Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-586/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı və onun vəkili/nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinə çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh * saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, xxxx, publik-hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi iddiaçıya məxsus torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Torpaq sahəsi Abşeron rayonu, Məmmədli kəndində yerləşir və sahəsi 0,06 hektardır. İmtina əsası kimi göstərilmişdir ki, Məmmədli tərəvəzçilik-südçülük sovxozunun ##.##.1987-ci il tarixli, *** saylı əmri ilə iddiaçıya ayrılmış torpaq sahəsinə dair ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı iş materiallarına əlavə edilməmişdir. Qeyd edilmişdir ki, həmin əmlakla bağlı mübahisə olduğu üçün imtina verilir. İmtina əsası kimi göstərilmişdir ki, torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş başqa bir plan ölçü sənədi ilə tərtib edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarına əlavə edilmiş Abşeron RİH Abşeron Rayon Dövlət Arxivinin ##.##.2019-cu il tarixli arxiv çıxarışından görünür ki, torpaq sahəsi fərdi ev tikmək məqsədilə ayrılmışdır. Torpaq sahəsinin ayrılmasının hüquqi əsası kimi çıxış edən sənədlərdən biri Abşeron rayonu XDS İcraiyyə Komitəsinin ** saylı qərarını göstərmək olar. Arxiv çıxarışında da həmin qərara istinad edilmişdir. Sənədin əslini itirdiyi üçün arxiv çıxarışı tərəfindən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş yerquruluşu planından çıxarış torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını dəqiq müəyyən edir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi iddiaçının daimi qeydiyyat ünvanını təsdiq edir. Məhkəmənin nəzərinə çatdırır ki, imtina cavabı formal xarakterlidir. Belə ki, qeyd edilmişdir ki, torpaq sahəsinə dair ilkin baş plan və ya təsdiq edilmiş ayrıc aktı iş materiallarına əlavə edilməmişdir. Bu əsas heç bir hüquqi çərçivəyə sığmır və işin halları ilə ziddiyyət təşkil edir. Digər bir əsas kimi göstərilmişdir ki, torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş başqa bir plan ölçü sənədi ilə tərtib edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bununla əlaqədar qeyd edir ki, həmin torpaq sahəsi hasarla əhatələnmişdir və içərisində 3 otaqlı, mətbəx və sanitar qovşaqla təchiz edilmiş fərdi yaşayış evi mövcuddur. Həmin evdə yaşayış var. Torpaq sahəsi üst-üstə düşə bilməz, çünki hasarın içərisindədir və döngə nöqtələrinin koordinatlanın təsdiq edən yerquruluşu planından çıxarış da iş materiallanna əlavə edilmişdir. Digər imtina əsası kimi göstərilmiş əmlakla bağlı mübahisənin olmasına gəlincə isə bildirir ki, bu mübahisə şəxsi xarakterlidir. İddiaçının qardaşı həmin evdə yaşayıb və bu imtina əsası kimi göstərilə bilməz. Torpaq sənədləşdirilməlidir. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası şablon xarakterlidir, birtərəfli tərtib edilmişdir və süründürməçilik məqsədi daşıyır. İddiaçı hesab edir ki, həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsinə zərurət meydana gəlmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron Rayonu Məmmədli Tərəvəzçilik- Südçülük sovxozunun ## ###### 1987-ci il tarixli *** saylı əmri ilə ayrılmış 0,06 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının və eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyətinizi təsdiq edən sənədin surətinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, sözügedən torpaq sahəsinin ləğv edilmiş DT və XK tərəfindən 3080********** nömrəli plan ölçü sənədi tərtib edilmiş torpaq sahəsilə üst-üstə düşdüyü, sözügedən daşınmaz əmlakla bağlı mübahisə olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Məmmədli tərəvəzçilik-südçülük sovxozu direktorunun ##.##.1987-ci il tarixli, *** saylı əmrinə əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin birinci dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə cavabdehin ikinci dəlilinə münasibətdə qeyd edir ki, Cavabdehn * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məktuba əsasən, müayinə olunan torpaq sahəsi 0,2410 ha, sənəd üzrə torpaq sahəsi isə 0,06 ha təşkil edir. Sənəd üzrə torpaq sahəsi müayinə olunan torpaq sahəsinin daxilində yerləşir. Bundan əlavə, elektron məlumat bazasına əsasən, müayinə olunan torpaq sahəsinin 0,0335 ha hissəsi 3080********** nömrəli kadastr sənədi ilə üst-üstə düşür. Lakin həmin hissə, yəni 0,0335 ha hissə, iddiaçının sənəd üzrə torpaq sahəsinin daxilində yerləşmir. Məhkəmə cavabdehin üçüncü dəlilinə münasibətdə qeyd edir ki, mübahisənin nədən ibarət olması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmeti Məmmədli tərəvəzçilik-südçülük sovxozu direktorunun ## ###### 1987-ci il tarixli, *** nömrəli əmri ilə iddiaçı İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair çıxarışın və plan-ölçü sənədinin verilməsindən cavabdehin imtinasının qanuniliyinin qiymətləndirilməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, belə mübahisələrin həlli zamanı təqdim olunmuş sənədlərin yalnız formal mövcudluğu deyil, həmin sənədlərin hüquqi mənbəyi, səlahiyyətli orqanlar tərəfindən tərtib edilməsi, bir-birini tamamlayıb-tamamlamaması, hüquqi dövriyyəyə daxil olması və iş üzrə digər obyektiv məlumatlarla uzlaşıb-uzlaşmaması məcmu şəkildə qiymətləndirilməlidir. Ayrı-ayrı sənədlərdə mövcud olan texniki və ya arxiv xarakterli uyğunsuzluq, digər sübutların məzmunu nəzərə alınmadan, öz-özlüyündə hüququn mövcud olmadığını göstərən nəticə kimi qəbul edilə bilməz. İş materiallarından görünür ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd yalnız sonradan tərtib edilmiş arayışdan ibarət deyildir. Belə ki, Abşeron Rayon Dövlət Arxivinin ## ####### 2019-cu il tarixli arxiv çıxarışında Məmmədli tərəvəzçilik-südçülük sovxozu direktorunun ## ###### 1987-ci il tarixli, *** nömrəli əmrinə istinad edilmiş, apellyasiya baxışı zamanı aparılmış əlavə araşdırma nəticəsində həmin əmrin arxivdə saxlanılan ilkin nüsxəsinin mövcudluğu da müəyyən edilmiş və əmrin məzmunu üzrə iddiaçıya 0,06 ha torpaq sahəsinin ayrılması təsdiq olunmuşdur. Beləliklə, hüququn yaranmasına əsas olan əmrin mövcudluğu, tarixi, nömrəsi və torpaq sahəsinin ölçüsü arxiv mənbələri ilə təsdiqlənir. Məhkəmə kollegiyası xüsusilə nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin ## #### 2025-ci il tarixli, *** nömrəli Fərmanı ilə əlavə edilmiş 2.5-1-ci bəndə əsasən sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir. Bununla yanaşı, həmin Fərmanın 7-ci hissəsinə əsasən belə sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması onların milli arxiv fondunda əsasının olduğu halda həyata keçirilir. Hazırkı iş üzrə Məmmədli tərəvəzçilik-südçülük sovxozu direktorunun ## ###### 1987-ci il tarixli, *** nömrəli əmri ilə iddiaçıya 0,06 ha torpaq sahəsinin ayrılması, həmin əmrin qəbul edilməsinə əsas olmuş Abşeron rayon XDS İcraiyyə Komitəsinin ** nömrəli qərarı və ## ###### 1987-ci il tarixli komissiya iclasının protokolu barədə arxiv materiallarının mövcudluğu iş üzrə əldə edilmiş rəsmi məlumatlarla təsdiq olunur. Beləliklə, hazırkı halda söhbət hüquqmüəyyənedici sənədin arxiv əsasının olmamasından deyil, əksinə, qanunvericiliyin tələb etdiyi arxiv əsasının mövcudluğundan gedir. İş üzrə həmin əmrin qanunla müəyyən edilmiş qaydada ləğv edilməsi, etibarsız hesab olunması və ya onun saxta olması barədə hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə, əmrin özü və arxiv məlumatları eyni hüquqi faktı - iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə 0,06 ha torpaq sahəsinin ayrılmasını təsdiq edir. Kollegiya hesab edir ki, belə vəziyyətdə cavabdehin həmin hüquqmüəyyənedici sənədin hüquqi nəticələrini qeydiyyat mərhələsində faktiki olaraq yox sayması qanunçuluq və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır. Məhkəmə kollegiyası cavabdehin torpaq sahələrinin üst-üstə düşməsi barədə dəlilinə ayrıca münasibət bildirir. Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinin ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubuna əsasən, naturada müayinə olunmuş hasarlanmış torpaq sahəsinin faktiki ölçüsü 0,2410 ha, iddiaçının hüquqmüəyyənedici sənədi üzrə torpaq sahəsi isə 0,06 ha təşkil edir. Cavabdehin öz araşdırması ilə sənəd üzrə 0,06 ha torpaq sahəsinin bütövlükdə həmin 0,2410 ha faktiki sahənin daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin məktubda, eyni zamanda, müayinə olunan 0,2410 ha torpaq sahəsinin 0,0335 ha hissəsinin 3080********** nömrəli kadastr sənədi ilə üst-üstə düşdüyü göstərilsə də, cavabdeh açıq şəkildə müəyyən etmişdir ki, həmin 0,0335 ha üst-üstə düşən hissə iddiaçının sənəd üzrə 0,06 ha torpaq sahəsinin daxilində yerləşmir. Başqa sözlə, müəyyən edilmiş üst-üstə düşmə iddianın predmeti olan 0,06 ha sahəsinə deyil, onun daxil olduğu daha böyük faktiki hasarlanmış sahənin başqa hissəsinə aiddir. Bu səbəbdən “üst-üstə düşmə” faktı iddiaçının tələb etdiyi 0,06 ha sahənin qeydiyyatını istisna edən hal kimi qəbul edilə bilməz. Apellyasiya baxışı zamanı Məmmədli Bələdiyyəsinin ## ### 2026-cı il tarixli məktubu ilə verilmiş məlumatlar da cavabdehin əmlakla bağlı mübahisənin mövcudluğu barədə dəlilini təsdiq etmir. Belə ki, həmin məktubdan faktiki hasarlanmış daha böyük torpaq sahəsinin iddiaçının atası (X2) olan ailə üzvü ilə bağlı olduğu, iddiaçıya sənəd üzrə ayrılmış 0,06 ha torpaq sahəsinin də həmin sahənin daxilində yerləşdiyi anlaşılır. Bu hal iddiaçının torpaq sahəsinə başqa şəxsin ayrıca hüquq iddiasının olduğunu deyil, eyni ailəyə aid torpaq sahəsindən faktiki istifadə vəziyyətini göstərir. İş materiallarında iddiaçının 0,06 ha torpaq sahəsinə hüququna etiraz edən üçüncü şəxsin mövcudluğunu, həmin sahə ilə bağlı mülki mübahisənin və ya məhkəmə çəkişməsinin olduğunu təsdiq edən hər hansı sübut yoxdur. Kollegiya onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı 1987-ci il tarixli əmrlə ayrılmış torpaq sahəsinin ilkin döngə nöqtələrinin və koordinatlarının müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlara sorğular verilmiş, lakin mövcud arxiv sənədləri əsasında həmin dövrə aid koordinatları dəqiq müəyyən etmək mümkün olmamışdır. Bununla belə, torpaq sahəsinin ayrıldığı dövrdə müasir koordinat sisteminin tətbiq edilməməsi və hazırda arxiv sənədləri əsasında həmin koordinatların dəqiqləşdirilməsinin mümkün olmaması torpaq sahəsinin iddiaçıya ayrılması faktını aradan qaldırmır. Əksinə, cavabdehin öz mütəxəssisləri tərəfindən aparılmış müayinə nəticəsində sənəd üzrə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsinin faktiki istifadə olunan 0,2410 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən, ilkin koordinatların hazırda dəqiq müəyyən edilə bilməməsi yalnız texniki xarakterli hal kimi qiymətləndirilməli və iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına maneə hesab edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, bir dövlət informasiya sistemində məlumatın olmaması və ya müxtəlif inzibati məlumat mənbələri arasında texniki uyğunsuzluğun mövcudluğu hüquqmüəyyənedici sənədin hüquqi qüvvəsini avtomatik aradan qaldırmır. Belə uyğunsuzluqların araşdırılması, zəruri olduqda kadastr və arxiv məlumatlarının dəqiqləşdirilməsi, habelə rəsmi məlumat bazalarının bir-birinə uyğunlaşdırılması qeydiyyat və kadastr funksiyalarını həyata keçirən inzibati orqanların səlahiyyət və məsuliyyət dairəsinə daxildir. Bu yanaşma “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan formal tələblərdən sui-istifadənin qadağan olunması və həmin Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası ilə də uzlaşır. İnzibati icraat zamanı təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə onlar mötəbər hesab olunur, sənədlərin mötəbərliyinə əsaslı şübhə yarandıqda isə həmin şübhənin aradan qaldırılması üçün zəruri araşdırmanın aparılması inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3cü maddəsinin məzmununu da nəzərə alır. Hazırkı iddia cavabdehin üzərinə iddiaçıya məxsus torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması tələbinə dair öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh həmin öhdəliyin icrasından imtinanı əsaslandırarkən torpaq sahəsinin başqa sahə ilə üst-üstə düşməsinə və daşınmaz əmlakla bağlı mübahisənin mövcudluğuna istinad etmişdir. Bu halda öhdəliyin icrasına mane olduğu irəli sürülən həmin faktiki halların mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin özünün təqdim etdiyi rəsmi məlumatlardan görünür ki, faktiki müayinə olunan sahənin 0,0335 ha hissəsinin başqa kadastr sənədi ilə üst-üstə düşməsinə baxmayaraq, həmin hissə iddiaçının hüquqmüəyyənedici sənəd üzrə tələb etdiyi 0,06 ha torpaq sahəsinin daxilində yerləşmir. Eyni zamanda, cavabdehin istinad etdiyi daşınmaz əmlakla bağlı mübahisənin konkret olaraq hansı şəxslər arasında, hansı hüquqa və hansı torpaq sahəsinə münasibətdə mövcud olması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, cavabdeh öhdəliyin icrasına maneə kimi göstərdiyi halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Cavabdehin ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi barədə dəlili də işin nəticəsini dəyişmir. Bir tərəfdən, ## ###### 1987-ci il tarixli, *** nömrəli əmrin əsli və arxiv məlumatı iş materiallarında mövcuddur, digər tərəfdən, *** nömrəli Fərmanla təsdiq edilmiş Siyahının qüvvədə olan 2.5-1-ci bəndi sovxoz rəhbərinin əmrini müstəqil hüquqmüəyyənedici sənəd kimi tanıyır. Qanunvericiliyin hüququn qeydiyyatı üçün yetərli hesab etdiyi sənəd mövcud olduğu halda, torpaq sahəsinin ayrıldığı dövrə aid əlavə plan və ya ayrıc aktının hazırda aşkar edilməməsinin şəxsin ziyanına həlledici nəticə doğurması formal yanaşma olardı. Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə ## ###### 2021ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə etimadın qorunması prinsipinin mahiyyəti maraqlı şəxsin inzibati akta etibar etmək, inzibati orqanın davranışını və qəbul etdiyi aktı qanunauyğun hesab etmək, onun məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququnu ehtiva edir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda qeydiyyatdan imtina edən orqan həmin imtinanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı konkret hüquqi maneəyə əsaslandığını göstərməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə # ####### 2016-cı il tarixli Qərarında da daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qanunda nəzərdə tutulmuş hüquqi əsaslardan birinin mövcud olduğu halda qeydiyyat orqanının əlavə hüquqmüəyyənedici əsasların təqdim edilməsini tələb etməsinin yolverilməz olduğu, qüvvədə olan torpaqayırma aktının isə hüququn dövlət qeydiyyatı üçün əsas təşkil etdiyi hüquqi mövqeyi ifadə edilmişdir. Həmin yanaşma hazırkı işin hallarına tətbiq edildikdə, arxivdə mövcudluğu və məzmunu təsdiq edilən sovxoz direktorunun əmri ilə yaranmış hüququn torpaq sahəsinin ayrıldığı dövrə aid əlavə plan və digər sənədlərin aşkar edilməməsi səbəbilə inkar edilməsi əsaslı sayıla bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair ## #### 2017-ci il tarixli Qərarında hüquqların dövlət qeydiyyatından imtinanın qanunda göstərilən hüquqi əsaslarla əlaqələndirilməsinin zəruriliyi vurğulanmışdır. Hazırkı işdə isə ## ###### 1987-ci il tarixli, *** nömrəli əmrin etibarsızlığı müəyyən edilməmiş, qeydiyyatı tələb edilən 0,06 ha sahənin başqa şəxsin sənəd sahəsi ilə üst-üstə düşməsi təsdiqlənməmiş və həmin 0,06 ha sahə üzrə real hüquq mübahisəsinin mövcudluğu sübuta yetirilməmişdir. Buna görə cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş konkret və sübuta yetirilmiş hüquqi maneəyə söykənmir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, inzibati orqan özünün və ya digər qurumların sənədləşmə, arxivləşdirmə və informasiya sistemlərinin aparılması sahəsində yol verdiyi təşkilati çatışmazlıqlardan şəxsin ziyanına hüquqi nəticə çıxara bilməz. Belə çatışmazlıqlar yalnız təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmadığı və ya hüququn yaranmasına dair aktın qanunla nəzərdə tutulmuş qaydada qüvvədən salındığı mötəbər şəkildə müəyyən edildikdə hüquqi əhəmiyyət kəsb edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının 0,06 ha torpaq sahəsinə hüququnun yaranması ## ###### 1987-ci il tarixli, *** nömrəli sovxoz əmri və arxiv materialları ilə təsdiqlənir. Cavabdehin öz müayinəsinə əsasən, həmin 0,06 ha sahə faktiki 0,2410 ha sahənin daxilində yerləşir, 0,0335 ha üst-üstə düşən hissə isə iddiaçının sənəd üzrə torpaq sahəsinə aid deyildir. Daha böyük faktiki sahə ilə bağlı məlumatlar ailə üzvünə aid vəziyyəti göstərir və real hüquq mübahisəsini təsdiq etmir. Koordinatların arxiv sənədləri əsasında ayrıca müəyyən edilə bilməməsi də, sahənin naturada müəyyən edildiyi halda, qeydiyyatdan imtina üçün əsas yaratmır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-586/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-586/2026
13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver