Məhkəmə qərarları › İş №2-1(3-8)-460/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-460/2026

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-460/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, ##.##.1993-cü ildə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ##.##.2022ci il tarixdən ödənilməmiş pensiya fərqinin ödənilməsi, iddiaçının əmək pensiyasından tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş ## ### 2022-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı 08 23 ** saylı pensiya işi üzrə əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2022-ci il tarixli qərarının ləğv edilməsi, ##.##.1993-cü ildə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ##.##.2022-ci il tarixdən ödənilməmiş pensiya fərqinin ödənilməsi, iddiaçının əmək pensiyasından tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 1993-cü ildə Çernobıl əlili kimi əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh tərəfindən qanunsuz olaraq ## ### 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən müəyyən olunmuşdur ki, ona 223977,24 manat artıq pul ödənilmişdir və buna görə də, hər ay iddiaçının pensiyasından müəyyən qədər tutulur. Həmin qərar əsasında pensiya məbləği 2626,78 manatdan 588,16 manata azaldıldı. Mübahisələndirdiyi qərar qəbul olunan vaxtdan hər ay təxminən 200 manat pul mənim pensiyadan qanunsuz olaraq tutulur. Qeyd olunan qərar iddiaçının hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan qərarın ləğv olunması barədə əvvəlcə cavabdehə müraciət etsə də, cavabdeh müraciətinin təmin olunmasından imtina etmişdir. Iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız sayılmalı və iddia ərizəsi təmin olunmalıdır. Cavabdeh tərəfindən təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, iddiaçı İddiaçı Mərkəzi Filiala müraciət edərək, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasına dair ## ### 2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Mərkəzi Filialın cavab məktubunda bildirilmişdir ki, iddiaçının müraciətində qeyd etdiyi məsələnin icrası ilə əlaqədar məhkəmə prosesi yekunlaşdıqdan sonra müvafiq məsələyə baxılacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Qərardad onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli qərarından görünür ki, məhkəmə qərarı əsasında İddiaçı əmək pensiyasının yenidən hesablanması və 588,16 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən qəbul edilən qərar məhkəmə qərarı əsasında qəbul edilmişdir. Bu səbəbdən artıq qüvvədə olan məhkəmə qərarı olduğu və mübahisə həmin qərarın icrası ilə bağlı yarandığı üçün iddia tələbi mümkün sayılmamalıdır. Hazırki mübahisəyə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində prosessual hüquq normaları kimi Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12, 13, 68.2, 69.3 və 82-ci maddələrinə istinad olunmuş, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli Qərarına istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən,cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi iddiaçının ****** saylı pensiya işi üzrə əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2022-ci il tarixli qərarının ləğv edilməsi, ##.##.1993-cü ildə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ##.##.2022-ci il tarixdən ödənilməmiş pensiya fərqinin ödənilməsi, iddiaçının əmək pensiyasından tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulması qoyulması ilə bağlıdır. Işin hallarından müəyyən edilir ki, iddiaçıya 1993-cü ildə Çernobıl əlili kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2019-cu ildə iddiaçı məhkəmədə idda qaldıraraq əmək haqqının 4 qat məbləğində ödənilmiş pul mükafatın Çernobıl AES-də olduğu günlərin sayına, yəni 30 günə bölünərək 25.4-ə vurulmaqla alınan əmək haqqının indeksasiya edilməsi nəticəsində ##.##.2008-ci il tarixdən əmək pensiyasının məbləğinin yenidən hesbalanmsaı və yaranmış fərqin birəfəlik ödənilməsini tələb etmişdir. Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar apellyasiya və kassasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qərar uzun müddət icra edilməmiş, daha sonra cavabdeh 2022-ci ildə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edərək əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmiş və nəticə etibarı ilə iddiaçının əmək pensiyası 588.16 manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı həmin qərarı mübahisələndirməklə faktiki olaraq məhkəmə qərarının bu şəkildə icra edilməsindən narazıdır. Belə ki, hətta 2008-ci ildə iddiaçının aldığı əmək pensiyasının məbləği 1000 manatdan atıq olmuş, daha sonra illər boyu aparılan indeksləşdirmə nəticəsində əmək pensitası 2626 manata qədər qalxmışdır. Məhkəmə qərarının icrsaı nəticəsində aparılan yenidən hesablama nəticəsində onun əmək pensiyası artmalı olduğu halda 4 dəfəyə qədər azalmışdır. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən ##.##.2022-ci il tarixli qərar iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə məhz qüvvədə olan məhkəmə qərarının icrası ilə əlaqədar qəbul edilmişdir. Yəni həmin inzibati akt müstəqil inzibati mülahizə nəticəsində deyil, məhkəmə aktının icrasını təmin etmək məqsədilə çıxarılmışdır. Bu baxımdan, iddiaçının hazırkı tələbi formal olaraq inzibati aktın ləğvinə yönəlsə də, mahiyyət etibarilə qüvvədə olan məhkəmə qərarının nəticələrinin mübahisələndirilməsinə yönəlmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları bütün dövlət orqanları, o cümlədən məhkəmələr üçün məcburidir və onların düzgünlüyü ayrıca iddia icraatı qaydasında yenidən qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının icrası ilə bağlı yaranan mübahisələr, o cümlədən hesablamanın düzgün aparılmaması, məbləğin səhv müəyyən edilməsi və ya tutulmaların qanunauyğunluğu ilə bağlı iddialar ayrıca yeni iddia predmetinin formalaşdırılması yolu ilə deyil, məhz icra icraatı çərçivəsində – icra məmurunun və ya icra prosesində iştirak edən digər subyektlərin hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsi qaydasında həll edilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü tələblər (pensiyanın əvvəlki vəziyyətə qaytarılması, fərqin ödənilməsi və tutulmuş məbləğin geri verilməsi) faktiki olaraq məhkəmə qərarının icrasının nəticələrinə müdaxilə edilməsini nəzərdə tutur. Bu isə iddia icraatı qaydasında baxıla biləcək mübahisə deyildir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun müdafiəsi üçün seçilmiş müdafiə vasitəsi düzgün deyildir və bu səbəbdən iddia hüquqi cəhətdən mümkün hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə araşdırılması hüquqi baxımdan mümkün olmadığından, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar