Məhkəmə qərarları › İş №2-1(3-8)-45/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-45/2026

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-45/2026 12.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4645/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya aid əmək kitabçasına görə o, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək S.M.Kirov adına sovxozda çilingər işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Kirov adına sovxozda fəhlə, xx.xx.1982- ci il tarixədək çilingər, xx.xx.1982-ci il tarixdən BakıSənayeticarətnəqliyyat müəssisəsinin (daha sonra adı Bakı Yük Avtonəqliyyat İstehsalat Birliyi, "xxxx" ASC adlandırılmış) 2702 saylı avtokolonnasında sürücü qəbul edilmiş və xx.xx.2007-ci il tarixədək həmin müəssisədə işləmişdir. "xxxx" ASC ilə birgə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktın surətindən görünür ki, qarşılıqı araşdırma zamanı "xxxx" ASC-nin arxivində saxlanılan əmək haqqı hesablanma cədvəllərinə tərəflərindən baxış keçirilən zaman vətəndaş İddiaçı 1986-cı ilin X, Xİ; 1988-ci ilin Vİİ, İX; 1991-ci ilin Vİ, Vİİİ,Xİ; 1992-ci ilin İİ, İX,Xİ; 1994-cü ilin İ,İV, Vİİ; 1995-ci ilin İ; 1996-cı ilin İİ; 1997-ci ilin İİ, Vİİİ; 1998-ci ilin İ, V, Vİİİ, Xİ, 1999-cu ilin İİİ-Xİİ, 2000-ci ilin İ,İİ; 2001-ci ilin İİ-X, Xİİ və 2002-ci ilin İİİ-V, Vİİ-Xİİ aylarında əmək haqqı hesablanmaması faktı müəyyən olunmuşdur. 1982, 1983, 1984, 2003, 2004, 2005–ci illərin əmək haqqı hesablama cədvəllərin müəssisənin arxivində saxlanılmamışdır. Digər cədvəllər üzrə İddiaçı əmək haqqı hesablanması əmək haqqı hesablama cədvəllərində öz təsdiqini tapdı. Cavabdehin 23 dekabr 2024-cü il tarixli 3-17-1/2-L-323270/2024 nömrəli imtina məktubundan görünür ki, təqdim edilmiş sənədlərin surətlərinə və nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətə olduğu müddət və xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də adına əmək haqqı hesablanmış aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 13 il 6 ay 15 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı Qanunla nəzərdə tutulan 25 ildən az təşkil etdiyindən, həmçinin fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmadığından onun yaşa görə əmək pensiyasi hüququ yaranmamışdır. Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arxiv çıxarışından görünür ki, Bakı Yük Nəqliyyat İdarəsinin ("xxxx" ASC) arxiv sənədləri mühafizə üçün Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq sığorta stajının olmasını nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cü il təvəllüdlüdür. O. xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək S.M.Kirov adına sovxozda çilingər işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Kirov adına sovxozda fəhlə, xx.xx.1982ci il tarixədək çilingər, xx.xx.1982-ci il tarixdən BakıSənayeticarətnəqliyyat müəssisəsinin (daha sonra adı Bakı Yük Avtonəqliyyat İstehsalat Birliyi, "xxxx" ASC adlandırılmış) 2702 saylı avtokolonnasında sürücü qəbul edilmiş və xx.xx.2007-ci il tarixədək həmin müəssisədə işləmişdir. Beləliklə, onun 2 il 10 ay Qusar rayon Kirov sovxozunda, 23 il 7 ay "xxxx" ASC-də sığorta stajı vardır. Hərbi xidmət müddəti də daxil edildikdə cəmi 28 il 5 ay sığorta stajı vardır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, onun müraciəti müsbət həll edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1982-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də adına əməkhaqqı hesablanmış aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 13 il 6 ay 15 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı Qanunla nəzərdə tutulan 25 ildən az təşkil etdiyindən, həmçinin fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006- cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Bununla bağlı iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7191/2025 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4645/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya aid əmək kitabçasında 1982-2005-ci ilədək "xxxx" ASC-də işləməsi ilə bağlı qeydlər vardır. Lakin Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arxiv çıxarışından görünür ki, iddiaçı Bakı Yük Nəqliyyat İdarəsinin ("xxxx" ASC) arxiv sənədləri mühafizə üçün dövlət arxivinə verilməmişdir. Həmçinin, cavabdeh təşkilat inzibati icraat çərçivəsində araşdırma aparmış və "xxxx" ASC ilə birgə tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, 1986-2002-ci illərin bir çox aylarında əməkhaqqı cədvəllərində iddiaçının adına əmək haqqının verilməməsi məlum olmuşdur Göründüyü kimi iddiaçının müvafiq müəssisədə həmin müddətlərdə işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisələrdə işlədiyi müvafiq illəri iş stajına daxil edilməsi məqsədəmüvafiq deyildir. Belə olan halda iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Ona görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Göründüyü kimi iş stajını 2006-cı ilə qədər təsdiq edən əsas sənəd əmək kitabçası olmuşdur. Şəxsin sığorta stajı bütün illər ərizində həmin kitabçaya qeyd edimişdir. Məhkəmə eyni zamanda cavabdeh orqan şəxsin işləmiş olduğu dövrlər ərizində müəssisənin müəyyən dövrlər ərizində PAS-a pul köçürməməsi kimi hüquq pozuntuları etməsinin səbəbkarı iddiaçı yox məhz müəssisənin özü olmuşdur. Bundan əlavə sonradan müəssiənin özəlləşdirilməsi, daşınmaların bir çoxunu başqa ölkələrin müəssisələri etdiyindən həmin müəssisənin daha çox daxili yük daşımaları həyata keçirməsi, müəssisəyə sonradan yeni işçilərin gəlməsi (işçi kollektivinin tamam dəyişməsi) ən əsasda əvvəlki qanunvericilikdə pensiya kapitalının olmaması pul köçürmələrinin səbəbləri sırasındadır, ən azından biz belə hesab edirik. Müəssisənin möhürü və səlahiyyətli şəxslərinin imzası əmək kitabçasında qeyd edilmişdir. Hətta müəssisə yenidən təşkil edilən vaxta bu qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Məhkəmə işi düzgün araşdırmayaraq iş üçün əhəmiyyətli hal kimi cavabdeh orqan tərəfindən verilmiş arayışları əsas götürmüşdür. Bundan əlavə məhkəmə arxiv arayışının olmaması məsələsini məhz əsas səbəbkarı kimi iddiaçını görmüşdür. Məhkəmə həqiqəti ortaya çıxarmaq əvəzinə həqiqət olmayan halları ortaya çıxarmış və yalnız cavabdehin maraqlarından çıxış etmişdir. Əmək kitabçası, peşə məktəbinin bitirməyə görə attestatı ən əsas olan hallardan biri hərbi bileti nəzərə almamış, bu halları ümumiyyətlə araşdırmamışdır. Ümumilikdə 28 ildən çox iş stajın 25 ildən az sığorta stajı kimi hesab etmişdir. Məhkəmə Milli Arxiv İdarəsinə işçilərin sənədlərini verməməsi halını əsas səbəbkarı kimi müəssisəni yox iddiaçının özünü görməsi və bu halı şübhəli bilib iddiaçının 16 iş müəssisədə işləməməsi işin hallarına uyğun gəlmir və nəticəyə birbaşa təsir edir. Cavabdeh əmək kitabçasında olan məlumatların həqiqi olub-olmaması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Halbu ki, bu 16 il şəxsin həmin müəssisədə işləməməsi kimi hala dair sübutların məhz cavabdehin xeyrinə həll edilməsi göstərilənlərin əsassız olması qənaətinə gəlir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq sığorta stajının olmasını nəzərə alıb, yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsi barədədir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan 25 ildən az təşkil etdiyindən, həmçinin fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmadığından onun yaşa görə əmək pensiyasi hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını ümumi sığorta stajının qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etməməsi 25 ildən az təşkil etməsi və fərdi şəxsi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalının qeydə alınmamasıdır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının məzmunundan görünür ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək çilingər vəzifəsində çalışmış, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1980-ci il xx.xx.1982-ci il tarixədək sovxozda çilingər vəzifəsində çalışmış, xx.xx.1982-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “Bakı Yük Nəqliyyat İdarəsi”-də 2702 saylı Avtonəqliyyat dəstəsində sürücü vəzifəsində çalışmış, xx.xx.1997-ci il tarixdə müəssisənin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə həmin müəssisədə işləməsi halı iş materiallarında olan sübutlar (əmək kitabçası) öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə əmək kitabçasının mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arxiv çıxarışında Bakı Yük Nəqliyyat İdarəsinin ("xxxx" ASC) arxiv sənədləri mühafizə üçün Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsi qeyd edilmişdir. Həmçinin, cavabdeh təşkilat inzibati icraat çərçivəsində araşdırma aparmış və "xxxx" ASC ilə birgə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Akt tərtib edilmişdir. Cavabdeh həmin akta istinadən iddiaçının işlədiyi müəyyən aylarda əmək haqqı almamasını əsas götürmüşdür. Lakin burada nəzərə alınmalıdır ki, elə həmin aktda 1982, 1983, 1984, 2003, 2004 və 2005-ci illər üzrə müəssisənin əmək haqqı cədvəllərinin arxivdə saxlanılmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən aktın iddiaçının ziyanına olan sübut kimi qiymətləndirilməsi özü özülüyündə səhvdir. Cavabdeh müəyyən illərdə əmək haqqı cədvəllərinin ümumiyyətlə, aşkar edilməməsini iddiaçının həmin dövrlərdə əmək haqqı almaması kimi şərh etmişdir. Halbuki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) və ya lazımi qaydada saxlanılmaması hazırki iddia üzrə iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(102)- 594/2021 saylı qərarı) Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından, məhkəmə kolegiyası hesab edir ki, cavabdeh tərəfindən həmin dövrlər sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4645/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar