Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-562/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Abşeron rayonu Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarilxi, * saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Abşeron rayonu Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya ayrılmış Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin ## ###### 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya fərdi mənzil tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin satılması barəsində X2 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınaraq ## #### 2007-ci il tarixdə Abşeron rayonu Qobu bələdiyyə şurasının ** nömrəli qərarı ilə torpaq sahəsi satılmışdır. Lakin hazıradək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, arxiv arayışın və eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyətini təsdiq edən sənədlərin surətinin müraciətə əlavə edilmədiyi, Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayonu Qobu bələdiyyə şurasının ## #### 2007-ci il tarixli, ** saylı qərarından görünür ki, İddiaçı Qobu bələdiyyənin perspektiv inkişaf fonduna aid olan fərdi mənzil tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin ## #### 2023-cü il tarixli, *** nömrəli rəyindən görünür ki, Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı 800 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DT və XK-nin Abşeron rayonu şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etməmişdir. ## #### 2013-cü il tarixdə tərtib edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin nümayəndələri və torpaq alan İddiaçı iştirakları ilə Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** saylı qərarı ilə satılmış 0,08 ha torpaq sahəsinə dair ***/** nömrəli “Torpaqların alqı-satqısına dair Akt”. Abşeron rayonu Qobu bələdiyyəsinin 0,08 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarış (miqyas 1:10.000) və koordinatları. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli, **/***/*-Ə-***-*/** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixdə ** nömrəli qərarının arxiv arayışının, həmçinin eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyətini təsdiq edən sənədin surətinin hazırkı ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının hüquq sahibinin imzası ilə təsdiqlənmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Abşeron Rayon Dövlət Arxivinin ## ####### 2025-ci il tarixli, *-**-*RA/*-****/** nömrəli məktubundan görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** saylı qərarında vətəndaş İddiaçı adı aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi İdarəsinin ## ####### 2025-ci il tarixli, *- **-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, elektron məlumat bazasına əsasən, müayinə olunan torpaq sahəsinin ölçüsü 0,0839 ha, sənəd üzrə torpaq sahəsinin ölçüsü isə 0,08 ha təşkil edir. Həmçinin, həm müayinə olunan torpaq sahəsi, həm də sənəd üzrə torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Elektron məlumat bazasına əsasən, müayinə olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşən, yaşayış məntəqələri kateqoriyalı (KPI) torpaqlara aid olduğu aşkar edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, müayinə aktına və elekton məlumat bazasına əsasən mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərinin çəkilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin DWG və DBF vahid elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi barədə məlumat aşkarlanmamışdır. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - ## #### 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə 0,08 ha, faktiki 0,0839 ha olaraq göstərilmişdir. - torpaq sahəsinin planı və koordinatları. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Qobu bələdiyyəsinin ## #### 2007ci il tarixli, * saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) İddiaçı apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmeti Abşeron rayonu Qobu bələdiyyə şurasının ## #### 2007-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsindən cavabdehin imtinasının qanuniliyinin qiymətləndirilməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, belə mübahisələrin həlli zamanı təqdim olunmuş sənədlərin yalnız formal mövcudluğu deyil, həmin sənədlərin hüquqi mənbəyi, səlahiyyətli orqanlar tərəfindən tərtib edilməsi, bir-birini tamamlayıb-tamamlamaması, hüquqi dövriyyəyə daxil olması və iş üzrə digər obyektiv məlumatlarla uzlaşıb-uzlaşmaması məcmu şəkildə qiymətləndirilməlidir. Ayrı-ayrı sənədlərdə mövcud olan texniki və ya arxiv xarakterli uyğunsuzluq, digər sübutların məzmunu nəzərə alınmadan, öz-özlüyündə hüququn mövcud olmadığını göstərən nəticə kimi qəbul edilə bilməz. İş materiallarından görünür ki, iddiaçı hüququnun yaranmasını Qobu bələdiyyə şurasının ## #### 2007-ci il tarixli, ** saylı qərarı, həmin qərara istinad edilməklə ## #### 2013-cü il tarixdə tərtib edilmiş ***/** nömrəli “Torpaqların alqı-satqısına dair Akt”, bələdiyyənin yerquruluşu planından çıxarış və torpaq sahəsinin koordinatları ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi, həmçinin torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənildiyini və torpaqayırma ilə bağlı səlahiyyətli torpaq orqanının rəyinin mövcud olduğunu müəyyən etmişdir. Kollegiya ilk növbədə torpaq sahəsinin ayrıldığı tarixdə qüvvədə olmuş hüquqi rejimi nəzərə alır. Belə ki, mübahisəli bələdiyyə qərarı ## #### 2007-ci il tarixdə qəbul edilmişdir. Həmin tarixdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun sonradan dəyişdirilmiş 9.6-cı maddəsi bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri üzrə alqı-satqı aktının tərtib edilməsini nəzərdə tuturdu. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsini nəzərdə tutan sərtləşdirilmiş tənzimləmə isə ## ####### 2007-ci il tarixli, ***-IIIQD nömrəli Qanunla sonradan müəyyən edilmişdir. Bu baxımdan ## #### 2007-ci il tarixli qərarın qanuniliyinə sonradan qüvvəyə minmiş hərrac və ya müsabiqə tələbləri tətbiq edilə bilməz. İş materiallarında da həmin tarixdə Qobu bələdiyyəsinin mübahisəli torpaq sahəsi barədə sərəncam vermək səlahiyyətinin olmadığına, torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi qadağan olunan torpaqlara aid olduğuna və ya ayrılmış 0,08 ha sahənin həmin dövrdə tətbiq olunan torpaqayırma normalarını aşdığına dair hər hansı mötəbər məlumat mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2023cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə torpaq sahəsinin ayrılması üzrə icraatın yekununda qəbul edilən qərar şəxsə münasibətdə hüquqi nəticə yaradan konstitutiv və hüquqmüəyyənedici sənəd kimi çıxış edir. Belə qərar “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi baxımından qanunla müəyyən edilmiş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbdən qüvvədən düşənədək hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iş üzrə Qobu bələdiyyə şurasının ## #### 2007-ci il tarixli, ** saylı qərarının qanunla müəyyən edilmiş qaydada ləğv edilməsi, dəyişdirilməsi və ya etibarsız hesab olunması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh də qeydiyyatdan imtina edərkən həmin qərarın etibarsız sayılması barədə qüvvədə olan inzibati və ya məhkəmə aktına istinad etməmişdir. Məhkəmə kollegiyası arxiv məlumatlarının ardıcıllığına ayrıca hüquqi qiymət verir. Belə ki, Abşeron Rayon Dövlət Arxivinin ## ####### 2025-ci il tarixli, *-**-*RA/*-****/** nömrəli məktubunda ilkin olaraq ## #### 2007-ci il tarixli, ** saylı qərarda iddiaçı İddiaçı adının aşkar edilmədiyi bildirilsə də, apellyasiya baxışı zamanı bu məlumatın dəqiqləşdirilməsi və qərarın təftiş edilməsi məqsədilə məhkəmə tərəfindən əlavə sorğular verilərək qərarın tam mətni tələb edilmiş, Abşeron Rayon Dövlət Arxivinin bir sonrakı cavabında ## #### 2007-ci il tarixli, ** saylı qərarın arxiv fondunda ümumiyyətlə mövcud olmadığı göstərilmiş, məhkəmə daha sonra verilmiş cavablar arasındakı ziddiyətə aydınlıq gətirilməsi tələb edilmişdir. Abşeron Rayon Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli düzəliş məktubunda əvvəlki cavabda texniki səhvə yol verildiyi, həmin cavabın nəzərə alınmaması və düzəliş edilmiş məlumatın əsas götürülməsi xahiş olunmuş, düzəliş edilmiş məlumatda isə yalnız ## #### 2007-ci il tarixli, ** saylı qərarın arxiv fondunda mövcud olmadığı göstərilmişdir. Beləliklə, iddiaçının adının qərarda aşkar edilməməsi barədə ilkin məlumat arxiv orqanının özü tərəfindən texniki səhv kimi geri götürülmüşdür. Kollegiya bununla da kifayətlənməyərək, mübahisəli qərarın tarix və nömrə baxımından həmin dövrdə Qobu bələdiyyəsində qəbul edilmiş qərarların ardıcıllığına uyğunluğunun yoxlanılması üçün Abşeron Rayon Dövlət Arxivinə əlavə sorğu ünvanlamışdır. Arxivin ## ###### 2026-cı il tarixli cavabından və təqdim edilmiş təsdiqli surətlərdən görünür ki, Qobu bələdiyyəsinin 2007-ci ilin iyun ayı üzrə ilk qərarı ## #### 2007ci il tarixli, ** nömrəli, son qərarı isə ## #### 2007-ci il tarixli, ** nömrəli qərar olmuşdur. Buna görə iddiaçının istinad etdiyi ## #### 2007-ci il tarixli, ** saylı qərarın həm tarixi, həm də sıra nömrəsi həmin ay üzrə qərarların xronoloji və nömrələnmə ardıcıllığı ilə ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası Qobu Bələdiyyəsinin ## ###### 2025-ci il tarixli, *** nömrəli məktubunu da nəzərə alır. Belə ki, həmin məktubda bələdiyyənin 2013-cü ilədək torpaq sahələrinin ayrılmasına dair qərarlarının və digər sənədlərinin qorunması üçün Abşeron Rayon Dövlət Arxivinə göndərildiyi, o cümlədən İddiaçı dair ## #### 2007-ci il tarixli, ** saylı qərarın və həmin qərardan irəli gələn torpaqayırma sənədlərinin dövlət arxivinə təhvil verildiyi bildirilmişdir. Kollegiya hesab edir ki, bu rəsmi məlumat mübahisəli qərarın və ona aid torpaqayırma sənədlərinin bələdiyyənin sənəd dövriyyəsində mövcud olmuş və sonradan dövlət arxivinə təhvil verilmiş sənədlər olduğunu təsdiq edən mühüm haldır. Belə olan halda, Kollegiya hesab edir ki, ## #### 2007-ci il tarixli, ** saylı qərarın fiziki nüsxəsinin hazırda dövlət arxivində aşkar edilməməsi həmin qərarın ümumiyyətlə qəbul edilmədiyi nəticəsinə gəlmək üçün yetərli deyildir. İlkin arxiv məlumatının texniki səhv kimi geri götürülməsi, qərarın tarix və nömrəsinin həmin ay üzrə real qərarların ardıcıllığı ilə uzlaşması və Qobu Bələdiyyəsinin qərarla bağlı sənədlərin dövlət arxivinə təhvil verildiyini rəsmi qaydada bildirməsi birlikdə qiymətləndirildikdə, arxivdə sənədin aşkar edilməməsi təşkilati-arxiv xarakterli hal kimi çıxış edir. Sənədlərin saxlanılması və arxivə təhvil verilməsi publik orqanların məsuliyyət sferasına aid olduğundan, bu sahədə yaranmış çatışmazlıqlar iddiaçının digər rəsmi sənədlərlə təsdiqlənən hüquqi vəziyyətinin onun ziyanına qiymətləndirilməsinə əsas verə bilməz. Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən, torpaq sahəsinin alqı-satqısının akt və ya müqavilə formasında rəsmiləşdirilməsi, eləcə də həmin rəsmiləşdirmənin sonrakı tarixdə aparılması torpaq sahəsinin ayrılması barədə qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini öz-özlüyündə aradan qaldırmır. Belə hallarda forma tələbinə riayət olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir və inzibati orqanın rəsmiləşdirmə zamanı yol verdiyi qüsurlar əsaslı səbəb olmadan hüquq sahibinin ziyanına təfsir edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə mahiyyət etibarilə iddiaçının qeydiyyat üçün müraciətinə arxiv arayışının və eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyətini təsdiq edən sənədin surətinin əlavə edilmədiyi, habelə Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi irəli sürülmüşdür. Kollegiya hesab edir ki, göstərilən hallar hazırkı iş üzrə hüquqların dövlət qeydiyyatından imtinanı əsaslandıran həlledici hüquqi maneə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası torpaq sahəsinin naturada fərdiləşdirilməsi məsələsinə də xüsusi əhəmiyyət verir. Cavabdehin * saylı Abşeron Ərazi İdarəsinin ## ####### 2025-ci il tarixli məktubuna və ## #### 2025-ci il tarixli müayinə aktına əsasən, müayinə olunan sahənin faktiki ölçüsü 0,0839 ha, hüquqmüəyyənedici sənəd üzrə ölçüsü isə 0,08 ha təşkil edir. Həm sənəd üzrə, həm də faktiki müayinə olunan sahənin digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Eyni araşdırma ilə torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilmiş yaşayış məntəqələri kateqoriyalı torpaqların daxilində yerləşdiyi, onun üzərindən yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin keçmədiyi müəyyən edilmişdir. İddiaçı isə faktiki 0,0839 ha sahənin hamısının deyil, bələdiyyə qərarında göstərilən 0,08 ha torpaq sahəsinin qeydiyyata alınmasını tələb edir. Buna görə faktiki ölçüdəki 0,0039 ha fərq hazırkı tələbin təmininə mane olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, bir dövlət informasiya sistemində məlumatın olmaması və ya müxtəlif inzibati məlumat mənbələri arasında texniki uyğunsuzluğun mövcudluğu hüquqmüəyyənedici sənədin hüquqi qüvvəsini avtomatik aradan qaldırmır. Belə uyğunsuzluqların araşdırılması, zəruri olduqda kadastr və arxiv məlumatlarının dəqiqləşdirilməsi, habelə rəsmi məlumat bazalarının bir-birinə uyğunlaşdırılması qeydiyyat və kadastr funksiyalarını həyata keçirən inzibati orqanların səlahiyyət və məsuliyyət dairəsinə daxildir. Bu səbəbdən DWG və DBF vahid elektron baza məlumatlarında mübahisəli torpaq sahəsi barədə ayrıca məlumatın aşkar edilməməsi də iddiaçının hüququnun mövcud olmamasını təsdiq etmir. Əksinə, cavabdehin öz müayinəsi torpaq sahəsinin yerini və ölçüsünü müəyyən etmiş, onun başqa şəxslərin qeydiyyatlı torpaq sahələri ilə üst-üstə düşmədiyini və bələdiyyə torpaqları daxilində yerləşdiyini təsdiqləmişdir. Belə şəraitdə elektron bazada ayrıca qeydin olmaması hüququn qeydiyyatından imtina üçün müstəqil və kifayət edən əsas sayıla bilməz. Bu yanaşma “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan formal tələblərdən sui-istifadənin qadağan olunması və həmin Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası ilə də uzlaşır. İnzibati icraat zamanı təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə onlar mötəbər hesab olunur, sənədlərin mötəbərliyinə əsaslı şübhə yarandıqda isə həmin şübhənin aradan qaldırılması üçün zəruri araşdırmanın aparılması inzibati orqanın üzərinə düşür. Cavabdehin ilkin imtinasında göstərilən bələdiyyə qərarına dair arxiv arayışının və şəxsiyyəti təsdiq edən sənədin surətinin müraciətə əlavə edilməməsi, habelə yerquruluşu planından çıxarışın hüquq sahibinin imzası ilə təsdiqlənməməsi əsasən sənədlərin təqdim və rəsmiləşdirilmə formasına aid hallardır. Hazırkı məhkəmə araşdırması zamanı iddiaçının şəxsiyyəti və müraciət etdiyi torpaq sahəsi müəyyən edilmiş, torpaq sahəsi cavabdehin öz mütəxəssisləri tərəfindən naturada yoxlanılmış və onun hüquqi-status göstəriciləri barədə əlavə rəsmi məlumatlar əldə olunmuşdur. Bu hallarda aradan qaldırıla bilən formal çatışmazlıqların mülkiyyət hüququnun dövlət qeydiyyatından qəti imtina üçün yetərli sayılması mütənasib yanaşma hesab edilə bilməz. Kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi baxımından da fərqli nəticəyə gəlmək üçün əsas yoxdur. Bələdiyyə aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması müəyyən edilmədiyindən 15.1.4-cü maddədə nəzərdə tutulan hal mövcud deyildir. Bundan başqa, iddiaçının adının qərarda aşkar edilməməsi barədə əvvəlki arxiv məlumatı sonrakı düzəliş məktubu ilə texniki səhv kimi geri götürülmüşdür. Düzəliş edilmiş məlumatda yalnız qərarın arxiv fondunda mövcud olmadığı göstərilmişdir ki, bu da qərarın qəbul edilmədiyini və ya təqdim olunmuş sənədlərin həqiqətə uyğun olmadığını təsdiq edən səlahiyyətli araşdırmanın nəticəsi deyildir. Buna görə Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan imtina əsaslarından hər hansı birinin mövcudluğu iş materialları ilə təsdiq olunmur. Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə ## ###### 2021ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə etimadın qorunması prinsipinin mahiyyəti maraqlı şəxsin inzibati akta etibar etmək, inzibati orqanın davranışını və qəbul etdiyi aktı qanunauyğun hesab etmək, onun məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququnu ehtiva edir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda qeydiyyatdan imtina edən orqan həmin imtinanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı konkret hüquqi maneəyə əsaslandığını göstərməlidir. Hazırkı işdə iddiaçı bələdiyyənin ## #### 2007-ci il tarixli qərarına əsaslanmış, həmin qərardan irəli gələn alqı-satqı münasibətinin rəsmiləşdirilməsində iştirak etmiş, torpaq sahəsinin dəyərini ödəmiş və bələdiyyə tərəfindən tərtib edilmiş yerquruluşu sənədlərini əldə etmişdir. Bu ardıcıl inzibati hərəkətlər iddiaçıda hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət tərəfindən tanınacağına dair əsaslı gözlənti yaratmışdır. Həmin gözləntinin yalnız inzibati orqanların arxiv və sənədləşmə fəaliyyətində sonradan üzə çıxan uyğunsuzluqlara görə aradan qaldırılması etimadın qorunması prinsipi ilə uzlaşmır. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair ## #### 2017-ci il tarixli Qərarında da qeydiyyat orqanının təqdim edilmiş sənədləri diqqətlə yoxlamalı olduğu vurğulanmaqla yanaşı, şəxsin qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka hüququnun əsassız məhdudlaşdırılmasının yolverilməzliyi göstərilmişdir. Qeydiyyat orqanı bələdiyyə tərəfindən qəbul olunmuş torpaqayırma aktını qanunsuz hesab etdiyi halda həmin aktın icrasının dayandırılması və ya ləğvi barədə aidiyyəti orqan qarşısında məsələ qaldırmaq və ya məhkəməyə müraciət etmək imkanına malikdir. Cavabdeh hazırkı işdə Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** saylı qərarının ləğvi və ya etibarsız sayılması üçün hər hansı hüquqi prosedurun həyata keçirildiyini göstərməmişdir. Belə olan halda qüvvədə saxlanılan inzibati aktın hüquqi nəticələrinin qeydiyyat mərhələsində faktiki olaraq yox sayılması “İnzibati icraat haqqında” Qanunun 64.2ci maddəsi ilə müəyyən edilmiş inzibati aktın hüquqi qüvvəsi prinsipinə uyğun hesab edilə bilməz. Kollegiya hazırkı nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında formalaşdırdığı yanaşmanı da nəzərə alır. Həmin hüquqi mövqedə torpaqayırma icraatında mümkün prosessual və rəsmiləşdirmə qüsurlarının, eləcə də alqı-satqının formasına dair çatışmazlıqların qüvvədə olan torpaqayırma qərarını öz-özlüyündə hüquqi qüvvədən salmadığı, belə qüsurların aradan qaldırılmasının səlahiyyətli orqanların məsuliyyət sferasına aid olduğu göstərilmişdir. Həmin yanaşma hazırkı işə tətbiq edildikdə də eyni hüquqi nəticə alınır. Qobu bələdiyyəsinin torpaq sahəsinin satılması barədə qərarı qüvvədədir, qərardan irəli gələn alqısatqı aktı və yerquruluşu sənədləri mövcuddur, torpaq sahəsi cavabdehin öz araşdırması ilə naturada müəyyən edilmiş, başqa şəxslərin mülkiyyətinə verilmiş sahələrlə üst-üstə düşmədiyi və bələdiyyə torpaqları daxilində yerləşdiyi təsdiqlənmişdir. Eyni zamanda, əvvəlki arxiv məlumatındakı yanlış qeyd geri götürülmüş, qərarın tarix və nömrəsinin iyun ayı üzrə qərar ardıcıllığı ilə ziddiyyət təşkil etmədiyi müəyyən olunmuş və Qobu Bələdiyyəsi qərarla bağlı sənədlərin dövlət arxivinə təhvil verildiyini bildirmişdir. Bu faktların qarşısında qərarın fiziki nüsxəsinin hazırda arxivdə aşkar edilməməsi, ayrı-ayrı sənədlərdəki formal qüsurlar və elektron bazada ayrıca qeydin olmaması qeydiyyatdan imtinanı əsaslandırmaq üçün kifayət etmir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, inzibati orqan özünün və ya digər publik qurumların sənədləşmə, arxivləşdirmə və informasiya sistemlərinin aparılması sahəsində yol verdiyi təşkilati çatışmazlıqlardan şəxsin ziyanına hüquqi nəticə çıxara bilməz. Belə çatışmazlıqlar yalnız təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmadığı və ya hüququn yaranmasına dair aktın qanunla nəzərdə tutulmuş qaydada qüvvədən salındığı mötəbər şəkildə müəyyən edildikdə hüquqi əhəmiyyət kəsb edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi 0,08 ha torpaq sahəsi hüquqi və texniki baxımdan fərdiləşdirilmiş, həmin sahəyə dair Qobu bələdiyyəsinin qüvvədə olan ## #### 2007-ci il tarixli, ** saylı qərarı və onu qanuniliyini təmin edən rəsmiləşdirmə sənədləri mövcud olmuş, cavabdehin öz araşdırması ilə də sahənin bələdiyyə torpaqları daxilində yerləşdiyi və üçüncü şəxslərin qeydiyyatlı hüquqları ilə toqquşmadığı təsdiqlənmişdir. Cavabdehin göstərdiyi ziddiyyətlər isə bu sənədlərin saxta və ya hüquqi qüvvədən düşmüş olmasını təsdiq edən səviyyəyə çatmır. Bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati aktın qüvvədə olduğu müddətdə hüquqi nəticələr doğurması, formal və təşkilati qüsurların əsaslı hüquqi səbəb olmadan hüquq sahibinin ziyanına təfsir edilməməsi, habelə qeydiyyat orqanının imtinanı qanunda nəzərdə tutulan konkret əsasla əlaqələndirməli olması barədə formalaşdırdığı hüquqi mövqelər hazırkı mübahisənin həlli üçün də rəhbər tutulmalıdır. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin hüquqi statusuna, iddiaçının təqdim etdiyi sənədlərə və cavabdehin öz araşdırması ilə müəyyən edilmiş texniki hallara düzgün hüquqi qiymət vermiş, iddia tələbini təmin etməklə iş üzrə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-562/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-562/2026
13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver