Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-424/2026 24.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “qərarın ləğvi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Cavabdeh Cavabdeh ## ###### 2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2021ci il üzrə üzrə iddiaçı İddiaçı MMC barəsində 52.616,40 manat mənfəət vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas iddiaçı vergi ödəyicisi 2020-ci ilin sonuna 1.315.410 manat mal qalığını bəyan etdiyi halda, yerində yoxlama zamanı obyektində aşkar edilmədiyi olmuşdur.
2. Həmin qərarla razılaşmayan iddiaçı İddiaçı MMC cavabdeh DVX-nin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” ## ###### 2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərarına xitam verilməsini xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mal-material qalığı 2021-ci ildə əvvəlki dövrü, yəni konkret olaraq 2018-2019-cu illəri əhatə etdiyindən mal-material qalığının aid olduğu dövr artıq təxminən 5 ildən artıq bir dövr keçmişdir. Bununla da, Vergi Məcəlləsi ilə müəyyən edilən vergiyə cəlb etmə müddəti başa çatmışdır. Həmçinin, iddiaçı MMC-nin təsisçisinin dəyişməsi ilə əlaqədar alqı-satqı prosesində borc məbləği olmamışdır. Qeyd olunanlara baxmayaraq, vergi orqanı tərəfindən iddiaçı barəsində 52.616,40 manat mənfəət vergisi hesablanmışdır. 2018-ci ilin may ayından ## ###### 2019-cu il tarixədək iddiaçı MMC-nin direktoru olmuş X3 xəstəliyinə görə rəsmi olaraq Nümayəndə əvəz etmiş, ## ###### 2019-cu il tarixdən Məzahir Əhmədov işinə qayıdaraq 2023-cü ilədək MMC-nin direktoru olmuşdur. 2023-cü ildən notarial qaydada alqı-satqı əməliyyatı üzrə iddiaçı MMC-nin direktoru Nümayəndə olmuşdur. Alqı-satqı prosesində vergidən verilən arayış əsasında iddiaçıya 4.200 manat işsizlikdən sığorta haqqı hesablanmış və bu borca görə də MMC-nin direktoruna ölkədən çıxma məhdudiyyəti qoyulmuşdur. Alqı-satqı prosesindən qısa müddət sonra MMC-nin direktoru Məzahir Əhmədov vəfat etmiş və onun vəfatından sonra iddiaçı barəsində kameral qaydada vergilər hesablanmışdır. 2019-2020-2021-2022-2023-cü illər ərzində kameral vergi hesablanmamışdır.
4. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı vergi ödəyicisinin 2020-ci ilin sonuna 1.315.410 manat mal qalığının olduğu və 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” nın tələblərinə əsasən 1.578.492 manat gəlir müəyyənləşdirilmiş, 52.616,4 manat vergi hesablanmışdır. Vergi ödəyicisi dəfələrlə vergi hesabatı təqdim edərək ilin əvvəlinə olan mal qalığını ilin sonuna saxlayaraq, təqdim edilməmiş kimi hesablanmış vergiləri azaltmışdır. ## ###### 2024cü il tarixli, **************** nömrəli məktubla rəsmiləşdirilmiş vergi ödəyicisinə məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə tərtib edilmiş müşahidə baxış aktına əsasən mal qalığı müəyyən edilməmiş, bu barədə vergi ödəyicisini etibarnamə ilə təmsil edən şəxs akta müvafiq qeydlər etmiş və təsdiq etmişdir. Bu səbəblə, vergi ödəyicisinin mal qalığının olmaması qənaətinə gəlinmiş və hesablanmış vergi məbləği bərpa edilmişdir. ## #### 2024-cü il tarixdə təqdim edilən dəqiqləşmiş bəyannamədə isə mal qalığının satışa təqdim edildiyi göstərilmiş, 1.578.492 manat ümumi gəlir, 1.580.410 manat ümumi xərc göstərilmişdir. Xərcin tərkibində rezident üzrə nəqliyyat xərci 265.000 manat göstərilmiş, malın dəyəri isə 1.315.410 manat bəyan edilmişdir. Nəqliyyat xərcini təsdiq edən hər hansı sənəd vergi orqanına təqdim edilməmişdir. Uyğunsuzluq məktubu göndərilmiş, əsaslandırıcı sənədlər təqdim edilmədiyi üçün ## ###### 2024-cü il tarixdə hesablama bərpa edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Könül Həbibova).
6. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş məlumatlara, iş materiallarına əlavə edilmiş mənfəət vergisinin bəyannamələrinə və əlavələrindən müəyyən edilmişdir ki, iddiaçının 2020-ci ilin sonuna 1.315.410 manat mal qalığı olmuşdur. Iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək mallar * nömrəli əlavədə ilin sonuna qalıq kimi göstərilməsinə baxmayaraq, həmin malların sonrakı vəziyyəti müəyyən edilməmiş, vergi bəyannamələrində bəyan edilməmiş, vergi ödəyicisi mükəlləfiyyəti üzrə vergi hesabatlarını cavabdehə təqdim etməmişdir. Belə ki, 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən cavabdeh orqan tərəfindən 1.578.492 manat gəlir müəyyənləşdirilərək, 52.616,4 manat vergi hesablanmışdır. Cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlamasından sonra iddiaçı tərəf 2021-ci il hesabat dövrü üzrə yeni mənfəət vergisinə dair bəyannamə təqdim etmiş, yuxarıda qeyd edilən mal qalığının satışa təqdim edildiyi göstərmiş, 1.578.492 manat ümumi gəlir, 1.580.410 manat ümumi xərc, xərcin tərkibində rezident üzrə nəqliyyat xərci 265.000 manat və həmin qalıq malın dəyərini, yəni 1.315.410 manat məbləği bəyan etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qeyd edilən malların 2020-ci ildən ümumiyyətlə mövcud olmadığını, təqdim edilmiş bəyannamələrin onun tərəfindən verilmədiyini, həqiqətə uyğun olmadığını, müəssisənin işçisi olmayan mühasib tərəfindən səhv tərtib edildiyini bildirsə də, bu halları sübut edən hər hansı sənəd, eyni zamanda buraxılmış texniki səhvə dair cavabdeh orqana yönləndirilmiş müvafiq müraciət arayışını təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh orqana təqdim edilmiş bəyannamədə nəqliyyat xərcinin 265.000 manat məbləğində qeyd edilməsinin əsasları iddiaçı tərəfindən təqdim edilməmişdir.
7. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
8. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı MMC 2018-ci ildə Vergilər Nazirliyinin Risklər siyahısında 186-cı sırada olmuşdur. MMC-nin ƏDV depozit hesabına məhdudiyyət qoyulmuşdur. Ona görə də MMC “xxxx” firması və “xxxx” MMC-dən aldığı tikinti materiallarının pulunu ödəyə bilməmiş, bununla da, MMC-nin kreditor borcu yaranmışdır. MMC-nin fəaliyyəti olmadığından işçiləri və mühasibi işdən azad edilmişdir. MMC mənfəət vergisi bəyannaməsi təqdim etmək üçün kənar mühasib dəvət etmiş, həmin mühasib tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli bəyannamədə 2021-ci il mal qalığı da texniki səhv olaraq göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki ##.##.2024-cü il tarixdə tərəflərindən təqdim edilmiş bəyannamədə nəqliyyat xərcinin 265.000 manat qeyd edilməsi yanlışlıqdır. Lakin, vergi orqanı həmin bəyannamə əsasında mənfəət vergisi hesablamışdır. Nəzərə almaq lazımdır ki, avtonəqliyyat və dəmiryolu vasitəsilə gələn yük fərqlidir. Dəmiryolu ilə gələn yükün pulu ödənilmədiyi halda yük buraxılmır. Yük avtonəqliyyatla gəldiyi halda, Türkiyədən gələndə yükün pulunu ödəmək mümkün olsa da, Iran, Ukraynadan gələn yükün pulunu ödəmək mümkün olmur. Malın pulunu ödəsə də, bunu təsdiqləyən sənəd olmadığından vergi orqanı onu nəqliyyat xərci hesab etmir. Iddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); ... Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.19. Xalis mənfəət - mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət. ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır (##.##.2024-cü il tarixədək qüvvədə olmuşdur). Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 105. Verginin dərəcələri 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. ... Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə 109. Gəlirdən çıxılmayan xərclər 109.1. Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.3. Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. ... 109.5. Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır. ... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Maddə 136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. ...
12. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
13. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
14. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
15. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
16. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
17. Işdən görünür ki, cavabdehin ## #### 2022-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2021ci il üzrə iddiaçı İddiaçı MMC barəsində 52.616,40 manat mənfəət vergisi hesablanmışdır.
18. Bu qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin 2020-ci ilin sonuna 1.315.410 manat mal qalığı olduğundan və 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” nın tələblərinə əsasən 1.578.492 manat gəlir müəyyənləşdirilmiş, bununla da, 52.616,4 manat vergi hesablanmışdır.
19. Bundan sonra isə iddiaçı tərəfindən bu qərar, ümumiyyətlə, heç vaxt mübahisələndirilməmiş, həmçinin, 1.315.410 manat məbləğində malların sonrakı hərəkəti və reallaşdırılması barədə müvafiq hesabat dövrlərində vergi orqanına məlumat verilməmiş, eləcə də, 2022-2023-cü illər ərzində iddiaçı fəaliyyətinə dair vergi orqanına bəyannamə təqdim etməmişdir.
20. Yalnız ##.##.2024-cü il tarixdə iddiaçı cavabdeh vergi orqanına 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi (1-ci cild, səhifə 86) təqdim edərək, bəyannamədə ümumi gəlirini, cəmi xərclərini, vergitutma məqsədləri üçün mənfəətini və mənfəət vergisini 0 manat bəyan etmiş, bəyannaməyə * nömrəli əlavəsində isə hesabat dövrünün əvvəlinə mal qalığını 1.315.410,00 manat, dövr ərzində daxil olmanı 84.561,54 manat, hesabat dövrünün sonuna təqdim edilmiş malın məbləğini 0,88 manat, dövrün sonuna mal qalığını isə 1.399.971,54 manat olaraq bəyan etmişdir.
21. Daha sonra cavabdeh tərəfindən vergi ödəyicisinə məxsus obyektdə operativ vergi yoxlaması keçirilmiş, yoxlama nəzarəti tədbirinin nəticəsi üzrə ## ###### 2024-cü il tarixli “vergi ödəyicisinin ərazisində və binalarında keçirilmiş müşahidə-baxış hərəkətlərinin nəticəsi barədə” akt (1-ci cild, səhifə 39) tərtib edilmişdir. Müşahidə baxış aktına əsasən iddiaçı MMCyə məxsus Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanında yerləşən obyektdə mal qalığı müəyyən edilməmişdir.
22. Həmçinin, müşahidə aktından görünür ki, iddiaçı vergi ödəyicisinin nümayəndəsi X4 baxış zamanı izahatında MMC-nin nizamnamə kapitalının alqı-satqısının ## ######## 2023-cü il tarixdə aparıldığını, lakin, müəssisənin Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanında yerləşən anbarında tikinti materiallarının olub-olmaması barədə məlumatları olmadığını, malları təhvil almadıqlarını bildirmişdir.
23. Yekunda, müşahidə aktı vergi ödəyicisinin həmin nümayəndəsi tərəfindən imzalanaraq təsdiq edilmişdir.
24. Kollegiya qeyd edir ki, əgər iddiaçı 2021-ci ilin əvvəlinə 1.315.410,00 manat mal qalığının qaldığını və 2021, 2022 və 2023-cü illər ərzində də heç bir alqı-satqı əməliyyatı həyata keçirmədiyini iddia edirsə, bu halda bəyan etdiyi sözügedən məbləğdə olan mal qalığı yerində mövcud olmalıdır.
25. Lakin, hazırkı işdən bu müəyyən edilməmişdir.
26. Göründüyü kimi iddiaçı 2024-cü ilin yanvar ayında cavabdehə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin * nömrəli əlavəsində 2021-ci əvvəlinə 1.315.410,00 manat mal qalığının olduğunu, həmin il ərzində heç bir əməliyyat aparmadığını, yəni mal qalığının satılmadığını bildirsə də, vergi orqanı tərəfindən 1 ay sonra obyektinə baxış zamanı mal qalığı aşkar edilməmiş və bu fakt iddiaçı tərəfindən də mübahisələndirilməyərək təsdiqlənmişdir.
27. Operativ vergi yoxlaması tədbirindən sonra isə cavabdeh tərəfindən iddiaçı barəsində ## ###### 2024-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək, həmin qərarla 2021ci il üzrə iddiaçı barəsində ## #### 2022-ci il tarixli qərarla olduğu kimi 52.616,40 manat mənfəət vergisi hesablanmışdır.
28. Bundan sonra iddiaçı tərəfindən cavabdeh vergi orqanına ##.##.2024-cü il tarixdə eyni gündə 3 dəfə 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etmişdir: 1) Birinci bəyannamədə iddiaçı yenə də ümumi gəliri, cəmi xərclərini, vergitutma məqsədləri üçün mənfəətini və mənfəət vergisini 0 manat, bəyannaməyə * nömrəli əlavəsində isə hesabat dövrünün əvvəlinə mal qalığını 1.315.410,00 manat göstərmişdir. 2) Ikinci (1-ci cild, səh 67) bəyannamədə iddiaçı ümumi gəliri 1.578.492,00 manat, cəmi xərclərini isə 1.565.410,00 (malların təqdim edilməsi üzrə 1.315.410,00 manat, rezident üzrə nəqliyyat xərcləri 250.000,00) vergitutma məqsədləri üçün mənfəətini 13.082.00 (1.578.492,00 - 1.565.410,00) manat, mənfəət vergisini 2.616,40 manat (13.082.00 x 20%) bəyan etmiş, bəyannaməyə * nömrəli əlavəsində isə hesabat dövrünün əvvəlinə mal qalığını 1.315.410,00 manat, dövr ərzində daxil olmanı 334.561,54 manat, hesabat dövrünün sonuna təqdim edilmiş malın məbləğini 1.565.410,88 manat, dövrün sonuna mal qalığını isə 84.561,54 manat olaraq bəyan etmişdir. 3) Üçüncü (1-ci cild, səh 144) bəyannamədə isə iddiaçı ümumi gəliri 1.578.492,00 manat, cəmi xərclərini biraz da artıraraq 1.580.410,00 (malların təqdim edilməsi üzrə 1.315.410,00 manat, rezident üzrə nəqliyyat xərcləri 265.000,00) mənfəət üzrə azadolmasını 1.918.00 (1.580.410,00 - 1.578.492,00) manat, mənfəət vergisini 0 manat bəyan etmiş, bəyannaməyə * nömrəli əlavəsində isə hesabat dövrünün əvvəlinə mal qalığını 1.315.410,00 manat, dövr ərzində daxil olmanı 349.561,54 manat, hesabat dövrünün sonuna təqdim edilmiş malın məbləğini 1.580.410,00 manat, dövrün sonuna mal qalığını isə 84.561,54 manat olaraq bəyan etmişdir.
29. Daha sonra isə cavabdeh tərəfindən iddiaçı barəsində ## ###### 2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərar qəbul edilərək, həmin qərarla yenə də 2021-ci il üzrə 52.616,40 manat mənfəət vergisi hesablanaraq təkrarlanmışdır.
30. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir.
31. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçı ##.##.2024-cü il tarixdə vergi orqanına 3 dəfə bir-birinə tamamilə ziddiyyətli və bir-birini təkzib edən məlumatlar olan dəqiqləşdirilmiş bəyannamələr təqdim etmişdir.
32. Belə ki, 2024-cü ilin fevral ayında iddiaçının obyektinə baxış zamanı obyektdə mal qalığı aşkar edilmədiyi və hal iddiaçı tərəfindən də qəbul edildiyi halda, iddiaçı 2024-cü ilin iyul ayında təqdim etdiyi ilkin bəyannamədə yenə də əvvəlki mövqeyində olduğu kimi 2021-ci ilin əvvəlinə 1.315.410,00 manat mal qalığı olduğunu və həmin il ərzində də heç bir alqı-satqı əməliyyatı aparmadığını göstərmişdir. Həmin gündə verdiyi digər 2 bəyannaməsində isə iddiaçı artıq sözügedən 1.315.410,00 manat mal qalığını 2021-ci il ərzində satdığını bildirərək, qeyd olunan məbləği və əlavə olaraq rezident üzrə nəqliyyat xərclərini (250.000,00 manat və 265.000,00 manat) həmin il ərzində çəkilən ümumi xərclərə aid etmişdir. Nəticə olaraq, həmin il üzrə ümumi xərclərini 1.580.410,00 manat, gəlirini isə vergi orqanının müəyyən etdiyi məbləğdə - 1.578.492,00 manat bəyan edərək tərəfindən ödənilməli olan mənfəət vergisini 0 manat olaraq göstərmişdir.
33. Göründüyü kimi iddiaçı tərəfindən verilmiş sonuncu dəqiqləşdirilmiş bəyannamədə 265.000 manat rezident üzrə nəqliyyat xərcləri göstərilsə də, bu xərclərin çəkilməsi hər hansı mötəbər sübutlarla təsdiq edilməmişdir. Iddiaçının nümayəndəsi də məhkəmə iclasında izahatında həmin xərclərin nağd şəkildə ödənildiyini, lakin bu faktı təsdiq edəcək müvafiq sənədlərin olmadığını bildirmişdir.
34. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 14-cü maddəsini (sübut etmə vəzifəsi) Vergi Məcəlləsinin müddəaları ilə sistemli təhlil edərək qeyd edir ki, vergi mübahisələrində vergi orqanı vergitutma bazasını yaradan halları (hazırkı işdə anbarda olan malların aşkar edilmədiyini və bununla da gəlir əldə edildiyi ehtimalını) sübut etmək öhdəliyi daşıyır. Cavabdeh orqan müşahidə-baxış aktı ilə bu öhdəliyini icra etmişdir. Vergi ödəyicisi isə vergi yükünü azaldan, mənfəətdən çıxılmalı olan xərcləri (o cümlədən 265.000 manatlıq nəqliyyat xərcini) sübut etməyə borcludur.
35. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə görə gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.
36. Həmçinin, Məcəllənin aşağıda qeyd olunan normaları vergi ödəyicisinin vergi uçotunun aparılması və maliyyə öhdəliklərinin dəqiq qiymətləndirilməsi öhdəliyini müəyyən edir: - Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir (16.1.3-cü maddə); - Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir (130.1-ci maddə); - Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur (130.2-ci maddə).
37. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı vergi ödəyicisi tərəfindən qanunvericiliklə üzərinə qoyulmuş uçot öhdəliyinin yerinə yetirilməməsi və xərclərin sənədlərlə təsdiq edilməməsi vergi orqanı tərəfindən barəsində hesablanmış 52.616 manat vergi məbləğinin qanuniliyini şübhə altına almır.
38. Belə ki, işin tərəflər arasında mübahisəsiz hallarından göründüyü kimi iddiaçının 2021-ci il üzrə ümumi gəliri 1.578.492,00 manat olmuşdur. Onun 2020-ci ilin sonuna 1.315.410,00 manat mal qalığı olduğu və yerində baxış zamanı həmin məbləğdə malın aşkar edilmədiyi nəzərə alınaraq, həmin malın 2021-ci il ərzində satılaraq iddiaçının xərclərinə aid olduğu qəbul edilir. Bu baxımdan, iddiaçının ümumi gəliri (1.578.492,00 manat) ilə ümumi xərclərinin (1.315.410,00 manat) fərqinin, mənfəətinin cavabdehin müəyyən etdiyi kimi 263.082,00 manat, iddiaçı tərəfindən ödənilməli olan mənfəət vergisinin isə 52.616,40 manat olduğu müəyyən edilir.
39. Iddiaçının iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində mal-material qalığının 2021-ci ildə əvvəlki dövrü, yəni konkret olaraq 2018-2019-cu illəri əhatə etdiyindən həmin əməliyyatlara görə Vergi Məcəlləsinin 85.4-cü maddəsiylə müəyyən edilmiş vergi məsuliyyətinə cəlbetmə müddətinin (5 il) keçdiyini bildirmişdir.
40. Kollegiya iddiaçının bu dəlilini əsassız sayaraq qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan 85.4-cü maddəsinə görə 3 illik müddət "vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra" hesablanır.
41. Iddiaçının bəhs etdiyi 2018-2019-cu illər isə malın sadəcə anbara daxil olduğu və ya qalıq kimi formalaşdığı dövrlərdir. Anbarda qalan mal aktivlərə aiddir, mal nə vaxt təqdim edilirsə (satılırsa), vergitutma obyekti də həmin vaxt yaranır. Vergi orqanı 2024-cü ilin fevral ayında keçirdiyi operativ yoxlaması ilə müəyyən etmişdir ki, 2021-ci ilin əvvəlində olan mal qalığı artıq yoxdur. Bu isə o deməkdir ki, həmin mallar 2021-ci il ərzində (və ya sonrakı dövrdə) sənədləşdirilmədən satılmışdır. Bu baxımdan, da mübahisə predmeti olan vergi hesablaması 2021-ci il hesabat dövrünü əhatə edir. Çünki, vergi orqanı iddiaçının 2021-ci ildə bəyannamə təqdim etməməsini və 2021-ci ilin əvvəlinə mövcud olan mal qalığının (1.315.410,00 manat) sonradan yerində aşkar edilməməsini (satılmış hesab edilməsini) əsas götürərək əlavə hesablama aparmışdır.
42. Nəzərə almaq lazımdır ki, mənfəət vergisi bəyannaməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq, təqdim edilməlidir. Bu baxımdan, iddiaçının 2021-ci il üzrə mənfəət bəyannaməsi təqdim etmə öhdəliyi 2022-ci ilin mart ayında yaranır. Odur ki, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi hesablanmasına dair 2022-ci ildə (ilkin qərar) və 2024-cü ilin fevral və avqust aylarında qəbul etdiyi qərarlar qəbul edilərkən 3 illik müddət ötürülməmişdir.
43. Maddənin davamında qeyd olunur ki, vergi orqanının hesablanmış vergi məbləğlərini tutmaq hüququ 5 il ərzində qüvvədədir. Hesabat dövrünün ## ###### 2021-ci il tarixdə bitdiyi nəzərə alınaraq, müəyyən edilir ki, 5 illik müddət də ötürülməmişdir.
44. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilmiş 2021-ci il üzrə 52.616,40 manat məbləğində mənfəət vergisinin hesablanmasına dair qərar qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.