Məhkəmə qərarları › İş №2-1(3-8)-346/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-346/2026

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-346/2026 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı qabiliyyət imtahanın nəticələrinin ləğv edilməsi və yeni qabiliyyət imtahanın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən # ###### 2025-ci il tarixdə keçirilmiş qabiliyyət imtahan zamanı ona aid nəticələrin ləğv edilməsi və idmanın qaçış növü üzrə yeni qabiliyyət imtahanın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı ünvanda yerləşən stadionda mütəmadi olaraq qaçış hərəkətlərini icra etmiş, həmçinin yüngül atletikanın digər növləri ilə də məşğul olmuşur. Oxuduğu məktəbin idman müəllimi nəticələrinin yüksək olduğunu bildirmişdir. Bu səbəbdən də sənədlərini Idman Akademiyasına təqdim etmişdir. # ###### 2025-ci il tarixdə qabiliyyət imtahanı keçirilmişdir. Qabiliyyət imtahanı zamanı 200 metr məsafəyə qaçış hərəkəti icra olunmuş, nəticəsi “0” balla qiymətləndirilmişdir. # ###### 2025-ci il tarixdə saat 11:00-a təyin olunmuş qabiliyyət imtahanı həmin günü 13:00-da, yəni 2 saat sonra günəş altında keçirilmişdir. 200 metrlik qaçış xəttini Imtahan Mərkəzinin bildirdiyinə görə 28 saniyəyə qət etmişdir. Həmçinin qeyd edilmişdir ki, 10 bal 24,60 saniyəyə, 9 bal 25 saniyəyə, 8 bal 25,40 saniyəyə, 7 bal 25,80 saniyəyə, 6 bal 26,30 saniyəyə verilir. Halbuki, o, 200 metrlik məsafəni 26 saniyəyə, torpaq üzərində (yaşadığı Qobustan rayonunun Nabur kəndində) 200 metr məsafəni isə 25,49 saniyəyə qət etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı # ###### 2025-ci il tarixdə iştirak etdiyi məşqçilik ixtisası üzrə qısa məsafəyə qaçış (200 metr) idman növündən qabiliyyət imtahanında həmin məsafəni 29,17 saniyədə qət etdiyi üçün onun nəticəsi öncədən elan edilmiş meyarlar əsasında “0” balla qiymətləndirilmişdir. Iddiaçı imtahan nəticəsindən apellyasiya komissiyasına müraciət etməmiş, yalnız imtahandan 1 gün sonra (# ###### 2025-ci il tarixdə) iddiaçının valideyni ərizə ilə müraciət edərək imtahanın nəticəsi ilə razı olmadığını və imtahan nəticəsinə dair rəsmi məlumatın ona təqdim edilməsini xahiş etmişdir. Həmin müraciət cavabdehin ## ###### 2025-ci il tarixli, *-*/*-H-****-**-***/**** nömrəli məktubu ilə cavablandırılmış və imtahan zamanı aparılmış videoçəkilişə əsasən abituriyentin imtahan nəticəsinin müsabiqə şərtlərinə (normativ tələblərə) uyğun olmadığı üçün qeyri-məqbul qiymətləndirildiyi barədə məlumat verilmişdir. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin ## ###### 2025-ci il tarixdən etibarən, boş qalan plan yerləri üzrə ixtisas seçiminin isə # ######## 2025-ci il tarixdən başa çatdığını və müsabiqənin nəticələrinin elan olunduğunu nəzərə alaraq iddiaçının ərizəsində qeyd etdiyi iddiası öz əhəmiyyətini itirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlər, həmçinin tərəflərin verdiyi izahatları əsasında mübahisələndirilən imtahan nəticələrinin yenidən qiymətləndirilməsi ilə əlaqədar iddiaçının şəxsən Apelyasiya Komissiyasına müraciət etmədiyi, barəsində məhkəmə icraatı qaydasında mübahisələndirilə bilən hər hansı qərarın qəbul edilmədiyi, imtahanın keçirildiyi növbəti günün iddiaçının qanuni nümayəndəsinin müraciəti əsasında cavabdeh orqan tərəfindən qabiliyyət imtahanın videoçəkilişinə yenidən baxılaraq, hər hansı qeyri-obyektiv qiymətləndirmə halının aşkar olunmadığı müəyyən edilmişdir. Bundan əlavə, iddianın digər hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, istinad edilən Qaydaların tələblərindən müəyyən olunduğu kimi, qabiliyyət imtahanlarının keçirilməsi şərtləri cavabdeh orqan tərəfindən ali təhsil müəssisələrinin təklifləri və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılması əsasında müəyyən edilir. Cavabdeh tərəfindən müəyyən edilmiş qabiliyyət imtahanın şərtlərinin biri qabiliyyət imtahanının təkrar keçirilməsi barədə müraciətlərə baxılmamasından ibarətdir. Bununla da iddiaçının yenidən qabiliyyət imtahanın keçirilməsi tələbinin təmin edilməsi mümkün deyildir. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci ildə keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə razılaşmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Bildirir ki, ##.##.2025-ci ildə saat 11:00-a təyin olunmuş qabiliyyət imtahanı həmin günü 13:00-da qızmar günəş altında keçirilmişdir. 200 metrlik qaçış xəttini Imtahan Mərkəzinin bildirdiyinə görə 28 saniyəyə qət etmişəm. Imtahan Mərkəzinin bildirdiyinə görə, ən yüksək bal 10-dur. 10 bal 24.60 saniyəyə, 9 bal 25 saniyəyə, 8 bal 25.40 saniyəyə, 7 bal 25.80 saniyəyə, 6 bal 26.30 saniyəyə qət edilmişdir. Halbuki, iddiaçı 200 metr məsafəni 26 saniyəyə qət etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən, cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının tələbini cavabdeh tərəfindən # ###### 2025-ci il tarixdə keçirilmiş qabiliyyət imtahan zamanı iddiaçının nəticələrinin ləğv edilməsi və idmanın qaçış növü üzrə yeni qabiliyyət imtahanın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı Qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndinə əsasən, ali təhsil müəssisələrinə qəbul vətəndaşların təhsil hüququnun təmin olunması prinsipi əsasında həyata keçirilir və bu proses müsabiqə yolu ilə, abituriyentlərin mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında əldə etdikləri nəticələrə uyğun olaraq təşkil olunur. Qəbulun təşkili və nəticələrinin müəyyən edilməsi səlahiyyəti Azərbaycan Respublikasının X2nə həvalə edilmişdir. Həmin Qaydaların 2.4-cü bəndindən göründüyü kimi, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul iki mərhələdən ibarətdir və abituriyentlər ilkin olaraq ümumi qəbul (və ya müvafiq hallarda buraxılış) imtahanında iştirak etməli, daha sonra isə müəyyən olunmuş şərtlərə cavab verdikləri halda qabiliyyət imtahanına buraxılmalıdırlar. Qabiliyyət imtahanlarının keçirilmə mexanizmi, qiymətləndirmə meyarları və təşkilati şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında X2 tərəfindən müəyyən edilərək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır. Bu baxımdan, həmin prosedurun normativ qaydada tənzimləndiyi və müvafiq icra orqanının səlahiyyətləri daxilində həyata keçirildiyi açıq şəkildə müəyyən olunur. Bundan əlavə Qaydaların 6.2 və 6.3-cü bəndlərinə əsasən, qəbul prosesi və onun nəticələri ilə bağlı mübahisələrin ilkin inzibati qaydada həlli üçün Apellyasiya Komissiyası təsis edilmişdir və abituriyentin həmin Komissiyaya şəxsən müraciət etməsi məcburi şərt kimi müəyyən olunmuşdur. Yalnız bu mərhələdən sonra qəbul edilmiş qərarlar inzibati və ya məhkəmə qaydasında mübahisələndirilə bilər. Iş materiallarından müəyyən edilir ki, iddiaçı mübahisələndirdiyi qabiliyyət imtahanı nəticələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bu məcburi proseduru gözləməmiş, yəni Apellyasiya Komissiyasına şəxsən müraciət etməmişdir. Bu isə onun tərəfindən inzibati müdafiə vasitəsindən istifadə edilmədiyini göstərir. Eyni zamanda, iddiaçı barəsində həmin Komissiya tərəfindən qəbul edilmiş və məhkəmə nəzarətinə təqdim oluna biləcək hüquqi nəticə doğuran qərarın mövcudluğu da sübuta yetirilməmişdir. Qeyd edilməlidir ki, “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarının 6.1-ci bəndində əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının tələbi mahiyyət etibarı ilə inzibati orqanın səlahiyyətlərinə aid olan imtahan nəticələrinin yenidən qiymətləndirilməsinə və imthana keçmirilməsinə yönəlmişdir. Məhkəmə isə inzibati orqanın əvəzinə keçərək belə səlahiyyətləri yerinə yetirə bilməz. Iddiaçı tərəfindən hər hansı prosedur pozuntusu və ya hüquqlarının pozulması əsaslanırılmadığından iddianın mümkün sayılmaması nəticəsi düzgündür. Kollegiya birinci instasniya məhkəməsinin qənaəti ilə razlaşaraq qeyd edir ki, müvafiq tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ## ###### 2025-ci il tarixdən etibarən, boş qalan plan yerləri üzrə ixtisas seçimi isə # ######## 2025-ci il tarixdən başa çatdığı və müsabiqənin nəticələri elan olunduğu halda hazırki iddia tələbinin qaldırılmasında hüquqi maraq mövcud deyildir. Iddiaçı növbəti tədris ili üçün qabilliyyət imthanında iştirak etmək hüququndan istifadə etmək imkanına malikdir. Iddiaçının hazırki tələbi üzrə çatacağı məqsəd, konkret hüquqi marağı mövcud deyildir. Halbuki, hər hansı bir iddianın mümkünlüyü üçün ən mühüm nüans istənilən deyil məhz hüquqi marağın, yəni hüquqi müdafiəyə ehtiyacının olub-olmamasıdır. Hüquqi maraq konkret olaraq iddiaçının ədalət mühakiməsi yolu ilə çatmaq istədiyi, əldə etmək istədiyi hüquqla qorunan məqsəd kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə araşdırılması hüquqi baxımdan mümkün olmadığından, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar