Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-533/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 qarşı mərhum atası X1 ayrılmış 0.12 ha torpaq sahəsinin onun adına qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin ## ### 1988-ci il tarixli *** nömrəli qərarı ilə sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından mərhum atası X1 ayrılmış 0.12 ha torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması və ona dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxs qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin ## ### 1988-ci il tarixli *** nömrəli qərarı ilə sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından iddiaçının atası X1 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onların ailə üzvlərinin istifadəsində olmuş, həmin sahədə əkinçiliklə məşğul olmuşdur. Belə ki, atasına verilən torpaq sahəsini özəlləşdirmək məqsədi ilə notariat ofisində miras işi açılaraq vərəsə kimi tanınaraq cavabdehə məktub göndərilmişdir. Lakin cavabdeh tərəfindən müsbət cavab verilməmişdir. Göründüyü kimi hüquqlarının pozulduğuna görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, iddiaçının müraciətinin icrası ilə əlaqədar olaraq, torpaq sahəsinə baxışın keçirilməsinə şəriat yaradılmamışdır. Torpaq sahəsinə müayinə baxışın keçirilməsi mümkün olmadığına görə, İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahəsinin 0.0509 ha hissəsinin reyestr nömrəsi 307013050747 olan çıxarışa əsasən X3, 0.0565 ha hissəsinin isə ************ reyestr nömrəli çıxarış əsasən X4 adına qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bununla bağlı məhkəmə hesab etmişdir ki, ilkin olaraq həmin çıxarışlar mübahisələndirilməlidir. Eyni zamanda məhkəmə sorğularına verilmiş cavabdan aydın olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları (texniki göstəriciləri) məlum deyildir. Qeyd edilən hal, iddiaçının torpaq sahəsi üzərində subyektiv hüququnun mövcudluğunu da istisna edir. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiaya yenidən baxılması üçün işin Sumqayıt Inzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi obyektiv araşdırmadan cavabdehin torpaq sahəsinə baxış zamanı tərtib etdiyi akta əsaslanaraq, qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, məhkəmə qənaətə gəlmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları (texniki göstəriciləri) məlum deyildir. Bəs belə olan halda cavabdeh tərtib etdiyi torpaq üzərində baxış üzrə aktında qeyd edir ki, iddiaçının iddia torpaq sahəsi ilə üst-üstə düşür. Əgər iddia etdiyi torpaq sahəsinin koordinatları (texniki göstəriciləri) müəyyən edilməmişdirsə, cavabdeh nəyə əsasən öz məktubunda qeyd edir ki, iddia etdiyi torpaq sahəsi başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşür. Hətta buna dair o məhkəmə zamanı şifahi vəsatət vermişdir ki, iddia etdiyi torpaq sahələrinin koordinatlarını müəyyən edilməsinə dair təkrar ekspertiza keçirilsin. Göründüyü kimi məhkəmə işi obyektiv araşdırmadan əsassız qərardad qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi Azərbaycan SSR Nazirlər Sovetinin ## ### 1988-ci il tarixli *** nömrəli qərarı ilə sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından atası X1 ayrılmış 0.12 ha torpaq sahəsinin qeydə alınması və müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş üzrə toplanmış sübutlardan müəyyən olunur ki, iddiaçının adına qeydiyyata alınmasını tələb etdiyi 0,12 ha torpaq sahəsinin naturada yerləşdiyi yerin müəyyən edilməsi mümkün olmamışdır. Iş materiallarında olan cavabdehin məlumatına əsasən, 1989-cu ildə ayrıldığı iddia olunan torpaq sahəsinin koordinatları və digər fərdiləşdirici texniki göstəriciləri mövcud olmadığından həmin torpaq sahəsinin naturada müəyyən etmək mümkün deyildir. Bununla yanaşı aparılmış müayinə nəticəsində iddiaçının naturada göstərdiyi torpaq sahəsinin faktiki olaraq digər şəxslərin xüsusi mülkiyyətində olan və dövlət qeydiyyatına alınmış torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, həmin sahənin bir hissəsinin X3, digər hissəsinin isə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşdüyü, eyni zamanda həmin torpaq sahələrinin göstərilən şəxslərin faktiki istifadəsində olduğu iş materialları ilə təsdiq edilir. Kollegiya qeyd edir ki, dövlət qeydiyyatına alınmış və hüquqi qüvvəsini saxlayan mülkiyyət hüquqları mövcud olduğu halda, həmin hüquqların yaranmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər və onların əsasında verilmiş dövlət qeydiyyatı aktları mübahisələndirilmədən iddiaçının tələb etdiyi hüquqi nəticənin əldə edilməsi mümkün deyildir. Çünki belə bir tələbin təmin olunması nəticə etibarilə hazırda qüvvədə olan və dövlət tərəfindən tanınan mülkiyyət hüquqlarının aradan qaldırılmasına və ya məhdudlaşdırılmasına gətirib çıxara bilər. Digər tərəfdən, torpaq sahəsinin naturada müəyyən edilməsinə imkan verən məlumatların mövcud olmaması iddiaçının məhz hansı konkret torpaq sahəsi üzərində hüquq iddia etdiyini müəyyən etməyə imkan vermir. Bu hal isə iddiaçının tələb etdiyi obyekt üzərində hüququnun mövcudluğunun məhkəmə qaydasında müəyyən edilməsini mümkünsüz edir. Belə ki, iddiaçının adına qeydiyyata alınması tələb edilən torpaq sahəsinin fərdiləşdirilməsinin mümkün olmaması, həmin sahənin faktiki olaraq üçüncü şəxslərin dövlət qeydiyyatına alınmış mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi, habelə həmin şəxslərin hüquqlarının yaranmasına əsas olmuş sənədlərin mübahisələndirilməməsi nəzərə alınmaqla, kollegiya birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə nəticəsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qabubda mərhum şəxsə ayrılmış daşınmaz əmlakın birbaçşa onun adına mülkiyyət hüququnun qeydə alınması nəzərdə tutulmamışdır. Belə ki, həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Kollegiya izah edir ki, iddiaçıya hüquqi yardım göstərilərək torpaq sahəsinin onun adına qeydə alınmasını deyil, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın verilməsini tələb edə bilərdi. Lakin iddia tələbinin hazırki vəziyyətdə hər halda mümkün sayılmaması qənaətinə gəlindiyi üçün kollegiya tərəfindən iddiaçıya bu istiqamətdə hüquqi yardım göstərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə araşdırılması hüquqi baxımdan mümkün olmadığından, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-533/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-533/2026
25.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver