Məhkəmə qərarları › İş №2-1(3-8)-415/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-415/2026

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-415/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:

1. Iddiaçı İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Sumqayıt Ərazi Idarəsinə müraciət edərək Sumqayıt şəhəri, 21-ci mikrorayon, Fərhad Fərhadlı küçəsi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh orqan ## #### 2025-ci il tarixli, *-**-*-**/*-A-****-*/**** nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin (əsas sənədlərin) müraciətə əlavə olunmadığı aşkar edilmişdir.

3. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 21-ci mikrorayon, Fərhad Fərhadlı küçəsi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Sumqayıt Şəhər Bələdiyyəsinin 2004-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, 21-ci mikrorayon, Fərhad Fərhadlı küçəsi ərazisindən fərdi yaşayış evinin inşası məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün ## ######## 2004-cü il tarixli mədaxil orderi əsasında 1.500.000 (bir milyon beş yüz min) manat ödəniş edilmişdir. Torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtina cavabı qanunsuz və əsassızdır.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

6. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh cavabdeh1n * saylı Sumqayıt Ərazi Idarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Leyla Mirzəyeva).

8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsinin ona ayrılmasına dair nə inzibati icraat, nə də məhkəmə araşdırması zamanı mötəbər sübut təqdim edə bilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt Bələdiyyəsi tərəfindən iddiaçıya hər hansı torpaq sahəsinin ayrılmadığı və satılmadığı bildirilmişdir. Belə olan halda, iddiaçının istinad etdiyi ödəniş sənədi mülkiyyət hüququnun yaranması üçün kifayət edən hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Bu baxımdan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququnun qeydiyyatından imtina etməsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinə uyğundur.

9. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

10. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia etdiyi 0,06 ha torpaq sahəsini 2004-cü ildə Sumqayıt bələdiyyəsindən almış və torpaq sahəsinin dəyərini ödəmişdir. Işə baxan məhkəmə tərəfindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin bələdiyyədən əldə edə bilmədiyi halına qiymət verilməmiş və iddia rədd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2004-cü il tarixdə mübahisə predmeti olan 0,06 ha torpaq sahəsini Sumqayıt bələdiyyəsindən almış, bələdiyyənin əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçirilərək ərazidə təxmini ölçü aparılmış, daha sonra iddiaçı tərəfindən bələdiyyənin hesabına 1.500.000 manat ödəniş edilmişdir. 2004-cü ildən torpaq sahəsini hasara alıb yaşayış evinin bünövrəsini inşa edərək, ərazidə ağac əkməyə başlamışdır. Torpaq sahəsinin sənədləşdirilməsini isə yekunlaşdırmamışdır. Belə ki, torpaq sahəsinin dəyəriylə bağlı bələdiyyəyə ödəniş etsə də, bələdiyyə tərəfindən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qərar qəbul edilməmişdir. Sumqayıt bələdiyyəsinə bununla bağlı müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Iddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

14. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

15. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

16. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

17. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

19. Hazırkı mübahisənin predmetini cavabdehin Sumqayıt şəhəri, 21-ci mikrorayon, Fərhad Fərhadlı küçəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. Iddiaçının hüquqi marağı torpaq sahəsi və yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

20. Cavabdehin imtinasının dəlili torpaq sahəsi və fərdi yaşayış evinə dair qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsidir.

21. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı iddia olunan torpaq sahəsinə dair həqiqətən də hüquqmüəyyənedici sənədin aşkar edilmədiyi müəyyən edilərək, iddia rədd edilmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

23. Nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Bu iddialar üzrə məhkəmə tərəfindən mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının qiymətləndirilməsindən əvvəl iddiaçı inzibati orqan arzuladığı hərəkətin həyata keçirilməsini tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilməlidir.

24. Belə ki, öhdəliyin icrası haqqında iddianın məqsədi inzibati orqanın əvvəl qəbul etdiyi imtina qərarının qanuniliyinin müstəqil şəkildə yoxlanılması deyil, həmin orqanın qanunla üzərinə düşən konkret vəzifəni yerinə yetirməsinin təmin edilməsidir. Bu baxımdan, mübahisənin predmeti imtinanın özü deyil, iddiaçının inzibati orqandan inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini tələb etmək üçün maddi hüquqi əsasının olub-olmamasıdır. Bu o deməkdir ki, məhkəmə tərəfindən sadəcə, cavabdehin imtina məktubunda qeyd etdiyi əsaslara yox, iddia tələbinin özünün maddi hüquq baxımından əsaslılığına, yəni tələb etmə hüququnun mövcudluğuna qiymət verilməlidir.

25. Iddiaçı iddia ərizəsinin dəlillərində 0,06 ha torpaq sahəsinin ona ayrılmasıyla bağlı Sumqayıt bələdiyyəsinin hesabına ödəniş etdiyini və bununla bağlı bələdiyyə tərəfindən torpaq sahəsinin ona ayrılmasına dair 2004-cü il tarixli qərar qəbul edildiyini bildirsə də, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt bələdiyyəsi tərəfindən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı qərar qəbul edilməmişdir.

26. Belə ki, işə baxan məhkəmənin mübahisəli 0,06 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Sumqayıt Şəhər Bələdiyyəsi ## ###### 2025-ci il tarixli, **** nömrəli məktubu ilə bələdiyyə tərəfindən iddiaçıya hər hansı torpaq sahəsi, o cümlədən, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən torpaq sahəsinin ayrılmadığı və satılmadığını bildirmişdir.

27. Nəzərə almaq lazımdır ki, hazırkı halda torpaq sahəsinin iddiaçıya ayrılması faktı yalnız bələdiyyənin müvafiq qərarı ilə sübuta yetirilə bilər.

28. Işin qeyd olunan halını iddiaçı apellyasiya şikayətinin dəlillərində və məhkəmə iclasında izahatında da təsdiqləyərək, torpaq sahəsinin dəyəri olaraq tərəfindən bələdiyyəyə ödəniş edilsə də, sahənin ona ayrılmasına dair bələdiyyə qərarının qəbul edilmədiyini bildirmişdir.

29. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində, eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısında konkret olaraq təsbit edilmişdir.

30. Qanunla müəyyən edilmiş həmin əsaslardan biri də, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar, yəni bələdiyyə qərarlarıdır (Qanunun 8.0.1-cü maddəsi).

31. Hazırkı halda isə iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qanunla müəyyən edilmiş əsas – bələdiyyə qərarı mövcud deyildir.

32. Iddiaçı tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin hesabına 1.500.000 manat ödəniş edilməsi faktına dair ## ######## 2004-cü il tarixli, EQC 016777 nömrıli mədaxil orderi isə hüquqi mahiyyətinə görə yalnız müvafiq torpaq sahəsinə dair müəyyən məbləğin ödənilməsini təsdiq edən maliyyə sənədidir. Əvvəla, bu ödənişin iddia olunan torpaq sahəsinə münasibətdə həyata keçirildiyi iş üzrə sübuta yetirilmir. Digər tərəfdən, qeyd olunan ödəniş sənədi təklikdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd kimi çıxış edə bilməz.

33. Beləliklə, işin sadalanan hallarından göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərindən irəli gələn bələdiyyə qərarı qəbul edilməmişdir.

34. Bununla da müəyyən edilir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsas yoxdur.

35. Fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması tələbinə münasibətdə isə kollegiya aşağıdakıları bildirir.

36. Iş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından” müəyyən edilir ki, iddia olunan torpaq sahəsində tikintialtı sahəsi 172,0 kv.m. olan iki mərtəbəli yaşayış evi mövcuddur.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9, 8.0.9.1 və 8.0.9.1.2-ci maddələrinin tələbləri baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə mülkiyyət hüququnun qeydiyyata alınması üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur.

38. Göründüyü kimi hündürlüyü 12 metrədək olan yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün yeganə tələb olunan əsas evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədin mövcudluğudur.

39. Hazırkı işdə isə belə sənədin mövcudluğu müəyyən edilmir. Iddiaçı tələbinin təmin edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

40. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar