Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-382/2026 06.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Cabbarova Gülnar İnqilab qızından ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı Həmidov Vaqif Eldam oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi Oruclu Nurlan Zöhrab oğlunun iştirakları ilə, İddiaçı Həmidov Vaqif Eldam oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2-1(118)-1351/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı Həmidov Vaqif Eldam oğlu cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2024-cü il yanvar ayından etibarən ona ikinci dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 13 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və ona 13 aprel 2024-cü il tarixdən ümumi xəstəlik ilə əlaqədar orqanizm funksiyalarının 61-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, baş-beyin xəstəliklərindən əziyyət çəkir. Ona "baş beynin məhdud atrofiyası, beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, baş beynin xroniki işemiyası, atrofiya, spastik hemiplegiya, sol tərəfli hemiparez" və s. diaqnozlar qoyulmuşdur. İddiaçıya xəstəlikləri ilə əlaqədar 5 ildir ki, ikinci dərəcəli əlillik təyin olunmuşdur. Lakin 2024-cü ilin yanvar ayında heç bir əsas olmadan iddiaçıya əlilliyin təyin olunmasından imtina olunmuş və imtinanın səbəbi kimi diaqnozun əlillik təyin etməyə əsas vermədiyi göstərilmişdir. Əlilliyin təyin olunması üçün tibb müəssisələrində təkrar müayinələrdən keçərək, tibbi sosial ekspert komissiyasına göndəriş verilsə də, iddiaçıya yenidən əlillik təyin edilməmişdir. İddiaçı qeyd edir ki, ona verilmiş imtina əsassızdır. Belə ki, o uzun illərdir ki, ağır xəstədir. Əgər onda xəstəlik olmasa idi vaxtı ilə əlillik dərəcəsi təyin olunmazdı. İddiaçıya yenidən xəstəliyi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmalıdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçıya ilkin olaraq 11.01.2019-cu il tarixdə 5 illik müddətə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik müddəti bitdikdən sonra 02.02.2024-cü il tarixli tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Həmin göndərişə “Göndərişin natamam doldurulması, səbəb: sənədlərə əsasən xəstəliyin müalicə potensialının bitmədiyini nəzərə alaraq ixtisaslaşmış stasionarda müalicəsini davam etdirməsi məsləhətdir” qərar qəbul edilmişdir. İddiaçının 03.04.2024-cü il tarixli tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Həmin göndərişə diaqnoz əlillik əlaməti təyin etməməsi, səbəbilə qərar qəbul edilmişdir. Vətəndaş müraciəti əsasında 29.04.2024-cü il tarixində Agentlikdə müayinədə olub. Reflekslər Canlı, Patoloji Reflekslər N. Ətraflarda Parez, Kontraktura, Atrofiya İzlənilmir. Hərəkətlər və Yeriş Sərbəst. Nevroloji - qeyd edilib. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya 18.10.2018-ci il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya 11.01.2019-cu il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya 08.02.2024-cü il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya 13.04.2024-cü il tarixində əlilik təyin edilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin 26.11.2024-cü il tarixli, T 813/2024 saylı ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş V.Ə.Həmidovda beyin infarktının nəticələri, baş beynin məhdud atrofiyası, beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, baş beynin xroniki işemiyası, atrofiya, spastik hemiplegiya, sol tərəfli hemiparez” diaqnozu müəyyən edilsə də 29.04.2024-cü il tarixdə DTSERA-da nevroloqun əyani müayinəsində refleksləri canlı olmuş, ətraflarda parez, kontraktura və atrofiya izlənilməmiş, yerişi sərbəst olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin 08.10.2025-ci il tarixli, T927/2024 saylı ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş V.E.Həmidovun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: “I69.3-Beyin infarktının nəticələri, baş beyin infarktının davamlı qalıq əlamətləri, Ağırlaşmalar: G31.O-Baş beynin məhdud atrofıyası, I67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, baş beynin xroniki işemiyası, atrofiya, G81.1- spastik hemiplegiya, sol tərəfli hemiparez, Yanaşı xəstəliklər: I67.4-Hipertenziv ensefalopatiya, I67.2-Serebral ateroskleroz, beyin aterosklerozu” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin 22.05.2025-ci il tarixdə DTSERA-da əyani müayinəsi sol ətraflarda hərəki məhdudluğundan şikayətlənərək aqrovasiya nümayiş etdirmiş, obyektiv olaraq sol göz qapağında yarımptoz, ətraflarda vətər və sümüküstü refleksləri yuxarı ətraflarda S>D, aşağı ətraflarda diz və axil refleksi D=S canlı, əzələ tonusu normal izlənilmiş, patoloji reflekslər izlənilməmiş, oturarkən özünü tarazlamaq üçün sol aşağı ətrafa dirənməsi qeyd edilmiş, fikrini yayındırdıqda sol ətraflarda hərəkətləri düzgün yerinə yetirmiş, ümumiyyətlə əlillik təyinatına əsas verən nevroloji defısit izlənilməmişdir. Şəxsin 27.10.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı hər iki baldırın əhatə dairəsi aşağı 1/3-də 22,5-23 sm olması müəyyən edilmiş, sol yuxarı və aşağı ətrafda hərəkət tam olmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komisiyyasının 22.05.2025-ci il tarixli 3-17-4/3-1-14531/2025 nömrəli qərarına əsasən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2-1(118)-1351/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin olunmasından imtina edilməsi barədə 13 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı Həmidov Vaqif Eldam oğluna 13 aprel 2024cü il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxsin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlindiyi təqdirdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı ilk dəfə 11.01.2019-cu il tarixində TSEK-də müayinədən keçmiş və ona beş il müddətinə “Ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, 08.02.2024-cü il tarixdə “Göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Eləcə də 13.04.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi səbəbi ilə yenidən əlillik təyin edilməsindən imtina olunmuşdur. Daha sonra iddiaçıya Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən 03.04.2024cü il tarixli, C00181603PZH nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – I69.3 “Beyin infarktının nəticələri, baş beyin infarktının davamlı qalıq əlamətləri”, ağırlaşması: G81.1 “Spastik hemiplegiya, sol tərəfli hemiparez”, G31.0 “Baş beynin məhdud atrofiyası, Atrpofiya”, I67.8 “Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Baş beyinin xroniki işemiyası. Atrofiya”, yanaşı xəstəlikləri: I67.4 “Hipertenziv ensefalopatiya”, I67.2 “Serebral ateroskleroz, Beyin aterosklerozu” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-4442/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli T813/2024 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçıda “beyin infarktının nəticələri, baş beynin məhdud atrofiyası, beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, baş beynin xroniki işemiyası, atrofiya, spastik hemiplegiya, sol tərəfli hemiparez” diaqnozu (G31.0, I67.8) müəyyən edilsə də, 29.04.2024-cü il tarixdə DTSERA-da nevroloqun əyani müayinəsində refleksləri canlı olmuş, ətraflarda parez, kontraktura və atrofiya izlənməmiş, yerişi sərbəst olmuşdur. Daha sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1351/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçının əlillik vəziyyətinin cavabdeh tərəfindən qiymətləndirilməsi üçün 20 gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən ünvanlanmış 30 iyun 2025-ci il tarixli, 3-17-4/2-16476/2025 nömrəli məktubdan görünür ki, iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 22.05.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, 22.05.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1351/2025 nömrəli, 04 avqust 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş 12 dekabr 2025-ci il tarixli T927/2025 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş V.E.Həmidovun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: “I69.3-Beyin infarktının nəticələri, baş beyin infarktının davamlı qalıq əlamətləri, Ağırlaşmalar: G31.O-Baş beynin məhdud atrofıyası, I67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, baş beynin xroniki işemiyası, atrofiya, G81.1- spastik hemiplegiya, sol tərəfli hemiparez, Yanaşı xəstəliklər: I67.4-Hipertenziv ensefalopatiya, I67.2-Serebral ateroskleroz, beyin aterosklerozu” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin 22.05.2025-ci il tarixdə DTSERA-da əyani müayinəsi sol ətraflarda hərəki məhdudluğundan şikayətlənərək aqrovasiya nümayiş etdirmiş, obyektiv olaraq sol göz qapağında yarımptoz, ətraflarda vətər və sümüküstü refleksləri yuxarı ətraflarda S>D, aşağı ətraflarda diz və axil refleksi D=S canlı, əzələ tonusu normal izlənilmiş, patoloji reflekslər izlənilməmiş, oturarkən özünü tarazlamaq üçün sol aşağı ətrafa dirənməsi qeyd edilmiş, fikrini yayındırdıqda sol ətraflarda hərəkətləri düzgün yerinə yetirmiş, ümumiyyətlə əlillik təyinatına əsas verən nevroloji defısit izlənilməmişdir. Şəxsin 27.10.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı hər iki baldırın əhatə dairəsi aşağı 1/3-də 22,5-23 sm olması müəyyən edilmiş, sol yuxarı və aşağı ətrafda hərəkət tam olmuşdur. V.E.Həmidov 05.06.2025-ci il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phş-nə müraciət etmiş, ona “I69.3-Keçirilmiş insultun qalıqları. G81.1-Soltərəfli yüngül hemiparez diaqnozu qoyulmuşdur. Eləcə də “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 73 nömrəli “Ambulator xəstənin tibbi vərəqi”ndən görünür ki, iddiaçıda sol ətraflarda əzələ gücü 3.5 bal olaraq qiymətləndirilmişdir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliyin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və ekspert rəyi ilə öz təsdiqini tapmış xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 6.5.1.1-ci bəndinə uyğun olaraq) əlilliyin təyin edilməsinə əsas olan xəstəlik kimi qeyd edilmişdir. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış 03.04.2024-cü il tarixli, C00181603PZH nömrəli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – I69.3 “Beyin infarktının nəticələri, baş beyin infarktının davamlı qalıq əlamətləri”, ağırlaşması: G81.1 “Spastik hemiplegiya, sol tərəfli hemiparez”, G31.0 “Baş beynin məhdud atrofiyası, Atrpofiya”, I67.8 “Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Baş beyinin xroniki işemiyası. Atrofiya”, yanaşı xəstəlikləri: I67.4 “Hipertenziv ensefalopatiya”, I67.2 “Serebral ateroskleroz, Beyin aterosklerozu” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş 12 dekabr 2025-ci il tarixli T927/2025 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, V.E.Həmidov 05.06.2025-ci il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phş-nə müraciət etmiş, ona “I69.3-Keçirilmiş insultun qalıqları. G81.1-Soltərəfli yüngül hemiparez diaqnozu qoyulmuşdur. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş G81.1 “Spastik hemiplegiya, sol tərəfli hemiparez” diaqnozlu xəstəliyin hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 73 nömrəli “Ambulator xəstənin tibbi vərəqi”ndən göründüyü kimi iddiaçıda sol ətraflarda əzələ gücü 3.5 bal olaraq qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndinə əsasən G81.1 diaqnozlu xəstəliyin qiymətləndirmə nəticələrinə uyğun olaraq “Ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1.5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular” olduğu halda orqanizm funksiyalarının 40% pozulmasına görə 1 il müddətinə əlillik təyin edilməsi üçün əsas yaranır. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Kollegiya əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı 13.04.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04.04.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, 25.06.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, 26.11.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni 13.04.2024-cü il tarixdən təyin edilməlidir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2-1(118)-1351/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.