Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-410/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qarayev Namiq Balaş oğlunun iştirakı ilə İddiaçı Qarayev Etibar Namiq oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “cavabdehin 10 fevral 2025-ci il tarixli 88/137 nömrəli imtinasının əsassız hesab edilərək II Qarabağ müharibəsində 2020-ci ilin sentyabr ayının 20-dən 05 yanvar 2021-ci il tarixədək aldığı xəsarətlərin müharibə dövründə alınmış xəsarətlər kimi qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12.12.2026-cı il tarixli, 2-1(118)- 4600/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 06.11.2023-cü il tarixli, 2469 nömrəli Həkim Psixiatriya Komissiyasının Rəyinə əsasən iddiaçıda mövcud olan xəstəliyin “üzvi şozifreniyayabənzər pozuntu, koqnitiv funksiyaların enməsi ilə F06.2” diaqnozu təyin edilmişdir.
2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsindən daxil olmuş sorğuya cavab məktubu ilə “Vətən müharibəsi” zamanı Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə vaxtında komplektləşdirilməsi əlaqədar olaraq, gözlə görünən xəstəliklər istisna olmaqla hərbi vəzifəli tərəfindən səhhəti ilə bağlı hər hansı bir şikayəti olmadıqda tibbi müayinədən keçirilmədikləri bildirilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsindən daxil olmuş 3-28-29/2-9418/2025 nömrəli, 03.10.2025-ci il tarixli sorğuya cavab məktubunda iddiaçı Qarayev Etibar Namiq oğlunun 14.04.2022-04.05.2022-ci il dövründə yarım stasionar rejimli müalicədə, 04.06.2022-10.01.2023; 28.10.2023- 07.11.2023-cü il dövründə stasionar müalicədə, 20.12.2023-05.01.2024-cü dövründə yarım stasionar rejimli müalicədə, son olaraq isə 14.03.2025-19.04.2025 dövründə stasionar müalicə alaraq evə buraxıldığı müəyyən edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Qarayev Etibar Namiq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 10 fevral 2025-ci il tarixli 88/137 nömrəli imtinasının əsassız hesab edilərək II Qarabağ müharibəsində 2020-ci ilin sentyabr ayının 20-dən 05 yanvar 2021-ci il tarixədək aldığı xəsarətlərin müharibə dövründə alınmış xəsarətlər kimi qiymətləndirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 21 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən səfərbərlik əsasında çağırılaraq qeyd olunan tarixdən 05 yanvar 2021-ci il tarixədək Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində hərbi xidmət etmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olarkən 2020-ci il noyabr ayı tarixində Ağdam rayonu istiqamətində aparılan döyüş əməliyyatları zamanı səngərdə olduğu zaman düşmən tərəfindən atılan mərmi iddiaçıdan bir qədər aralıda partlamış və partlayış nəticəsində zərbənin təsiri ilə iddiaçı özünün sarsıldığını, baş və bədəninin başqa hissələrinə xəsarət yetirildiyini bildirmişdir. 2020-ci ilin dekabr ayının sonlarında o, bədən hərarətinin yüksəlməsi, halsız olması, həmçinin ayaqlarında ağrılar olduğuna görə N saylı hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, daha sonra ixtisaslı həkim müayinəsi üçün digər N saylı hərbi hissəyə təxliyyə edilmiş və 05 yanvar 2021-ci il tarixdə tərxis edilmişdir. Bir müddət sonra isə iddiaçı müvafiq tibb mərkəzinə fərdi qaydada müraciət etmiş və burada ona müayinə edildikdən sonra "Beyin silkələnməsi” diaqnozu qoyulmuşdur. Daha sonra iddiaçı Şamaxı rayon Xəstəxanasının göndərişi ilə 1 saylı Psixiatrik Xəstəxanasına göndərilmiş və 8 ay müalicə aldığını, sonda isə ona “şizofreniya” diaqnozu təyin edildiyini bildirmişdir. Qeyd olunan halları nəzərə alaraq iddiaçı aldığı xəsarətlərin müharibə dövründə alınmış xəsarət kimi qeyd edilməsini və cavabdehin imtinasının əsassız hesab edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən 21.09.2020ci ildə hərbi xidmətə çağırılmış Qarayev Etibar Namiq oğlu 01.05.2023-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şizofrenəbənzər pozuntu” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 14a maddəsinin II qrafasına əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılmış və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin “e” yarımbəndinə əsasən “ümumi xəstəlikdir” kimi təyin edilmişdir. İddiaçı E.N.Qarayevə təyin edilmiş “Şizofreniya paranoid forma, fasiləli gedişli” diaqnozu ilə olan xəstəlik isə xidmət dövründə yox xidmətdən buraxıldıqdan 1 il 4 ay sonra yaranmışdır. Belə ki, o, Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanasında 14.04.2022-ci il tarixdən 04.05.2022-ci il tarixədək “Posttravmatik stress pozuntusu, primitiv şəxsdə” diaqnozu ilə və 04.06.2022-ci ildən 10.01.2023-cü ilədək isə “Üzvi şizofrenəbənzər pozuntu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Bu da xidmətdən sonrakı dövrə təsadüf edir. Üzvi mənşəli xəstəliklər həm travma mənşəli (açıq və qapalı kəllə-beyin travmaları , kontuziya), həm də qeyri-travma mənşəli (insult, ensefalit altsheymer və s) xəstəliklər nəticəsində yarana bilər. Bu zaman xəstənin mərkəzi sinir sistemi (baş beyin və onurğa beyin) zədələnir. Vətəndaş E.N.Qarayev iddia ərizəsində bu xəstəliyin əmələ gəlməsini müharibə zamanı yanında mərmi partlaması ilə əlaqələndirir. Lakin E.N.Qarayevin müharibə zamanı yuxarıda sadalanan travmaları almasını təsdiq edən heç bir tibbi sənəd yoxdur. Bu səbəbdən də E.N.Qarayevə təyin edilmiş “Kəskin (ağır) dərəcədə ifadə olunmuş şizofrenəbənzər pozuntu” diaqnozu ilə xəstəliyin travma ilə əlaqələndirilməsi mümkün deyildir. Təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin olunması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Bu qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 12.12.2026-cı il tarixli, 2-1(118)-4600/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Qarayev Etibar Namiq oğlunun barəsində verilmiş 10 fevral 2025-ci il tarixli, 88/137 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur.
8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən ordu sıralarına cəlb edilənədək hər hansı psixiatrik narahatlığın və ya xəstəliyin olmadığına dair və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 06.11.2023-cü il tarixli, 2469 nömrəli Həkim Psixiatriya Komissiyasının Rəyində qeyd olunmuş diaqnozun sonradan formalaşdığına dair qənaətə gəlməkdədir.
9. Göründüyü kimi iddiaçıda müvafiq rəydə əks olunmuş xəstəliklərin mövcudluğu onun barəsində tərtib edilmiş müvafiq sənədlər (cavabdehin etirazı, SHXÇDX Şamaxı rayon şöbəsinin məktubu) əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Yəni, qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəf iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki,
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Qarayev Namiq Balaş oğlu apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi.
13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır. (-) III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun
15. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası
16. 3-cü bənd: Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bənd: Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd: Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır.
1. 6-cı bənd: Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu
17. 12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
19. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
20. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
23. İddiaçı 21 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən səfərbərlik əsasında çağırılaraq qeyd olunan tarixdən 05 yanvar 2021-ci il tarixədək Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində hərbi xidmət etmişdir. Hərbi xidmətdə olarkən 2020-ci il noyabr ayı tarixində Ağdam rayonu istiqamətində aparılan döyüş əməliyyatları zamanı səngərdə olduğu zaman düşmən tərəfindən atılan mərmi iddiaçıdan bir qədər aralıda partlamış və partlayış nəticəsində zərbənin təsiri ilə iddiaçı özünün sarsıldığını, baş və bədəninin başqa hissələrinə xəsarət yetirildiyini bildirmişdir. 2020-ci ilin dekabr ayının sonlarında o, bədən hərarətinin yüksəlməsi, halsız olması, həmçinin ayaqlarında ağrılar olduğuna görə N saylı hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, daha sonra ixtisaslı həkim müayinəsi üçün digər N saylı hərbi hissəyə təxliyyə edilmiş və 05 yanvar 2021-ci il tarixdə tərxis edilmişdir. Bir müddət sonra isə iddiaçı müvafiq tibb mərkəzinə fərdi qaydada müraciət etmiş və burada ona müayinə edildikdən sonra "Beyin silkələnməsi” diaqnozu qoyulmuşdur. Daha sonra iddiaçı Şamaxı rayon Xəstəxanasının göndərişi ilə 1 saylı Psixiatrik Xəstəxanasına göndərilmiş və 8 ay müalicə aldığını, sonda isə ona “şizofreniya” diaqnozu təyin edilmişdir.
24. İddiaçı 01.05.2023-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ona təyin olunmuş “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şizofrenəbənzər pozuntu” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 14a maddəsinin II qrafasına əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılmış və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin “e” yarımbəndinə əsasən “ümumi xəstəlikdir” kimi müəyyən edilmişdir.
25. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etdikdən sonra birinci instansiya məhkəməsi tərəfindən alınmış “Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsi Şamaxı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsindən verilmiş 09.10.2025-ci il tarixli,18-1-72/2-1736/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçı E.N.Qarayevin müddətli həqiqi hərbi xidmətə cəlb edilməmişdən əvvəl və “II Qarabağ Müharibəsi” gedişində ordu sıralarına səfərbər edilməmişdən əvvəl keçirilmiş tibbi müayinələr zamanı heç bir psixiatrik xəstəliyinin olmadığı bildirilmişdir.
26. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən daxil olmuş məktubla iddiaçının Silahlı Qüvvələrin komplektləşdirilməsi zamanı gözlə görünən xəstəliyinin və səhhətində hər hansı bir şikayətinin olmaması səbəbindən əlavə tibbi müayinədən keçirilmədiyi bildirilmişdir.
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsindən daxil olmuş 3-28-29/2-9418/2025 nömrəli, 03.10.2025-ci il tarixli sorğuya cavab məktubunda isə qeyd olunmuşdur ki, iddiaçı Qarayev Etibar Namiq oğlunun 14.04.2022 - 04.05.2022-ci il dövründə yarım stasionar rejimli müalicədə, 04.06.2022- 10.01.2023; 28.10.2023 - 07.11.2023-cü il dövründə stasionar müalicədə, 20.12.2023- 05.01.2024-cü dövründə isə yarım stasionar rejimli müalicədə, son olaraq isə 14.03.2025- 19.04.2025 dövründə stasionar müalicə alaraq evə buraxıldığı qeyd edilmişdir.
28. Qeyd olunan hallarla birlikdə məhkəmə, əldə edilmiş məhkəmə araşdırması materialları nəticəsində iddiaçıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsi tərəfindən ordu sıralarına cəlb edilənədək hər hansı psixiatrik narahatlığın və ya xəstəliyin olmadığına dair və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 06.11.2023-cü il tarixli, 2469 nömrəli Həkim Psixiatriya Komissiyasının Rəyində qeyd olunmuş diaqnozun sonradan formalaşdığına dair qənaətə gəlməkdədir.
29. Cavabdehin iddianın əsassız olması barədə apellyasiya şikayətinin dəlili iş üzrə toplanmış sübutlar və qüvvədə olan qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etdiyindən əsassız hesab olunmalı və rədd edilməlidir.
30. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçı Qarayev Etibar Namiq oğluna təyin olunmuş “kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şizofrenəbənzər pozuntu” diaqnozunun hərbi xidmətlə səbəb əlaqəsinin olmadığını, xəstəliyin xidmətdən 1 il 4 ay sonra yarandığını və bu səbəbdən də “ümumi xəstəlik” kimi qiymətləndirilməsinin düzgün olduğunu bildirmişdir. Lakin bu mövqe həm faktiki hallarla, həm də hüquqi normalarla təkzib olunur.
31. İlk növbədə qeyd edilməlidir ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı hərbi xidmətə çağırılana qədər sağlam olmuş, onda hər hansı psixiatrik xəstəlik qeydə alınmamışdır. Bu hal Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyinin Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş rəsmi məktubla sübuta yetirilmişdir. Həmin məktubda açıq şəkildə göstərilmişdir ki, iddiaçı həm müddətli hərbi xidmətə, həm də səfərbərlik əsasında ordu sıralarına çağırılmamışdan əvvəl keçirilmiş tibbi müayinələr zamanı heç bir psixiatrik xəstəliyə malik olmamışdır. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunmuş məlumatda da onun sağlam hesab edilərək əlavə tibbi müayinəyə cəlb olunmadığı qeyd edilmişdir.
32. Bu faktlar hüquqi baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə ki, Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin tələblərinə əsasən, hərbi xidmətə çağırılan şəxsin sağlam olması ilkin şərt kimi qəbul edilir və əgər sonradan onda xəstəlik yaranarsa, bu halın xidmət şəraiti ilə əlaqəsinin araşdırılması zəruridir.
33. Cavabdehin iddiasının əksinə olaraq, xəstəliyin yalnız rəsmi diaqnozun qoyulduğu tarixə əsasən qiymətləndirilməsi düzgün yanaşma deyildir. Tibbi və hüquqi praktikada qəbul olunmuş yanaşmaya görə, xəstəliyin yaranma anı ilə onun diaqnostika olunma tarixi eyni olmaya bilər. Xüsusilə psixi xəstəliklər, o cümlədən Şizofreniya və şizofrenəbənzər pozuntular çox vaxt latent (gizli) inkişaf edir və ilkin mərhələdə aşkar olunmaya bilər. Bu baxımdan, xəstəliyin 2022-ci ildə rəsmi qeydə alınması onun məhz həmin dövrdə yarandığını deyil, daha əvvəl – hərbi xidmət dövründə formalaşmağa başladığını istisna etmir.
34. İddiaçı tərəfindən göstərilən partlayış hadisəsi – yəni döyüş zamanı yaxınlıqda mərminin partlaması nəticəsində kontuziya (beyin silkələnməsi) və psixoloji travma alması –tibbi yanaşmalara görə üzvi psixi pozuntuların yaranmasına səbəb ola bilən əsas amillərdən biridir. Bu kimi hallar İkinci Qarabağ müharibəsi zamanı geniş yayılmış və bir çox hərbi qulluqçularda sonradan psixi və nevroloji problemlərin yaranmasına səbəb olmuşdur.
35. Cavabdeh isə iddiaçının travma almasını təsdiq edən tibbi sənədin olmamasına istinad edir. Lakin nəzərə alınmalıdır ki, döyüş şəraitində baş verən hadisələrin hər birinin dərhal və tam şəkildə sənədləşdirilməsi hər zaman mümkün olmur. Bu hal xüsusilə aktiv döyüş əməliyyatları zamanı real praktik vəziyyətlərlə bağlıdır və bu, iddiaçının göstərdiyi faktların avtomatik olaraq inkar edilməsi üçün əsas ola bilməz. Əksinə, məhkəmə İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sübutları məcmu halında qiymətləndirməlidir.
36. Bundan əlavə, Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş tibbi rəylərdə iddiaçının xəstəliyinin sonradan formalaşdığı qeyd edilmişdir ki, bu da onun hərbi xidmətə qədər sağlam olması və xəstəliyin xidmət dövrü və ya həmin dövrün nəticələri ilə bağlı yaranması ehtimalını gücləndirir.
37. Cavabdehin digər apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, xəstəliyin səbəb əlaqəsinin müəyyən edilməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Lakin bu mövqe də hüquqi baxımdan düzgün deyildir. Doğrudur, inzibati orqan müəyyən qiymətləndirmə səlahiyyətinə malikdir, lakin bu səlahiyyət qeyri-məhdud deyildir və məhkəmə nəzarətindən kənarda qala bilməz. İnzibati Prosessual Məcəllənin müddəalarına əsasən, inzibati orqanların qəbul etdiyi qərarlar məhkəmə tərəfindən həm hüquqi, həm də faktiki əsaslar baxımından yoxlanılır. Əgər inzibati orqan sübutları düzgün qiymətləndirməmiş və ya mühüm halları nəzərə almamışdırsa, onun qərarı qanunsuz hesab edilə bilər.
38. Beləliklə, iş üzrə müəyyən olunmuş hallar – iddiaçının hərbi xidmətə qədər sağlam olması, döyüş şəraitində travmatik hadisəyə məruz qalması, xidmət dövründən sonra səhhətinin pisləşməsi və nəticədə ağır psixi xəstəliyin formalaşması – xəstəliklə hərbi xidmət arasında səbəb əlaqəsinin mövcud olduğunu göstərir.
39. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında mübahisə xəstliyin özü bilə bir başa bağlı olmamış, xəstəlik özü mübahisələndirilməmişdir. Lakin buna baxmayaraq iş materiallarına əlavə edilmiş epikrizlərdən, müalicə aldığı stasionar müalicə müəssələrin rəylərində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 06.11.2023-cü il tarixli, 2469 nömrəli Həkim Psixiatriya Komissiyasının Rəyində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsindən daxil olmuş 3-28-29/2-9418/2025 nömrəli, 03.10.2025-ci il tarixli sorğuya cavab məktubunda iddiaçı Qarayev Etibar Namiq oğlunun 14.04.2022-04.05.2022ci il dövründə yarım stasionar rejimli müalicədə, 04.06.2022-10.01.2023; 28.10.2023- 07.11.2023-cü il dövründə stasionar müalicədə, 20.12.2023-05.01.2024-cü dövründə yarım stasionar rejimli müalicədə, son olaraq isə 14.03.2025-19.04.2025 dövründə stasionar müalicələrində aşkar müəyyən edilir ki, o həqiqətən “üzvi şozifreniyayabənzər pozuntu, koqnitiv funksiyaların enməsi ilə F06.2” diaqnozun adı altında xəstədir və bu halda onun tibbi ekspertizadan keçirilməsi ağlabatan hesab edilməməli, bu yalnız iddiaçının suni şəkildə məhkəmə çəkişmələrinin cəlb edilməsi, müddətin uzadılmasına xidmət edəcəkdir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsasən ekspertizadan keçirilməsinə zərurət qalmamışdır.
40. Yuxarıda göstərilənlərə əsasən, cavabdehin iddiaya qarşı təqdim etdiyi etirazlar hüquqi və faktiki əsaslardan məhrum olduğundan əsassız hesab edilməli, iddiaçının tələblərinin təmin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinsı əsassız hesab olunmalıdır.
41. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12.12.2026-cı il tarixli, 2-1(118)-4600/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.