Məhkəmə qərarları › İş №2-1(3-8)-549/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-549/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-549/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2006-ci il tarixli, N-54IIIQ Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun ##.##.2021-ci il tarixindən ona yaşa görə sosial müavinət təyin olunmuş və 220 (iki yüz iyirmi) manat məbləğində sosial müavinət alır, baxmayaraq ki, 36 il iş stajına malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanuna edilmiş əlavə və dəyişiklərə əsasən 2019-cu il ######ın #-dən pensiya hüququ əldə edən şəxslərə 2006-cı ilədək olan dövr üçün 25 illik iş stajı dövlət tərəfindən tanınacaq. 2019-2020-ci illərdə yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin # #### tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq) onlara əmək pensiyası təyin edilərək 2006-cı ilin ######ın #-dək 25 il sosial sığorta stajı hesablanacaqdır. Belə olduğu halda imtina qanunsuz olduğundan məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Ona pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı aşağıdakı illərdir: ##.##.1973-cü il tarixdən ##.##.1975-ci il tarixədək və ##.##.1977ci il tarixdən ##.##.2009-cu il tarixədək “xxxx” müəssisəsində işlədiyi dövrün əmr və əmək haqqı kitabları arxivə təhvil verilməmişdir; ##.##.2006-cı il tarixdən ##.##.2009-cu il tarixədək “xxxx” müəssisəsində işlədiyi dövrdə fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmaqla Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11-ci maddəsinə əsasən hərbi xidmət müddəti (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 22-1.1-ci maddəsinə əsasən 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il ######ın #-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və II qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, R və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. Işin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. Işin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

“Inzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini iddiaçının müvafiq müəssisədə həmin müddətlərdə işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisədə işlədiyi müvafiq illərin iş stajına daxil edilməsinin məqsədəmüvafiq olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Iddiaçı ## ### 1956-cı il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. Işin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olmaması halı təşkil edir. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə ##.##.1973-cü il tarixdən ##.##.1975-ci il tarixədək və ##.##.1977-ci il tarixdən ##.##.2009-cu il tarixədək olan dövrləri əmr və əmək haqqı kitabları arxivə təhvil verilmədiyindən, eləcə də ##.##.2006cı il tarixdən ##.##.2009-cu il tarixədək “xxxx” müəssisəsində işlədiyi dövrdə fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmadığından mübahisələndirmişdir. Məhkəmə kollegiyası inzibati orqanın dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır və dövlət bu hüququn həyata keçirilməsini təmin edir. Sosial təminat hüququnun təmin olunması dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, inzibati orqanların fəaliyyətində vətəndaşların sosial hüquqlarının qorunmasına yönəlmiş qərarların qəbul edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, belə imkan olmadıqda isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iddiaçının əmək fəaliyyətinin baş verdiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin müddəalarına əsasən də əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır və yalnız əmək kitabçası olmadıqda və ya bu kitabçada müvafiq qeydlər olmadıqda digər sənədlərdən istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”na əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında əsas sənəd əmək kitabçasıdır. Habelə, hazırda qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 və 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il ######ın #-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə, mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Kollegiya hesab edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, kollegiya qeyd edir ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də, əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Normativ hüquqi aktların sistemli təhlilindən görünür ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd olmaqla həmin sənəddə aparılmış qeydlər iş stajının müəyyən edilməsi üçün əsas sübut hesab edilir. Kollegiya qeyd edir ki, “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasında olan məlumatların həqiqətə uyğun olmadığını göstərən hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən həmin sənəddə göstərilən məlumatlar mötəbər sübut kimi qəbul edilməli və iddiaçının sosial sığorta stajı müəyyən edilərkən nəzərə alınmalıdır. Bir sözlə, iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən mübahisəli dövrləri onun sosial sığorta stajı kimi nəzərə almamasının əsası kimi göstərdiyi dəlillər iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz və bu hal iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasından imtina üçün əsas ola bilməz. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, onun yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün hüquqi əsas yaranır. Əlavə olaraq apellyasiya instansiyasında icraat zamanı iddiaçı ilə eyni müəssisədə çalışan şəxs şahid qismində dindirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid Kabaşov Malik Süleyman oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı İddiaçı tanıyır. Belə ki, o, 1981-ci il tarixdə “xxxx” müəssisəsində işləməyə başlamışdır. Həmin vaxt iddiaçı qeyd olunan müəssisədə çalışırdı. 2002-ci il tarixdə həmin müəssisədən çıxmışdır, lakin iddiaçı orada işləməyə davam edirdi. Artıq 3 ildir ki, əmək pensiyası alır. Göründüyü kimi iddiaçının mübahisələndirilən dövrlərdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası və şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Eləcə də göründüyü kimi cavabdeh inzibati orqanın əsas dəlillərindən biri sözügedən müəssisəyə dair əmr və əmək haqqı kitablarının arxivə təhvil verilməməsi ilə əlaqəli olmağına baxmayaraq iddiaçı ilə eyni müəssisədə çalışmış şəxsə cavabdeh inzibati orqan tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən istinad olunan dəlillər iddiaçı ilə çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Iddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan mübahisələndirilən dövrlərə dair əmr və əmək haqqı kitablarının arxivə təhvil verilməməsinə istinad etməklə iddiaçının başlıca hüquqlarından biri olan sosial təminat hüququnu əsassız olaraq məhdudlaşdırmışdır. Ilk növbədə nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsində icraat zamanı sorğu edilməklə müəyyən edilmişdir ki, iddiaçının mübahisəli dövrlərdə çalışdığı müəssisəyə dair sənədlər arxivə təhvil verilməmişdir. Burda iddiaçının həmin müəssisədə çalışmasını təsdiq edəcək sənədlərdən deyil, ümumilikdə müəssisəyə dair sənədlərdən söhbət gedir. Qeyd olunan hal isə iddiaçının məsuliyyət daşıdığı məsələ olmamaqla onun sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmamalıdır. Belə ki, iddiaçının işlədiyi dövrlərə aid müvafiq sənədlərin tərtib edilməsi və onların arxivə təhvil verilməsi məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. Kollegiya cavabdeh inzibati orqanın iddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2009-cu il tarixədək “xxxx” müəssisəsində işlədiyi dövrdə fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmaması ilə bağlı növbəti dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçının çalışmış olduğu ##.##.1973-cü il tarixdən ##.##.1975-ci il tarixədək və ##.##.1977-ci il tarixdən ##.##.2006-cı il tarixədək olan dövrlər nəzərə alındığı zaman onun ümumi iş stajı 25 ildən artıq olduğundan ##.##.2006-cı il tarixdən ##.##.2009-cu il tarixədək olan dövrlərlə bağlı əlavə araşdırılma aparılmasına zərurət olmamışdır. Kollegiya bir daha qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Belə ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Iddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatları nəzərə almamış və iş üzrə yalnış nəticəyə gəlmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin etməkdən imtina edərək irəli sürdüyü dəlillər iddiaçının məsuliyyət daşıdığı məsələ olmamaqla onun sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmamalıdır. Beləliklə də, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən ##.##.1973-cü il tarixdən ##.##.1975-ci il tarixədək və ##.##.1977-ci il tarixdən ##.##.2006-cı il tarixədək olan dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. Belə olduğu təqdirdə isə iddiaçının ümumi sığorta stajı 25 ildən artıq olur Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, iddiaçı tələbində haqlı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilərək, iddiaçı İddiaçı 65 yaşının tamam olduğu ## ### 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı 65 yaşının tamam olduğu ##.##.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar