Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-4/2026 05.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X6 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(118)-3464/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə mərhum X2 verilmiş 500 kv.m həyətyanı torpaq sahəsi üzərində hüququn həmin vəfat etmiş şəxsə (X2) məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə verərək, Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzrə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli 57 nömrəli sərəncamı və Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə X2 verilmiş 500 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə (X2) məxsus olması haqqında elektron arayışın İddiaçı Qazəhməd qızına verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3464/2025 nömrəli qərardadı ilə iş üzrə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 07 aprel 1992-ci il tarixli qərarı ilə Dəvəçi (indiki Şabran) şəhərində fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşların tələbatını ödəmək və baş plan üzrə ictimaisosial obyektlərin tikintisini aparmaq məqsədilə N.Nərimanov adına südçülük-tərəvəzçilik sovxozunun torpaqlarından 19,66 ha örüş, 80,0 ha əkin, cəmi 99,66 ha həyətyanı torpaq sahəsi ayrılmış və Dəvəçi (indiki Şabran) şəhərinin ictimai həyətyanı fonduna daxil edilmişdir. Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi şəhəri üzrə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli, 57 nömrəli sərəncamı ilə mərhum X2 Dəvəçi şəhərinin 14-cü məhəlləsindən, yerin nömrəsi 275 olmaqla, 0,05 ha həyətyanı torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə mərhum X2 Dəvəçi şəhərinin 14cü məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün 275 nömrəli 500 kv.m həyətyanı torpaq sahəsi verilmiş və ona ayrılmış sahədə layihə əsasında fərdi yaşayış evinin tikintisini aparmaq üçün icazə verilmişdir. Məlumata görə, mərhum X4 25 sentyabr 2010-cu il tarixində vəfat etmişdir. Atanın adına həmin daşınmaz əmlaka dair ilkin hüquq müəyyənedici sənədlər mövcud olmasına baxmayaraq, sağlığında daşınmaz əmlaka dair dövlət qeydiyyatından çıxarış almamışdır. İddiaçı, qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və digər təsdiqedici sənədlərə əsaslanaraq mərhum atasının adına vərəsəlik işi açmışdır. Şabran rayon Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq, göstərilən əmlaka dair çıxarışın vərəsə vasitəsilə Şabran rayon Notariat Ofisinə təqdim edilməsi xahiş edilmişdir, lakin qanunvericiliyə edilən dəyişikliyə əsasən, hazırda vəfat etmiş şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmir və hüququn ölmüş şəxsə məxsus olması barədə müvafiq elektron arayışın ərazi idarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş elektron imza ilə verilməsi nəzərdə tutulmuşdur. Buna əsasən, iddiaçı Şabran şəhəri ərazisində yerləşən torpaq sahəsinin mərhum X2 məxsus olması barədə elektron arayışın verilməsi üçün cavabdeh quruma xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilib ki, müraciət olunan torpaq sahəsi Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 57 nömrəli sərəncamı ilə ayrılmışdır. Məktubda qeyd olunur ki, torpaq sahəsinin ayrılması səlahiyyətləri icra nümayəndəliyinə verilmiş deyil və müvafiq icra hakimiyyəti qərarı təqdim edilməmişdir. Bu səbəbdən, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən, ərizənin icrasından imtina edilmişdir. İddiaçının məlumatına görə, cavabdeh qurumun qeyd etdiyi əsaslar əsassızdır. Atasına ayrılmış torpaq sahəsi vaxtı ilə yerində göstərilmiş və mərhum vəfat edənə qədər həmin sahə onun faktiki sahibliyində, istifadəsində və sərəncamında olmuşdur. Hal-hazırda isə torpaq sahəsi iddiaçının vərəsə olaraq sahibliyindədir. Şabran bələdiyyəsi və Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən torpaq sahəsinin müvafiq planları təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, torpaq sahəsi əvəzsiz olaraq mərhum X1 mülkiyyətinə verilmişdir. Həmçinin iddiaçı bu torpaq sahəsinə taktik mülkiyyətçi hüququ ilə 32 ildən artıq fasiləsiz və etirazsız sahiblik etmişdir. Beləliklə, cavabdeh qurum tərəfindən mərhum X2 məxsus olması barədə elektron arayışın verilməsi tələb olunur ki, iddiaçı gələcəkdə öz adına hüquqların dövlət qeydiyyatını əldə edə bilsin. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, torpaq sahəsi Dəvəçi (indiki Şabran) RİH başçısının Dəvəçi şəhəri üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli 57 nömrəli sərəncamı ilə ayrılmışdır, qanunvericilikdə icra nümayyəndəliklərin torpaq ayırma səlahiyyətlərinə malik olması nəzərdə tutulmamışdır. Bundan əlavə, Dəvəçi (indiki Şabran) RİH-tı başçısının Şabran şəhəri üzrə nümayəndəsinə torpaq sahələrinin ayrılması səlahiyyətinin verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: AZ-İ 438714 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, vətəndaş X5 xx.xx.2010-cu ildə ölmüşdür. AZ-İİ 545193 saylı nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1988-ci ildə Xaçmaz şəhərində doğulmuş X19, xx.xx.1987-ci il tarixdə Dəvəçi şəhərində doğulmuş X8yla xx.xx.2023-cü ildə rəsmi nikaha daxil olmuşdur. Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışından, 6 saylı, xx.xx.1992-ci il tarixli qərardan görünür ki, Rayon İcra Hakimiyyəti Daşçısının Dəvəçi şəhəri üzrə nümayəndəliyinin 1 aprel 1992-ci il tarixli, 89 saylı vəsatəti və N. Xərimanov adına südçülük-tərəvəzçilik sovxozunun X14 3 aprel 1992-ci il tarixli, 01 saylı qərarı nəzərə alınsın. Məlumata görə, Dəvəçi şəhərində fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşların tələbatını ödəmək və baş plan üzrə ictimai-sosial obyektlərin tikintisini aparmaq məqsədilə N.Nərimanov adına südçülük-tərəvəzçilik sovxozunun torpaqlarından 19,66 hektar örüş, 80,0 hektar əkin, ümumilikdə 99,66 hektar həyətyanı torpaq sahəsi ayrılmış və Dəvəçi şəhərinin ictimai həyətyanı fonduna daxil edilmişdir. Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışından, 57 saylı, xx.xx.1992-ci il tarixli sərəncamdan görünür ki, Dəvəçi rayon X20 X17 şəhərində fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması barədə 07 aprel 1992-ci il tarixli qərarı, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 19 may 1992-ci il tarixli 58-9/290 saylı və Baş Yerquruluşu İdarəsinin 20 may 1992-ci il tarixli 58- 5/296 saylı yazılı məktubları nəzərə alınsın. Dəvəçi şəhəri üzrə fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara, aşağıda qeyd olunan şəxslər üçün fərdi mənzil tikintisi məqsədilə həyətyanı torpaq sahəsi ayrılsın. Abşeron Rayon Notariat Ofisinin 30 avqust 2022-ci il tarixli, 340 saylı məktubundan görünür ki, X3 müraciəti, qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və digər təsdiqedici sənədlər əsasında vəfat etmiş atası X1 adına vərəsəlik işi açılmışdır. Təqdim olunan sənədlərə əsasən, miras əmlak aşağıdakılardan ibarətdir: Şabran (keçmiş Dəvəçi) rayonu ərazisində yerləşən 0,05 ha torpaq sahəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın ölüm tarixinə qədər malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəyə görə isə, miras ümumi mülkiyyətdən ölənə çatan paydan ibarətdir; əmlakın naturada bölünməsi mümkün olmadıqda, həmin əmlakın dəyəri nəzərə alınır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, eləcə də bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Şabran rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 49 saylı məktubundan görünür ki, Dəvəçi (indiki Şabran) rayon icra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzrə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli 57 saylı sərəncamına baxış keçirildi. Baxış zamanı aşkar olunan məktubda qeyd olunan X1 29 iyul 1992-ci il tarixli 57 saylı sərəncamının arxiv qaydasınca təsdiqlənmiş sürəti məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-34/212075/2025 saylı məktubunda müayinə aktından görünür ki, qeyd olunan Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli, 57 saylı sərəncamı ilə X2 ayrılmış 0.05 ha torpaq sahəsi naturada mövcuddur. Lakin torpaq sahəsi hal-hazırda X7 istifadəsindədir və naturada mövcuddur. Qeyd edilir ki, X7 istifadəsində olan torpaq sahəsi 0.1584 ha təşkil edir. Həmin sahənin 0.05 ha hissəsinə xx.xx.2019-cu il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21 olan çıxarış, plan və ölçü sənədi verilmişdir. Mübahisə predmeti olan hissə isə həmin çıxarışın zəbt hissəsi kimi göstərilmişdir. Torpaq sahəsinin üzərində kəskin mübahisə olduğuna görə İddiaçı iştirakı ilə ölçü işləri aparmaq mümkün olmamışdır. Həmin torpaq sahəsi X11 X18 (TEKUİS) məlumatlarına əsasən, torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə, kateqoriyası Yaşayış məntəqələrinin torpaqları, uqodiyası Fərdi yaşayış kimi göstərilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Şabran Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-74/2-268/2025 saylı məktubundan görünür ki, məktubda göstərilən məsələnin ətraflı və obyektiv araşdırılması məqsədilə Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Şabran Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən bildirilmişdir ki, 1992-ci ildən 1999-cu ilədək Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyəti başçısının Dəvəçi (indiki Şabran) şəhər üzrə nümayəndəliyi vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılmasına vəsadət (sərəncam) vermək səlahiyyəti olmuş, 1999-cu ildən etibarən isə respublika ərazisində bələdiyyələrin formalaşdırılması aparıldığından nümayəndəliyin fərdi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması səlahiyyətlərinə xitam verilmişdir. Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5- 74-1/2888/2025 saylı məktubundan görünür ki, 1992-ci ildən 1999-cu ilədək Dəvəçi (indiki Şabran) Rayon icra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzrə nümayəndəliyi tərəfindən vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılmasına vəsadət (sərəncam) vermək səlahiyyəti olmuş, 1999-cu ildən etibarən isə respublika ərazisində bələdiyyələrin formalaşdırılması aparıldığından nümayəndəliyin fərdi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması səlahiyyətlərinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(118)-3464/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzrə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli, 57 nömrəli sərəncamı və Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarına əsasən, Şabran şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz və imtina məktubu ilə eyni məzmunda əsaslandırmaqla Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(118)-3464/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı (əvvəlki redaksiyada) 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli 439 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli, 444 nömrəli Fərmanı: 1.3.2.3. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin: “2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar;” Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. İddiaçının hüquqi marağı Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzrə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli 57 nömrəli sərəncamı və Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə X2 verilmiş 500 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə (X2) məxsus olması haqqında elektron arayışın verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 07 aprel 1992-ci il tarixli qərarından görünür ki, Dəvəçi (indiki Şabran) şəhərində fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşların tələbatını ödəmək və baş plan üzrə ictimai-sosial obyektlərin tikintisini aparmaq məqsədilə N.Nərimanov adına südçülük-tərəvəzçilik sovxozunun torpaqlarından 19,66 ha örüş, 80,0 ha əkin, cəmi 99,66 ha həyətyanı torpaq sahəsi ayrılmış və Dəvəçi (indiki Şabran) şəhərinin ictimai həyətyanı fonduna daxil edilmişdir. Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi şəhəri üzrə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli, 57 nömrəli sərəncamı ilə mərhum X2 Dəvəçi şəhərinin 14-cü məhəlləsindən, yerin nömrəsi 275 olmaqla, 0,05 ha həyətyanı torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə mərhum X2 Dəvəçi şəhərinin 14-cü məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün 275 nömrəli 500 kv.m həyətyanı torpaq sahəsi verilmiş və ona ayrılmış sahədə layihə əsasında fərdi yaşayış evinin tikintisini aparmaq üçün icazə verilmişdir. Mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi (indiki Şabran) şəhəri üzə nümayəndəliyinin 29 iyul 1992-ci il tarixli, 57 saylı sərəncamı ilə X2 ayrılmış 0.05 ha torpaq sahəsi naturada mövcuddur. Lakin torpaq sahəsi hal-hazırda X7 istifadəsindədir və naturada mövcuddur. Qeyd edilir ki, X7 istifadəsində olan torpaq sahəsi 0,1584 ha təşkil edir. Həmin sahənin 0.05 ha hissəsinə xx.xx.2019-cu il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21 olan çıxarış, plan və ölçü sənədi verilmişdir. Mübahisə predmeti olan hissə isə həmin çıxarışın zəbt hissəsi kimi göstərilmişdir. Torpaq sahəsinin üzərində kəskin mübahisə olduğuna görə İddiaçı iştirakı ilə ölçü işləri aparmaq mümkün olmamışdır. Həmin torpaq sahəsi X11 X18 (TEKUİS) məlumatlarına əsasən, torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə, kateqoriyası Yaşayış məntəqələrinin torpaqları, uqodiyası Fərdi yaşayış kimi göstərilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən mövqeyini torpaq sahəsinin Dəvəçi (indiki Şabran) RİH başçısının Dəvəçi şəhəri üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli 57 nömrəli sərəncamı ilə ayrılmasına, qanunvericilikdə icra nümayəndəliklərin torpaq ayırma səlahiyyətlərinə malik olmasının nəzərdə tutulmamasına, bundan əlavə, Dəvəçi (indiki Şabran) RİH-tı başçısının Şabran şəhəri üzrə nümayəndəsinə torpaq sahələrinin ayrılması səlahiyyətinin verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarının təqdim edilməməsi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın qeyd olunan dəlili öz əhəmiyyətini itirmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli, 444 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli 439 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli fərmanlarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aid edilmişdir. Əvvəlki redaksiyada yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar qeyd olunduğu halda son edilmiş dəyişiklik əsasında yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar müstəqil olaraq hüquq müəyyənedici sənəd qismində nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın yuxarıda qeyd olunan dəlili öz əhəmiyyətini itirdiyinə görə, mübahisəli torpaq sahəsinin mərhuma ayrılması barədə Dəvəçi (indiki Şabran) RİH başçısının Dəvəçi şəhəri üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli 57 nömrəli sərəncamı onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün yetərli hesab olunmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsi yerində müayinə olunmuşdur. Müayinənin nəticəsində mübahisə predmeti olan torpaq sahəsinin üçüncü şəxsə məxsus çıxarışın zəbt hissəsi kimi göstərildiyi qeyd olunmuşdur. Kollegiya hesab edir ki, qeyd olunan hal iddianın təmin edilməsinə mane olan hal deyildir. Belə ki, göründüyü kimi mübahisəli torpaq sahəsinin bir hissəsinin faktiki olaraq üçüncü şəxs tərəfindən zəbt edilməsi, eləcə də həmin şəxsə məxsus çıxarışda qeyd olunan sahənin zəbt sahəsi olaraq qeyd edilməsi mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas təşkil etmir. Nəzərə almaq lazımdır ki, sözügedən torpaq sahəsi üzərində hüquq Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Dəvəçi (indiki Şabran) RİH başçısının Dəvəçi şəhəri üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli 57 nömrəli sərəncamına əsaslanır. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(118)-3464/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-4/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-4/2026
05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver