Məhkəmə qərarları › İş №2-1(3-8)-370/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-370/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-370/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:

1. Iddiaçıya Novxanı bələdiyyəsi tərəfindən hərrac vasitəsilə ##.##.2010-cu il tarixdə Abşeron rayonu, Novxanı kəndində yerləşən ayrı-ayrılıqda 0,10 ha, 0,10 ha və 0,10 ha olmaqla, 0,30 ha torpaq sahəsi ayrılmış, həmin sahələr üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2011-ci il, ##.##.2011-ci il və ##.##.2011-ci il tarixlərində qeydiyyata alınaraq torpaq sahələrinə dair müvafiq olaraq, 308013028847, 308013028848 və ************* reyestr nömrəli çıxarışlar verilmişdir.

2. Həmin torpaq sahəsində iddiaçı tərəfindən Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2016-cı il tarixli, 1440 icazə məktubu əsasında yaşayış evi inşa edilmişdir.

3. Daha sonra isə qeyd olunan 3 ədəd 0,10 ha torpaq sahəsi vahid əmlak kimi 0,30 ha olmaqla, iddiaçının xüsusi mülkiyyət hüququ üzrə reyestrdə ##.##.2023-cü il tarixdə qeydiyyata alınaraq adına ************ reyestr nömrəli çıxarış verilmişdir.

4. Iddiaçı ərizə ilə Cavabdeh * saylı Abşeron Xaçmaz Ərazi Idarəsinə müraciət edərək, həmin yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Inzibati orqan ##.##.2025-ci il tarixli, ******/*-****/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, müraciət üzrə əlavə edilmiş eskiz layihə düzgün tərtib edilməmiş, sözügedən tikilinin eskiz layihədə göstərilən ölçüləri və konfiqurasiyası arasında fərq olduğu müəyyən edilmişdir. Bundan başqa, fərdi yaşayış evinin faktiki vəziyyətdə əmlak kompleksi kimi müəssisə olduğu, köməkçi tikilinin 52,9 kv.m hissəsinin iddiaçıya məxsus torpaq sahəsindən kənarda yerləşdiyi, tikilinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kV) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir.

6. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, Abşeron rayonu, Novxanı kəndində yerləşən 113,2 kv.m. sahədə yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Ərizə Sumqayıt Inzibati Məhkəməsi tərəfindən icraata qəbul edilmiş, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Nümayəndə publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

8. Iddiaçı tələbini hazırkı qərarın 1-5-ci bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdehin imtinası qanunsuz və əsassızdır.

9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayonu, Novxanı kəndində inşa edilmiş sahəsi 113,2 kv.m. olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Mehriban Mahmudlu-Abbaszadə).

11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edərkən tikilinin eskiz layihəsinə uyğun olmamasına, fərdi yaşayış evi əvəzinə əmlak kompleksi kimi istifadə edilməsinə, köməkçi tikilinin bir hissəsinin torpaq sahəsindən kənarda yerləşməsinə və digər tikilinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsinə istinad etmişdir. Məhkəmə isə hesab etmişdir ki, həmin hallar iddia predmeti olan 113,2 kv.m sahədə yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina üçün hüquqi əsas təşkil etmir. Belə ki, iddiaçı iddia tələbinin həcmini dəqiqləşdirərək yalnız həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmiş, cavabdehin istinad etdiyi digər hallar isə ya iddia predmetinə aid olmamış, ya da imtinanı əsaslandıran hüquqi səbəb kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə cavabdehin imtinasını əsassız və formal hesab edərək iddianı təmin etmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ilə yalnız 113,2 kv.m. olan fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulduğundan köməkçi tikilinin 52.9 kv.m hissəsinin faktiki torpaq sahəsindən kənarda yerləşməsi apellyasiya şikayətinin dəlili kimi göstərilməmişdir. Lakin, 113,2 kv.m. fərdi yaşayış evi kimi iddiaçı tərəfindən təqdim edilmiş tikili faktiki olaraq inzibati bina kimi istifadə edildiyi və yaşayış evi kimi istifadə olunmadığı, eyni halın digər tikililərə də aid olduğunu bildirmişdir. Belə ki, digər tikililər müayinə aktına əsasən inzibati bina (istirahət və qəbul üçün), mağaza, anbar, qaraj, köməkçi tikili (müxtəlif heyvanların saxlanması üçün nəzərdə tutulub) kimi istifadə edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərdiyi halları müdafiə edərək əlavə izahatında bildirmişdir ki, mübahisə predmeti olan tikili Abşeron rayonu, Novxanı kəndində Atıcılıq Klubuna gedən yolun üzərində yerləşir. Həmin ərazidə kənd təsərrüfatı məqsədilə ev heyvanlarının saxlanılması üçün tikili inşa etmiş, gələcəkdə toyuq, cücə, hinduşka və digər kənd təsərrüfatı heyvanlarının sayını artırmağı planlaşdırır. O, uzun müddətdir Zooloji Parkda baytar həkim kimi çalışır və kənd təsərrüfatı sahəsində kifayət qədər təcrübəyə malikdir. Hazırda isə həmin ərazidə yalnız həvəskar qaydada kiçik balıqlar saxlayır. Iddia etdiyi tikili bir mərtəbəli olmaqla, 113,2 kv.m sahəni əhatə edir, cavabdehin orada mağaza fəaliyyət göstərdiyi barədə qənaətini həqiqətə uyğun hesab etmir, belə ki, həmin ərazidə nə mağaza, nə də hər hansı fabrik mövcud deyildir. Iddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir.

16. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” (fərdi yaşayış evinin inşa edildiyi dövrdə qüvvədə olmuş): 6-cı bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. 12-ci bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər:

3. Elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına dair tələblər 3.1. Bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər: 3.1.1. gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılması; ...

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi:

Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

19. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsas yoxdur.

20. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

21. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar mübahisə predmeti olan 113,2 kv.m sahəli tikili üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanuni əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Hazırkı mübahisənin predmeti iddiaçının xüsusi mülkiyyətində olan 0,30 ha torpaq sahəsində yerləşən, iddia üzrə 113,2 kv.m sahəli fərdi yaşayış evi kimi göstərilən tikili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın qanuniliyi ilə bağlıdır. Bu tələb hüquqi təbiətinə görə öhdəliyin icrası haqqında iddiadır. Belə iddia üzrə məhkəmə yalnız cavabdehin imtina məktubunda göstərdiyi formal əsaslarla məhdudlaşmamalı, iddiaçının tələb etdiyi qeydiyyat hərəkətinin həyata keçirilməsi üçün maddi hüquqi şərtlərin mövcud olub-olmadığını iş materialları əsasında yoxlamalıdır.

23. Cavabdehin imtina məktubunda və apellyasiya şikayətində istinad etdiyi əsaslar aşağıdakılardır: 1) mübahisə predmeti olan 113,2 kv.m sahəli tikilinin faktiki vəziyyətdə fərdi yaşayış evi deyil, inzibati bina kimi istifadə edilməsi; 2) tikilinin eskiz layihədə göstərilən ölçüləri və konfiqurasiyası ilə faktiki vəziyyəti arasında fərqin olması; 3) tikilinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kV) mühafizə zolağında yerləşməsi.

24. Birinci instansiya məhkəməsi cavabdehin imtinaya əsas kimi göstərdiyi halların iddia predmeti olan 113,2 kv.m sahəli fərdi yaşayış evinə münasibətdə sübuta yetirilmədiyini və həmin halların hüquqların dövlət qeydiyyatından imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun gəlmədiyini nəzərə alaraq iddianı təmin etmişdir.

25. Məhkəmə kollegiyası əvvəlcə tikilinin təyinatı ilə bağlı dəlilə münasibət bildirir. Cavabdeh 113,2 kv.m sahəli tikilinin faktiki olaraq inzibati bina kimi istifadə edildiyini bildirsə də, bu dəlil iş materiallarında olan layihə, razılaşdırma sənədləri və apellyasiya baxışı zamanı keçirilmiş yerli baxışın nəticələri ilə təsdiq olunmur.

26. Iddia olunan tikiliyə dair “xxxx” MMC tərəfindən verilmiş layihədə tikilinin təyinatı yaşayış evi kimi göstərilmişdir.

27. Həmin layihə əsasında torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi, qaraj və təsərrüfat otaqlarının tikintisi nəzərdə tutulmuş, Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və baş planı müvafiq şərtlər daxilində razılaşdırılmışdır. Razılaşdırma şərtlərində tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun, razılaşdırılmış layihə əsasında aparılması, layihədən kənarlaşma nəzərdə tutulduğu halda əvvəlcədən aidiyyəti memarlıq və tikinti şöbəsinə məlumat verilməsi göstərilmişdir.

28. Göründüyü kimi tikilinin hüquqi əsasını təşkil edən sənədlər onun fərdi yaşayış evi kimi layihələndirildiyini və bu istiqamətdə səlahiyyətli orqanla razılaşdırıldığını göstərir.

29. Həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, “xxxx” ASC tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin 13/5297 inventar nömrəli işçi layihəsi də tərtib edilmiş və “xxxx” ASC tərəfindən həmin tikilinin elektrik şəbəkələrinə qoşulması üçün ##.##.2013cü il tarixdə QV/**-**** nömrəli icazə vərəqəsi verilmişdir.

30. Həm işçi layihəsində, həm də qoşulmaya dair icazə sənədində tikili fərdi yaşayış evi kimi göstərilmişdir.

31. Bundan başqa, apellyasiya icraatı zamanı mübahisə predmeti olan tikilinin yerləşdiyi əraziyə * saylı Abşeron Ərazi Idarəsinin mühəndisinin iştirakı ilə məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda 113,2 kv.m sahəli tikili fərdi yaşayış evi xarakteri daşıyır; torpaq sahəsində yaşayış evi ilə yanaşı köməkçi tikililər də mövcuddur və həmin köməkçi tikililərdən müxtəlif heyvanların saxlanılması kimi təsərrüfat məqsədləri üçün istifadə olunur.

32. Torpaq sahəsində yerləşən digər tikililərdən və ya köməkçi sahələrdən təsərrüfat məqsədləri üçün istifadə olunması mübahisə predmeti olan 113,2 kv.m sahəli tikilinin fərdi yaşayış evi kimi hüquqi təyinatını dəyişdirmir.

33. Beləliklə, iş üzrə mövcud sübutların məcmusu cavabdehin mübahisə predmeti olan tikilinin qeyri-yaşayış obyekti və ya inzibati bina olması barədə mövqeyini təsdiq etmir. Əksinə, həmin sübutlar tikilinin layihələndirilməsi, sənədləşdirilməsi və faktiki vəziyyəti baxımından fərdi yaşayış evi kimi qiymətləndirilməli olduğunu göstərir.

34. Bu səbəbdən, cavabdehin tikilinin təyinatı ilə bağlı birinci dəlili iddia tələbinin rədd edilməsi üçün əsas yaratmır.

35. Cavabdeh ikinci dəlil kimi tikilinin eskiz layihədə göstərilən ölçüləri və konfiqurasiyası ilə faktiki vəziyyəti arasında fərqin olduğunu bildirir.

36. Kollegiya cavabdehin bu dəlilini də əsaslı hesab etmir. Inzibati icraat zamanı cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli müayinə aktında iddiaçının xüsusi mülkiyyətində olan 0,30 ha torpaq sahəsində 113,2 kv.m sahəli tikili, 58,3 kv.m sahəli tikili, 30,1 kv.m sahəli tikili, 58,5 kv.m sahəli qaraj, 108,0 kv.m sahəli köməkçi tikili və 148,8 kv.m sahəli anbarın mövcudluğu göstərilmişdir. Həmin aktda 113,2 kv.m sahəli tikili “inzibati bina” kimi qeyd edilsə də, bu qeyd özlüyündə həmin tikilinin fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmasından imtina üçün yetərli əsas sayıla bilməz.

37. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi torpaq sahəsində mövcud olan bütün tikililərə deyil, yalnız 113,2 kv.m sahəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Həmin norma belə tikililər üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanmasını tələb edir.

38. Bu baxımdan, məlumatlandırma icraatı qaydasında inşa edilmiş fərdi yaşayış evinə münasibətdə hüquqi əhəmiyyət kəsb edən əsas məsələ cavabdehin ümumi şəkildə istinad etdiyi hər hansı ölçü və ya konfiqurasiya fərqi deyil, tikilinin həmin icraat rejiminin tətbiq dairəsindən çıxıb-çıxmamasıdır. Başqa sözlə, cavabdeh qeydiyyatdan imtinaya əsas kimi istinad etdiyi fərqin mübahisə predmeti olan 113,2 kv.m sahəli tikilinin yerüstü mərtəbələrinin sayının 3-dən, hündürlüyünün 12 metrdən və ya aşırımlarının uzunluğunun 6 metrdən artıq olmasına səbəb olduğunu, yaxud tikilinin fərdi yaşayış evi kimi məlumatlandırma icraatı rejiminə aid edilməsini istisna etdiyini sübuta yetirməli idi.

39. Iş materiallarında isə mübahisə predmeti olan 113,2 kv.m sahəli tikilinin bu hədlərdən hər hansı birini aşdığına dair sübut yoxdur. Cavabdeh yalnız ümumi şəkildə “eskiz layihə ilə faktiki vəziyyət arasında fərq vardır” məzmunlu qeydə istinad etmiş, lakin həmin fərqin konkret nədən ibarət olduğunu, tikilinin hüquqi rejiminə necə təsir etdiyini və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş hansı imtina əsasına uyğun gəldiyini əsaslandırmamışdır. Buna görə də həmin dəlil iddiaçının 113,2 kv.m sahəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün hüquqi əsas təşkil etmir.

40. Kollegiya cavabdehin tikilinin bir hissəsinin 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli, **-**/*-*/**- *****/**** nömrəli məktubundan iddiaçıya məxsus 0,30 ha torpaq sahəsinin 2005-ci ildə istismara verilmiş 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh tərəfindən tərtib edilmiş daşınmaz əmlakın müayinə aktlarında isə eskiz layihədə fərdi yaşayış evi kimi göstərilən 113,2 kv.m sahəli tikilinin, habelə qaraj və anbarın 1,5 metr məsafəsindən 6 kV-luq elektrik verilişi xəttinin keçdiyi qeyd olunmuşdur.

41. Bununla belə, həmin hal hazırkı iş üzrə iddia olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas sayıla bilməz. Nəzərə alınmalıdır ki, həm iddia olunan tikilinin inşa edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2005-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci bəndinin “a” yarımbəndində, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2024-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 3-cü bəndində elektrik şəbəkələrinin mühafizə zonasında tikinti işlərinin aparılması mütləq qadağan edilməmiş, belə işlərin sistem operatoru ilə əvvəlcədən razılaşdırılması şərti müəyyən edilmişdir.

42. Iş materiallarından isə görünür ki, iddiaçı mübahisə predmeti olan tikilinin inşasına başlamazdan əvvəl Abşeron Rayon Icra Hakimiyyətindən tikinti ilə bağlı müvafiq razılaşdırma almış, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və baş planı səlahiyyətli orqan tərəfindən razılaşdırılmışdır. Tikili inşa edildikdən sonra isə “xxxx” ASC tərəfindən həmin tikili üzrə işçi layihə tərtib edilmiş, onun elektrik şəbəkəsinə qoşulmasına icazə verilmiş və həmin sənədlərdə tikili fərdi yaşayış evi kimi göstərilmişdir. Deməli, qanunvericiliklə tələb olunan razılaşdırma mövcud olduğu halda, tikilinin 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi faktı özlüyündə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsi üzrə hüquqların dövlət qeydiyyatından imtina əsası kimi qiymətləndirilə bilməz.

43. Işin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 8.0.9.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd: - 8.0.10.2-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat tikili üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir.

44. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evinin konkret inşa tarixi ayrıca sənədlə müəyyən edilməsə də, iddiaçının həmin tikilinin yerləşdiyi 0,30 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ, torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılması, tikiliyə dair memarlıq-planlaşdırma sənədlərinin səlahiyyətli orqanla razılaşdırılması və tikilinin faktiki mövcudluğu iş materialları ilə təsdiq olunur. Apellyasiya baxışı zamanı keçirilmiş yerli baxışla da iddia predmeti olan 113,2 kv.m sahəli tikilinin fərdi yaşayış evi xarakteri daşıdığı müəyyən edilmişdir.

45. Cavabdeh imtina məktubunda və apellyasiya şikayətində iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmamasına və ya qeydiyyat üçün zəruri sənədlərin ümumiyyətlə təqdim edilməməsinə deyil, tikilinin faktiki təyinatı, ölçü-konfiqurasiya fərqi və elektrik xəttinin mühafizə zonası ilə bağlı hallara istinad etmişdir. Lakin yuxarıda göstərildiyi kimi, həmin hallar iddia predmeti olan fərdi yaşayış evinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarından hər hansı birinin mövcudluğunu təsdiq etmir.

46. Inzibati orqan hüquqların dövlət qeydiyyatından imtina edərkən ümumi və formal mülahizələrlə kifayətlənə bilməz; imtina konkret hüquq normasına, həmin normada nəzərdə tutulmuş şərtin mövcudluğuna və bu şərtin iş üzrə mötəbər sübutlarla təsdiq olunmasına əsaslanmalıdır. Hazırkı işdə isə cavabdeh iddia predmeti olan 113,2 kv.m sahəli fərdi yaşayış evi üzrə belə əsasları sübuta yetirə bilməmişdir.

47. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən maddi və ya prosessual hüquq pozuntusunu əsaslandıra bilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar