Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-385/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Hüquqi Şəxsinə qarşı qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ll dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ll dərəcəli əlilliyin təyin edilməsi barədə qərarının ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ll dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1960-cı il təvəllüdlüdür. 1992-1994cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş və “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi ilə şəhadətləndirilmişdir. ##.##.2003-cü ildən ##.##.2012-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hər il müayinədən keçməklə ona lll dərəcəli əlillik təyin edilmiş, 2012-ci ildə səhhətində yaranan ağırlaşmalara görə ##.##.2012-ci ildən ##.##.2026-cı ilədək (23 ildən çox olmaqla) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ll dərəcəli əlillik təyin edilmişdir. Lakin hüquqi savadsızlığından hazıradək müddətsiz əlillik təyin edilməsini tələb etməmişdir. ##.##.2021-ci il tarixdə tibb müəssiəsinin göndərişi əsasında təkrar əlilliyin təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh müddətsiz əlillik təyin etmək əvəzinə 5 illik əlillik təyinatı aparmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ##.##.2026-cı ilədək ona əlillik təyinatı aparılmasını əsassız və qanunsuz hesab edir, belə ki, o, fasiləsiz olaraq 23 ildən çox əlildir, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ##.##.2021-ci ildə qəbul edilmiş qərar dəyişdirilməli və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməlidir. Halhazırda tələbi 66 yaşının olması nəzərə alaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilməsidir. Əlilliyinin müddətsiz təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki 2003-cü ildən bu günə kimi hər il qiymətləndirilmişdir, 66 yaşı var və 23 ildən çoxdur əlildir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlilliyi müddətsiz təyin edilməlidir, bu səbəbdən də hal-hazırda müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bu barədə qeyd etdiyi Ali Məhkəmənin *-l(***)-****/**** nömrəli ##.##.2023cü il tarixli analoji qərarına əsasən kassasiya instansiya məhkəməsinin mövqeyi nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 16, 38, 24, 57, 60, 61, 147, 149- ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"hin (Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri:) 4.2-ci maddəsinə, Əlilliyin qiymətləndirilməsi qaydasının 3-cü bəndinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2023-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ilə iddia tələbi təmin edilərək iddiaçı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən təyin olunmuş II dərəcəli əlilliyinin etibarsız hesab edildiyi ##.##.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2023-cü il tarixli, 2- 1(120)- ***/**** saylı qərarı dəyişdirilmiş, əlilliyin təyin edilməsindən imtina olunması barədə cavabdehin qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ##.##.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2-1(102)- ****/**** nömrəli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. Qeyd olunan qərar icra edilmiş və iddiaçıya ##.##.2021-ci il tarixdən etibarən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Hazırda iddiaçının əlilliyi qüvvədədir. Iddiaçı barəsində yeni göndəriş rəsmiləşdirilməmişdir. Həmçinin iddiaçı hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, eyni tələb üzrə məhkəmənin qanuni qüvvəyə minmiş və artıq icra edilmiş məhkəmə qərarı vardır. Həmin qərarın icra edilməsi nəticəsində iddiaçıya ##.##.2021-ci il tarixdən etibarən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavəni məhkəməyə təqdim etmiş və 66 yaşının olması ilə əlaqədar ona əlilliyin müddətsiz əlilliyin təyin edilməli olmasına istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətin qarşı etirazı iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Tərəflərin izahatları Məhkmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (xx.xx.2022-ci il tarixdə qüvvədən düşüb) Bənd 4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri ... 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydaları 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi cavabdeh orqanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilməsi barədə qərarının ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarət olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçının hüquqi marağı 23 ildən artıq müddətdə ikinci dərəcəli əlil olması və pensiya yaşının tamam olması ilə əlaqədar ona müddətsiz əlilliyin təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı mümkün sayılmamasını əsaslandırarkən eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğuna istinad etmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, prosessual hüquqda iddianın mümkün sayılmaması üçün “eyni iş üzrə əvvəlki məhkəmə qərarı” institutunun tətbiqi yalnız o halda mümkündür ki, iddia tələbi tam həcmdə, eyni hüquqi əsas və eyni faktiki hallar üzrə üst-üstə düşsün və yeni iddia əvvəlki məhkəmə mübahisəsinin təkrarından ibarət olsun. Hazırkı iş materiallarının təhlili göstərir ki, əvvəlki məhkəmə aktı ilə iddiaçıya ##.##.2021-ci il tarixdən əlilliyin təyin edilməsinə dair tələb təmin edilmiş və həmin qərar icra olunmuşdur. Lakin hazırkı iddia tələbi yalnız əlilliyin təyin olunması deyil, həm də onun müddətsiz müəyyən edilməsi ilə bağlıdır. Bu isə hüquqi nəticə və predmet baxımından əvvəlki məhkəmə aktı ilə tam eyni məzmun daşımır. Birinci instansiya məhkəməsi hazırki tələbin mümkünlük məsələsinə qiymət verərkən ilk öncə iddiaçının hüquqi marağını və tələbinin istinad etdiyi əsasları aydınlaşdırılmalıdır . Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 4.2-ci bəndinə görə müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Qaydaların 4.3-ü bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/49623" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. Bu normativ tənzimləmə iddia tələbinin hüquqi qiymətləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır və onun mövcudluğu iddianın yalnız formal əsaslarla mümkün sayılmamasını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü qiymətləndirərkən həm predmet, həm də hüquqi əsasların eyniliyini düzgün araşdırmamış, eyni zamanda tətbiq edilməli olan maddi hüquq normalarını nəzərə almamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-8)-385/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-385/2026
09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver