Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-485/2026 01.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızının və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçının 2025-ci ildə ödənilmiş, lakin əvvəlki illərə aid olan sosial sığorta ödənişlərinin də pensiya kapitalına əlavə edilməsini və əmək pensiyasının müvafiq artımla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiyasının hesablanması zamanı məcburi dövlət sosial sığorta haqlarının hesablandığı tarixlərə uyğun olaraq indeksləşdirilməsi əsasında əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1959-cü il təvəllüdlü İddiaçı ##.##.1976-cı ildən, yəni 50 ilə yaxın sığortalı iş stajı vardır. Sonuncu iş yeri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində “xxxx" X4, sonradan onun bazasında yaradılmış Zireh MMC olmuşdur. Iddiaçı ## ###### 2024-cü ildə əmək pensiyasına çıxan zaman, işlədiyi müəssisənin DSMF-yə 2200000 manat borcu olmuşdur. Pensiyaya çıxarkən fərdi şəxsi hesabında olan 54902,88 manat pensiya kapitalına və 29 il 1 ay 9 gün sığorta stajına uyğun pensiya hesablanmışdır. Müəssisə DSMF-yə həmin borcu ## ###### 2024-cü ildə (iddiaçı pensiyaya çıxandan bir ay sonra) ödəmişdir. Hazırda iddiaçının hesabında 86813,73 manat pensiya kapitalı vardır. Bu səbəbdən pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh pensiyanın yenidən hesablanmasından imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, 2010cu ilin II-IV rübləri, 2011-2015-ci illərin l-IV rübləri, 2016-cı ilin l-lIl rübləri, 2020-ci ilin IV rübü, 2021-2022-ci illərin l-IV rübləri, 2023-cü ilin l-lll rübləri, 2024-cü ilin İ-IV rübləri üzrə xeyrinə hesablanmış məcburi dövlət sosial sığorta haqları müvafiq olaraq 2025-ci ildə ödənildiyi üçün sözügedən pensiya kapitalının yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı istifadə edilməsi mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Qanunun heç bir maddəsində qeyd olunmayıb ki, pensiya təyin olunan günədək qazanılmış sosial sığorta haqları sonradan ödənildikdə onlar pensiya kapitalına daxil edilmir və ya pensiya yenidən hesablanmır. Həmin dövrlər üzrə müəssisə tərəfindən ödənişlərin gecikdirilməsi iddiaçının iradəsindən asılı olmadan baş vermişdir. Bu səbəbdən cavabdehin mövqeyi ilə razılaşmayaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya ##.##.2024-cü il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22- 1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Həmin Qanunun 27-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği sığorta hissəsi və yığım hissəsindən ibarətdir: P=SH+YH Iddiaçının fərdi şəxsi hesabının yığım hissəsində pensiya kapitalı toplamımadığından iddiaçının pensiyası sığorta hissəsindən ibarət olmaqla Qanunun 10.2-ci maddəsinə uyğun olaraq SH = PSK/T düsturu ilə müəyyən edilir. Burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). Iddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən pensiyasının yenidən hesablanması ilə əlaqədar müraciət etmişdir. Iddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən ##.##.1978ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədek 29 il 1 ay 9 gün sığorta stajı və ##.##.2006-cı il tarixindən ##.##.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 54902,88 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2024-cü il tarixinə 584,98 manat müəyyən edilmişdir. Iddiaçının pensiyasının 2024-cü il tarixinə hesablanma qaydası aşağıdakı kimidir: P=203,71 (SH) + 381,27 (SH) = 584,98 manat (##.##.2024-cü il tarixinə); Burada, - 203,71 manat - ##.##.2006-cı il tarixinədək sığorta stajı əsasında hesablanmış əmək pensiyasının sığorta hissəsi (29 il 1 ay 9 gün sığorta stajına uyğun olaraq 29334,24/144) - 381,27 manat- ##.##.2006-cı il tarixindən ##.##.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında hesablanmış əmək pensiyasının sığorta hissəsinin 2024-cü il tarixinə müəyyən edilmiş məbləği (SH=PSK/T, SH=54902,88/144=381,27 manat) Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixindən 632,36 manata (584,98+(584,98*8,1%)) çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, 2010-cu ilin ll-IV rübləri, 2011-2015-ci illərin İ- IV rübləri, 2016-cı ilin l-lll rübləri, 2020-ci ilin IV rübü, 2021-2022-ci illərin l-IV rübləri, 2023-cü ilin l-lll rübləri, 2024-cü ilin l-IV rübləri üzrə iddiaçının xeyrinə hesablanmış məcburi dövlət sosial sığorta haqları müvafiq olaraq 2025-ci ildə ödənildiyi üçün sözügedən pensiya kapitalının yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı istifadə edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, iddiaçı İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-Ə-*****/**** nömrəli ümumi əsaslarlara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən iddiaçıya ##.##.2024-cü il tarixdə təyin edilmiş əmək pensiyası ##.##.2025-ci il tarixdə yenidən hesablanaraq 662,17 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-Ə-******/**** nömrəli ümumi əsaslarlara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən iddiaçıya ##.##.2024-cü il tarixdə təyin edilmiş əmək pensiyası ##.##.2025-ci il tarixdə yenidən hesablanaraq 632,36 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xidməti məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciətinin araşdırılması zamanı yaşa görə əmək pensiyasının məbləğində ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək artıqödəmə aşkar edilmişdir. İddiaçı əmək pensiyası təyin olunarkən ##.##.2026-cı il tarixədək sığorta stajı 29 il 1 ay 9 gün olduğu halda, 33 il 18 gün nəzərə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, yaşa görə əmək pensiyası təyin olunarkən ##.##.2006cı il tarixinədək sığorta stajı 29 il 1 ay 9 gün olduğu halda, 33 il 18 gün nəzərə alınaraq hesablanıb. Nəticədə əmək pensiyasının məbləğində ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Əlavə olaraq 2010-cu ilin ll-IV rübləri, 2011-2015-ci illərin İ-IV rübləri, 2016-cı ilin l-III rübləri, 2020-ci ilin IV rübü, 2021-2022-ci illərin l-IV rübləri, 2023-cü ilin l-lll rübləri, 2024-cü ilin l-IV rübləri üzrə xeyrinə hesablanmış məcbur dövlət sosial sığorta haqları müvafiq olaraq 2025-ci ildə ödənildiyi üçün sözügedən kapitalının yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı istifadə edilməsi mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı yaşa görə əmək pensiyasının məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi tarixlərə uyğun olaraq indeksləşdirilməsi əsasında yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir (hakim Qəşəm Məmmədli). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı məsuliyyəti, iddiaçının yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Qanunvericiliyin tələbinə əsasən sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. Iddiaçı da öz növbəsində sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iş üzrə materiallardan sığortaedənin öz öhdəliyinə əməl etmədiyi, iddiaçının isə ona tanınmış imkandan yararlanmadığı görünür. Qeyd etmək lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ## ### 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2020-ci il tarixli Qərarına görə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. b) Iddiaçı apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, ABB bank hesabdan çıxarışından görünür ki, sosial sığorta təyinatlı ödənişlər üzrə bank əməliyyatları ##.##.2024-cü il tarixində aparılmışdır. Bank sənədində həmin tarixlə sosial sığorta təyinatlı köçürmələr açıq şəkildə göstərilmişdir. Buna görə də DSMF portalında həmin ödənişlərin 2025-ci il ödənişi kimi görünməsi faktiki ödəniş tarixini dəyişmir. Bu hal isə iş üzrə həlledici əhəmiyyət daşıyır. Çünki əgər mübahisəli ödənişlər 2024- cü ilin faktiki ödənişi kimi deyil, 2025-ci il ödənişi kimi qəbul edilərsə, o halda pensiya yenidən hesablanarkən gec köçürülmüş sosial sığorta haqlarının bir hissəsi indeksasiya təsirindən məhrum qala bilər. Nəticədə 2024-cü ilə aid edilməli olan məbləğlər 2025-ci ilin hüquqi və maliyyə nəticələri ilə qiymətləndirilmiş olar ki, bu da onun hüquqlarının pozulmasına səbəb olacaq. Bundan başqa, birinci instansiya məhkəməsi bir tərəfdən gecikmədə iddiaçının təqsiri olmadığını qəbul etmiş, digər tərəfdən isə indeksləşdirməni ödəniş tarixlərinə bağlamaqla daxili ziddiyyətə yol vermişdir. ABB çıxarışı ilə təsdiqlənən ##.##.2024 tarixli ödəniş faktı-sənədi bu ziddiyyəti daha da aydın göstərir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; ... 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; ... 1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... 37.3. Işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; “Inzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə 28. Inzibati icraatın başlanılması üçün əsaslar 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması (-) 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Iddiaçının hüquqi marağı pensiyasının hesablanması zamanı məcburi dövlət sosial sığorta haqlarının hesablandığı tarixlərə uyğun olaraq indeksləşdirilməsi əsasında əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından göründüyü kimi iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2006-2024-cü ildə xxxx Elmi-Istehsalat müəssisəsində işləmiş, ##.##.2024-cü il tarixdə öz təşəbbüsü ilə tutduğu vəzifədən azad olunmuş, işəgötürən müəssisə tərəfindən əvvəlki dövrlərə aid hesablanmış məcburi dövlət sosial sığorta haqları 2025-ci ildə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-Ə-*****/**** nömrəli və ##.##.2025-ci il tarixli, *- **-*/*Ə-******/**** nömrəli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarlarına əsasən iddiaçının əmək pensiyası məbləği yenidən hesablanmışdır. Iddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun işlədiyi müəssisə tərəfindən 2010-cu ilin ll-IV rübləri, 2011-2015-ci illərin İ-IV rübləri, 2016-cı ilin l-III rübləri, 2020-ci ilin IV rübü, 2021-2022-ci illərin l-IV rübləri, 2023-cü ilin l-lll rübləri, 2024-cü ilin l-IV rübləri üzrə xeyrinə hesablanmış məcburi dövlət sosial sığorta haqları müvafiq olaraq 2025-ci ildə qeydə alınmışdır. Iddiaçı sonradan ödənilmiş məcbur dövlət sosial sığorta haqlarının nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məcburi dövlət sosial sığorta haqları müvafiq olaraq 2025-ci ildə ödənildiyi üçün sözügedən kapitalın yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı istifadə edilməsinin mümkün olmadığını bildirirərək iddiaçının müraciətini imtina ilə cavablandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olsa da, sözügedən sığorta haqlarının ödənildiyi tarix nəzərə alınmadan müəssisə tərəfindən müvafiq hesablamanın aparıldığı tarixlərin əsas götürülməsini tələb etməkdə haqlı olmamışdır. Həmin hissədə kollegiya birinci instansiya məhkəməsi ilə razılaşmaqla qeyd edir ki, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı tarixlərə uyğun olaraq deyil, işəgötürən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi tarixlərə uyğun olaraq indeksləşdirilməsi əsasında əmək pensiyası yenidən hesablanmalıdır. Kollegiya qeyd edir ki, iddianın əsaslılığı baxımından iş üzrə araşdırmalı olan hal iddiaçının yuxarıda istinad olunan illərə aid işlədiyi dövr üzrə hesablanmış və 2025-ci ildə fərdi hesabın sığorta hissəsində qeydə alınmış məcburi sosial sığorta haqqının əmək pensiyasının yenidən hesablanması üçün əsas qismində çıxış edib-etməməsi ilə bağlı olan haldır. Bununla bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin dispozitiv şərti işləyən əmək pensiyaçısının 6 il və daha çox işlədiyi halda fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasını, habelə işləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçı kateqoriyasına keçdiyi halda fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının əsasında əmək pensiyasının yenidən hesablanmasını ehtiva edir. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqqının onun əmək pensiyasının təyin edildiyi vaxtdan sonra ödənilməsini əsas götürməklə, əmək pensiyasının yenidən hesablanmasının Qanunun 37.3.1-ci maddəsinin tələbi əsasında yanaşılması qanunun normasının dispozitiv şərtinə uyğun olmamışdır. Belə ki, hazzırkı iş üzrə iddiaçı məhz əmək pensiyası təyin edilməzdən, yəni ##.##.2024-cü ildən öncə işlədiyi dövr üzrə qeydə alınmış pensiya kapitalının əsas götürülməklə, əmək pensiyasının yenidən hesablanmasının aparılmasını istəyir. Hansı ki, işəgötürən müəssisə həmin sığorta ödənişini vaxtında ödəmiş olsa idi, cavabdeh inzibati orqan məhz əmək pensiyasının təyin edilməsi zamanı həmin pensiya kapitalını nəzərə almaqla, əmək pensiyasının yenidən hesablanmasını həyata keçirəcəkdi. Göründüyü kimi iddiaçının tələbinin Qanunu əsası 37.3.1-ci maddəsinin dispozitiv şərtləri çıxış etməmiş, tələbin əsasını məhz Qanunun 10-cu maddəsinin tələbi əsasında əmək pensiyasının təyin edilən vaxtda nəzərə alınmalı olan, lakin işəgötürənin təqsiri nəticəsində nəzərə alınmayan pensiya kapitalı əsas götürülməklə, əmək pensiyasının yenidən hesablanması ilə bağlı hallar təşkil etmişdir. Kollegiya iddianın əsaslılığı baxımından onu qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbində qeyd etdiyi dövrlərdə işləməsi və həmin dövr üzrə işəgötürən tərəfindən ödənilmiş və pensiyanın hesablanması zamanı nəzərə alınmayan məcburi sosial sığorta haqqının mövcud olması işin mübahisəsiz halı kimi çıxış edir. Həmçinin, işin müəyyən edilmiş halından görünür ki, həmin dövr üzrə sığorta ödənişlərinin vaxtında ödənilməməsi iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi ortaya çıxmamışdır. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan inzibati icrat çərçivəsində işin faktiki hallarını araşdırmaq əvəzinə, formal yanaşma tətbiq edərək, işin faktiki halı kimi 2025-ci ildə fərdi hesabın sığorta hissəsində toplanmış məcburi sosial sığorta haqqının mahiyyət etibarilə Qanunun 37.3.1-ci maddəsinin dispozitiv şərtində əks olunmuş pensiya kapitalı kimi çıxış etmədiyini aşkar gördüyü halda, məhz işin hallarına həmin normanın tələbinə uyğun yanaşma tətbiq etmişdir. Nəticə etibarilə cavabdehin iddiaçı barəsində hərəkətləri qanunun tələbinə və işin faktiki hallarına uyğun olmamış, iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxartmış, bu hal isə inzibati icraat haqqında qanunvericiliyin tələbinə zidd olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının yuxarıda istinad olunan illərdə işlədiyi dövrə aid 2025-ci ildə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanmalı olduğundan, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin hərəkətləri isə qanunauyğun olmamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaının izahatından və iş materiallarından göründüyü kimi iddiaçının apellyasiya şikayəti vermək niyəti olmuş, lakin texniki cəhətdən bunu həyata keçirə bilməmişdir. Belə ki, iddiaçının apellyasiya şikayəti elektron imzalanma əməliyyatı tamamlanmamış və nəticədə apellyasiya şikayəti rəsmi qaydada verilməmişdir. Iddiaçı hesab edir ki, 2010-cu ilin ll-IV rübləri, 2011-2015-ci illərin İ-IV rübləri, 2016cı ilin l-III rübləri, 2020-ci ilin IV rübü, 2021-2022-ci illərin l-IV rübləri, 2023-cü ilin l-lll rübləri, 2024-cü ilin l-IV rübləri üzrə xeyrinə hesablanmış, lakin 2025-ci ildə qeydə alınmış pensiya kapitalı hesablanmış illər nəzərə alınaraq indeksasiya edilməli və həmin məbləğ pensiya kapitalı kimi nəzərə alınaraq pensiyası yenidən hesablanmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının yuxarıda qeyd edilən dövrlərdə hesablanmış pensiya kapitalı 2025-ci ildə yox, hesablanan illərdə qeydə alınsaydı, illər üzrə indeksləşdirilmə aparılaraq pensiya kapitalı artacaqdı. Indiki halda iddiaçının pensiya kapitalının indeksləşdirilərək artırılmasından məhrum olması və hüqularının pozulması aşkardır. Lakin bu mərhumiyyətin səbəbkarı cavabdeh inzibati orqan yox, onun işlədiyi müəssisədir. Bu isə iddiaçı ilə onun işlədiyi müəsisisə arasında mülki mübahisənin predmeti ola bilər. Eyni zamanda iddiaçı hesab edir ki, 2010-cu ilin ll-IV rübləri, 2011-2015-ci illərin İ-IV rübləri, 2016-cı ilin l-III rübləri, 2020-ci ilin IV rübü, 2021-2022-ci illərin l-IV rübləri, 2023cü ilin l-lll rübləri, 2024-cü ilin l-IV rübləri üzrə xeyrinə hesablanmış pensiya kapitalı hesablandığı dövrlərdən etibarən indeksləşdirilməsə belə, kapitalın qeydə alındığı dövrdən yox, işəgötürən tərəfindən ödənildiyi dövrdən sonra indeksləşdirilərək nəzərə alınmalı və hesablanmalıdır. Məhkəmə kollegiyası iddiaçının bu qiymətləndirməsini əsaslı hesab edir və qeyd edir ki, işgötürən müəssisə tərəfindən müvafiq ödənişlər ödənildiyi tarixdən sonra qanunda nəzərdə tutulmuş indeksasiyalar həyata keçirilməli və pensiya hesablanan zaman həmin məbləğ pensiya kapitalı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı İddiaçı yaşa görə əmək pensiyasının təyin edildiyi ##.##.2024-cü il tarixdən əvvəl işəgötürən tərəfindən (2010-cu ilin ll-IV rübləri, 2011-2015-ci illərin İ-IV rübləri, 2016-cı ilin l-III rübləri, 2020-ci ilin IV rübü, 2021-2022-ci illərin l-IV rübləri, 2023-cü ilin l-lll rübləri, 2024-cü ilin l-IV rübləri üzrə) iddiaçının xeyrinə hesablanmış pensiya kapitalının, həmin kapitalın ödənildiyi dövrdən sonrakı dövrlərə uyğun indeksləşdirilərək yaranmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı yaşa görə əmək pensiyasının təyin edildiyi ##.##.2024-cü il tarixdən əvvəl işəgötürən tərəfindən (2010-cu ilin ll-IV rübləri, 2011-2015-ci illərin İ-IV rübləri, 2016cı ilin l-III rübləri, 2020-ci ilin IV rübü, 2021-2022-ci illərin l-IV rübləri, 2023-cü ilin l-lll rübləri, 2024-cü ilin l-IV rübləri üzrə) iddiaçının xeyrinə hesablanmış pensiya kapitalının, həmin kapitalın ödənildiyi dövrdən sonrakı dövrlərə uyğun indeksləşdirilərək yaranmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-485/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-485/2026
01.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver