Məhkəmə qərarları › İş №2-1(3-8)-37/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-37/2026

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-37/2026 09.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Yadulla qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(118)-1061/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı əmək kitabçasından çıxarışın surətindən görünür ki, 15 avqust 1978-ci il tarixli əmr ilə həmin tarixdə Bartaz kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmiş, 1 sentyabr 1984-cü il tarixli əmr ilə həmin tarixdə Bartaz kənd orta məktəbində irəli çəkilərək direktorun tərbiyə işlər üzrə müavini təyin edilmiş, 1 sentyabr 1993- cü il tarixli əmr ilə öz xahişinə görə həmin tarixdə tərbiyə işlər üzrə direktorun müavini vəzifəsindən azad edilmiş və məktəbdə riyaziyyat müəllimi saxlanılmış, 1 fevral 1994-cü il tarixli əmr ilə həmin tarixdə Zəngilan 15 saylı orta məktəbində direktor təyin edilmişdir. Zəngilan Rayon X3 üzrə 31 avqust 1984-cü il tarixli, 269 nömrəli əmrindən görünür ki, Bartaz orta məktəbinin ali təhsilli riyaziyyat müəllimi, 7 illik pedaqoji iş stajına malik olan İddiaçı irəli çəkilərək həmin məktəbdə 0,5 stavka ilə direktorun tərbiyə işlər üzrə müavini vəzifəsinə təyin edilmişdir. 1993-1994-cü illər dövrü üçün “Müəllimlərin şəxsi hesab kitabı”ndan görünür ki, Zəngilan rayonu İ.Sayılov adına Bartaz kənd orta məktəbinin sentyabr 1993-cü il tarixli dövr üzrə tarifləşmə siyahısında İddiaçı adı qeyd edilmişdir. Zəngilan Rayon Təhsil Şöbəsinin 1 fevral 1994-cü il tarixli, 16 nömrəli əmrindən görünür ki, Zəngilan rayon əhalisinin bir hissəsinin Sumqayıt şəhərində Politexnik texnikumunun yataqxanasında məskunlaşmasını nəzərə alaraq, həmin ərazidə 15 nömrəli Zəngilan məktəbi təsis edilmiş və 16 il pedaqoji stajı olan İddiaçı direktor vəzifəsində olaraq göstərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Zəngilan Rayon Təhsil Şöbəsinin 29 aprel 2022-ci il tarixli, 49(01)-01-84/13 nömrəli arayışından görünür ki, İddiaçı 1 sentyabr 1978ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək (Zəngilan rayonu işğal edilənədək) Zəngilan rayon Bartaz kənd orta məktəbində riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. İddiaçı ümumi pedaqoji stajı 43 il 9 ay təşkil edir. Əsas “Zəngilan RTŞ-nin 1993-cü il üzrə tarifləşmə cədvəli” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 15 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-H-212535/2023 saylı İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubundan görünür ki, 1 yanvar 2006-cı il tarixədək 25 il sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27.728,64 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq 10 yanvar 2022-ci il tarixdən 333,74 manat müəyyən edilmişdir. Təqdim edilən sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən 1 sentyabr 1974cü il tarixdən 5 iyul 1978-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək faktiki sığorta stajı 15 il 9 ay 4 gün olduğu halda, Qanunun 22- 1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, Zəngilan rayon təhsil şöbəsinin 29 aprel 2022-ci il tarixli 49(01)-01-84/13 nömrəli arayışında 1 sentyabr 1978-ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək olan dövr şahidçilik əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək 1 yanvar 2023-cü il tarixdən 382,78 manata çatdırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən bildirilmişdir ki, yaşa görə əmək pensiyası təyin olunduğu tarixdən sonra (10 yanvar 2022-ci il tarixdən) 6 il işləmədiyi və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi üçün (pensiya kapitalı davamlı olaraq 1 iyul 2023-cü il tarixədək fərdi hesabında əks olunmuşdur) əmək pensiyasının 1 yanvar 2022-ci il tarixdən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. xx xxxxxx 1957-ci il təvəllüdlü İddiaçı məxsus 6 aprel 2010-cu il tarixli, ******* nömrəli “Əmək kitabçası”nın surətindən görünür ki, 1 sentyabr 1978-ci il tarixdən rayon işğal olunan günədək (29 oktyabr 1993-cü il) Bartaz kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işləmişdir. Qeyd edilmişdir ki, əmək kitabçası həmin məktəbin iki nəfər işçisinin şahidçiliyi əsasında yazılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının düzgün təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2-1(112)-3226/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının düzgün təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 1 sentyabr 1978-ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək işlədiyi dövrün iş stajına daxil edilməklə, 10 yanvar 2022-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 21 oktyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əsaslandırılmışdır ki, iddiaçı 1974-cü il tarixdə Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1978-ci il tarixdə həmin institutu bitirmiş, 1978-ci il tarixdən İsmayıl Sayılov adına Bartaz Kənd orta məktəbinə riyaziyyat ixtisası üzrə müəllim təyin edilmiş, 1984-cü ilin sentyabr ayına qədər həmin vəzifədə işləmişdir. 1984-cü ilin sentyabr ayında İsmayıl Sayılov adına Bartaz kənd orta məktəbinə direktor müavini (təşkilatçı müavin), həm də riyaziyyat ixtisası üzrə müəllim təyin edilmiş, 1993-cü ilin sentyabr ayında öz xahişi ilə direktor müavini vəzifəsindən azad olunmuş, lakin riyaziyyat ixtisası üzrə müəllim kimi həmin ilin sentyabr, oktyabr aylarında riyaziyyat müəllimi işləmişdir. 28 oktyabr 1993-cü il tarixdə Zəngilan rayonu işğal olunduğundan həmin ilin noyabr, dekabr ayları və 1994-cü il yanvar ayları üzrə dondurulmuş əməkhaqqı almışdır. 1 fevral 1994-cü il tarixdə Sumqayıt şəhərində yerləşən Zəngilan 15 nömrəli orta məktəbinə direktor vəzifəsinə təyin edilmiş, 11 yanvar 2022-ci il tarixdə (son yaş həddinə qədər) direktor vəzifəsindən azad olunmuşdur. 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2023-cü il tarixədək müddətli müqavilə əsasında direktor vəzifəsinə təyin edilmiş, 11 yanvar 2023-cü il tarixdə müqaviləsinə xitam verilmiş, 14 iyun 2023-cü il tarixə qədər müəllim kimi fəaliyyəti davam etdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək iddiaçının pensiyasının düzgün təyin olunması barədə müraciət etmişdir. Cavabdeh heç bir məntiqi əsas göstərmədən pensiyasının düzgün hesablanmasından imtina etmişdir. İddiaçı əmək pensiyasının düzgün hesablamadığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək pensiyasının düzgün hesablanması üzün müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı Dost Mərkəzindən daxil olmuş ərizəsinə və daxil edilmiş sənədlərə Mərkəzi filialda aidiyyəti üzrə baxılmış, yenə də əmək pensiyasının düzgün hesablanması təmin edilməmiş, əmək stajı tam nəzərə alınmamışdır. Bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixədək 32 il sığorta stajı, 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2022-ci il tarixədək 16 il sığorta stajı, cəmi 48 il, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27.728,64 manat pensiya kapitalı əsasında əmək pensiyası müəyyən edilməlidir. Lakin cavabdehin məktubunda qeyd edilmişdir ki, 1 sentyabr 1974-cü il tarixdən 5 iyul 1978-ci il tarixədək əyani təhsil aldığı nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək faktiki sığorta stajı qanunsuz olaraq 15 il 9 ay 4 gün hesablanmışdır. 14. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.0, 22.1, 22.2, 22-1.1, 22-1.3, 29.1, 37.3.1, prosessual hüquqi əsası kimi isə İPM-in 2.0, 2.1, 2.2.2, 8.1.2, 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixədək 25 il sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 27.728,64 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq 10 yanvar 2022-ci il tarixdən 333,74 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən 1 sentyabr 1974-cü il tarixdən 5 iyul 1978-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək faktiki sığorta stajı 15 il 9 ay 4 gün olduğu halda iddiaçının 25 il sığorta stajı nəzərə alınmışdır. Zəngilan rayon Təhsil Şöbəsinin 29 aprel 2022-ci il tarixli, 49(01)-01-84/13 nömrəli arayışında 1 sentyabr 1978-ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək olan dövr şahidçilik əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1, 22-1.2, 29.1, 37.3.1, prosessual hüquqi əsası kimi isə İPM-in 47.2-ci maddələrinə istinad olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(118)- 1061/2025 nömrəli qərarı iddia təmin edilmiş, İddiaçı 1 sentyabr 1978-ci il tarixdən 29 oktyabr 1993cü il tarixədək işlədiyi dövr iş stajına daxil edilməklə, 10 yanvar 2022-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 10 yanvar 2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, cavabdehin 5 sentyabr 2023-cü il tarixli qərarına əsasən əmək pensiyası yenidən hesablanmış, mübahisələndirilən dövrə aid 29 aprel 2022-ci il tarixli arayışın əsassız olması səbəbindən, əmək stajının şahidçilik əsasında qeyd edildiyi üçün həmin dövr cavabdeh tərəfindən nəzərə alınmamışdır. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı 1 sentyabr 1978-ci il tarixdən Zəngilan rayonu işğal olunan günədək, yəni 29 oktyabr 1993-cü il tarixədək Bartaz kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işləmişdir. Lakin qeyd edilən məlumat həmin məktəbin iki nəfər işçisinin şahidçiliyi əsasında yazılmışdır. Məhkəmə iddiaçının 1 sentyabr 1978-ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək əmək fəaliyyəti dövrünün mövcud olub-olmamasının araşdırması zamanı əmək fəaliyyətini təsdiq edən sənədlərin mövcudluğunu müəyyən etmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından çıxarışın surətindən (§1) iddiaçının 15 avqust 1978-ci il tarixli əmr ilə Bartaz kənd orta məktəbinə riyaziyyat müəllimi, 1 sentyabr 1984-cü il tarixli əmr ilə həmin məktəbdə direktorun tərbiyə işlər üzrə müavini təyin edildiyi, 1 sentyabr 1993-cü il tarixli əmr ilə direktorun müavini vəzifəsindən azad edildiyi, lakin məktəbdə riyaziyyat müəllimi saxlanıldığı, 1 fevral 1994-cü il tarixli əmr ilə isə Zəngilan 15 saylı orta məktəbində direktor təyin edildiyi müəyyən edilmişdir. 49. Həmçinin, Zəngilan Rayon X3 üzrə 31 avqust 1984-cü il tarixli, 269 nömrəli əmri ilə 7 illik pedaqoji iş stajına malik olan iddiaçının Bartaz kənd orta məktəbində direktorun tərbiyə işlər üzrə müavini vəzifəsinə təyin edildiyi öz təsdiqini tapmışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Zəngilan Rayon Təhsil Şöbəsinin 1 fevral 1994-cü il tarixli, 16 nömrəli əmri ilə 16 il pedaqoji stajı olan iddiaçının Sumqayıt şəhəri Politexnik texnikumunda təsis edilmiş 15 nömrəli Zəngilan məktəbində direktor vəzifəsinə təyin olunduğu da görünür. Göründüyü kimi, müvafiq əmrlər ilə iddiaçının 1984-cü ilədək 7 il, 1994-cü ilədək isə 16 il əmək stajının mövcud olduğu aşkar olunur. Eyni zamanda, cavabdeh tərəfindən istinad etdiyi Təhsil Nazirliyinin Zəngilan Rayon Təhsil Şöbəsinin 29 aprel 2022-ci il tarixli, 49(01)-01-84/13 nömrəli arayışının verilməsi üçün əsas olmuş Zəngilan Rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə Zəngilan rayonu İ.Sayılov adına Bartaz kənd orta məktəbinə dair tarifləşmə cədvəli məhkəməyə təqdim edilmiş, həmin cədvəldə iddiaçının adının mövcud olduğu da müəyyən edilmişdir. Bundan başqa, məhkəmə iclasında iştirakları təmin edilmiş şahidlər Şahid1 və Şahid2 öz ifadələri ilə iddiaçının mübahisələndirilən dövrdə Zəngilan rayon Bartaz kənd məktəbində əmək fəaliyyətini təsdiq etmişdirlər. Qeyd edilməlidir ki, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş şahidlərin pensiya işlərində onların qeyd edilən məktəbdə işlədikləri də sübuta yetirilmişdir Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən dəlillərlə əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, birinci instansiyası qismində baxmış Sumqayıt İnzibati Məhkəməsi iddiaçının iddia tələbi üzrə işi prosessual maddələrin tələblərinə uyğun olaraq araşdırmamış, proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənmiş, iddia tələbini təmin edərkən sadəcə olaraq cavabdehin dəlillərinin əsassızlığına fokuslanmışdır. İşin araşdırılmış hallarından müəyyən olur ki, məhkəmə iddiaçının iddia tələbinin təmin olunması zamanı yeganə hüquqi əsas kimi onun əmək kitabçasını, daha dəqiq desək orada olan xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr üzrə qeydləri mötəbər hesab edərək həmin dövlrəri onun iş stajına daxil etmişdir. Məhkəmə kollegiyasının iddianı təmin edərkən mübahisəli dövrlərin iddiaçının əmək kitabçasında qeyd olunmasına söykənən mövqeyi formalaşmış təcrübəyə ziddir. Belə ki, formalaşmış təcrübəyə əsasən 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir (Azərbaycan Respulikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il 2-1(102)-269/2024 nömrəli qərarı). Qeyd edirik ki, hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmənin öz təşəbbüsü ilə əldə edilmiş məlumatlar iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə onun işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Hesab edirik ki, məhkəmə mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. İşin hallarından görünür ki, məhkəmə mübahisəli əmək stajını təsdiq edən dəlilləri öz qərarında göstərməmiş, sadəcə olaraq cavabdehin dəlillərinin təkzib olunmasına yönələn formal mülahizələrinə əsaslanmışdır. Əksinə, məhkəmə icraatı zamanı təqdim edilmiş və məhkəmənin şifahi məhkəmə baxışı iclaslarında səsləndirilmiş müvafiq sorğulara gəlmiş cavablardan görünür ki, mübahisəli dövrlərə aid müəssisələrin sənədləri arxiv idarələrinə təhvil verilməmiş və onlar barədə heç bir məlumat əldə edilməmişdir. Sözügedən mübahisəli hallar iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı onun əmək kitabçasının yeganə hüquqi əsas kimi götürülməsini istisna edir. Hesab edirik ki, həmin kitabçanın mötəbərliyini şübhə altına alan kifayət qədər faktlar və sübutlar vardır. Bu halların isə araşdırılması, iş üzrə qanuni və əsaslı qərarın çıxarılması məhkəmənin vəzifəsindən irəli gəlir. Bundan başqa qeyd olunanlardan görünür ki, Sumqayıt İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdu Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclaslarında cavabdehin nümayəndəsi Nümayəndə Yadulla qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə» Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 1 sentyabr 1978-ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək işlədiyi dövrün iş stajına daxil edilməklə, 10 yanvar 2022-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəli halı iddiaçının 1 sentyabr 1978-ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək əmək fəaliyyəti dövrünün mövcud olub-olmamasından ibarətdir. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsi araşdırması zamanı əldə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçıya 10 yanvar 2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, cavabdehin 5 sentyabr 2023-cü il tarixli qərarına əsasən əmək pensiyası yenidən hesablanmış, mübahisələndirilən dövrə aid 29 aprel 2022-ci il tarixli arayışın əsassız olması səbəbindən, əmək stajının şahidçilik əsasında qeyd edildiyi üçün həmin dövr cavabdeh tərəfindən nəzərə alınmamışdır. İddiaçı iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, o, 1978-ci il tarixdən İsmayıl Sayılov adına Bartaz Kənd orta məktəbinə riyaziyyat ixtisası üzrə müəllim təyin edilmiş, 1984-cü ilin sentyabr ayına qədər həmin vəzifədə işləmiş, 1984-cü ilin sentyabr ayında həmin məktəbdə direktor müavini, həmdə riyaziyyat ixtisası üzrə müəllim təyin edilmiş, 1993-cü ilin sentyabr ayında öz xahişi ilə direktor müavini vəzifəsindən azad olunmuş, riyaziyyat ixtisası üzrə müəllim kimi həmin ilin sentyabr, oktyabr aylarında riyaziyyat müəllimi işləmişdir. 29 oktyabr 1993-cü il tarixdə Zəngilan rayonu işğal olunduğundan həmin ilin noyabr, dekabr ayları və 1994-cü il yanvar ayları üzrə dondurulmuş əməkhaqqı almış, 1 fevral 1994-cü il tarixdə Sumqayıt şəhərində yerləşən Zəngilan 15 nömrəli orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. Beləliklə də, 1 yanvar 2006-cı il tarixədək 32 il sığorta stajı, 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2022-ci il tarixədək 16 il sığorta stajı, cəmi 48 il, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27.728,64 manat pensiya kapitalının mövcud olduğuna baxmayaraq, cavabdeh tərəfindən 1 yanvar 2006-cı il tarixədək faktiki sığorta stajı qanunsuz olaraq 15 il 9 ay 4 gün hesablanmışdır. Cavabdehin imtinasının əsasını iddiaçının iş stajına dair Zəngilan rayon Təhsil Şöbəsinin 29 aprel 2022-ci il tarixli, 49(01)-01-84/13 nömrəli arayışında 1 sentyabr 1978-ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək olan dövrün şahidçilik əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmaması təşkil edir. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı 1 sentyabr 1978-ci il tarixdən Zəngilan rayonu işğal olunan günədək, yəni 29 oktyabr 1993-cü il tarixədək Bartaz kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işləmişdir. Qeyd edilən məlumat həmin məktəbin iki nəfər işçisinin şahidçiliyi əsasında yazılmışdır. Hazırki işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının 1 sentyabr 1978-ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək əmək fəaliyyəti dövrünün mövcud olubolmamasının araşdırması zamanı əmək fəaliyyətini təsdiq edən sənədlərin mövcudluğu müəyyən edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından çıxarışın surətindən iddiaçının 15 avqust 1978-ci il tarixli əmr ilə Bartaz kənd orta məktəbinə riyaziyyat müəllimi, 1 sentyabr 1984-cü il tarixli əmr ilə həmin məktəbdə direktorun tərbiyə işlər üzrə müavini təyin edildiyi, 1 sentyabr 1993-cü il tarixli əmr ilə direktorun müavini vəzifəsindən azad edildiyi, lakin məktəbdə riyaziyyat müəllimi saxlanıldığı, 1 fevral 1994-cü il tarixli əmr ilə isə Zəngilan 15 saylı orta məktəbində direktor təyin edildiyi müəyyən edilmişdir. Həmçinin Zəngilan Rayon X3 üzrə 31 avqust 1984-cü il tarixli, 269 nömrəli əmri ilə 7 illik pedaqoji iş stajına malik olan iddiaçının Bartaz kənd orta məktəbində direktorun tərbiyə işlər üzrə müavini vəzifəsinə təyin edildiyi öz təsdiqini tapmışdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş Zəngilan Rayon Təhsil Şöbəsinin 1 fevral 1994-cü il tarixli, 16 nömrəli əmri ilə 16 il pedaqoji stajı olan iddiaçının Sumqayıt şəhəri Politexnik texnikumunda təsis edilmiş 15 nömrəli Zəngilan məktəbində direktor vəzifəsinə təyin olunduğu da görünür. Yuxarıda qeyd edilənlərə əsasən müvafiq əmrlərlə iddiaçının 1984-cü ilədək 7 il, 1994-cü ilədək isə 16 il əmək stajının mövcud olduğu aşkar olunur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən istinad edilmiş Təhsil Nazirliyinin Zəngilan Rayon Təhsil Şöbəsinin 29 aprel 2022-ci il tarixli, 49(01)-01- 84/13 nömrəli arayışının verilməsi üçün əsas olmuş Zəngilan Rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə Zəngilan rayonu İ.Sayılov adına Bartaz kənd orta məktəbinə dair tarifləşmə cədvəli birinci instansiya məhkəməsinə təqdim edilmiş, həmin cədvəldə iddiaçının adının mövcud olduğu da müəyyən edilmişdir. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 və Şahid2 öz ifadələri ilə iddiaçının mübahisələndirilən dövrdə Zəngilan rayon Bartaz kənd məktəbində əmək fəaliyyətini təsdiq etmişlər. Həmçinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş şahidlərin pensiya işlərində onların qeyd edilən məktəbdə işlədikləri də sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Hazırkı iş üzrə iddiaçının 1 sentyabr 1978-ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, qeyd olunan maddənin tələbləri baxımından əmək kitabçası, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin kitabçada nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(118)-1061/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar