Məhkəmə qərarları › İş №2-1(3-8)-500/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-500/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-500/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: tutulmuş pensiya məbləğinin geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “tutulmuş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** saylı qərarından görünür ki, İddiaçı yeni məlumat vərəqinə əsasən, əmək pensiyasının yenidən hesablanması və 1487,81 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçıya ## ####### 2002- ci il tarixindən sabiq hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək pensiyasının işləyən pensiyaçı kimi topladığı pensiya kapitalına görə yenidən hesablanması üçün Mərkəzi Filiala ## #### 2025-ci il tarixində müraciəti daxil olmuşdur. Bununla əlaqədar olaraq, əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ##.##.2009-cu il və ##.##.2010-cu il tarixləri nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə əmək pensiyası ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarla yenidən hesablanaraq ## #### 2022-ci il tarixindən (Mərkəzi Filiala müraciət etdiyi ## #### 2025-ci il tarixindən üç il geriyə) 980,98 manata artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun # ###### 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən, əmək pensiyası həmin tarixdən 1079,08 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar həmin tarixdən 1237,70 manat, # ###### 2024-cü il tarixindən 1376,33 manat, # ###### 2025-ci il tarixindən 1487,81 manat məbləğində müəyyən edilmişdir. Nəticədə, iddiaçıya ötən dövr üzrə ödənilməli olan 400,82 manat fərq məbləği hesablanmışdır. Bundan başqa, aparılmış araşdırma zamanı ona Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda, ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövr üzrə kommunal, nəqliyyat və digər xidmətlərə görə ümumilikdə 704 manat məbləğində sosial müavinətin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş 704 manat manat vəsaitdən ona ödənilməli olan 400,82 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmiş, qalan 303,18 manat vəsait cari ilin iyul ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, 3-17-1/2- *****/**** saylı məktubdan görünür ki, İddiaçı əmək pensiyasından 2025-ci ilin iyul, avqust və sentyabr ayları ərzində cəmi 303,18 manat vəsait tutularaq büdcəyə bərpa edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, tutulan məbləğin ona qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən tutulmuş 303,18 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ####### 2002-ci il tarixindən yaş həddi ilə və təqvim illərinin başa çatmasıyla əlaqədar olaraq hərbi quluqçu zabit kimi dövlət tərəfindən təqaüdə buraxılmışdır. Torpaqların azad olunmasında yaxından iştirak etmişdir. X5, Azərbaycan Silahlı Qüvvələrinin Veteranıdır. ##.##.2025-ci il tarixindən pensiyasının məbləği 1487,81 manat təyin edilib və həmin məbləği bir qayda olaraq dövlətdən alır. Iki ay bundan əvvəl iddiaçıya məlum olmuşdur ki, ##.##.2007-ci il- ##.##.2012-ci il tarixləri arasındakı dövr üzrə ona kommunal nəqliyyat və digər xidmətlərə görə, ümumilikdə 704,00 manat məbləğində artıq pul ödənilib. Qeyd olunanlara əsasan, iddiaçıya artıq ödənilmiş 704,00 manat vəsaitdən 400,82 manat pensiya məbləğindən tutularaq dövlət büdcəsinə köçürülmüşdür. Qalan 303,18 manat isə bu ilin, yəni 2025-ci ilin iyul, avqust aylarında əmək pensiyasından heç bir əsası olmadan qeyri-qanuni olaraq hissə-hissə, yəni 149,54 manat tutularaq büdcəyə köçürülmüşdür. Ona həmin idarəyə bu barədə yazılı sürətdə müraciət etmişdir. Həmin idarədən konkret olaraq hansı aylarda artıq pul vəsaitin verilməsi haqda arayış tələb etmişdir. Həmin idarədən cavab məktubu gəlmiş, həmin cavab qanuna tamamilə ziddir. O idarədə olarkən oranın öz işçiləri bildirmişdir ki, belə hallar bu idarədə hərbiçilərə qarşı tez-tez olur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, iddiaçıya ## ####### 2002- ci il tarixindən sabiq hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək pensiyasının işləyən pensiyaçı kimi topladığı pensiya kapitalına görə yenidən hesablanması üçün Mərkəzi Filiala ## #### 2025-ci il tarixində müraciəti daxil olmuşdur. Bununla əlaqədar olaraq, əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ##.##.2009-cu il və ##.##.2010cu il tarixləri nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə əmək pensiyası ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarla yenidən hesablanaraq ## #### 2022-ci il tarixindən (Mərkəzi Filiala müraciət etdiyi ## #### 2025-ci il tarixindən üç il geriyə) 980,98 manata artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun # ###### 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən, əmək pensiyası həmin tarixdən 1079,08 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar həmin tarixdən 1237,70 manat, # ###### 2024-cü il tarixindən 1376,33 manat, # ###### 2025-ci il tarixindən 1487,81 manat məbləğində müəyyən edilmişdir. Nəticədə, iddiaçıya ötən dövr üzrə ödənilməli olan 400,82 manat fərq məbləği hesablanmışdır. Bundan başqa, aparılmış araşdırma zamanı ona Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda, ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövr üzrə kommunal, nəqliyyat və digər xidmətlərə görə ümumilikdə 704 manat məbləğində sosial müavinətin ödənildiyi müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş 704 manat manat vəsaitdən ona ödənilməli olan 400,82 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmiş, qalan 303,18 manat vəsait cari ilin iyul ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli, *** nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə X1 şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli, **** nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsasnaməsinə uyğun olaraq sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək Filialın vəzifələrinə aid edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı pensiyasından tutulmuş 303,18 manat məbləğin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir; 2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir. Hazırki işin hallarına görə, əmək pensiyaçısı olan iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi, lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim edilməmişdir. Iddiaçıya təyin edilmiş pensiya məbləğinin azaldılmasına dair cavabdehin hərəkətləri qanunsuzdur, inzibati icraat haqqında hüquq normalarının pozulması ilə nəticələnmişdir. Qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh tərəfindən isə bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarında qeyd etmişdir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh tərəfindən isə bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərinizə çatdırırıq ki, inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə “üç ulduz” fərqləndirici nişanı təyin edilmiş, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında da qeyd olunanlar öz əksini tapmışdır. Həmin qərara əsasən “şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, 4 özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı” Inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslıməlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Eyni zamanda formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Göründüyü kimi, “Inzibati Icraat Haqqında” Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə. 67. Qanunsuz inzibati aktın ləğv edilməsi 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı artıq ödənilmiş pensiya məbləği kimi ondan tutulmuş pensiya məbləğinin geri qaytarılmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan ##.##.2007-##.##.2012-ci illərə aid dövr üzrə kommunal, nəqliyyat və digər xidmətlərə görə ümumilikdə 704,0 manat məbləğində sosial müavinətin onun əmək pensiyası ödənildiy dövrdə ödənildiyindən, həmin müavinətin əmək pensiya hüququ olmadığı halda ödənildiyindən, iddiaçıya həmjin dövr üzrə 704 manat artıq əsassız vəsait ödənildiyindən, 400,82 manat büdcəyə bərpa edilmiş, 303,18 manat isə hissə-hissə pensiya məbləğindən tutularaq, bərpa etmiş, iddiaçı isə isə ondan tutulmuş məbləğin ona geri qaytarılmasını istəyir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçıya ##.##.2002ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı işləyən əmək pensiyaçısı olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, toplanmış pensiya kapitalı əsasında yenidən hesablanması ilə cavabdehə müraciət etmiş, cavabdeh həmin müraciətə baxarkən, ##.##.2007-##.##.2012-ci illərə aid dövr üzrə 704 manat ödənilmiş sosial müavinətin əsassız ödənildiyi əsas gətirərək, artıq ödəmə müəyyən etmiş, həmin məbləğ iddiaçıya ödənilən pensiya məbləğindən tutulmuş, bu barədə inzibati akt qəbul edilməmişdir. Indiki halda iddiaçı məhz cavabdehin 303,18 manat pensiya məbləğindən tutulma aparılması ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericiliyin tələbinə əsasən əmək pensiyasından artıq ödənilmiş vəsait kimi pulun tutulması iddiaçının razılığı və ya bu barədə razılıq olmadıqda, məhkəmə qərarı əsasında aparıla bilərdi. Indiki halda isə iddiaçının bu barədə razılığının olması və ya bu hala dair məhkəmə qərarının olması halı aşkar edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin pensiya məbləğindən artıq ödənilmiş vəsaitinin tutulması ilə bağlı hərəkətləri qanunauyğun olmamış, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bundan əlavə, kollegiya iddianın əsaslılığının və cavabdehin hərəkətlərinin inzibati icraat haqqında qanunvericiliyin tələbləri və oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq dəyərləndirilməsinin və həmin əsasların qeyd edilməsini zəruri hesab edir. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçı barəsində 2007-2012-ci ilə aid dövr üzrə ödənilmiş məbləğin əsassız olmasını 2025-ci ildə aşkar etmiş, əsas kimi istinad etdiyi hal isə iddiaçının həmin vaxtda əmək pensiyaçı alması, həmin ödənişin isə əmək pensiyası almaq hüququ olmayan şəxsə ödənilməli olması ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdehin istinad etdiyi hallar (iddiaçının pensiyaçı olması, qanunun normasında bu halın ödənişin təyin edilməməsinə əsas olması) məhz müavinətin iddiaçıya təyin və ödənildiyi vaxtda cavabdehə məlum olan hallar kimi çıxış etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, hətta cavabdehin istinad etdiyi hallar əsaslı olmuş olsa idi belə, cavabdehin hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə ki, yuxarıda istinad edilən inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan qanunsuz inzibati aktı onun ləğv edilməsini şərtləndirən hallar barədə məlumatlı olduğu vaxtdan, 1 il ərzində onun ləğv etmək hüququ olmuşdur. Indiki halda isə cavabdeh həmin sosial müavinətin təyin və ödənildiyi vaxtdan 20 ilə yaxın müddət keçdikdən sonra, ödənişin təyin edildiyi və ödənildiyi vaxtda ona bəlli olan hallara istinad etməklə, artıq ödəmə müəyyən etməsi inzibati icraat haqqında qanunvericiliyin və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından qanunauyğun olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. ....Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “Inzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “Inzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyrimüəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “Inzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. Ikinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər”. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətləri qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar