlət Arxivinin Bakı Filialının 28 yanvar 2025-ci il tarixli arxiv arayışından görünür ki, Bakı 1 nömrəli Tikiş fabrikinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində iddiaçının xx.xx.1989-cu il tarixli, 478 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən 1 nömrəli filiala tikişçi şagirdi vəzifəsinə işə qəbul olunması, xx.xx.1992-ci il tarixli, 230 nömrəli əmrlə xx.xx.1992-ci il tarixdən tərəflərin razılığı ilə işdən azad olunması və 1989, 1990, 1991, 1992-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci publik hüquqi şəxsi tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli, 271 nömrəli arxiv arayışına əsasən iddiaçı xx.xx.1993-cü il tarixli, 85-t nömrəli əmrlə Sumqayıt Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin azərbaycan bölməsinə tam orta (8-9 illik) təhsil bazasından “Parça və trikotaj texnologiyası" ixtisasına daxil olmuş, xx.xx.1997-ci il tarixli, 19-t nömrəli əmrlə həmin ixtisas üzrə Texnikumu bitirmiş, iddiaçıya xx.xx.2001-ci il tarixində AB-İİ seriyalı, 054483 nömrəli diplom verilmişdir.

4. İddiaçının təqdim etdiyi xx.xx.2010-cu il tarixli, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1996-cı il tarixdən Sumqayıt “Etilen-Polietilen” zavoduna işə qəbul edilmiş, hal-hazıradək həmin müəssisədə (hazırkı “Azərkimya” İstehsalat Birliyinin tərkibində “Etilen-Polietilen” Zavodu) işləyir.

5. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 47 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-1/2-1176682/2025 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 15 ildən az (14 il 10 ay 6 gün (xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. “Azərkimya” İB “Etilen- Polietilen" Zavodunun İddiaçı dair 25 fevral 2025-ci il tarixli, 17 nömrəli arayışında xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2010-cu il və xx.xx.2016-xx.xx.2016-cı tarixləri arasındakı dövrlər ərzində isə iddiaçının öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir. Buna görə də öz hesabına məzuniyyətdə olduğu, işləmədiyi müddətləri (ümumilikdə 3 il 7 ay 6 gün (1 yanvar 2006-cı il tarixinədək 17 gün, həmin tarixdən sonra 2 il 8 ay 10 gün) iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya qanunvericiliyin tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir.

7. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, 47 yaşı tamam olduğu tarixdən, yəni 25 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tələbini hazırkı qərarın 1-7-ci bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen" X1 tərəfindən onun barəsində verilmiş xx.xx.2025-ci il tarixli, 43 nömrəli arayışda qeyd edilmişdir ki, iddiaçı 23 yanvar 2007-ci il tarixindən hal-hazıra kimi tam iş günü Sumqayıt "Etilen-Polietilen" Zavodunun 05 nömrəli piroqazın və suyun hazırlanması sahəsində maye təmizləmə peşəsində işləmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı hazırkı tələbi ilə bağlı mübahisəli məqam yalnız iddiaçının ümumi iş stajı ilə bağlıdır, belə ki iddiaçının güzəştli iş stajı qanunvericiliklə nəzərdə tutulan müddətdən artıq (7 il 6 ay tələb olunduğu halda, 9 il 5 ay 2 gün) olduğu halda, ümumi iş stajı isə qanunvericiliklə tələb olunan müddətdən az təşkil edir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 15 ildən az (14 il 10 ay (xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il il tarixləri arasındakı dövrlər)), 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 9 il 5 ay 2 gün (xx.xx.1996-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2-1(118)-5754/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 25 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Qəşəm Məmmədli).

11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Dövlət Arxivinin Bakı Filialının 28 yanvar 2025-ci il tarixli arxiv arayışına əsasən iddiaçının xx.xx.1989-cu il tarixli, 478 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən 1 nömrəli filiala tikişçi-şagirdi vəzifəsinə işə qəbul olunması, xx.xx.1992-ci il tarixli, 230 nömrəli əmrlə 05 03.1992-ci il tarixdən tərəflərin razılığı ilə işdən azad olunması öz təsdiqini tapır. 1991-ci ilin may və iyun aylarına aid əmək haqqı cədvəllərində iddiaçıya əmək haqqı ödənilməsinə dair sübutların olmaması şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz. İddiaçının işlədiyi 1991-ci ilin may və iyun aylarındakı dövrlər onun ümumi iş stajına daxil edildiyi halda, 15 il ümumi iş stajı tamamlanır. Məhkəmə hesab edir ki, cavabdehin pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır.

12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ümumi iş stajının qanunvericiliklə tələb olunan müddətdən az təşkil etməsinin səbəbi onun xx.xx.1989xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində 2 ay müddətində adına əmək haqqı hesablanmamasıdır. Belə ki Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının (Bakı 1 nömrəli Tikiş fabrikinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində) İddiaçı dair xx.xx.2025-ci il tarixli, 3-48-2F/2-H6001-33- 356/2025 nömrəli arayışında öz əksini tapan əmək haqqı cədvəlinə diqqət yetirdikdə, iddiaçının adına 1991-ci ilin may və iyun ayları üzrə əmək haqqı hesablanmaması aşkar görünür. Məhkəmə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək qeyd etmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, həmçinin sözügedən dövrə münasibətdə əmək haqqı cədvəllərində iddiaçıya əmək haqqı ödənilməsinə dair sübutların olmaması şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz. Məhkəmə mübahisələndirilən dövrlər barədə əmək kitabçasında heç bir qeydin olmamasına baxmayaraq, qərarının əsaslandırma hissəsində “iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır” müddəasına istinad etmişdir. Bütün sadalanlara baxmayaraq, tərəflərindən əmək kitabçasında öz əksini tapmayan dövr arxiv arayışında əks olunan əmək haqqı cədvəlinə əsasən iddiaçının iş stajına hesablanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı

22. Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

28. İşdən görünür ki, iddiaçının hazırkı tələbi ona 47 yaşından - xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədədir.

29. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 47 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 15 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 7,5 il güzəştli iş stajının mövcud olması.

30. Məhkəmə kollegiyası ilk növbədə onu bildirir ki, cavabdeh iddiaçının yalnız ümumi iş stajını mübahisələndirmiş, güzəştli iş stajının qanunla tələb edilən 7,5 il müddətdən artıq olduğunu bildirmişdir.

31. Bununla belə, güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir ki, həm əmək kitabçasının qeydlərindən, həm də “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen" Zavodu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 43 nömrəli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Sumqayıt "Etilen-Polietilen" Zavodunun 05, 01 nömrəli sexlərində nasos qurğularının maşinisti, maye təmizləmə peşələrində işləmişdir. Güzəştli arayışda bu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən (neft karbohidrogenlərinin pirolizi istehsalatında) güzəştli şərtlərlə pensiya almaq hüququ verən vəzifələrə aid olduğu qeyd edilmişdir.

32. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 10800000 kodlu Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00—17541 kodlu A yarımbölməsinin 1080A010 kodlu bəndində tam iş günü ...... neft karbohidrogenlərinin pirolizi və s. istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir.

33. Göründüyü kimi iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 7,5 ildən artıq (9 il 05 ay 22 gün) güzəştli iş stajına malikdir və bu dövr cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajına daxil edilmişdir.

34. Ümumi iş stajı ilə bağlı isə cavabdeh aşağıda qeyd olunan 2 dövrü mübahisələndirərək ümumi iş stajına daxil etməmişdir: 1) İddiaçının Sumqayıt “Etilen Polietilen” zavodunda işlədiyi dövrdə xx.xx.2006-cı il tarixədək 19 gün müddətində ödənişsiz məzuniyyətdə olduğu dövr; 2) Bakı 1 nömrəli Tikiş fabrikində işlədiyi xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində 1991-ci ilin may və iyun aylarında adına əmək haqqı hesablanmadığından həmin 2 aylıq dövr.

35. Birinci dövrlə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının məlumatlarından onun xx.xx.1996-cı il tarixdə Sumqayıt “Etilen-Polietilen” zavoduna işə qəbul edildiyi, hal-hazıradək həmin müəssisədə (hazırkı “Azərkimya” İstehsalat Birliyinin tərkibində “Etilen-Polietilen” Zavodu) işlədiyi müəyyən edilir. Göründüyü kimi əmək kitabçasının məlumatları üzrə iddiaçının iş stajı xx.xx.2006-cı il tarixədək 09 il 05 ay 22 gün təşkil edir.

36. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli, 17 nömrəli arayışdan isə görünür ki, iddiaçı Sumqayıt “Etilen Polietilen” zavodunda işlədiyi müddətdə xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2005xx.xx.2006, xx.xx.2007-xx.xx.2010-cu il tarixlərində, xx.xx.2016-cı il tarixində isə 1 gün müddətində ödənişsiz və sosial məzuniyyətdə olmuşdur.

37. Arayışdan göründüyü kimi iddiaçı cavabdehin bildirdiyi kimi Sumqayıt “Etilen Polietilen” zavodunda işlədiyi dövrdə xx.xx.2006-cı il tarixədək 19 gün müddətində ödənişsiz məzuniyyətdə olmuşdur.

38. Ödənişsiz məzuniyyətlə bağlı məsələlər Əmək Məcəlləsinin 129-cu maddəsinin 1-ci və 2-ci bəndlərində tənzimlənmişdir. Həmin maddələrin tələbinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin, kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən, əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

39. Həmin normanın tələbindən göründüyü kimi qanunamüvafiq qaydada verilən ödənişsiz məzuniyyətin maksimal müddəti altı ayadək müəyyən edilmişdir.

40. Həmçinin, analoji işlər üzrə ödənişsiz məzuniyyətin iş stajına daxil edilməli olubolmaması məsələsində formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1394/2021, 2- 1(102)-483/2024, 2-1(102)-933/2024, 2-1(102)-1636/2024, 2-1(102)-476/2025 və 2- 1(102)-2074/2025 nömrəli qərarlarında Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə istinad edərək, ödənişsiz məzuniyyətdə olan dövrün 6 ay hissəsinin iş stajına daxil edilməli olması qənaətinə gəlmişdir.

41. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin birinci dəlili əsassızdır, iddiaçının xx.xx.2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olduğu 19 günlük dövr onun ümumi stajına daxil edilməlidir.

42. Cavabdehin mübahisələndirdiyi 2-ci dövrə münasibətdə isə kollegiya bildirir ki, əmək kitabçasında göstərilməsə də, hazırkı qərarın 2-ci bəndində qeyd olunan Dövlət Arxivinin Bakı Filialının 28 yanvar 2025-ci il tarixli arxiv arayışından göründüyü kimi iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək olan 02 ay 08 ay 21 günlük dövrdə Bakı 1 nömrəli Tikiş fabrikində işləmiş, eləcə də həmin dövrlər üzrə əmək haqqı aldığı hesabat cədvəllərində göstərilmişdir.

43. Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.

44. Həmin Qaydaların 23-cü bəndinə əsasən əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

46. Arxiv arayışı ilə təsdiqlənən iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı 1 nömrəli Tikiş fabrikində işlədiyi həmin dövrü cavabdeh də mübahisələndirməyərək ümumi iş stajına daxil etmiş, yalnız həmin dövrə daxil olan 2 ayı mübahisələndirərək, bunu 1991-ci ilin may və iyun aylarında hesabat cədvəllərində əmək haqqı göstərilmədiyi ilə əsaslandırmışdır.

47. Kollegiya cavabdehin bu dəlilini əsassız hesab edərək bildirir ki, arxiv arayışında iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı 1 nömrəli Tikiş fabrikində işlədiyi qeyd edilmişdir. Hesabat cədvəllərində 1991-ci ilin may və iyun aylarında əmək haqqı barədə məlumat qeyd edilməməsi iddiaçının təqsiri hesab edilə və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına ala bilməz. Cavabdeh tərəfindən də məhkəməyə arxiv arayışında qeyd olunan məlumatlarının həqiqliyini təkzib edən hər hansı sübutlar təqdim edilməmişdir.

48. Belə olan halda, kollegiya hesab edir ki, qeyd olunan 2 aylıq dövr də iddiaçının ümumi iş stajına daxil edilməlidir.

49. Beləliklə, mübahisələndirilən dövrlər (19 gün ödənişsiz məzuniyyət dövrü və arxiv arayışı ilə təsdiqlənən 2 aylıq dövr) iddiaçının xx.xx.2006-cı il tarixədək cavabdeh tərəfindən mübahisələndirilməyən 14 il 10 aylıq dövrlə birgə nəzərə alındığında 15 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir.

50. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya 47 yaşından – xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2-1(118)-5754/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar