Məhkəmə qərarları › İş №2-1(3-8)-490/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-490/2026

20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-490/2026 20.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mərhum şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ## #### 2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, Quliyev Oktay İbrahiməjdər oğlu Abşeron rayon, Məmmədli kəndində yerləşən bir otaqlı evini və həyətyanı torpaq sahəsini qardaşı nəvəsi Səfər İbrahim oğluna vəsiyyət etmişdir.

2. AZ-II seriyalı, ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Quliyev Oqtay İbrahim Əjdər oğlu ## #### 2005-ci il tarixdə ölmüşdür.

3. Abşeron rayon Məmmədli bələdiyyəsinin yerquruluşu planından 0,1838 ha torpaq sahəsinə dair çıxarış (miqyas 1:10.000) və koordinatları.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ## ###### 2023-cü il tarixli, *-**-*-**/*Q-****-**/**** nömrəli məktubundan görünür ki, mərkəzin arxivində saxlanılan ünvan 1 üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında mərhum Quliyev Oktay İbrahiməjdər oğlunun adı, eləcə də həmin torpaq sahəsinə dair şəhadətnamə mövcud deyildir. Əlavə olaraq bildirilmişdir ki, ünvan 1 üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında mərhum Quliyev Oktay İbrahiməjdər oğlunun adı mövcuddur. Həmin siyahıda yalnız həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Pay torpaq sahəsi göstərilməmişdir. Qoşma şəklində göndərilmiş torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında Quliyev Oktay İbrahiməjdər oğlunun faktiki həyətyanı sahəsi 0,25 ha olaraq göstərilmişdir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı notariat ofisinin ## ######## 2024-cü il tarixli, X-**** nömrəli məktubundan görünür ki, ## #### 2005-ci il tarixdə vəfat etmiş mərhum Quliyev Oqtay İbrahim Əjdər oğlunun (d/t-## ####### 1937-ci il) vərəsəsi İddiaçı İbrahim oğlunun vərəsəlik işi ilə bağlı notariat ofisinə müraciəti daxil olmuşdur. İddiaçı İbrahim oğlu mərhum Quliyev Oqtay İbrahim Əjdər oğlunun vəsiyyətnamə üzrə vərəsəsidir.

6. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ###### 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən ************ reyestr nömrəli 0,0341 ha torpaq sahəsi İddiaçı İbrahim oğlunun xüsusi mülkiyyətindədir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsinin ## ###### 2024-cü il tarixli ************ reyestr nömrəli 0,0341 ha torpaq sahəsinə dair İddiaçı İbrahim oğlunun adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli, **/***/*-Q-***- */**** nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı arxiv əsaslarında saxlanılan adlı siyahıda vətəndaş Quliyev Oqray İbrahim Əjdər oğlu qeyd edilsə də, torpaq sahəsinin ayrılmasına dair Aqrar İslahat Komissiyasının qərarının hazırkı müraciətinə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayon Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir.

9. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsinin # ##### 2025-ci il tarixli, *-**-*-**/*-Q- ****-*/**** nömrəli məktubundan görünür ki, naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmamışdır.

11. Azərbaycan Respublikası Abşeron Rayon Aqrar İslahatı Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı iclas protokolunun surəti.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 “xxxx” MMC-nin # #### 2025-ci il tarixli, *-**-*-**/*****/**** nömrəli məktubundan görünür ki, Abşeron rayonu Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi Abşeron rayonu Məmmədli bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir.

13. Abşeron Rayon Dövlət Arxivinin # ###### 2025-ci il tarixli, *-**-*RA/*-***/** nömrəli məktubu ilə Abşeron Rayon Aqrar İslahatı Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı iclas protokolunun surəti göndərilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsinin # ###### 2025-ci il tarixli, *-**-*-**/*- *****/**** nömrəli məktubundan görünür ki, elektron məlumat bazasına əsasən Abşeron rayonu Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışda və eyni zamanda İddiaçı İbrahim oğlu tərəfindən faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlar daxilində yerləşən torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür.

15. Həmçinin, İddiaçı İbrahim oğlu tərəfindən faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarına əsasən, həmin torpaq sahəsi – 0,1853 ha, Abşeron rayonu Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlara əsasən isə 0,1838 ha təşkil edir. Abşeron rayonu Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi TEKUİS (X9 Uçot İnformasiya Sistemi) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri kateqoriyalı torpaqlara (KPİ) aid olduğu aşkar edilmişdir.

16. Əlavə olaraq bildirilmişdir ki, müayinə aktına və elekton məlumat bazasına əsasən mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərinin çəkilməsi ilə bağlı məlumat yoxdur. Həmçinin DWJ və DBF vahid elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi barədə məlumat aşkarlanmamışdır. Qoşma şəklində torpaq sahəsinin ## #### 2025-ci il tarixli müayinə aktı, koordinatları və planı göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı İddiaçı İbrahim oğlu (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Quliyev Oqtay İbrahim Əjdər oğluna ayrılmış 0,18 ha torpaq sahəsinə dair hüququn sonuncuya məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, ayrılmış 0,18 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavabdeh tərəfindən imtina verilmişdir. Lakin həmin müraciət bir neçə dəfə təkrar olunmuş, yəni çatışmamazlıqlar göstərildikdə, həmin məsələlər həll edildikdən sonra yenidən müraciət edilmişdir. Beləliklə bütün tələb olunan sənədlər hazırlansa da yenidən müraciətə imtina məktubu verilmişdir. Sonuncu dəfə imtina əsası kimi “Daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə tərəfimizdən şərait yaradılmaması” göstərilmişdir. Lakin belə bir hal baş verməmiş, hətta nümayəndəsinin telefonu vasitəsilə əlaqə saxlanılması və danışıqlar mövcuddur. İddiaçı müraciətlərilə nəticə əldə edə bilmədiyi üçün məhkəməyə mürcaiət etmək məcburiyyətindədir.

19. İddia tələbinin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2, 2.0.6, 15.1, 19.1, 19.2, 24.1, 24.2, 24.3, 24.4, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-cı maddələrinə istinad edilmişdir.

20. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ## ###### 1997-ci il tarixli Abşeron rayon Aqrar İslahat Komissiyasının ** saylı iclas protokolunun çıxarışı ilə ünvan 1 ünvanında yerləşən 0,1838 ha torpaq sahəsinin Quliyev Oqtay İbrahim Əjdər oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin ## ###### 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

21. Məhkəmənin # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

22. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin ayrılmasına dair Aqrar İslahat Komissiyasının qərarının müraciətə əlavə olunmadığı müəyyən edilmişdir. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyanın 13, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 146, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46, 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 9, 11.1, 14, 15, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli Qərarına istinad olunmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

23. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, ## ###### 1997-ci il tarixli Abşeron rayon Aqrar İslahat Komissiyasının ** saylı iclas protokolunun çıxarışı ilə ünvan 1 ünvanında yerləşən 0,1838 ha torpaq sahəsi üzərində mərhum Quliyev Oqtay İbrahim Əjdər oğlunun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 həvalə edilmişdir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

25. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

26. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının müraciətinin icrasından imtina barədə halların məhkəmə kollegiyası tərəfindən nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı İbrahim oğlunun nümayəndəsi Quliyev İbrahim Səfər oğlu, vəkili-nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

29. İddiaçının vəkili və nümayəndəsi Vəkil növbəti məhkəmə iclasında iştirak etməmiş, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ##.##.2026-cı il tarixdə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçiriməsini xahiş etmiş, eyni zamanda mərhum Quliyev Oktay İbrahiməjdər oğluna ayrılmış torpaq sahəsinin mövcud olması, həmin torpaq sahəsinin faktiki olaraq 1554,0 ha olması faktı 1988-ci ilə aid texniki pasportla təsdiqinin tapmışdır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il *** nömrəli sərəncamının əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri hüquqların əldə edilməsinə dair sənədlərin siyahısı hissəsinin 2.4-cü bəndinə yaşayış və bağ evlərinə aid texniki inventarlaşdırma idarəsi 2001-ci il ######ın #-dək tərtib edilmiş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi torpaq sahələrinin ölçüsü saxlanılır) da göstərilmişdir. İnzibati işin faktiki hallarından da göründüyü kimi mərhuma ayrılmış sənədlər qeyd olunan fərmanla tam uyğundur. Odur ki, iş materiallarında olan texniki pasporta uyğun ölçülər (1554,0 ha) nəzərə alınmaqla müvafiq arayışın verilməsinin inzibati orqanın üzərinə öhdəlik qoyulması bardə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

30. Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (...) Maddə 29. Mülkiyyət hüququ I.Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)

Torpaq Məcəlləsi:

31. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.1 Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (...)

Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər 66.1 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (...)

Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı 68.2 Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

32. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (...)

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (-)

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 1.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (-) Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 1.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 2.2.2. torpaq sahəsinin planı və ölçüsü; 3.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 1.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 2.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 3.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 4.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 5.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 6.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 11. Qanunçuluq prinsipi 1.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 2.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” Maddə 12. Bərabərlik prinsipi 1.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 2.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 3.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 4.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 1.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 2.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 3.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 4.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 5.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-) Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-) Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

36. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı : “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2ci maddəsinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: (....) 2.4 “ yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) “ (....)

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

37. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

39. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin dairəsi müəyyən edilmişdir. Həmin normanın məzmunundan görünür ki, daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən birinin mövcud olması kifayətdir. Başqa sözlə, qeydiyyat orqanına müraciət edən şəxsin hüququnun dövlət qeydiyyatına alınması üçün həmin hüququn yaranmasını təsdiq edən və qanunvericilikdə nəzərdə tutulan əsaslardan birinin mövcudluğu hüquqi baxımdan yetərlidir.

40. Qanunun 8-ci maddəsinin məqsədi daşınmaz əmlak üzərində hüququn ilkin yaranmasını və ya əldə edilməsini təsdiq edən sənədləri müəyyən etməklə, belə hüquqların dövlət qeydiyyatına alınmasının hüquqi əsaslarını müəyyən etməkdir. Bu baxımdan, qeydiyyat orqanı tərəfindən müraciətin formal olaraq hansı sənədin əlavə edilməməsi səbəbindən rədd edilməsi yalnız həmin sənədin təqdim edilməsinin qanunvericiliklə məcburi şərt olması və onun olmamasının hüququn dövlət qeydiyyatına alınmasına maneə yaratması halında hüquqi əhəmiyyət kəsb edə bilər.

41. Eyni zamanda, Qanunun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin konkret əsasları müəyyən edilmişdir. Bu norma qeydiyyat orqanının imtina səlahiyyətini ümumi və qeyri-müəyyən şəkildə deyil, məhz qanunda göstərilən hallarla məhdudlaşdırır. Deməli, qeydiyyat orqanı yalnız Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarından birinin mövcudluğunu müəyyən etdiyi halda daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtina edə bilər.

42. Hazırkı iş üzrə iddiaçının tələbinin hüquqi və faktiki əsası ondan ibarətdir ki, mübahisələndirilən torpaq sahəsi mərhum Quliyev Oqtay İbrahim Əjdər oğluna kənd təsərrüfatı islahatı ilə əlaqədar ayrılmış, onun torpaq sahəsinə hüququnu təsdiq edən sənədlər mövcud olmuş, lakin həmin hüququn dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət edildikdə əsassız olaraq bundan imtina edilmişdir.

43. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Abşeron Rayon Aqrar İslahatı Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə mərhum Quliyev Oqtay İbrahim Əjdər oğluna 0,9 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərarın mövcudluğu yalnız iddiaçının izahatı ilə deyil, iş üzrə toplanmış obyektiv sübutlarla da təsdiq olunur. Belə ki, Abşeron Rayon Dövlət Arxivi tərəfindən iddiaçı tərəfə, habelə məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlər qeyd olunan qərarın qəbul edilməsini və Quliyev Oqtay İbrahim Əjdər oğlunun həmin torpaq sahəsi üzrə hüququnun yaranmasını təsdiq edir.

44. Bununla yanaşı, iş materiallarında olan xxxx MMC-nin arxiv sənədlərindən də müəyyən edilir ki, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında Quliyev Oktay İbrahiməjdər oğlunun sənəd həyətyanı sahəsinin ölçüsü 0,9 ha göstərilmişdir. Beləliklə, müxtəlif mənbələrdən əldə edilmiş və bir-birini tamamlayan sənədlərlə mərhum Quliyev Oqtay İbrahim Əjdər oğluna 0,9 ha torpaq sahəsinin ayrılması faktı öz təsdiqini tapır.

45. Bu baxımdan cavabdeh orqanın əsaslandırması – ərizəyə Aqrar İslahat Komissiyasının qərarının əlavə edilməməsi – işin faktiki halları ilə uzlaşmır. Çünki həmin qərarın mövcudluğu sonradan arxiv materialları vasitəsilə təsdiq edilmiş, məhkəmənin sorğusu əsasında da iş materiallarına daxil edilmişdir. Başqa sözlə, söhbət hüququn yaranmasını təsdiq edən sənədin ümumiyyətlə mövcud olmamasından deyil, həmin sənədin inzibati orqana təqdim edilməməsi ilə bağlı formal haldan gedir. Hüquqi əhəmiyyət kəsb edən isə hüququn yaranmasının mövcud və mötəbər sübutlarla təsdiq olunmasıdır.

46. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: (....) 2.4 “ yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) “ (....) əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsaslar yaradır. Hazırki iddiaçı isə qeyd edilən *** saylı Fərmanın təsir dairəsinə düşməli və ona texniki pasport göstəricilərinə uyğun müəyyən edilmiş 0,1554 ha sahə qeydiyyata alınmalıdır.

47. Odur ki, 1997-ci ildə Aqrar İslahatı Komissiyasının qərarı əsasında mərhum Quliyev Oqtay İbrahim Əjdər oğlunun torpaq sahəsinə hüququnun yaranması həmin hüququn sonradan dövlət qeydiyyatına alınmasına hüquqi maneə yaratmır. Əksinə, belə hüququn dövlət reyestrində rəsmiləşdirilməsi daşınmaz əmlak üzərində faktiki və qanuni əsaslarla yaranmış hüququn dövlət tərəfindən tanınması və hüquqi müəyyənliyin təmin edilməsi məqsədinə xidmət edir.

48. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, dövlət qeydiyyatı daşınmaz əmlak üzərində hüququ yaradan ilkin hüquqi fakt deyil, qanunla nəzərdə tutulmuş hallarda artıq yaranmış hüququn dövlət tərəfindən tanınması və rəsmiləşdirilməsidir. Bu səbəbdən, hüququn yaranmasını təsdiq edən sənədin mövcudluğu müəyyən edildiyi halda, qeydiyyat orqanının yalnız formal xarakterli səbəblərə istinad etməklə həmin hüququn qeydiyyatından imtina etməsi qanunun məqsədi ilə uzlaşmır.

49. Bununla belə, birinci instansiya məhkəməsi iş üzrə düzgün olaraq iddiaçının hüququnun mövcudluğunu və cavabdehin imtinasının əsassızlığını müəyyən etsə də, torpaq sahəsinin ölçüsünü 0,1838 ha həcmində müəyyən etməklə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan digər sübutların məzmunu ilə uzlaşmır.

50. Belə ki, məhkəmə kollegiyasının sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsinin ## ### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli cavab məktubuna əlavə edilmiş texniki pasportdan müəyyən edilmişdir ki, ünvan 1ndə yerləşən və mərhum Quliyev Oktay İbrahiməjdər oğlunun adına ayrılmış torpaq sahəsinin faktiki ölçüsü 1554,0 kv.m-dir və həmin ölçü 1:500 miqyaslı plan üzrə müəyyən edilmişdir.

51. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhz iddia tələbinin dəqiqləşdirilməsi barədə tələbində texniki pasporta uyğun ölçülər 1554,0 ha nəzərə alınmaqla müvafiq arayışın verilməsinin inzibati orqanın üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

52. Məhkəmə kollegiyası torpaq sahəsinin ölçüsü ilə bağlı iş materiallarında olan sübutları da qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınması zamanı onun faktiki ölçüsü kimi 1554,0 kv.m göstərici əsas götürülməlidir. Çünki hazırkı işdə texniki pasport müvafiq kadastr məlumatları əsasında tərtib edilmiş və torpaq sahəsinin faktiki ölçüsünü 1554,0 kv.m göstərmişdir. Həmin sənəddə əks olunan ölçü birinci instansiya məhkəməsinin əsas götürdüyü Abşeron rayon Məmmədli Bələdiyyəsinin yerquruluşu planında göstərilən 0,1838 ha ölçüdən fərqlənir. Belə olan halda, torpaq sahəsinin faktiki ölçüsünü daha dəqiq müəyyən edən və daşınmaz əmlakın texnikikadastr vəziyyətini əks etdirən sənədə hüquqi qiymət verilməsi zəruridir.

53. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

54. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. ## ###### 1997-ci il tarixli Abşeron rayon Aqrar İslahat Komissiyasının ** saylı iclas protokolunun çıxarışı ilə ünvan 1 ünvanında yerləşən 0,1554 ha torpaq sahəsi üzərində mərhum Quliyev Oqtay İbrahim Əjdər oğlunun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar