Məhkəmə qərarları › İş №2-1(3-8)-439/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-439/2026

24.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-439/2026 24.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:

1. Iddiaçı İddiaçı ona torpaq sahəsinin ayrılması barədə ərizə ilə 2007-ci il tarixdə Abşeron rayonu Qobu bələdiyyəsinə müraciət etmiş, bununla əlaqədar tərəfindən ##.##.2008-ci il tarixdə bələdiyyənin hesabına 1.200 (min iki yüz) manat məbləğində pul ödənilmişdir.

2. Müraciəti nəzərə alınaraq, Qobu Bələdiyyə şurasının ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evinin inşası üçün 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ##.##.2012-ci il tarixli, **** nömrəli rəyinə əsasən Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya 800 kv.m. torpaq sahəsinin ayrılması qanunamüvafiq hesab edilmiş və torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz edilməmişdir.

4. Həmçinin, ##.##.2012-ci il tarixdə Qobu bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında “Torpaqların alqı-satqısına dair” akt imzalanmışdır.

5. ##.##.2007-ci il tarixdə ayrılan 0,08 ha torpaq sahəsi bələdiyyənin yerquruluşu planından çıxarışında (1:10.000 miqyaslı) göstərilmiş və həmin sənəd DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmişdir.

6. 7. Iddiaçı ərizə ilə cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə müraciət edərək, Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə ona ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

7. Inzibati orqan ##.##.2024-cü il tarixli, ******/*-*****/** nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, 0,08 ha torpaq sahəsi Qobu bələdiyyəsi tərəfindən ##.##.2007-ci il tarixdə, ** nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının ## ###### 2012-ci il tarixində verildiyi, həmçinin, torpaq sahəsinin planı və ölçüsü səndinin hazırki ərizəyə əlavə edilmədiyi, Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir.

8. Verilən imtina ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə ona ayrılmış 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya 0,08 ha torpaq sahəsi ayrılmış, sahənin dəyəri iddiaçı tərəfdən ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan 0,08 ha torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Iddiaçı hər il torpaq vergisini Qobu bələdiyyəsinə ödəmiş və bələdiyyəyə torpaq vergisinə görə heç bir borcu qalmamışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir.

10. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

11. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayon, Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva).

13. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin iddiaçıya satılmasına dair qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Alqı-satqı aktının gec tərtib edilməsi iddiaçının təqsiri kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Məhkəmə iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinanın digər bir əsası kimi isə Qobu bələdiyyəsinin yeruquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilməməsini göstərmişdir. Məhkəmə qeyd olunan dəlilə münasibətdə bildirir ki, tərtib edilmiş yerquruluşu planından çıxarış Qobu bələdiyyəsinin sədri tərəfindən imzalanmış və möhürlənmişdir. Çıxarışın müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna, həmçinin vətəndaşın mülkiyyət hüquqlarınının məhdudlaşdırılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın tələbindən göründüyü kimi mühafizə zolağına aid məhdudiyyətlər tikililərin aparılması və s. ilə bağlı olmuşdur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ...

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

20. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

23. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarı

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” (##.##.2024-cü il tarixdə ləğv edilmişdir): 6-cı bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. 12-ci bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.

25. “Elektroenergetika haqqında” Qanun: Maddə 37. Elektroenergetika obyektlərinin mühafizəsinin təmin edilməsi və elektrik şəbəkələrinin mühafizə zonaları 37.1. Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 37.2. Elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları müəyyənləşdirilir. 37.3. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. 37.4. Mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

26. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il ## ##### tarixli ***-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: 1.1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun ............. 37.1-ci, 37.4-cü ................... maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; ... 1.4. həmin Qanunun ............... 37.1-ci və 37.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; ...

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2024-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”: 1.1. Bu Tələblər “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023cü il ## ##### tarixli ***-VIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 37.4-cü maddəsinə əsasən hazırlanmışdır və elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini, həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri müəyyən edir. 1.2. Elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılmasının və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları (torpaq sahələri, su və hava məkanı) müəyyənləşdirilir. ... 1.4. Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. ... 1.7. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər.

28. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

29. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

30. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

31. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Hazırkı mübahisənin predmetini Qobu Bələdiyyə şurasının ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası təşkil edir. Iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasına nail olmaqdan ibarətdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə iddianın təmin edilməsinə dair gəldiyi nəticə düzgün olmuşdur.

34. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

35. Şikayətin dəlilləri dörd hissədən ibarətdir:

1. Torpaq sahəsinə dair alqı-satqı aktının bələdiyyə qərarından gec tərtib edilmədiyi;

2. Torpaq sahəsinin planı və ölçüsü səndinin hazırki ərizəyə əlavə edilmədiyi;

3. Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi, döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi,

4. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi

35. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq etdiyindən qeyd edilən prosesin yekununda rəsmiləşdirilməsi məqsədi daşıyan alqı-satqı aktının gec tərtib edilməsi imtina üçün əsas ola bilməz.

36. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

37. Şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının gec bağlanması özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin aktın torpaq sahəsi ayrılan vaxta alınmamasının torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır.

38. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən belə bir əsaslandırma aparılmamışdır.

39. Iş materiallarından göründüyü kimi iddia olunan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada Qobu Bələdiyyə şurasının ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış, torpaq sahəsinin ayrılması proseduru zamanı qəbul edilmiş sənədlər – bələdiyyə qərarı, habelə, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz, DT və XK-nin Abşeron rayon şöbəsinin rəyi, torpaq sahəsinin yerquruluşu planından çıxarışının arxiv surətləri mövcuddur.

40. Həmçinin, iddiaçıya Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə 0,08 ha torpaq sahəsinin ayrılması bələdiyyə tərəfindən də təsdiq edilmiş və həmin qərarın qüvvədə olmasına dair ##.##.2025-ci il tarixli, *** nömrəli arayış verilmişdir.

41. Sadalananlara əsasən kollegiya hesab edir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd əsasında ayrıldığı və bu sənədin qüvvədə olduğu halda, torpaq sahəsinə dair alqı-satqı aktının gec tərtib edilməsi iddiaçının ziyanına şərh oluna bilməz.

42. Kollegiya şikayətin 2-ci və 3-cü dəlillərini də əsassız sayaraq, bildirir ki, əvvəla, cavabdeh torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda sahənin döngə nöqtələrinin koordinatlarının göstərilmədiyini bildirsə də, həmin sənədin iş materiallarında olan (səh.59-60) nüsxəsində sahənin döngə nöqtələrinin koordinatları göstərilmişdir. Qeyd olunan sənəd torpaq sahəsinin yerləşmə yerini müəyyənləşdirməyə imkan verir.

43. Bundan əlavə, işdən görünür ki, torpaq sahəsi inzibati icraat zamanı cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi tərəfindən yerinə müayinə edilərək sahənin həm sənəd üzrə, həm də faktiki ölçüsünün 0,08 ha təşkil etdiyi müəyyən edilmiş və bu barədə inzibati orqan tərəfindən “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən##.##.2024-cü il tarixli müayinə (baxış) aktı” tərtib edilmişdir.

44. Hazırkı halda, iddiaçı sənəd üzrə istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqnun qeydə alınmasını tələb etmiş, birinci instansiya məhkəməsi onun bu bu həcmdə tələbini təmin etmişdir.

45. Şikayətin sonuncu dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli, **-**/*-*/**-****/**** nömrəli məktubundan müəyyən edildiyi kimi iddia olunan torpaq sahəsi 10kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir.

46. Məhkəmə kollegiyası bildirir ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı dövrdə qüvvədə olan “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın, eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2024-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” inin yuxarıda istinad olunan normalarında qeyd edilən halın daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilməmişdir.

47. Odur ki, şikayətin həmin dəlili əsassızdır.

48. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Qobu Bələdiyyə şurasının ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.

49. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

50. Qobu Bələdiyyəsinin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur, qərarın hazırda qüvvədə olduğu bələdiyyə tərəfindən təsdiq edilmişdir.

51. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

52. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

53. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3 və 3.4-cü maddələrinə görə insan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməli, Konstitusiyada və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

54. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 8-ci maddəsi ilə mütənasiblik, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət normayaratma fəaliyyətinin əsas prinsipləri sırasında müəyyən olunmuşdur.

55. Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin tərkib hissəsi kimi mütənasiblik prinsipi hüququn məhdudlaşdırılma dərəcəsinin yalnız qanuni məqsəd üçün zəruri və ağlabatan həddə olmasını tələb edir. Bu təməl prinsip məhdudlaşdırmanın tətbiqi zamanı dövlətin və ya cəmiyyətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmasını şərtləndirdiyindən, belə tarazlığın qorunmaması və ya şəxsin həddən artıq məhrumiyyətə məruz qalması mütənasibliyin pozulması ilə nəticələnə bilər.

56. Işin yuxarıda qeyd olunan hallarına istinadən kollegiya hesab edir ki, iddiaçının hazırkı hüququnun realizəsi ilə bağlı cavabdeh tərəfindən müəyyən edilmiş məhdudiyyət mütənasiblik prinsipinin tələblərinə uyğun gəlmir.

57. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar