Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-515/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttləri üçün ötürücü güllənin sökülməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən cavabdehə məxsus olan böyük ölçülü və yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllənin cavabdehin hesabına sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, hazırkı iddia tələbinin predmeti iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilənin edilməsi ilə bağlıdır və məhkəmə təcrübəsinə görə torpağa dair mülkiyyət hüququna müdaxilə ilə bağlı olan mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısı”ndan görünür ki, cavabdeh “elektrik enerjisinin ötürülməsi xidməti” fəaliyyət növü üzrə təbii inhisar subyektidir. Lakin hazırkı mübahisə cavabdehin təbii inhisar subyekti kimi ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi nəticəsində yaranmamışdır. Inzibati məhkəmə icraatı qaydasında inzibati orqanlara və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxslərə qarşı onların inzibati fəaliyyəti ilə bağlı yaranmış mübahisələrə baxıla bilər. Lakin hazırkı işdə iddiaçının torpaq sahəsi ilə bağlı cavabdehə inzibati akt qəbul etmək səlahiyyətinin verilməsi müəyyən edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Könül Həbibova) Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iş üzrə icraatın mümkün hesab edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI Apellyasiya şikayətinin dəlilləri Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Cavabdeh “elektrik enerjisinin ötürülməsi xidməti” fəaliyyət növü üzrə təbii inhisar subyektidir. Hazırkı mübahisə cavabdehin təbii inhisar subyekti kimi ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi nəticəsində yaranmışdır. Çünki ötürücü qüllənin yerləşməsi və ya yerdəyişmədi cavabdehin birbaşa təbii inhisar subyekti kimi fəaliyyətindən irəli gələn məsələdir. Bundan əlavə apellyasiya şikayətində qeyd edilir ki, iddiaçı İddiaçı əvvəlcə cavabdeh Cavabdeh ASC-yə qarşı “yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllənin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçının tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Hazirki halda iddiaçinin iddiasina həm abşeron rayon məhkəməsi, həm də sumqayit inzibati məhkəməsi baxmaqdan imtina etmişdir. Belə olan halda iddiaçı hüquqlarını qorumaq üçün hansı məhkəməyə müraciət etməlidir? b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı iddia tələbi iddiaçıya məxsus torpaq sahəsində cavabdehə məxsus olan böyük ölçülü və yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllənin cavabdehin hesabına sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, “Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsində yerləşən cavabdehə məxsus yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllənin sökülməsi, yəni torpaq sahəsinin boşaldılması ilə bağlı iddia tələbi ilə inzibati məhkəməyə müraciət edir. Azərbaycan Respublikas Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarında qeyd olunmuşdur ki, " ... 37. Bununla əlaqədar məhkəmə kollegiyası bir daha vurğulayır ki, apelyasiya məhkəməsi haqlı olaraq "Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarının 13 və 14-cü bəndlərinə əsaslanmışdır, həmin bəndlərdə qeyd edilmişdi ki, ”elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə IPM-in 2.1 -ci maddəsinə uyğun olaraq məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. ...” Nəzərə alınmaldır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2024-cü il tarixli, * nömrəli Qərarına əsasən təbii inhisar subyektlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə, IPM-in 13-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfə hüquqi yardım göstərərək izah edir ki, iddiaçı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” * nömrəli, ## ##### 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası IPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, IPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə IPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi IPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunmuş qanunvericiliyin müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd edir: Inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Iddia tələbinin mümkün sayılması üçün: 1) inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2) inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3) inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı, yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4) hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalıdır. Kollegiya qeyd edir ki, iddianın qeyd edilən mümkünlük şərtləri, eləcə də mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarında qeyd edilir ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli Qərarının 13-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 14-cü bəndinə görə tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə IPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarın məzmunundan göründüyü kimi təbii inhisar subyektlərinin yalnız publik hüquq sahəsindəki fəaliyyətlərindən irəli gələn mübahisələrin inzibati icraat qaydasında baxılması mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısı” ndan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “elektrik enerjisinin ötürülməsi xidməti” fəaliyyət növü üzrə təbii inhisar subyektidir. Lakin hazırkı mübahisə cavabdehin təbii inhisar subyekti kimi ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi nəticəsində yaranmamışdır. Belə ki, iddiaçının hazırkı tələbi mülki hüquq və vəzifələrin həyata keçirilməsinin təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə yox, xüsusi (mülki) hüquq münasibətlərinə aiddir ki, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Iddiaçı apellyasiya şikayətində mülki məhkəmə icraatı qaydasında müvafiq olaraq müraciət etdiyini bildirir. Lakin iddiaçının həmin məhkəmə aktından yuxarı instansiya məhkəməsinə şikayət etdiyi müəyyən edilmir. Kollegiya qeyd edir ki, bu kateqoriya işlərə mülki məhkəmə icraatı qaydasında baxılmasının hazırda formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Lakin iddiaçı öz hüquqlarından səmərəli istifadə etməmiş, düzgün olmayan hüquq müdafiə vasitələri seçmişdir. Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-515/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-515/2026
30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver