Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-461/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Üçüncü şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “##.##.2006-cı il tarixli, JN-***F saylı şəhadətnamənin və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “##.##.2006-cı il tarixli, JN-***F saylı şəhadətnamənin və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ilin ## ####ında Quba rayonunun Küpçal kənd bələdiyyəsinə müraciət etmişdir. 0, 10 ha torpaq sahəsi almışdır. 0, 10 ha torpaq sahəsi üçün 240 manat pul köçürmüşdür. ## ###### 2007-ci ildə torpağın alınması ilə ** nömrəli akt qəbul edilmişdir. ## #### 2007-ci ildə torpağın alınması haqqında sənəd tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Daha sonra isə Dövlət Torpaq və Xəritə Çəkmə komitəsi tərəfindən alınmış Torpağın xəritəsi tərtib və təsdiq edilmişdir. 2004-2007-ci illərdə Küpçal kəndi ərazisindən torpaq sahələri yerli sakinə satıla bilərdi. Onların kəndinə aid olmayan Üçüncü şəxs Fərəməz oğlunun adına bələdiyyə alqısatqısı olmadan Şəhadətnamə yazdırılmışdır (12. 05. 2006-cı il tarixli. 30.3013074874 reyestr saylı. JN-255 F nömrəli Şəhadətnamə) və həmin Şəhadətnamə əsasında RX seriyalı, 0828459 Çıxarış alınmışdır. Torpaq sahəsi iddiaçıya aid olduğu halda- ilkin bələdiyyə sənədləri, alqı-satqı yolu ilə aid olduğu halda saxta Şəhadətnamə ilə necə çıxarış almaq olar. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən ##.##.2006-cı il tarixli, JN-***F saylı Şəhadətnamənin və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğvi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi Idarəsinin səlahiyyətlərinə aid deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsi notariat qaydada təsdiqlənmiş müqavilələr əsasında digər şəxsə satılmış və sonuncunun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla da mülkiyyət hüququ hüquq sahibi tərəfindən itirilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsi notariat qaydada təsdiqlənmiş müqavilələr əsasında Üçüncü şəxs satılmış və sonuncunun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. ************ reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Üçüncü şəxs torpaq sahəsi Quba rayon Küpçal bələdiyyəsinin ## ##### 2006-cı il tarixli, ** saylı qərarı ilə satılmışdır. Göründüyü kimi çıxarışın verilməsinə əsas bələdiyyə qərarı olmuşdur. Iddiaçı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində Quba rayon Küpçal bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarını təqdim etmişdir. Lakin təqdim edilmiş qərarda, qərara əlavə edilmiş sənədlər – alqı-satqı aktı, ödəniş qəbzində təsdiq edilməmiş düzəlişlərin, adların silinərək yenidən yazıldığı görünür. X2 filialının ##.##.2025-ci il tarixli məktubunda Quba rayonu Küpçal bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı iclas protokolunun arxivə təhvil verilmədiyi, protokola əlavə sənədlərdə İddiaçı Şixseyid oğlunun adının aşkar edilmədiyi qeyd edilmişdir. Beləliklə, təqdim edilmiş Quba rayon Küpçal bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı məhkəmə tərəfindən mötəbər sənəd kimi qəbul edilmədiyindən hazırki iddia tələbini qaldırmaqda iddiaçının subyektiv hüququ müəyyən olunmur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, hazırki vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiam mümkün sayılmamış və subyektiv hüququmun mövcud olmadığı əsas gətirilmişdir. Həmin qərardad maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunmuşdur.Subyektiv hüququnun mövcudluğu Küpçal Bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarı; 0,10 ha torpaq sahəsinə dair alqı-satqı aktı; ödənişin həyata keçirilməsini təsdiq edən rəsmi qəbz və torpaq sahəsinin xəritəsi və texniki sənədlər ilə təsdiq olunur. Bu sənədlər torpaq sahəsinin qanuni əsaslarla əldə edildiyini və hüququn faktiki olaraq formalaşdığını təsdiq edir. Məhkəmə həmin sübutları mahiyyəti üzrə araşdırmadan formal əsasla nəticə çıxarmışdır ki, bu da Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin tələblərinə ziddir. Üçüncü şəxs Fərəməz oğlunun adına rəsmiləşdirilmiş şəhadətnamə və onun əsasında verilmiş çıxarış real və qanuni bələdiyyə alqı-satqısına əsaslanmır, torpağın həmin şəxsə verilməsinin hüquqi əsası sübuta yetirilməmişdir və sənədlərin qanuniliyi ciddi şübhə doğurur. Qanuni əsas olmadan aparılmış dövlət qeydiyyatı hüquqi müdafiə altında saxlanıla bilməz və məhkəmə bu halları araşdırmadan iddianı mümkün saymamışdır. Məhkəmə iş materiallarında olan sübutları tam və hərtərəfli qiymətləndirmədən qərardad qəbul etmiş, bununla da ədalətli məhkəmə araşdırması prinsipini və Konstitusiya ilə təmin olunan məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3.Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ##.##.2006-cı il tarixli, JN-***F saylı şəhadətnamənin və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kollegiya qeyd edir ki,iddianın mümkünlüyü mərhələsində ilkin dəyərləndirmə üzrə müəyyən edilməli olan birinci hal məhz iddiaçının sözügedən iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması ilə bağlı olan haldır. Qanunvericiliyin tələbinə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından subyektiv hüququnun mövcudluğu o halda ortaya çıxmış olur ki, tələb etmək hüququnun qanuni əsası mövcud olmuş olsun, habelə hüququn həqiqətən pozulması, hüquqa aşkar müdaxilənin mövcudluğu, hüquqi müdafiəyə ehtiyacın olması, çatmaq istədiyi məqsədə uyğun iddia irəli sürməsi və s. kimi dəyərləndirmə əsasları mövcud olmuş olsun. Kollegiya hazırki iş üzrə iddianın mümkünlüyü baxımından onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu mərəhələdə zəruri olan həcmdə araşdırma aparılaraq, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi ilə bağlı işin faktiki və hüquqi hallarına dair düzgün hüquqi qiymət verilərək, qiymtəvermənin əsasları ətraflı şəkildə qeyd edilmiş, kollegiya həmin dəyərləndirmə razı olduğundan, təkrarən həmin halların qeyd edilməsini zəruri hesab etmir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi öz adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin məzmununda düzəlişlər edilməklə, yanaşı, həmin sənədlərin arxiv nüsxəsinin başqa şəxsə (X1) aid olması halı müəyyən edilmiş, ona aid sənədlərin arxiv əsasları mövcud olmamışdır. Göründüyü kimi iddiaçı başqa şəxsin adına tərtib edilmiş sənədlərə onların məlumatlarına düzəliş etməklə, özünə aid olan sənəd kimi istinad etməklə (özünə adi hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir) hazırki iddia tələbini irəli sürmüşdür. Bu hal isə özlüyündə iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını deməyə əsas verir. Belə ki, iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün o halda subyektiv hüquqa malik ola bilərdi ki, sözügedən torpaq sahəsi onun qanuni sahibliyində və ya istifadəsində olmuş olsun və ya həmin əmlakla hər hansi hüquqi bağlılığı (hüquqmüəyyənedici sənəd əsasında onun adına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmüş olması, mülkiyyət, icarə və s. əmlak hüququnun mövcudluğu) müəyyən edilmiş olsun. Indiki halda isə iddiaçıya münaisbətdə belə bir halın mövcudluğu müəyyən edilməmiş, əksinə həmin torpaq sahəsinin ona aid olmasını başqa şəxsin adına mövcud olan sənədlərin məzmununda düzəlişlər edərək, öz adına olan sənəd kimi təqdim etməklə, düzgün olmayan məlumat verməklə, əsaslandırmışdır. Belə olan halda, kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları (iddiaçının sözügedən torpaq sahəsi ilə hüquqi bağlılığının mövcud olmaması, torpaq sahəsinin ona məxsus olması əsası kimi istinad etdiyi hüquqmüəyyənedici sənədin başqa şəxsə aid olması, təqdim etdiyi sənədlərin məzmununda özünün adına düzəlişlər edilməsi və s.) iddiaçının hazırki iddia tələbin irəli sürmək üçün subyektiv hüquqa malik olmamasını deməyə əsas verir, hansı ki həmin hal iddianın mümkün sayılmaması üçün əsas hesab edilir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, indiki halda iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin mübahisələndirilməsinə dair iddia tələbi irəli sürməklə bağlı hüquqi yardım göstərilməsinin də əsasları mövcud olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-461/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-461/2026
14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver