Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-379/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı, iddiaçıya əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1980-cı il tarixində Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmək üçün könüllü olaraq ##.##.2020-ci il tarixdə Zəngilan rayon Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinə ərizə ilə müraciət edərək Zəngilan rayon bölməsi tərəfindən hərbi xidmətə getmiş, Azərbaycan Respublikasının Silahlı qüvvələrində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək xidmət keçmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən mərmi partlayışı nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il 3-28/3-1- ***/**** saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. ##.##.2024-cü il tarixli **** saylı Həkim Psixiatr Komissiyasının rəyində Diaqnoz: Fəlakət (11 Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez tez baş verən dekompensasiyalar, uzun müddətli depressiv epizodlar, intihar cəhdləri ilə F 62.0 Həkim Psixiatr Komissiyası tərəfindən rəy verilmişdir. Uzunmüddətli stasionar və ambulator müalicələr müsbət effekt verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bir neçə il müalicə aldıqdan sonra ##.##.2024-cü il tarixdə **** saylı xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə xəstəliyin hərbi xidmət dövründə alındığı, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır olduğu göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, İddiaçı aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdı. MƏRKƏZI HƏRBI HƏKIM KOMISSIYASININ QƏRARI: DIAQNOZ: "F 62.0 Fəlakət (II Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır (kəskin) dərəcədə ifad olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzunmüddət depressiv epizodlar, intihar cəhdləri ilə. “HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. DIAQNOZ.- "H 52.0 Hər iki gözün hiper metr opiyası Hm 1,5 D nəticəsində görmə itiliyinin 0,4-ə qədə azalması, korreksiya ilə 1,0 olmaqla. К 00.0 Ikincili hissəvi adentiya". Sonuncu dəfə ##.##.2025-ci il tarixdə əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı imtina edilib. Səbəb əlaqəsinin diaqnozunda əlillik əlaməti təyin edilməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabiliytasiya agentliyi tərəfindən imtina verilmişdir. Cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. Imtina qanuni hüquqlarını pozur. Əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli Nazirlər Kabinetinin 187 № li Qərarına dair izahda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə müəyyən edilmişdir ki, Qərara əsasən əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin » 5-ci bəndə 2023-cü il tarixdə Nazirlər Kabinetinin 187 № li Qərarı əlavə edilərək qanuna müvafiq qaydada əlillik meyarlarının yüngülləşdirici hal kimi nəzərdə tutulmuşdu. Belə ki, təyin olunmuş xəstəliyin əsas diaqnozu və yanaşı xəstəliklər yuxarıda qeyd etdiyi qanunlara uyğundur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaşın orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Fəlakət (II Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, teztez baş verən dekompensasiyalar uzunmüddətli depressiv epizodlar, intihar cəhdləri ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi müəyyənləşdirilmişdir, "Hər iki gözün hipermetropiyası Hm 1,5D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korrkeksiya ilə 1,0 olmaqla. Ikincili hissəvi adentiya" diaqnozlu xəstəliyin səbəb əlaqesi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PH ##.##.2024-##.##.2024-cü il tarixli *****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət (II Qarabağ müharibəsi keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzun müddətli depressiv epizodlar, intihar cəhdləri ilə. Üzvi patalogiyanı təsdiq etmək məqsədilə nevroloji mayinə tövsiyə olunur" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2025-##.##.2025-ci il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsindən əvvəl dəhlizdə hədələyici ifadələr işlədərək, komissiya otağında problem çıxaracağını bildirmişdir. Bn sebepeu əlavə polis qüvvəsi dəvət edilmişdir. Müayinə zamanı hərbi formada olmuş, geyimi normal izlənilmişdir. Özünü təqdim etməmiş, "sənədlər qarşınızdadır. hər şey orda yazılıb" deyə bildirmiş, sədrə doğru yaxınlaşaraq kobud şəkildə əli ilə stola vurub şəxsiyyət vəsiqəsində yazıldığını demiş, "baxın görün kimdir" deyərək nümayişkarcasına qışqırmışdır. Bu şəkildə müayinə aparılması mümkün olmadığı üçün polis əməkdaşlarından vətəndaşın otaqdan çıxarılması istənildikdə, adını söyləmiş ve şikayətlərini bildirməyə başlamışdır. Şikayət olaraq əl, ayaq, başını göstərərək, "özümdə yoxam, top mərmisinə düşmüşəm, bu hala düşmüşəm, bax budur" deyərək qıcıqlı cavab vermişdir. Dəfələrlə intihar etmək istədiyini, özünü binadan atdığını, daha sonra "atmağa qoymadılar?, gəlib yerə düşmüşəm, heçnə olmadı, sağlamam. Allahdan ölməmişəm, gərək ölərdim sizin də, mənim də canım qurtarardı" deyərək demonstrativ nitq söyləmişdir. Qəbul etdiyi preparatların adlarını söyləməmiş, adlarını unutduğunu, lakin hamısını qəbul etdiyini bildirmişdir. Lakin baş ağrısı üçün hərdən Tramadol (bunu unutmur!!) qəbul etdiyini bildirmişdir. Qardaşı ilə yaşadığını demiş, "bu gündən artıq o da məni rədd elədi deyərək manipulyasiya etməyə cəhd etmişdir. Qolunun və ayağının qıc olduğunu, bu zaman TTY çağrıldığını, reseptlərinə baxaraq ona iynə vurduqlarını söyləmişdir. Hər şeyi xatırlaya bilmirəm deyərək, bəzi suallara cavab verməmişdir. Oturarkən nümayişkar tərzdə stula yayxanmış, əli ilə başına vuraraq, gərgin izlənilmişdir. Yanında dayanan polis əməkdaşına ağrılı üz ifadəsi ilə "bir dənə qolumu sıx da, daha sonra isə çiynimi də sıx" deyərək sanki tutmanın olacağını göstərməyə çalışmışdır. Otaqdan çıxarıldıqdan sonra skamyada uzadılaraq TTY çağrılmış və TTY gələnədək polis əməkdaşlarına "özünü masaj etdirmişdir". Müharibədən əvvəl mühafizədə işlədiyini, müharibədən sonra isə işləmədiyini qeyd etmişdir. Müharibədə iştirak müddəti ##.##.2020-##.##.2020-ci il tarixləri göstərilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "##.##.2024-cü il tarixdən etibarən müharibə ilə əlaqəli əsaslı əlavə məlumat daxil olmamışdır. Hazırki psixi durumla Vətən müharibəsi səbəb əlaqəsi təsdiq olunmur. Məqsədyönlü aqressiv nümayişkar davranış" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** saylı rəyindən görünür ki, Məmmədaliyev Qəfər Səfər oğluna Fəlakət (II Qarabağ Müharibəsi keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzun müddətli depressiv epizodlar, intihar cəhdləri ilə F62.0 diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsinin ## #### 2025-ci il tarixli *** saylı arayışında qeyd edilmişdir ki, Məmmədaliyev Qəfər Səfər oğlu Vətən müharibəsi zamanı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N №li hərbi hissənin tərkibində Qubadlı rayonu istiqamətində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışlar, hərbi biletin surəti iş materiallarına əlavə edilmişdir. **** saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Məmmədaliyev Qəfər Səfər oğlu ##.##.2020-##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: F 62.0 Fəlakət (II Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzunmüddət, depressiv epizodlar, intihar cəhdləri ilə. H 52.0 Hər iki gözün hipermetropiyası Hm 1,5 D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. К 00.0 ikincili hissəvi adentiya HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı "Xəstəliklər cədvəli"nin 18a maddəsinin II qrafasına və ƏTC-yə (Azərbaycan Respublikas Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkinr ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Müşayiətçiyə zərurət var. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: Diaqnoz:” F62.0 Fəlakət (II Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzunmüddət depressiv epizodlar, intihar cəhdləri ilə.” “Hərbi travmadır, azərbaycan respublikasinin müdafiəsi zamani alinmişdir" diaqnoz: “H 52.0 Hər iki gözün hipermetropiyası Hm 1,5 D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. К 00.0 Ikincili hissəvi adentiya”. “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə “təsdiq olunur” ##.##.2024-cü il tarixli H********DIX nömrəli Forma 88 arayışından görünür ki, Məmmədaliyev Qəfər Səfər oğluna TSEK-ə göndəriş zamanı Əsas diaqnoz F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi tez-tez baş verən dekompensasiyalar, uzun müddətli depressiv epizodlar, intihar cəhdləri ilə. Üzvi patologiyanı təsdiq etmək məqsədilə nevroloji müayinə tövsiyyə olunur ( Professor F.Ismayılovun məsləhəti ilə təyin olunub ). Yanaşı xəstəliklər H52.0 Hipermetropiya, Hipermetropiya Yanaşı xəstəliklər K00.0 Adentiya , Adentiya diaqnozu müyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** saylı qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli **** saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən İddiaçı halhazırda “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” (F 62.0) aşkar olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarında olan **** saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Məmmədaliyev Qəfər Səfər oğlu ##.##.2020-##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: Diaqnoz:” F62.0 Fəlakət (II Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzunmüddət depressiv epizodlar, intihar cəhdləri ilə.” “Hərbi travmadır, azərbaycan respublikasinin müdafiəsi zamani alınmışdır" diaqnoz: “H 52.0 Hər iki gözün hipermetropiyası Hm 1,5 D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. К 00.0 Ikincili hissəvi adentiya”. “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə “təsdiq olunur” Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli **** saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən İddiaçı halhazırda “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” (F 62.0) aşkar olunur. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliyin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə Ağırlaşma - fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0. kimi öz əksini tapmışdır. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozunun ağırlaşması F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi olaraq qeyd edilmişdir. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “Fəlakət keçirdikdən sonra davamli şəxsiyyət dəyişikliyi, davranış pozuntulari ilə” (F 62.0) müəyyən edilir. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəlik ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, müharibə şəraitində yaşanmış ağır travmatik hadisələrin nəticəsində yaranan belə psixi dəyişikliklər şəxsin normal həyat fəaliyyətinə, sosial münasibətlərinə və əmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tibbi vəziyyətlər hesab olunur. Bu səbəbdən iddiaçıda müəyyən edilmiş F62.0 diaqnozu da onun sağlamlıq vəziyyətinin ümumi qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan mühüm tibbi amillərdən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 10 kodu F62.0 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi 7.7.1.1. bəndinə əsasən fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski orqanizmin funksiyalarının 35-60 faiz pozulması 2 il müddətinə əlilliyin təyini üçün əsas müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliyin mövcudluğunun təsdiqini tapması onun tələbində haqlı olduğunu müəyyən edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, məhkəmənin qərarından aydın olur ki, məhkəmə heç bir halda tibbi nəticə çıxarmamış, yalnız təqdim olunmuş tibbi sənədlərin və ekspert rəylərinin hüquqi qiymətləndirilməsini aparmışdır. “Inzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə və Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibati orqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilibkeçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Beləliklə də, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. O da nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Iş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin müvafiq qərarı ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən (##.##.2025-ci il tarixdən) təyin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan tibbi sənədlər, ekspert rəyi və digər sübutlar iddiaçıda orqanizmin funksiyalarının pozulmasının mövcud olduğunu təsdiq edir və bu pozuntular onun hərəkət və sosial fəaliyyət imkanlarına əhəmiyyətli təsir göstərir. Cavabdeh inzibati orqan isə həmin halları lazımi qaydada və hərtərəfli qiymətləndirməmiş, nəticədə işin bütün faktiki hallarını obyektiv şəkildə araşdırmadan “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, inzibati orqan tərəfindən qəbul edilmiş belə nəticə işin faktiki hallarının tam və obyektiv araşdırılması prinsipinə uyğun deyildir. Halbuki inzibati icraat zamanı inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli və obyektiv şəkildə araşdırmalı və maraqlı şəxsin xeyrinə olan halları da nəzərə almalıdır. Bütün göstərilən hüquqi və faktiki halları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı tam, əsaslı və qanunauyğundur. Iddiaçının xəstəliyi və funksional məhdudiyyətləri “Əlilliyin müəyyən olunması meyarları” ilə tam uyğunluq təşkil etdiyindən, iddiaçının əlillik təyin edilməsi barədə tələbi əsaslıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.