Məhkəmə qərarları › İş №2-1(3-8)-584/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-584/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-584/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri X3 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinə qarşı “ona təyin edilmiş əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa olunması və iddiaçının əlilliyinin ləğv olunması haqqında qərarın qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ona təyin edilmiş əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2000-ci ildə ilkin əlillik 2009-cu ildə isə müddətsiz əlillik təyin edilmişdir. 2020-ci il tarixdə müddətsiz əlilliyi heç bir inzibati araşdırma aparılmadan ləğv olunmuş, əlilliyin ləğv olunması barədə qəbul edilmiş qərar isə ona təqdim edilməmişdir. Bununla əlaqədar olaraq hər il Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyində qəbulda olmuş və hər dəfə ona bildirilmişdir ki, tezliklə əlilliyi bərpa olunacaqdır. Lakin iddiaçının əlilliyi indiyədək bərpa edilməmişdir. Əlilliyinin ləğv edildiyi tarixdən bərpa olunması və onun əlilliyinin ləğv olunması barədə qəbul edilmiş qərarın surətinin onun ünvanına göndərilməsi barədə göstəriş verilməsi xahişi ilə ##.##.2025-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddia tələbinə etiraz edərək bildirirlər ki, əlillik altsistemində olan məlumatlara əsasən vətəndaşa tibb müəssisəsinin sonuncu göndərişi əsasında ##.##.2000-ci il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbilə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddəti bitdikdən sonra vətəndaş barəsində yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilməmiş və cavabdeh tərəfindən imtina barədə qərar qəbul edilməmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1- ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfində qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X2 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən olunmuşdur ki, iddiaçı ##.##.2009- cu il tarixdə müayinədən keçirilmiş və ona “Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz II qrup əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra vətəndaş barəsində yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmədiyindən iddiaçının əlilliyi dayandırılmışdır. Göründüyü kimi iddiaçıya 2009-cu il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir əsas olmadan vətəndaş barəsində yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndərişin rəsmiləşdirilməsi tələb edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ** saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunmuş SER TSE01№****** saylı arayışdan görünür ki, iddiaçıya “Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar” müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı əlilliyinin dayandırılmasına əsas olmuş sənədlərin mötəbərliyini təsdiq edən hər hansı sübut (qərar) məhkəməyə təqdim edilməmişdir. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq bizim etirazı belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq müvafiq tibbi-ekspertiza və ya əyani müayinəyinin keçirilməsi barədə qərardad qəbul etməmişdir. Vətəndaşın əlilliyinin ləğv edilməsi barədə inzibati orqanın qərarı olmadığı halda məhkəmə qeyri-müəyyən qərarı ləğv etmişdir. Birinci instansiya məhkəməsi ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Vətəndaşın əlilliyi olmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Inzibati prosessual qanunvericiliyin tələbinə əsasən işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə işin faktiki və hüquqi halları baxımından iddianının əsaslılığından öncə iddianın mümkünlük şərtlərinin yerinə yetirilib-yetirilməməsnin yoxlanılması zəruridir. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçıya ##.##.2009-cu il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə müddətsiz əlillik təyinatı aparılmışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, əlillik alt sistemi məlumatlarında iddiaçıya ##.##.2000-ci ildən ##.##.2001-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə 1 il müddətinə əlillik təyinatının aparılması barədə məlumat mövcud olmuş, başqa əlillik təyinatının aparılması barədə hər hansı məlumat mövcud olmamışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya əlilliyə görə müvainətin ödənilməsinə dair inzibati icraat materialarında iddiaçıya TSEK tərəfindən verilmiş arayış mövcud olmuş, həmin arayışın məzmununda ##.##.2009-cü ildə iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahatın məzmunundan aydın olur ki, iddiaçı 2019-cu ilədək əlilliyə görə pensiya aldğını, 2019-cu ildən pensiya ödənişinin dayandığını, həmin vaxtdan indiyədək pensiya almadığını, məhkəməyə ilk dəfə indi bu barədə tələblə müraciət etdiyini bildirmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatından aydın olur ki, iddiaçı barəsində əlillik alt sistemində yalnız ##.##.2000-ci ildə bir il müddətinə əlilliyin təyin edilməsi barədə məlumatın olduğu, başqa əlillik təyinatı ilə bağlı heç bir məlumatın olmadığı, inzibati orqan tərəfindən əlilliyin ləğv edilməsi və ya dayandırılması ilə bağlı heç bir inzibati aktın qəbul edilmədiyi, bu barədə heç bir hərəkətə yol verilmədiyi qeyd edilmişdir. Iddiaçı əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, hazırki iddia növü mübahisələndirmə haqqında iddia olduğundan, prosessual qanunvericiliyin tələbinə əsasən həmin iddia növü ilə bağlı iddianın mümkünlük şərti kimi iddia müddətinə aid tələbə riayət edilməsi tələb olunur. Həmçinin, kollegiya bununla bağlı qeyd edir ki, oxşar işlər üzrə formalaşdırılmış məhkəmə təcrübəsinə dair hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarın məzmununda qeyd edilmişdir ki,” ....Göründüyü kimi, iddiaçıya onun əlilliyinin ləğv edilməsi artıq xx.xx.2019-cu ild tarixdən məlum olmuş, belə ki, keçən müddət ərzində iddiaçı əlilliklə bağlı pensiya almadığı üçün hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, 2019-cu ildən 2024cü ilə qədər bu halı mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası bildirir ki, xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərar bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Lakin iddiaçı həmin inzibati aktı nə “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də IPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür......” Kollegiya qeyd edir ki, iddiaçının əlilliyinin ləğv edilməsi barədə artıq 2019-cu ildə pensiya ödənişinin dayandırıldığı vaxtdan, yəni hüquqlarının pozulması barədə pensiya almadığı vaxtdan məlumatlı olmuşdur. Buna baxmayaraq, həmin müddətdən (2019-cu ildən) 6 ildən artıq müddət keçdikdən sonra (##.##.2025-ci ildə) əlilliyin dayandırılması məsələsini məhkəmə qaydasında mübahisələndirmişdir. Halbuki, prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı inzibati akt barədə məlumatlı olduğu (hüququnun pozulduğunu bildiyi) andan 30 gün müddətində həmin aktı mübahisələndirmək hüququna malik olmuşdur, həmin şərtin ödənilməməsi isə iddianın mümkün sayılmaması üçün əsas sayılır. Nəticə etibarilə hazırki iş üzrə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Bundan əlavə, kollegiya qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən qanunla müəyyən edilmiş müddətdən 1 il keçdikdən sonra onun bərpasına yol verilməməsi imperativ norma kimi nəzərdə tutulduğundan, habelə normada müəyyən edilmiş istisna halların iddiaçıya münasibətdə mövcudluğu aşkar edilmədiyindən, ötürülmüş müddətin bərpasına dair iddiaçıya hüquqi yardım göstərilməsi, bu istiqamətdə araşdırma aparılmasının əsasları da mövcud olmamışdır. IPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar araşdırılmamış, iddianının mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi istiqamətində araşdırılma aparılmayaraq, formalaşdırılmış məhkəmə təcrübəsinə aid hüquqi mövqe nəzərə alınmayaraq, işə mahiyyəti üzrə baxılmış, bununla da işin hallarına düzgün hüquqi qiymət verməyərək, gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar