Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-581/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Qusar Rayon Icra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Quliyev Ismayıl Rza oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Qusar Rayon Icra Hakimiyyətinə qarşı “torpaq sahəsindən sərbəst şəkildə istifadə edilməsinə qarşı törədilən bütün maneələrə son qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avabdeh Qusar rayon Icra Hakimiyyəti tərəfindən MA seriyalı ******* saylı və MA seriyalı ******* saylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, mülkiyyətində olan 0,24 ha torpaq sahəsindən sərbəst istifadə etməyinə qarşı törədilən bütün maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MA seriyalı, ******* saylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən sərbəst şəkildə istifadə etməyinə qarşı cavabdeh Qusar rayon Icra Hakimiyyəti tərəfindən törədilən bütün maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonunda hüquq mühafizə orqanlarında xidmət edərək ömrünün iyirmi beş ildən çox hissəsini Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunmasına həsr etmişdir. Ömrünün bu hissəsindən ona qalan və Qusar rayonu ərazisində yeganə mülkiyyəti olan rayonun Yuxarı Ləyər kəndi ərazisində 2006-cı ildə fərdi yaşayış evi tikmək üçün aldığı 0,12 ha həyət yanı torpaq sahəsidir. 2010-cu ildə bu torpaq sahəsinin ətrafına hasar çəkmək məqsədi ilə tikinti işləri görmüşdür. Lakin Qusar RIH bir neçə nəfərlə ora gələrək icra hakimiyyəti başçısının adından həmin tikililəri sökdürmüş və istifadə etdiyi tikinti materiallarını oradan uzaqlaşdırmışdır. Nəticədə, iki min manatdan çox maddi ziyan dəymişdir. O vaxtdan xüsusi mülkiyyətində olan və DƏDRX-də qeydiyyata alınmış torpaq sahəsini ya istifadə edə bilmir, ya da sata bilmir. Dövlət tərəfindən torpaq sahəsi olan ərazidə tikinti tikilməsini məhdudlaşdıran hər hansı qərar və sərəncam qəbul edilməmişdir. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, rayonun Yuxarı Ləgər kəndi ərazisində sonuncunun və həyat yoldaşının adlarına 0,12 ha olmaqla, cəmi 0,24 ha torpaq sahəsi vardır. Ötən müddət ərzində həmin torpaq sahəsinin istifadəsinə hər hansı maneə törədilməmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı müdaxilə edilməmişdir. 2025-ci ilin oktyabr ayında iddiaçı həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün icazə verilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmiş, müraciət baxılmaq üçün rayon Icra Hakimiyyətinə göndərilmişdir. Məsələ cavabdeh tərəfindən araşdırılaraq vətəndaşa ## ####### 2025-ci il tarixdə rəsmi cavab məktubu göndərilmişdir. Qeyd olunmalıdır ki, sözügedən torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması məqsədəuyğun deyildir. Belə ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazidən 35 kv-luq Qusar-Cağar və 10 kv-luq Cağar-Xuray hava elektrik verilişi xətləri keçməklə iddiaçı tərəfindən aparılacaq tikinti işləri həmin elektrik xətlərinin mühafizə zonasına düşür. Eləcə də, X4 Agentliyinin rayon Icra Hakimiyyətinə göndərilmiş rəsmi məlumata əsasən, hazırda mövcud QusarLaza yolu əsasında gələcəkdə 1-ci texniki dərəcəli, dörd zolaqlı Qusar-Laza avtomobil yolunun çəkilməsi nəzərdə tutulmuşdur. Yeni dörd zolaqlı yolun layihəsi və koordinatları artıq mövcuddur və iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi həmin yolun altına düşür. Bu barədə sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. Məsələnin ciddiliyini nəzərə alaraq iddiaçıya həmin torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması məqsəduyğun olmadığı bildirilmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, torpaq sahəsinin yanından keçən Qusar-Laza yolu X1 Turizm Mərkəzinə gedən yol olmaqla oradan mütəmadi olaraq xarici və yerli turistlər tərəfindən istifadə olunur və həmin yol mühafizə baxımından da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qaldırdığı hazırki iddia iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz. Ona görə də, iddiaçının hazırki iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz. Həmçinin iddiaçıya izah edilmişdir ki, iddiaçı hüquqi marağına çatmaq üçün ilkin olaraq, həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün icazə verilməsi ilə bağlı rayon Icra Hakimiyyətinə müraciət edərək nail ola bilər. Iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif olunsa da, bununla razılaşmamışdır. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibatı Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Inzbati Məhkəməsi iddia qaldırılandan üç ay keçdikdən sonra məhkəmənin üçünçü iclasına cavabdeh tərəfindən təqdim olunan (elektron kabinetə yerləşdirilən) etiraza əsaslanaraq iddianı mümkün saymamışdır. Həmin etirazda qeyd olunur ki, Icra Hakimiyyəti tərəfindən ona, yəni cavabdehə torpağından istifadə edilməsinə heç bir maneəçilik göstərilməmişdir. Belə çıxır ki, ona maneəçilik göstərilmədiyi halda nahaq yerə məhkəmədə iddia qaldırmışdır. Həmin etirazda etiraf edilir ki, torpağından istifadə etmək üçün müraciət etmiş, lakin cavabdeh həmin torpaqdan istifadə etməyin məqsədə müvafiq olmadığını bildirmişdir. Cavabdehin həmin cavab məktubunu da məhkəməyə təqdim etmişdir. Bu cavabın məzmunu onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneəçilik törədilməsi halını təsdiq edir. Eyni zamanda iddiaya verilən etiraz da onun torpaq sahəsindən istifadəsinə maneəçilik törədilməsinin sübutudur. Əgər Icra Hakimiyyəti torpaqdan istifadə etməyinə heç bir maneə törətmirsə niyə görə bu iddianın təmin olunmasına etiraz edir. Torpağından sərbəst istifadə etməyini istisna edən normativ akt kimi etiraza əlavə edilmiş Qusar Rayon Icra Hakimiyyətinin ##.##.2010-cu il tarixli Sərəncamı üzrə bu günə kimi heç bir iş aparılmamış, həmin sərəncamın 7-ci bəndində göstərilmişdir ki, sərəncamın qüvvədə olma müddəti bir ildir. Deməli bu Sərəncam 14 il bundan əvvəl öz qüvvəsini itirib. Etrirazın əsaslandırıldığı digər hal həmin ərazidən yüksək gərginlikli elektrik xətlərinin keçməsidir. Həmin torpaq sahəsi ona fərdi yaşayış evi inşa etmək üçün ayrıldıqdan (mülkiyyət sənədində torpağın uqodiyası belə göstərilmişdir) sonra orada heç bir yeni elektrik xətti çəkilməmişdir. Əgər bu torpaq sahəsi elektrik xəttlərinin mühafizə zonasında olsaydə yəqin ki, dövlət reyestr xidməti ona torpaq üzərində mülkiyyət hüququnun tanınması barədə Çıxarış verməzdi. Faktiki olaraq da ona məxsus torpaq sahəsi elektrik xəttlərindən 70-80 metr aralıda yerləşir. Həm də cavabdeh bu arqumenti təsdiq edəcək heç bir sübut, sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə qərardad çıxaranda yalnız etirazda yazılanlara əsaslanmışdır. Etirazın əsaslandığı digər hal həmin yoldan turistlərin, xarici qonaqların keçməsi zamanı onlar üçün təhlükənin yaranmasıdır. Bu arqument kimin ağlına gəlibsə başa düşülən deyil. Çünki, həmin “qonaqlar” X2 kəndinə çatmaq üçün yüz belə yaşayış məntəqəsindən, yaşayış evlərinin arasından keçirlər. Niyə görə “qonaqlara” təhlükə məhz həmin ərazidən keçəndə gözlənilir? Həm də bu barədə həmin ərazidən keçidin və ya tikinti işlərinin aparılmasının məhdudlaşdırılması məqsədi ilə hər hansı normativ-hüquqi sənəd qəbul edilməmişdir. Bu gün də “Şahdağ” qış turizm kompleksinə gedən bütün qonaqlar həmin yoldan istifadə edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona torpaq sahəsindən sərbəst şəkildə istifadə edilməsinə qarşı törədilən bütün maneələrə cavabdeh inzibati orqan tərəfindən son qoyulmasınıa nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya hazırki iş üzrə iddianın mümkünlüyünün yoxlanılması mərhələsində aparılmış dəyərləndirmə ilə bağlı qeyd edir ki, inzibati prosessual qnaunvericiliyin tələbinə əsasən nzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, kollegiya qeyd edir ki, iddianın mümkünlüyü baxımından iddiaçının hüquqi marağının nədən ibarət olması, irəli sürdüyü iddia tələbinin onun hüquqi marağına uyğun olub-olmaması, nəticə etibarilə çatmaq istədiyi məqsədə irəli sürülmüş iddia növü əsasında nail ola bilməsinin mümkünlüyü, düzgün hüquqi müdafiə vasitəsindən istifadə edib-etməməsi halları aydınlaşdırılması zəruri olmaqla, həmin halların müəyyən edilməməsi halı özlüyündə iddianın mümkün hesab edilməməsi üçün əsas hesab edilir. Işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, ##.##.2011-ci ildə onun adına çıxarış və plan-ölçü sənədi verilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhkəmə iclasında veridyi izahatında sözügedən torpaq sahəsini 2006-cı ildə fərdi yaşayış evini inşa etmək məqsədilə satın aldığını, həmin vaxtda daş hasar çəkmək üçün tikinti materiallarını torpaq sahəsində yerləşdirdiyini, hasarı çəkmək istədikdə, ona cavabdeh inzibati orqan tərəfindən maneçilik törədildiyini, 20 il vaxt keçdiyindən, indi həmin maneçiliyin aradan qaldırılmasını istədiyini, hazırki dövrdə torpaq sahəsində hər hansı tikinti işləri aparmadığını və maneçiliklə qraşılaşmadığını, istinad etdiyi hal məhz 2006-cı ildə qarşılaşdığı maneçiliklə bağlı olduğunu bildirmişdir. Nəticə etibarilə iddiaçının tələbin əsası kimi 2006-cı ildə baş vermiş hallara istinad etməsi, həmin halların real vaxt şəraitində faktiki vəziyyətdə mövcud olmaması işin mübahisəsiz halıdır. Həmçinin, məhkəmə araşdırması zamanı da hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsindən faktiki istifadə etməsinə maneçilik törədilməsi, aktiv müdaxilənin (tikinti işlərinin aparılmasına və ya digər formada torpaq sahəsindən istifadə etməsinə maneçilik törədilməsi ilə bağlı halların) mövcud olması halı aşkar edilməmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçı torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi ilə bağlı başqa quruma şikayət ünvanlamış, həmin şikayətə baxılmasının nəticəsində cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ## ####### 2025-ci il tarixli məktub ünvanlanaraq, məktubun məzmununda həmin torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi, habelə hazırda həmin ərazidə 1-ci texniki dərəcəli dörd zolaqlı Qusar-Laza avtomobil yolunun çəkilmısi nəzərdə tutulduğundan, tikinti işlərinin aparılmasının məqsədəuyğun olmadığı qeyd edilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, indiki halda iddiaçının tələbi cavabdehin həmin məktubu ilə bağlı hallarla bağlı olmadığından, cavabdehin həmin məktubla bağlı hərəkətləri mübahisə predmeti təşkil etməmişdir. Bundan əlavə, kollegiya hesab edir ki, cavabdehin həmin məktubla bağlı hərəktləri torpaq sahəsindən qanunauyğun şəkildə istifadə edilməsinə maneçilik baxımından aktiv müdaxilə qismində çıxış etmədiyindən, iddianın mümkünlük şərtinin ödənilməsinin əsası kimi çıxış etməmişdir. Nəticə etibarilə indiki halda iddiaçı tərəfindən həmin torpaq sahəsində tikinti işlərini həyata keçirməsi, cavabdeh inzibati orqanın maneçiliklə bağlı aktiv müdaxiləsi ilə qarşılaşması halı mövcud olmamış, iddiaçı da həmin halı qəbul edərək, iddia tələbinin əsası kimi məhz 2006-cı ildə baş vermiş müdaxilə ilə bağlı hallara istinad etdiyini bildirmişdir. Belə olan halda, kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (hazırda maneçiliklə bağlı cavabdehin aktiv müdaxiləsinin aşkar olmaması, tələbin əsası kimi 2006-cı ildə baş verən hallara istinad edilməsi və s.) cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının əmlak hüquqlarının pozulması və aşkar müdaxilənin mövcudluğunü müəyyən etməyə imkan vermədiyindən, bu hal isə özlüyündə prosessual qanunvericiliyin və formalaşdırılmış məhkəmə təcrübəsinin tələbinə əsasən iddianın mümkün sayılmaması üçün əsas hesab edildiyindən, iddia mümkün sayılmamalıdır. Nəticə etibarilə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Bundan əlavə, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, mülki qanunvericiliyin tələbinə əsasən iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə həmin sahədə tikili inşa etmək hüququna malik olduğundan, bu hüququn qanunla müəyyən edilmiş qaydada hazırki vəziyyətdə realizə edilməsi ilə bağlı maneçiliklə qarşılaşdığı halda, qanunla müəyyən edilmiş qaydada və şərtlərdə hüquqi müdafiə vasitələrindən (inzibati qaydada müvafiq səlahiyyətli quruma və ya məhkəmə qaydasında müvafiq səlahiyyətli məhkəməyə müraciət etməklə) istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-581/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-581/2026
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver