Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-349/2026 18.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1995-ci ildə anadan olmuşdur. X3 Kəlbəcər rayonundan məcburi köçkündür, atası isə Bərdə rayonuna qeydiyyatdadır. Valideynləri ##.##.2010-cu ildə boşanmış, o və qardaşı anasının öhdəsinə verilmişdir və Bərdə rayon məhkəməsinin ##.##.2010-cu il tarixli qətnaməsi ilə onun və qardaşının anasının öhdəsində olma faktı məhkəmə qaydasında müəyyən olunmuşdur. Bu illər ərzində o, anasının öhdəsində yaşamış və məcburi köçkün ailəsi kimi qeydiyyata alınmaqla hazırda yaşadıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış massivi, ev 6-da yerləşən ** saylı mənzillə təmin olunmuşdurlar. Onun anasının üstündə məcburi köçkünün ailə üzvü kimi keçməyinə baxmayaraq ona məcburi köçkün vəsiqəsi verilməmişdir və bu səbəbdən də o, məcburi köçkün kimi dövlət tərəfindən verilmiş imtiyazlardan (təhsil haqqı güzəştlərindən) istifadə edə bilmir. Belə ki, o, bu il magistraturaya qəbul olunmuşdur, lakin məcburi köçkün vəsiqəsi olmadığı üçün ondan ödəniş tələb olunur ki, həmin ödənişi etmək onun maddi imkanı xaricindədir, halbuki o, məcburi köçkün ailəsinin üzvü olmaqla bu ödənişlərdən azad edilməlidir. Cavabdeh orqana məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmiş, lakin ona verilmiş ##.##.2025-ci il tarixli cavab məktubunda ona bildirilmişdir ki, atası məcburi köçkün olmadığı üçün ona vəsiqənin verilməsi imkan xaricindədir. Cavabdeh təşkilatın imtinası ilə razılaşmayaraq məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, bu zamana kimi anası məcburi köçkün olan vətəndaşlar məhkəmə qaydasında məcburi köçkün vəsiqəsi əldə edə bilirdilər. O, bu təcrübəyə əsaslanıb məhkəməyə müraciət etmişdir. Lakin haqsız olaraq iddiası təmin olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsi yekun nəticəyə gələrkən onun məcburi köçkün statusu daşıdığı faktını nəzərə almamışdır. O, hazırda magistratura pilləsində təhsil alır. İllik ödənişin miqdarı xeyli yüksəkdir. (illik 3.200 manat) Qanuna görə, ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün statusuna malik olan vətəndaşların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Lakin təhsil müəssisəsi bunun üçün ondan məcburi köçkün statusumu təsdiq edən vəsiqə tələb edir. O, məcburi köçkün statusuna malik olan bir vətəndaş olaraq vəsiqəsi olmadığı üçün təhsil sahəsində verilən güzəşt və imtiyazlardan yararlana bilmir. Təhsil haqqının miqdarı çox yüksəkdir. Bu məbləği ödəmək onun üçün çox çətindir. Ona görə də, təhsil haqqından azad olmaq üçün məcburi köçkün vəsiqəsinə ehtiyacı var. Aşağıda da qeyd etdiyi kimi vəkili və nümayəndəsi məhkəmə iclasında onun məcburi köçkün statusuna malik olduğunu bildirmiş və bunu təsdiq edən rəsmi sənədi (“mygov” tətbiqindən əldə edilmiş) məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə 16 yaşından bəri məcburi köçkün statusuna malik olmağına baxmayaraq, niyə ona bu statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin verilməsindən imtina olunması məsələsinə aydınlıq gətirmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə heç bir müraciət ünvanlamamışdır. Məhkəmənin bu önəmli xüsusata aydınlıq gətirmədən, bu məsələni dövlət orqanına sorğu göndərərək araşdırmadan iddianın təmin edilməməli olduğu barədə nəticəyə gəlməsi qanunamüvafiq deyildir. O, iddiaçı tərəf olaraq, Sumqayıt İnzibati Məhkəməsinə məcburi köçkün statusuna malik olduğunu təsdiq edən “mygov” tətbiqindən çıxarılmış rəsmi sənədi təqdim etmişdir. Həmin sənəddə də göstərilir ki, onun məcburi köçkün statusu mövcuddur. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1-ci bəndi “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslərin dairəsini müəyyən edir. Həmin normanın məzmunundan belə aydın olur ki, məcburi köçkün statusunun verilməsi onu təsdiq edən vəsiqənin verilməsini şərtləndirir. Belə olduğu halda məcburi köçkün statusunun mövcudluğu ona “məcburi köçkün” vəsiqəsinin verilməsini də mütləq edir. Çünki şəxsin məcburi köçkün statusu məhz vəsiqə ilə təsdiq olunur. Məcburi köçkün statusu ləğv olunmadığı müddətcə ona “məcburi köçkün” vəsiqəsinin verilməsindən imtina oluna bilməz. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 1.1-ci bənd. “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 4.1-ci bənd. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: (-). 4.1.6-cı bənd. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (-). Maddə 14. Sübut etmə vəzifəsi (-). 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 2-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Həmin qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün vəsiqəsi verilir. Həmin normanın tələblərindən görünür ki, iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməsi üçün 3 şərt ödənilməlidir: 1) Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olmalı; 2) Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmalı; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almalıdır. Məhkəmə kollegiyası birinci şərtə münasibətdə (valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan) hesab edir ki, hazırkı tələb üzrə məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, valideynlərindən yalnız atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun veriləcəyinə dair Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulmuş müddəa Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnun pozuntusunu yaratmaqla, şəxslərə münasibətdə cinsi əlamətə görə qeyribərabər rəftara gətirib çıxarır. Bununla bağlı, Ali Məhkəmənin İnzibati Kollegiyasının kifayət qədər müddət ərzində tətbiq edilən sabit təcrübəsi mövcuddur. İddiaçı da məhz öz dəlillərində həmin təcrübəyə və məhkəmə praktikasına istinad edərək iddianın təmin edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, ****** nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 ilə X5 arasında bağlanmış nikah ## ###### 2010-cu il tarixdə pozulmuşdur. Eləcə də Bərdə Rayon Məhkəməsinin ## ###### 2010-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, ## #### 1994cü il təvəllüdlü X2 və ## ####### 1995-ci il təvəllüdlü İddiaçı ərizəçi X6 öhdəsində olması faktı təsdiq edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən mövcud məhkəmə praktikası ilə razılaşaraq qeyd edir ki, iddiaçının anasının məcburi köçkün statusuna malik olması Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 1-ci şərtin ödənilməsini təmin edir. Üçüncü şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası adından AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə üçüncü şərt ödənilir. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçının atası Bərdə rayonunda qeydiyyatdadır. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının atası hazırda daimi yaşayış yeri üzrə vaxtı ilə işğal altında olmuş (hazırda isə işğaldan azad olunmuş) rayon (şəhər) da qeydiyyatda olmadığı səbəbindən cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə ziddir və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəməyə məcburi köçkün statusuna malik olduğunu təsdiq edən “mygov” tətbiqindən çıxarılmış rəsmi sənədi təqdim etmişdir. Həmin sənəddə də göstərilir ki, onun məcburi köçkün statusu mövcuddur. Belə olduğu halda məcburi köçkün statusunun mövcudluğu ona “məcburi köçkün” vəsiqəsinin verilməsini də mütləq edir. Çünki şəxsin məcburi köçkün statusu məhz vəsiqə ilə təsdiq olunur. Məcburi köçkün statusu ləğv olunmadığı müddətcə ona “məcburi köçkün” vəsiqəsinin verilməsindən imtina oluna bilməz. İddiaçı tərəfindən təqdim edilmiş “myGov” elektron hökumət portalından çıxarışdan görünür ki, İddiaçı məcburi köçkün statusuna malikdir. Apellyasiya instansiyasında icraat zamanı İddiaçı məcburi köçkün statusuna malik olmadığı, habelə tərəflərindən ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edildiyi halda “myGov” elektron hökumət portalında onun barəsində məcburi köçkün statusunun mövcudluğu barədə məlumatın əks etdirilməsinin əsasları barədə məlumat verilməsi məqsədilə cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ## ##### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubundan görünür ki, “myGov” elektron hökumət portalında şəxsin statusunun olması barədə qeyd texniki səhv olduğundan İddiaçı məcburi köçkün statusunun olmadığı barədə düzəliş aparılmışdır. Kollegiya qeyd edir ki, yuxarıda da istinad olunduğu kimi “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Göründüyü kimi Komitə tərəfindən ünvanlanmış məktubla da iddiaçının məcburi köçkün statusuna malik olmadığı, elektron hökumət portalında şəxsin statusunun olması barədə qeydin texniki səhv olduğu aydın olmuşdur. Belə olduğu halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı məcburi köçkün statusunun vaxtilə mövcud olduğunu hesab etdiyi təqdirdə həmin statusun bərpa edilməsi ilə əlaqədar inzibati orqana müraciət edə bilər. Beləliklə kollegiya qeyd edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur və hazırda formalaşmış məhkəmə praktikasına uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-349/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-349/2026
18.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver