Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-41/2026 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2637/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dövlət qulluqçularına aylıq əmək haqqının 3 misli həcmində verilən mükafatlar, nəzərdə tutulmuş dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinət, dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artım (əmsal) nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən hesablanması və yaranmış fərqin hesablanıb birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2637/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva) Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. .... Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2637/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, hazırki iş üzrə xx.xx.2025-ci il tarixdə tarixdə məhkəmə aktı qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə həmin məhkəmə aktı elektron kabinet vasitəsilə iddiaçıya göndərilmişdir. Həmçinin, elektron məhkəmə informasiya sistemində əks olunmuş məlumatdan görünür ki, iddiaçıya məxsus şəxsi elektron kabinet xx.xx.2022-ci il tarixdən mövcud olmuş, məhkəmə qərarı elektron kabinetə yerləşdirilməklə, iddiaçıya çatdırılması təmin edilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2025-ci il tarixdən elektron kabinet vasitəsilə müvafiq məhkəmə qərarı barədə məlumatlı olması halı işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə poçt şöbəsi vasitəsilə məhkəməyə daxil olmuşdur. Nəticə etibarilə iddiaçı tərəf müvafiq məhkəmə qərarını elektron kabinet vasitəsilə təhvil aldığı vaxtdan, qanunla müəyyən edilmiş qaydada 30 gün müddətində (xx.xx.2025-ci il tarixədək) şikayət verməli olduğu halda, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edildiyindən, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçıya birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürülməsi halı baş veridyi halda, həmin hallara dair sübutlar əlavə edilməklə, ötürülmüş prosesual müddətin bərpası barədə yazılı ərizə təqdim etmək hüququnun olması izah edilsə də, iddiaçı tərəfindən qərardan apellyasiya şikayəti vermək üçün buraxılmış prossesual müddətin bərpa edilməsi barədə ərizə məhkəməyə daxil olmamışdır. Həmçinin, kollegiya iddiaçının istinad etdiyi aqrumenti (məhkəmə qərarının ona çatdırılmaması və bu barədə ərizə ilə müraciətlər etməsi) ilə bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda sənədlərin, o cümlədən şikayətlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin çatdırılması məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir, bu qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə aktından şikayət verilmə müddətinin axımı məhz məhkəmə aktının rəsmi qaydada çatdırıldığı andan (elektron kabinetə yerləşdiyi andan) andan hesablanır. Kollegiya hesab edir ki, indiki halda iddiaçının adına aktiv elektron kabinet mövcud olduğundan, prosessual qanunvericiliyin tələbinə əsasən qanunla müəyyən edilmiş prosessual müddətin axımı məhz məhkəmə qərarının elektron kabinetə yerləşdirdiyi xx.xx.2025-ci il tarixdən hesablanır. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin onun təqsiri olmadan (obyektiv səbəbdlərdən) ötürülməsi halı, habelə apellyasiya şikayəti vermək imkanının məhdudlaşdırılmasına səbəb olan obyektiv halın mövcudluğu müəyyən edilməmişdir. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Bu baxımından kollegiya qeyd edir ki, indiki halda iş üzrə məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)- 2637/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22, 24 85, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2637/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-41/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-41/2026
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver