Məhkəmə qərarları › İş №2-1(3-8)-505/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-505/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-505/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: iş stajının nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra-Qanun) 22-1.1-ci maddəsinin tələblərinə əsasən İddiaçı ##.##.2024- cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, İddiaçı məxsus pensiya işi qovluğuna daxil olan sənədlərin surətində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən onun pensiya məbləği ##.##.1976-cı il tarixindən ##.##.1977-cı il tarixinədək, ## ##.1981-ci il tarixindən ##.##.1986-cı il tarixinədək əyanı təhsil aldığı illər və ##.##.1978- ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi ximətdə olduğu müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 27 il 8 ay 10 gün sığorta stajı, ##.##.2006-cı il tarixindən ##.##.2024-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınan 22362.77 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanaraq ##.##.2024-cü il tarixindən 349.06 manat müəyyən edilmişdir. Eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən onun əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixindən 377,33 manata çatdırılmışdır. Hazırda onun “xxxx” MMC ilə qüvvədə olan əmək müqaviləsi olduğundan və Nazirliyin elektron informasiya sisteminin Pensiya altsistemində olan məlumatlara əsasən 2020-2024-cu illərin hesablanmış məcburi dövlət sosial sığorta ödənişləri onun fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci ilin sonunda qeydə alındığından, ##.##.2024-cü il tarixindən sonrakı dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri əsasında onun əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “əmək pensiyasının yenidən hesablanması” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1959-cu il təvəllüdlüdür. ##.##.1976-cı ildən, yəni 40 ildən artıq sığortalı iş stajı vardır. Sonuncu iş yeri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində “xxxx” Elmi-Istehsalat Müəssisəsi, sonradan onun bazasında yaradılmış “xxxx” MMC olmuşdur. Fevral 2024-cü ildə əmək pensiyasına çıxmışdır. ##.##.2024-cü ildə pensiyaya çıxarkən ona 349,06 manat pensiya hesablanmışdır. Müraciəti əsasında pensiyası yenidən hesablanaraq ##.##.2025-ci il tarixindən 377,33 manata çatdırılmışdır. Onun yığılan pensiya kapitalı düzgün indeksləşdirilərək hesablanmamışdır. Çünki pensiyaya çıxarkən işlədiyi müəssisənin DSMFyə 2.200000 borcu olmuşdur. Müəssisə həmin borcu dekabr 2024-cü ildə ödəmişdir. Həmin vaxt pensiyaya çıxan iş yoldaşları yeni qaydadan bəhərlənmişlər. Hazırda onun hesabında 37.500 manat pensiya kapitalı vardır. Bu səbəbdən pensiyası yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh pensiyasının yenidən hesablanmasından imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, “müraciətinizlə əlaqədar olaraq bildiririk ki, hazırda “xxxx"MMC ilə qüvvədə olan əmək müqaviləniz olduğundan və nazirliyin elektron informasiya sisteminin “Pensiya“altsistemində olan məlumatlara əsasən 2020-2024-cü illərin hesablanmış məcburi dövlət sosial sığorta ödənişləri fərdi şəxsi hesabınızın sığorta hissəsində 2025-ci ilin sonunadək qeyə alındığından, ##.##.2024-cü il tarixindən sonrakı dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri əsasında əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır”. Cavabdehin mövqeyi ilə razılaşmayaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı imtina məktubuna uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, ##.##.1959-cu il təvəllüdlü İddiaçı ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmiş, pensiya təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün fərdi hesabın sığorta hissəsində yığılan kapitala əsasən pensiya məbləği bir neçə dəfə yenidən hesablanmışdır. Cavabdeh tərəfindən vətəndaşın pensiya məbləği yenidən hesablanaraq, ##.##.2025-ci il tarixdə 377,33 manat müəyyən edilmişdir. Iddiaçı hal-hazırda müəssisə tərəfindən sonradan ödənilən məcburi dövlət sosial sığorta ödənişləri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsini tələb edir. Cavabdeh orqan etirazın əsas olaraq göstərmişdir ki, “xxxx” MMC ilə qüvvədə olan əmək müqaviləsi olduğundan və Nazirliyin elektron informasiya sisteminin Pensiya altsistemində olan məlumatlara əsasən 2020-2024-cu illərin hesablanmış məcburi dövlət sosial sığorta ödənişləri iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci ilin sonunda qeydə alındığından, ##.##.2024-cü il tarixindən sonrakı dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri əsasında onun əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Lakin cavabdeh orqanın yuxarıda qeyd edilən əsası ilə iddiaçının tələbindən imtinası əsassız və formal olmuşdur. Məhkəmə hazırki işin hallarına münasibətdə bildirir ki, göründüyü kimi mübahisə iddiaçının yığılmış sığorta kapitalına əsasən pensiyasının yenidən hesablanması zamanı qanunvericiliyin tətbiqi ilə bağlıdır. Iddiaçının işlədiyi müəssisə tərəfindən 2020-2024-cu illərin hesablanmış məcburi dövlət sosial sığorta ödənişlərinin vaxtında deyil, 2025-ci il tarixində ödənilməsi iddiaçının təqsiri kimi qiymətləndirilməməlidir. Həmin hərəkətlərin edilməsi iddiaçının deyil, məhz işəgötürən müəssisənin səlahiyyətinə aid olan öhdəlik kimi çıxış etdiyindən, həmin öhdəliyin lazımi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının hüququnun məhdudlaşdırılması halı ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin mütənasiblik prinsipinin tələblərinə zidd olmuş olur. Iddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti imtina məktubuna uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iş üzrə Sumqayıt Inzibati Məhkəməsi qərarı əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən 2020-2024-cu illərin hesablanmış məcburi dövlət sosial sığorta ödənişlərinin vaxtında deyil, 2025-ci il tarixində ödənilməsi iddiaçının təqsiri kimi qiymətləndirilməməlidir. Həmin hərəkətlərin edilməsi iddiaçının deyil, məhz işəgötürən müəssisənin səlahiyyətinə aid olan öhdəlik kimi çıxış etdiyindən, həmin öhdəliyin lazımi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının hüququnun məhdudlaşdırılması halı ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin mütənasiblik prinsipinin tələblərinə zidd olmuş olur. Buna münasibətdə qeyd edilməlidir ki, sözügedən məcburi dövlət sosial sığorta ödənişlərinin vaxtında deyil, 2025-ci il tarixində ödənilməsi cavabdehin də təqsiri kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilən tarixdə həmin mdss ödənişləri İddiaçı fərdi hesabının sığorta hissəsində mövcud olmamışdır. Həmçinin məhkəmə öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Belə ki, məhkəmə iddiaçının 2020-2024-cü illər tarixində onun “xxxx” MMC-də işlədiyini araşdırmamış, sadəcə müvafiq ödənişlərin 2025-ci il tarixində İddiaçı fərdi hesabının sığorta hissəsində əks olması ilə kifayətlənərək qərar çıxarmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, ## ###### 2024-cü ildə pensiya təyin edilən vaxtda 2020-2024 cü ildə işlədiyim dövrə aid ödənilməmiş məcburi dövlət sosial sığorta haqları sonradan ödənildiyindən həmin pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... Maddə 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; ... Maddə 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; ... Maddə 1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... Maddə 37.3. Işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; ..... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ## ### 2020–ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilmişdir ki, “....Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs:- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun;- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil:- əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;- əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.” “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyası təyin edilən vaxtda ödənilməli olan pensiya kapitalının sonradan ödənilməsinə baxmayaraq, nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının istinad etdiyi 2020- 2024-cü il üzrə işlədiyi dövrə dair hesablanmış məcburi sosial sığorta haqqının 2025-ci ildə ödənildiyindən, hazırda iddiaçının adına aktiv əmək müqaviləsi olduğundan, həmin pensiya kapitalının Qanunun 37.3.2-ci maddəsinə əsasən əmək pensiyanın yenidən hesablanmasının mümkün olmaması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı ##.##.1959cu il təvəllüdlü olmaqla, ##.##.2024-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2020-2024-cü ildə xxxx Elmi-Istehsalat müəssisəsində işləmiş, ##.##.2025-ci il tarixdə öz təşəbbüsü ilə tutduğu vəzifədən azad olunmuş, işəgötürən müəssisə tərəfindən həmin dövrə aid hesablanmış məcburi dövlət sosial sığorta haqları 2025-ci ildə qeydə alınmışdır. Həmçinin, kollegiya qeyd edir ki, işəgötürən tərəfindən iddiaçının adına 2020-2024-cü ilə aid dövrə üzrə hesablanmış məcburi sosial sığorta ödənişlərinin 2025-ci ildə iddiaçının adına fərdi hesabın sığorta hissəsində qeydə alınması həm sığortaolunan fərdi hesabından çıxarış məlumatları əsasında öz təsdiqini tapır, həm də cavabdeh inzibati orqan bu halı qəbul edir. Kollegiya qeyd edir ki,iddianın əsaslılığı baxımından iş üzrə araşdırmalı olan hal iddiaçının 2020- 2024-cü ilə aid işlədiyi dövr üzrə hesablanmış və 2025-ci ildə fərdi hesabın sığorta hissəsində qeydə alınmış məcburi sosial sığorta haqqının əmək pensiyasının yenidən hesablanması üçün əsas qismində çıxış edib-etməməsi ilə bağlı olan haldır. Bununla bağlı kollegiya qeyd edir ki, müvafiq Qanunun 37.3.1-ci maddəsinin dispozitiv şərti işləyən əmək pensiyaçısının 6 il və daha çox işlədiyi halda fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasını, habelə işləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçı kateqoriyasına keçdiyi halda fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının əsasında əmək pensiyasının yenidən hesablanmasını ehtiva edir. Kollegiya qeyd edir ki, idniki halda iddiaçının hüquqi marağı işləyən əmək pensiyaçısı kimi işlədiyi dövrlə bağlı toplanmış pensiya kapitalının və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməklə bağlı toplanmış pensiya kapitalının əsas götürülməklə, əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarət olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqqının onun əmək pensiyasının təyin edildiyi vaxtdan sonra ödənilməsini əsas götürməklə, əmək pensiyasının yendiən hesablanmasının Qanunun 37.3.1-ci maddəsinin tələbi əsasında yanaşılması qanunun normasının dispozitiv şərtinə uyğun olmamışdır. Belə ki, indiki halda iddiaçı məhz əmək pensiyası təyin edilməzdən, yəni ##.##.2024-cü ildən öncə işlədiyi dövr üzrə qeydə alınmış pensiya kapitalının əsas götürülməklə, əmək pensiyasının yenidən hesablanmasının aparılmasını istəyir. Hansı ki, işəgötürən müəssisə həmin sığorta ödənişini vaxtında ödəmiş olsa idi, cavabdeh inzibati orqan məhz əmək pensiyasının təyin edilməsi zamanı həmin pensiya kapitalını nəzərə almaqla, əmək pensiyasının yenidən hesablanmasını həyata keçirəcəkdi. Göründüyü kimi iddiaçının tələbinin Qanunu əsası 37.3.1-ci maddəsinin dispzotiv şərtləri çıxış etməmiş, tələbin əsasını məhz Qanunun 10-cu maddəsinin tələbi əsasında əmək pensiyasının təyin edilən vaxtda nəzərə alınmalı olan, lakin işəgötürənin təqsiri nəticəsində nəzərə alınmayan pensiya kapitalın əsas götürülməklə, əmək pensiyasının yenidən hesablanması ilə bağlı hallar təşkil etmişdir. Kollegiya iddianın əsaslılığı baxımından onu qeyd edir ki, indiki halda iddiaçının tələbində qeyd etdiyi dövrlərdə işləməsi və həmin dövr üzrə işəgötürən tərəfindən ödənilmiş və pensiyanın hesablanması zamanı nəzərə alınmayan məcburi sosial sığorta haqqının mövcud olması işin mübahisəsiz halı kimi çıxış edir. Həmçinin, işin müəyyən edilmiş halından görünür ki, həmin dövr üzrə sığorta ödənişlərinin vaxtında ödənilməməsi iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi ortaya çıxmamışdır. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan inzibati icrata çərçivəsində işin faktiki hallarını araşdırmaq əvəzinə, formal yanaşma tətbiq edərək, işin faktiki halı kimi 2025-ci ildə fərdi hesabın sığorta hissəsində toplanmış məcburi sosial sığorta haqqının mahiyyət etibarilə Qanunun 37.3.1-ci maddəsinin dispoztiv şərtində əks olunmuş pensiya kapitalı kimi çıxış etmədiyini aşkar gördüyü halda, məhz işin hallarına həmin normanın tələbinə uyğun yanaşma tətbiq etmişdir. Nəticə etibarilə cavabdehin iddiaçı barəsində hərəkətləri qanunun tələbinə və işin faktiki hallarına uyğun olmamış, iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxartmış, bu hal isə inzibati icraat haqqında qanunvericiliyin tələbinə zidd olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının 2020-2024-cü ildə işlədiyi dövrə aid 2025-ci ildə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanmalı olduğundan, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin hərəkətləri isə qanunauyğun olmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının hüquqi marağının məhz 2020-2024-cü ilə aid işlədiyi dövr üzrə 2025-ci ildə qeydə alınmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarət olduğundan, hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən bu barədə yazılı ərizə təqdim edilmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, IPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Indiki halda iddiaçının hüquqi marağı əmək pensiyasının təyin edildiyi vaxtda nəzərə alınmalı olan məcburi sosial sığorta hqqının nəzərə alınaraq hesablanmasını istədiyindən, həmin hesablanmanın nəticəsi olaraq yaranmış fərq məbləğinin ödənilməsi məhz həmin tələblə bağlı olduğundan, həmin halın qeyd edilməsi zəruridir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında apellyasiya şikayətinin dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Iddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edildiyi vaxtda (##.##.2024-cü il tarixdə) işəgötürən tərəfindən iddiaçı barəsində 2020-2024-cü illər üzrə hesablanmış və 2025-ci ildə fərdi hesabının sığorta hissəsində qeydə alınmış məcburi dövlət sosial sığorta ödənişlərinin əsasında əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar