Məhkəmə qərarları › İş №2-1(3-8)-513/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-513/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-513/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli,##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi, ev 3, * saylı mənzilin arxasında yerləşən və onun istifadəsində olan 220 kv.m həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ##.##.2011-ci il tarixli ******* saylı çıxarışına əsasən Abşeron rayonu Saray qəsəbəsi 20 yanvar küçəsi, ev 3. mənzil 8 iddiaçının xüsusi mülkiyyətindir. 2011ci ildən xüsusi mülkiyyətində olan mənzilin arxasında və istifadəsində olan 220 kv metr torpaq sahəsi adına rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il *** saylı Fərmanı ilə vətəndaşların qanuni istifadəsindəki evlərin, həyətyanı sahələrin, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olan torpaqdan əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi, ev 3, mənzil 8-in arxasında yerləşən və istifadəsində olan 220 kv.m torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Reyestrində qeydiyyata alınması və Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi barəsində ##.##.2025-ci il tarixli müraciəti * saylı Abşeron Ərazi Idarəsi tərəfindən təmin edilməmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli imtina məktubu ilə bildirmişlər ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin hazırki müraciətə əlavə olunmamışdır. Ona görə də “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunun 15- ci maddəsinin müdəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən həyatyanı torpaq sahəsindən 20 ildən çoxdur ki, fasiləsiz olaraq istifadə edir. Orada daş hasar çəkdirmiş, həmin torpaq sahəsini yararlı vəziyyətə gətirmiş, kənd təsərrüfatı məhsulları yetişdirir. Həyətyanı torpaq sahəsinin dörd yanı qonşuların torpaq sahəsinin əhatəsindədir. Qonşuların torpaq sahələri qanuna müvafiq adlarına sənədləşdirilmişdir. Həyatyanı torpaq sahəinə hər hansı bir şəxsin iddiası yoxdur. Belə olan halda cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində hüquqları mübahisəsiz dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi; daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olub- olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli,##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsi üzərində hüququn qeydə alınmasına əsas verən hüquqmüəyyənedici sənəd yoxdur. Iddiaçının tələbinin hüquqi əsası torpaq sahəsinin faktiki istifadəsində olmasından ibarətdir. Iddiaçı izahatında iddia etdiyi torpaq sahəsi üzərində istifadə, icarə və ya mülkiyyət hüququnu təsdiq edəcək hər hansı sənədə malik olmadığını bildirmişdir. Beləliklə hazırki iddia tələbini qaldırmaqda iddiaçının subyektiv hüququ müəyyən olunmur. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2011-ci il tarixli, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi, ev 3, mənzil 8 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evin arxasında olan 220 kv.m torpaq sahəsi istifadəsindədir. Həmin torpaq sahəsinə heç kim iddialı deyildir. Həmin torpaq sahəsindən 2000-ci ildən etibarən istifadə edir, ağac əkib, tərəvəz yetişdirmişdir. Azərbaycan Respublikası Prezidentinin *** saylı Fərmanına və “X2 edilməsi haqqında” AR qanununa görə vətəndaşların qanuni istifadəsindəki evlərin, həyətyanı sahələrin, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olan torpaqlardan əvəzsiz olaraq onların mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilən sənədə əsasən 2000-ci ildən etibarən istifadəüsidə olan 220 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmiş və bu barədə * saylı Abşeron Ərazi Idarəsinə müraciət etmiş. Lakin cavabdeh xahişini təmin etməmiş və buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, “iddiaçının toıpaq sahəsi üzərində hüququn qeydə alınmasına əsas verən hüquqmüəyyənedici sənəd yoxdur”. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Prezidentinin *** saylı Fərmanına və “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa ziddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3.Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi”nə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kollegiya qeyd edir ki,iddianın mümkünlüyü mərhələsində ilkin dəyərləndirmə üzrə müəyyən edilməli olan birinci hal məhz iddiaçının sözügedən iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması ilə bağlı olan haldır. Qanunvericiliyin tələbinə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından subyektiv hüququnun mövcudluğu o halda ortaya çıxmış olur ki, tələb etmək hüququnun qanuni əsası mövcud olmuş olsun, habelə hüququn həqiqətən pozulması, hüquqa aşkar müdaxilənin mövcudluğu, hüquqi müdafiəyə ehtiyacın olması, çatmaq istədiyi məqsədə uyğun iddia irəli sürməsi və s. kimi dəyərləndirmə əsasları mövcud olmuş olsun. Kollegiya hazırki iş üzrə iddianın mümkünlüyü baxımından onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu mərəhələdə zəruri olan həcmdə araşdırma aparılaraq, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi ilə bağlı işin faktiki və hüquqi hallarına dair düzgün hüquqi qiymət verilərək, qiymtəvermənin əsasları ətraflı şəkildə qeyd edilmiş, kollegiya həmin dəyərləndirmə razı olduğundan, təkrarən həmin halların qeyd edilməsini zəruri hesab etmir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan evin arxa tərəfində yerləşən və faktiki istifadə etdiyi 220 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Işin mübahisəsiz halından görünür ki, iddiaçının həmin torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənədi olmamış, iddia tələbinin yeganə əsası kimi torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olması və onun faktiki istifadəsində olması halına istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, qanunvericilik normasının tələbində mülkiyyət hüququnun yaranma əsasları dəqiq müəyyən edilmiş, yalnız həmin əsasların mövcudluğu mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehin öhdəliyini yaradır. Başqa sözlə desək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün həmin torpaq sahəsinə dair iddiaçının adına tərtib edilmiş qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır, yalnız bu halda cavabdehin hüququn qeydiyyata alınmasına dair öhdliyi mövcud olur. Belə ki, iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün o halda subyektiv hüquqa malik ola bilərdi ki, sözügedən torpaq sahəsi onun qanuni sahibliyində və ya istifadəsində olmuş olsun və ya həmin əmlakla hər hansi hüquqi bağlılığı müəyyən edilmiş olsun. Bu halda kolegiya hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsi ilə hüquqi bağlılığı (qanuni sahibliyində və istifadəsində olması və s.) müəyyən edilmədiyindən, iddiaçının hazırki tələblə bağlı subyektiv hüquqi olmamış, bu hal isə iddianın mümkün sayılmaması üçün əsas hesab edilir. Bundan əlavə, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçının hüquqi marağı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9-cu maddəsi və ya 16-cı maddəsinin tələbinə əsasən torpaq sahəsini əldə etmək və öz adına rəsmiləşdirməkdən ibarət oluğu halda, iddiaçı həmin tələblə müvafiq səlahiyyətli bələdiyyə qurumuna müraciət etməli, müraciətinə dair bələdiyyənin cavab məktubunun onun hüquqlarını pozduğunu ehtimal etdiyi halda, həmin tələblə məhz bələdiyyə qurumuna qraşı iddia tələbi irəli sürməklə, mümkün hüquqi müdafiə vasitəsindən istifadə edə bilər. Belə ki, həmin Qanunun 9-c maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər Həmin Qanunun 16-cı maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır, 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli,##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar