Məhkəmə qərarları › İş №2-1(3-8)-526/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-526/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-526/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Quliyev İsmayıl Rza oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, * saylı Şərur-Kəngərli DSK-da işlədiyim ##.##.2003-##.##.2006-cı illər aralığının Əmək və Məşğulluq altsistemindəki elektron iş məlumatlarıma sığorta stajı kimi daxil edilməsi öhdəliyinin X5 üzərinə qoyularaq, bu əsasla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Qərarla razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, hazırki iş üzrə iddia ərizəsi geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddia tələbi geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçı tərəfindən geri götürülməsi İnzibati Prosessual Məcəllədə tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi həmin Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı işdə icraatın davam etdirilməsinə marağın olmaması iddiaçının bilavasitə özünün aktiv davranışından – iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Orucovun şikayətinə dair ##.##.2013cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq nail olmaq istədiyi məqsədə çatmaq üçün müvafiq iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək imkanına malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia ərizəsi geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində (elektron kabinet və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar