Məhkəmə qərarları › İş №2-1(3-8)-400/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-400/2026

13.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-400/2026 13.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şabran rayon Ağalıq bələdiyyəsinə qarşı “qərarın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2795/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin torpaq sahəsinin ayrılmasına dair 15 mart 2021-ci il tarixli, 04 saylı qərarının, bu qərar əsasında həmin torpaq sahəsinin alqı-satqısına dair Şabran rayon notariat ofisində bağlanmış 31 mart 2021-ci il tarixli, 4Ə-214 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və dəymiş zərəri əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 10.000 manat pulun tutularaq xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, mübahisələndirilən qərardan Şabran Rayon Məhkəməsində işə baxılan zaman məlumat əldə etdiyi üçün iddia müddətinin ötürdüyünü bildirmiş, iddia müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsini və bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2795/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasında İddiaçı iştirak edərək, öz izahatında apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. .... Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2795/2025 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, hazırki iş üzrə xx.xx.2025-ci il tarixdə məhkəmə aktı qəbul edilmiş, həmin məhkəmə aktının göndərilməsinə dair poçt göndərişinin verilməsi barədə xəbərnaməyə iddiaçının oğlu İzzət Həsənli xx.xx.2026-cı il tarixdə imza etməklə qərardadı təhvil almışdır. İddiaçı tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti xx.xx.2026-cı il tarixdə poçt şöbəsinə təqdim edilmiş, xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Nəticə etibarilə iddiaçı tərəf müvafiq məhkəmə qərardadını təhvil aldığı vaxtdan, qanunla müəyyən edilmiş qaydada 10 gün müddətində (xx.xx.2026-cı il tarixədək) şikayət verməli olduğu halda, apellyasiya şikayəti xx.xx.2026-cı il tarixdə poçt şöbəsinə təqdim edildiyindən, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçıya qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü halda, bu hala dair sübutlar təqdim etməklə, ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsi təklif edilsə də, iddiaçın tərəfindən həmin hala dair heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinə əsas olan hal kimi qanunvericiliyin tələbi barədə məlumatlı olmaması, səhhətində probemlərin olması, müddətin bu səbəbdən ötürülməsi kimi hallara istinad etmişdir. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, konstitusion normanın tələbinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmənin əsasını təşkil etmir. Bundan əlavə, iddiaçı tərəfindən müvafiq məhkəmə qərardadından şikayət vermək imkanının məhdudlaşdıırlmasına və onun bu imkandan məhrum edilməsinə səbəb olan sağlamlıq imkanının pozulması və ya səhhətində problemlərin yaranması halına dair heç bir sübut təqdim etməmiş, bu halı ümumi söz şəklində ifadə etmişdir. Həmçinin, qeyd edilməlidir ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçının onun iradəsinin ziddinə olaraq qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanını məhdudlaşdıran halın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, müddətin ötürülməsi ilə bağlı heç bir üzrlü hallara əsaslanmadığından, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən, qeyri-mümkün hesab edilməlidir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda iş üzrə məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsi halı müəyyən edilmədiyindən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2795/2025 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən, qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22, 24 və 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2795/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar