Məhkəmə qərarları › İş №2-1(3-8)-470/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-470/2026

31.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-470/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Hacıyeva Tünzalə Arif qızının iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “Əzizov Cəmil İmam oğluna Quba rayonu, Alekseyevka kəndində torpaq ayrılması haqqında Aqrar islahat komissiyasının 24.02.2000-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02.03.2026-cı il tarixli, 2-1(118)-6499/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI:

1. Aqrar İslahat Komissiyasının 24.02.2000-ci il tarixli qərarı ilə Əzizov Cəmil İmam oğluna 0.30 ha həyətyanı torpaq sahəsi ayrılmış və JN-1039 nömrəli şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi bölünərək satılmış və həmin torpaq sahəsində alıcılar tərəfindən fərdi yaşayış evləri inşa edilmişdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.07.2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Quba rayonu, Alekseyevka kəndinin ərazisində Ələsgərov Rəvan Bəhlul oğlu tərəfindən inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi "Qaz İxrac" idarəsinin istismarında olan 325 mm diametri 12 atm təzyiqli "Quba QPS qolu" yüksək təzyiqli magistral qaz kəmərindən metal darvazaya və daş hasara qədər 8.84 metr, evə qədər isə 20.28 metr olduğu nəzərə alınaraq, metal darvazanın, daş hasarın və evin 325 mm diametrli 12 atm təzyiqli "Quba QPS qolu" yüksək təzyiqli magistral qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2.7ci bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşür.

3. Bundan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi 02.04.2025-ci il tarixdə cavabdeh Quba Rayon İcra Hakimiyyətinə müraciət edərək, fərdi yaşayış evinin tikintisi üçün Əzizov Cəmil İmam oğluna Quba rayonu, Alekseyevka kəndində torpaq ayrılması haqqında Aqrar islahat komissiyasının 24.02.2000-ci il tarixli qərarını və həmin qərar qəsasında verilmiş hüquqmüəyyənedici sənədlərin həmçinin, Ələsgərov Rəvan Bəhlul oğlunun adına verilmiş 17.06.2021-ci il tarixli 2821016377 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin müraciətinə cavabdeh Quba Rayon İcra Hakimiyyəti tərəfindən müsbət cavab verilmədiyindən hazırki iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddia onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının 24.02.2000-ci il tarixli qərarı ilə vətəndaş Əzizov Cəmil İmam oğluna Quba rayonu, Alekseyevka kəndində torpağa dair JN-1039F saylı şəhadətnamə verilmiş, həmin torpaq sahəsi sonradan müxtəlif şəxslərin adma özgəninkiləşdirilmiş, sonuncu dəfə Ələsgərov Rəvan Bəhlul oğlunun adına mülkiyyət hüququ tanınmaqla 17.06.2021-ci il tarixli 2821016377 qeydiyyat nömrəli çıxarış verilmişdir. Quba Rayon Məhkəməsinin icraatında olan həmin torpaq sahəsinə dair mübahisə üzrə Azərbaycan respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08.07.2024cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi - Quba rayonu, Alekseyevka kəndinin ərazisində Ələsgərov Rəvan Bəhlul oğlu tərəfindən inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi "Qaz İxrac" idarəsinin istismarında olan 325 mm diametri 12 atm təzyiqli "Quba QPS qolu" yüksək təzyiqli magistral qaz kəmərindən metal darvazaya və daş hasara qədər 8.84 metr, evə qədər isə 20.28 metr olduğu nəzərə almnaraq, metal darvazanın, daş hasarın və evin 325 mm diametrli 12 atm təzyiqli "Quba QPS qolu" yüksək təzyiqli magistral qaz kəmərinin Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2.7 bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşür. Aqrar İslahat Komissiyası tərəfindən 24.02.2000-ci il tarixli qərarla Əzizov Cəmil İmam oğluna fərdi yaşayış tikintisi üçün torpaq sahəsi ayrılarkən, torpağın 325 mm diametrli 12 atm təzyiqli "Quba QPS qolu" yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi nəzərə alınmamış, Dövlət Neft Şirkətinə məlumat verilməmiş, razılığı alınmamış, qəbul edilmiş qərar SOCARa təqdim etməmişdir. Aqrar İslahat Komissiyası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş, dövlətin müstəsna mülkiyyətinə aid olan sənaye təyinatlı torpaq sahəsinin mühafizə zonasından fərdi yaşayış evi tikintisi üçün Əzizov Cəmil İmam oğluna torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilən torpaq sahəsində aparılan tikili yüksək təhlükə mənbəyi olmaqla yanaşı həm "Qaz İxrac İdarəsinin" qanuni maraqlarına toxunur, həm də Azərbaycan Respublikası Qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozur.Magistral qaz və neft kəmərinin mühafizə zonasında tərəfinizdən verilmiş hüquqmüəyyənedici sənədlər əsasında vətəndaş R.Ələsgərovun mülkiyyətində olan həmin torpaq sahəsində apardığı tikinti işləri həm vətəndaşın özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 15.10.2025-ci il tarixli, 2-1(118)-6499/2025 nömrəli qərardadı ilə Əzizov Cəmil İmam oğlu və Ələsgərov Rəvan Bəhlul oğlu zəruri cəlbetmə qaydasında məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 02.03.2026-cı il tarixli, 2-1(118)-6499/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Rahim Həsənov)

8. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür.Göründüyü kimi iddiaçı hazırda mövcud olmayan orqan Quba rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və iddia tələbini Quba Rayon İcra Hakimiyyətinə yönəltmişdir.

9. Quba Rayon İcra Hakimiyyətinin Quba rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Belə olan halda Quba Rayon İcra Hakimiyyətin mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh, yaxud da onun sələfləri tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.03.2022-ci il tarixli Qərarında da “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanları kimi göstərilmişdir: “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi” təsdiq edilsin (əlavə olunur). Hesab edirik ki, vəzifəli şəxs tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməməklə, verilməsinə səlahiyyəti olmadan verilmiş qərarla dövlət tərəfindən ölkədə aparıcı sənaye sahəsi olan neft-qaz sektorunun inkişafı üçün Dövlət Neft Şirkətinin istismarına verilmiş torpaq sahələrinin mühafizə zonalarında yerləşən torpaq sahələrinə dair qərar qəbul etməsi açıq şəkildə göstərir ki, həmin qərar qəbul olduğu andan etibarsızdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, məhkəmə tərəfindən haqlı, əsaslı iddialarımızın məhkəmə icraatının mümkünsüz hesab edilməsi, bu cür qərarların qəbul edilməsinə məhkəmənin münasibət bildirməməsi, həmin növdə qərarların çıxarılmasını kütləviləşdirir ki, bu həm ölkə iqtisadiyyatına, həm də hüquqi dövlət prinsiplərinə ciddi xələl gətirir, həmin torpaq sahəsində yaşayanlar və ətrafdakılar üçün həyati əhəmiyyətli təhlükələrə, SOCAR-a qarşı edilən hüquq pozuntularının qarşısını almaq əvəzinə, qeyd edilən qanunsuz hərəkətlərin çoxalmasına yol açır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Hacıyeva Tünzalə Arif qızı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. 13 Cavabdeh Quba Rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Ələsgərov Rəvan Bəhlul oğlu və Əzizov Cəmil İmam oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, iddiaçının nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə baxılmasını mümkün hesab etmişdir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ:

14. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

16. İddiaçının irəli sürdüyü tələblər və apellyasiya şikayətinin dəlilləri iş materialları və tətbiq olunan qanunvericilik normaları ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad qanuni və əsaslı olmuş, iddianın mümkün sayılmaması barədə nəticəyə gəlməkdə məhkəmə düzgün hüquqi mövqe tutmuşdur.

17. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).

18. Məhkəmə kollegiyası nəzərə alır ki, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır.

19. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər.

20. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür.

21. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. (.....) 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması (....)

22. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

23. Göründüyü kimi ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt – Quba rayon Aqrar İslahat Komissiyasının 24.02.2000-ci il tarixli qərarı – hazırda mövcud olmayan dövlət orqanı tərəfindən qəbul edilmişdir. Həmin komissiya Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, lakin sonradan Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə həmin Əsasnamə qüvvədən düşmüş və nəticə etibarilə bu qurumun fəaliyyəti dayandırılmışdır. Yəni məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan ona məlum olması nəzərdə tutulan inzibati aktı bir illik müddət ərzində mübahisələndirmək hüququ müvcud olmuş, lakin bunu etməmişdir.

24. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətində göstərilən dəlillər isə həmin qərardadın ləğvi üçün əsas yaratmır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia müddətin ötürülməsi əsası ilə mümkün olmadığından birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

26. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02.03.2026-cı il tarixli, 2-1(118)-6499/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar