Məhkəmə qərarları › İş №2-1(3-8)-545/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-545/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-545/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X7 Hüquqi Şəxsin nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2022-2023-cü illər üzrə müalicə xərcləri olan 1400 manat pulun ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Işin halları Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçıya 2023-cü il üçün ödənilməmiş 300 manat dərman pulu, eləcə də Reabilitasiya mərkəzində 2022-2023-cü illər üçün müalicə xərcləri olan 1400 manat və dəymiş mənəvi zərərin əvəzi kimi 3000 manat, cəmi 4700 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi ##.##.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə IPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Iddia onunla əsaslandırılmışdır ki, 2024-cü ilin may ayında eyni tələblə Sumqayıt Inzibati məhkəməsinə müraciət etmişdir. Cavabdeh kimi AR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmişdir. Məhkəmə iclasında tövsiyə olundu ki, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət TibbiSosial Ekspertiza və Reabiltasiya Agentliyini göstərməlidir. Məhkəmə iclas zalında ərizə ilə müraciət edərək ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt Inzibati məhkəməsinin ##.##.2024-cü il tarixli, *-l(***)-****/**** saylı qərardadında da bu barədə göstərilmişdir. Bununla bağlı həm Sosial Müdafiə Nazirliyinə, həm də Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyininə ərizə ilə müraciət etmiş, həmin idarələrdən də şablon cavablar verilmişdir, cavab məktubunda “142" Çağrı mərkəızinə" müraciət etməyi tövsiyə olunmuşdur. 1988-ci ildən əlildir, 2007-ci ildən isə 1-ci qrup, ömürlük Çernobıl əlilidir. Əlillik barədə sənədində göstərilib ki, "xəstəliyi Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır. Daim kənar şəxsin köməyinə ehtiyacı var". Bununla bağlı ildə birdəfəlik 300 manat dəva-dərman pulu verilirdi, eləcə də əlillərin reabiltasiya mərkəzində pulsuz müalicə alırdı. 2022-ci ilin oktyabr ayında Reabiltasiya mərkəzinə müraciət etdikdə dedilər ki, adı kompyüterdə qeydə alınmayıb. Bununla bağlı, 2022- ci ilin noyabr ayından başlayaraq, öz hüquqlarının bərpası ilə bağlı çoxsaylı müraciətlərindən sonra, ## ####### 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin göndərdiyi sonuncu cavab məktubunda göstərildi ki, "əlillik məlumatlarının müvafiq elektron sistemə daxil edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciətinizə AR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyində baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti AR-sı Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına" uyğun olaraq dövlət tibbi müəssəsisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində Sizə dair məlumat aşkarlanmamışdır. Qeyd edək ki, Sizə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyası tərəfindən verilən şəhadətnamə Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində qeyd olunmadığından əlillik məlumatlarının "Əlillik" altsisteminə daxil edilməsi mümkün olmamışdır. Bununla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. Ona görə də, bununla bağlı AR Müdafiə Nazirliyinə, bütün sənədlərin surətləri əlavə etməklə müraciət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi Rasim Həsənovun ünvanladığı ## ###### 2023-cü il tarixli **** saylı məktubunda göstərilir ki, “qeydiyyatda olduğunuz SHXÇDX rayon şöbəsinin MN MHHK-ya göndərişi, hərbi xidmətkeçmə haqqında arayışı və Ekspertiza Şurasının həkim-ekspert rəyi ilə müraciət etməyiniz məqsədəuyğundur”. Yenidən Müdafiə Nazirliyinə müraciət edərək, bir daha qeyd etdi ki, bütün sənədləri göndərmişdir, 952-ci ildə anadan olmaqla 71 yaşı var, müddətsiz ömürlük əlildir, daim kənar şəxsin köməyinə ehtiyacı var. Hərbi biletin surəti, əlilliyi barədə sənəd, Xəstəliyi ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını, il ərzində etdiyi müraciət və cavablar və s. ərizəsinə əlavə etmişdir, Müdafiə Nazirliyindən verilən cavabda da göstərilir ki, 9 vərəqədə sənədlər 1-ci ünvana, yeni MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildi. Iddiaçıya əlillik MNnin MHHK-sı tərəfindən verilib, lazım gəlsə bununla bağlı bütün sənədlər arxivdə var, əlillik məlumatlarının elektron qaydada "Əlillik" altsisteminə daxil etmək də, iddiaçının yox, bilavasitə onların borcudur. Hüquqlarının pozulması ilə bağlı iki ilə yaxın etdiyi müraciətlərindən sonra, nəhayət ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli *** saylı məktubu ilə cavab verilmişdir ki, “araşdırma nəticəsi kimi bildirirəm ki, Sizə MN Mərkəzi Hərbi Poliknikasının hərbi-həkim komissiyası tərəfindən verilmiş *** nömrəli ##.##.2007-ci il tarixli “xəstəlik haqqında şəhadətnamə” MN Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirmə alt sisteminin *******X00001 reyestr nömrəsi Ilə qeydiyyatdan keçmişdir. Iki ilə yaxın müddət ərzində, kiminsə günahı üzündən, ildə, birdəfəlik verilən 300 manat dəva-dərman pulunu ala bilməmişdir, eləcə də əlillərin reabiltasiya mərkəzində pulsuz müalicə alırdı, müalicəni də ala bilməmişdir. Ona görə də səhhətində müəyyən problemlər yaranıb, müalicəsi ilə bağlı özəl xəstəxanalara müraciət etməli olmuş, eləcə də bu problemlə bağlı dəfələrlə Bakı şəhərinə gedib-gəlmiş, əsəb gərginliyi keçirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı qismən, iddia tələbinin 2022-2023-cü illər üzrə müalicə xərcləri olan 1400 manat pulun ödənilməsinə dair hissəsində ləğv edilmiş və inzibati iş həmin hissədə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbinə yalnız - “2022-2023-cü illər üzrə müalicə xərcləri olan 1400 manat pulun ödənilməsi" hissəsində baxmış və yekun məhkəmə aktı qəbul etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi ziyanın dəyməsi barədə səbəb əlaqəni sübut edəcək hər hansı dəlil təqdim etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərardadında qeyd edilmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 2023- cü il üçün ödənilməmiş 300 manat dərman pulun ödənilməsini tələb etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsi tərəfindən verilən məlumatla iddiaçıya 2023-cü il üçün ödənilməmiş 300 manat müalicə xərclərinin ödənildiyi müəyyən edilmişdir. Iddiaçı həmin vəsaiti almasını təsdiq edir. Bu səbəbdən Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin məhkəmə icraatında iştirakına xitam verilmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Iddiaçı İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş hərtərəfli araşdırmamış, prosessual və maddi hüquq normalarının tələblərini pozmuş, iddia tələbini əsassız olaraq rədd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X7 Hüquqi Şəxsin nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddia tələbi hazırda baxılan hissədə mümkün iddiadır, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. IPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. НЗ seriyalı, ******* saylı hərbi biletin, ## ###### 2007-ci il tarixli *******X00001 reyestr nömrəli xəstəlik haqqında şəhadətnamənin, əlillik vəsiqəsinin surətləri iş materiallarına əlavə edilmişdir. ##.##.2007-ci il tarixli TSEK müayinəsinin qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya ##.##.2007-ci il tarixdən Çernobil AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Iş birinci instansiya məhkəməsinin icraatına qayıtdıqdan sonra məhkəmə iddiaçıya hüquqi yardım etməklə, iddia tələbinin “2022-2023-cü illərdə müalicə kursunu ala bilməməsi nəticəsində vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi” şəklində dəqiqləşdirilməsi və vurulmuş zərərlə bağlı (çəkdiyi maddi xərclər, mənəvi zərər və s.) sübutların məhkəməyə təqdim etməsini təklif etmişdir. Məhkəmə tərəfindən edilmiş yazılı icraat qaydasında hüquqi yardıma cavab olaraq iddiaçı XR M****** №li ##.##.2024-cü il tarixli Reabilitasiya kartasından çıxarışın, ##.##.2023-cü il tarixli və ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli ambulator kitabçadan çıxarışların surəti, ##.##.2025-ci il tarixli Spirometriya nəticəsinin surətini məhkəməyə təqdim etmişdir. Lakin, iddiaçı vurulmuş zərərlə bağlı (çəkdiyi maddi xərclər, mənəvi zərər və s.) sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. IPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının müraciətlərinə cavabdeh inzibati orqan tərəfindən baxılmış, əlillik vəziyyətinin dəqiqləşdirilməsi və məlumatlarının elektron sistemə işlənməsi məqsədi ilə X4-sosial ekspert komissiyasının qəbul şöbəsinə yaxınlaşması tövsiyyə olunmuş, lakin iddiaçının müraciəti qeydə alınmamışdır. Hazırkı halda cavadeh inzibati orqan tərəfindən hüquqazidd əməl nəticəsində iddiaçıya real maddi zərər vurulması halı müəyyən edilməmişdir. Bu səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə formal və əsassızdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Iddaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar