Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-560/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi Şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Sumqayıt şəhər bələdiyyəsinin ## #### 2005-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı istifadəsində olan 1675 kv m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün onun adına rəsmiləşdirilmişdir. ## ### 2005-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı torpağın alqısatqısının müqabilində bir milyon beş yüz min manat ödəniş etmişdir. ## ###### 2006-cı il tarixli təhkim aktından görünür ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi boyunca, 26-cı məhəllə ilə üzbəüz ərazidə fərdi yaşayış evi tikintisi məqsədilə adına rəsmiləşdirilən 1675 kv m torpaq sahəsi İddiaçı təhvil verilmişdir. Sumqayıt Bələdiyyəsinin **** nömrəli, ##.##.2025-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin # #### 2005-ci il tarixli (protokol № **) qərarı qüvvədədir. Cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli daşınmaz əmlakın müayinə aktının surətinə əsasən torpaq sahəsi daxilində 4 ədəd yaşayış evi tikilmiş, torpaq sahəsi mişar daşları vasitəsi ilə faktiki olaraq 4 hissəyə bölünmüşdür. Torpaq sahəsi faktiki olaraq 67.0 kv m artıqdır. Torpaq sahəsi qonşu torpaq sahələrinin sənədləri ilə üst-üstə düşmür, mühafizə zolağına düşməməsi qeyd olunmuşdur. DƏDKR-in * saylı Sumqayıt Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli 3-21-331/2- ****/**** nömrəli imtina məktubundan görünür ki, müraciətin araşdırılması zamanı idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən sözugedən torpaq sahəsinin xüsusi qorunan ərazilərin torpaqlarına aid ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə bələdiyyənin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün 0.1675 ha torpaq sahəsi xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normalarına uyğun qaydada ayrılmamışdır. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün Sumqayıt şəhərində 0.07 hadək torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Cavabdehn * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab olunaraq, 0.1675 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*-**/*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKRin struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tanınmışdır. Iddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi Sumqayıt bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli bələdiyyə qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya ayrılmışdır və bu sənəd qüvvədən düşməmişdir. Torpaq sahəsi hazıradək onun istifadəsində və sahibliyijndədir. Həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən belə sahələr xüsusi mülkiyyətə verilə bilərdi. Belə olduqda normativ sahə fərqi əsas gətirilərək qeydiyyatdan imtina edilməsi hüquqa ziddir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində yerləşən, ümumi sahəsi 0.1675 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət reyestrində qeydiyyatına alınması barədə ##.##.2025-ci il tarixli ərizə ilə “xxxx” publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi Idarəsinə müraciət edilmiş və həmin müraciət 1425013619 nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciətinin araşdırılması zamanı idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin xüsusi qorunan ərazilərin torpaqlarına aid ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bundan əlavə bələdiyyənin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün 0.1675 ha torpaq sahəsi xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normalarına uyğun qaydada ayrılmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün Sumqayıt şəhərində 0.07 ha-dək torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Idarənin mütəxəssisi tərəfindən torpaq sahəsinə yerli baxış keçirilən zaman torpaq sahəsinin faktiki ölçüsünün 0.724 ha olmuşdur. Torpaq sahəsi daxili hasarlanma ilə 4 hissəyə ayrılmış və bölünmüş hissələrdən birini daxildən ölçmək mümkün olmamışdır. Bununla əlaqədar müvafiq torpaq sahəsinin ortofoto görüntüsü, faktiki koordinatları və müayinə aktının surəti göndərilir. Bu səbəbdən də ərizənin icrasından imtina olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə Idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək Sumqayıt şəhər Bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** nömrəli qərarı əsasında ayrılmış 0.1675 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin gətirdiyi birinci arqumentinə münasibətdə məhkəməninin göstərdiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Cavabdehin imtinasında göstərdiyi ikinci arqumentin araşdırılması məqsədilə müayinə aktı alınmışdır. Cavabdeh təşkilatın təqdim etdiyi müayinə aktından görünür ki, “Torpaq sahəsi daxilində 4 ədəd yaşayış evi tikilmişdir və torpaq sahəsi mişar daşları vasitəsi ilə faktiki olaraq 4 hissəyə bölünmüşdür.Torpaq sahəsi faktiki olaraq 67.0 kv.m artıqdır. Torpaq sahəsi qonşu torpaq sahələrinin sənədləri ilə üst-üstə düşmür, mühafizə zolağına düşmür”. Həmçinin, müayinə aktında topraq sahəsinin kateqoriyası bəndində yaşayış məntələləri torpaqlar kimi (YMT), torpaq sahəsinin faktiki ölçüsünün 0.1724 ha olması barədə qeyd də aparılmışdır. Göründüyü kimi torpaq sahəsinin xüsusi mühafizə olunan zonalarda yerləşməsinə dair hər hansı qeyd aparılmamışdır. Həmçinin, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto görüntüsünə nəzər saldıqda həmin ərazidə yaşayış evlərinin yerləşdiyi məlum olur. Cavabdeh təşkilat tərəfindən həmin ərazinin xüsusi qorunan əriazilərdə yerləşməsinə dair hər hansı etibarlı sübut məhkəməyə təqdim edilməmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətinin yeganə dəlili kimi torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində göstərilən normadan artıq ölçüdə ayrılmasını göstərmişdir. Belə ki, həmin normaya görə fərdi yaşayış evlərinin tikintisi üçün Sumqaylt şəhərində 0.07 ha-dək torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 0.1675 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh orqanın mövqeyinə əsasən torpaq sahəsi bələdiyyənin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün 0.1675 ha torpaq sahəsi xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normalarına uyğun qaydada ayrılmadığından mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər Bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı faktiki istifadəsində olan 1675 kv m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə onun adına rəsmiləşdirilmişdir. Torpaq sahəsinin dəyərinin ödənilməsi ## ### 2005-ci il tarixli kassa mədaxil orderi ilə, həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi isə ## ###### 2006-cı il tarixli təhkim aktı ilə təsdiq olunur. Bundan əlavə, Sumqayıt şəhər Bələdiyyəsinin ## ### 2025-ci il tarixli arayışında sözügedən qərarın qüvvədə olduğu göstərilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli daşınmaz əmlakın müayinə aktından görünür ki, torpaq sahəsi qonşu torpaq sahələrinin sənədləri ilə üst-üstə düşmür, mühafizə zolağına düşmür və yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər Bələdiyyəsinin ## #### 2005-ci il tarixli qərarı hazırda qüvvədədir və həmin inzibati aktın ləğv edilməsi, etibarsız sayılması və ya hüquqi qüvvəsini itirməsi müəyyən olunmamışdır. Torpaq sahəsinin normadan artıq ayrılması ilə bağlı cavabdehin dəlili həmin qərarın hüquqi qüvvəsini aradan qaldırmır. Iddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı qərarın qəbul edilməsində yol verilmiş ola biləcək inzibati və ya sənədləşdirmə nöqsanlarına görə məsuliyyət daşıya bilməz. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş normaya uyğunluğunun təmin olunması həmin sahəni ayırmış inzibati orqanın, eləcə də bununla bağlı müvafiq rəyləri vermiş və ayırmaya etiraz etməmiş səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin dəlilə əsaslanmaqda ümumiyyətlə haqlı sayıla bilməz. Belə ki, bununla bağlı cavabdeh orqan qanunverici tərəfindən hər hansı nəzarət səlahiyyəti ilə təchiz olunmamışdır və bu mənada torpağın ayrılmasına məsul olan inzibati orqanların fəaliyyət sahəsinə müdaxilə edə bilməz. Digər tərəfdən, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə bələdiyyənin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan qərar hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Iş materialları ilə torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən bələdiyyəyə ödənildiyi, sahənin ona faktiki təhvil verildiyi və uzun müddət ərzində həmin torpaq sahəsindən istifadə edildiyi müəyyən olunur. Belə olan halda iddiaçının torpaq sahəsi üzərində hüququnun mövcudluğunu təsdiq edən sənədlərin hüquqi nəticələri nəzərə alınmadan qeydiyyatdan imtina edilməsi onun qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə kollegiyası cavabdehin iddiaçının hüququnun məhkəmə tərəfindən yaradılması barədə dəlilini də əsassız hesab edir. Hazırkı işdə iddiaçı yeni hüququn yaradılmasını deyil, Sumqayıt şəhər Bələdiyyəsinin qüvvədə olan qərarı, ödəniş sənədi və təhkim aktı əsasında yaranmış hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin funksiyası hüququ yaratmaq deyil, qanunvericiliklə müəyyən edilmiş sənədlərlə təsdiq olunan mövcud hüququ dövlət reyestrində qeydiyyata almaqdan ibarətdir. Cavabdehin Sumqayıt şəhər Bələdiyyəsinin üçüncü şəxs qismində işə cəlb edilməli olması barədə dəlili də qərarın ləğvinə əsas vermir. Mübahisənin predmeti cavabdehin dövlət qeydiyyatından imtinasının qanuniliyidir. Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı qüvvədə olduğundan və hazırkı iş üzrə həmin qərarın etibarlılığı mübahisələndirilmədiyindən, iş üzrə qəbul edilən qərarın bələdiyyənin hüquq və vəzifələrinə birbaşa təsir göstərməsi müəyyən olunmur. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməməsi barədə fikrini də yanlış hesab edir. Belə ki, iş materiallarında torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən cavabdeh tərəfindən hazırlanmış müayinə aktı mövcuddur. Həmin aktla torpaq sahəsinin qonşu sahələrlə üst-üstə düşmədiyi, mühafizə zolağına düşmədiyi və yaşayış məntəqələrinin torpaqlarına aid olduğu müəyyən edilmişdir. Mübahisənin həlli üçün əlavə xüsusi bilik tələb edən və yalnız ekspertiza yolu ilə müəyyən edilə biləcək hal mövcud olmadığından ekspertiza təyin edilməsinə zərurət olmamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etməsə də, imtina cavabında mübahisəsi gedən torpaq sahəsinin xüsusi qorunan ərazilərdə yerləşməsinə istinad etmişdir. Bununla bağlı kollegiya cavabdeh orqana sorğu vermiş və torpaq sahəsinin məhz hansı səbəbdən xüsusi qorunan ərazilərə aid olmasını müəyyən etməyə cəhd etmişdir. Lakin cavabdeh həmin sorğu ilə “xxxx” MMC-yə müraciət etməyi, göstərilən MMC isə bununla balı hər hansı məlumata malik olmadıqlarını bildirərək cavabdeh orqana müraciət etməyi təklif etmişdir. Beləliklə, cavabdeh həmin imtina dəlilini əsaslandıra bilməmiş və bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbinə zidd olmaqla, iddiaçıya münasibətdə mülkiyyət hüququndan əsassız olaraq məhdudlaşdırılmasına səbəb olduğundan, etiraz, imtina və şikayətin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olmaqla, həmin sənədlərin ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-560/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-560/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver