Məhkəmə qərarları › İş №2-1(3-8)-615/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-615/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-615/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı iddiaçı3 və iddiaçı iddiaçı2 nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Abşeron rayon X5 ## ###### 2007-ci il tarixli, ** nömrəli iclas qərarlarına əsasən iddiaçı3 Mamed qızı, iddiaçı1 və iddiaçı2 hər birinə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə Idarəsi cavabdeh Abşeron rayon Qobu bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ## ###### 2007-ci il tarixli, ** nömrəli iclasının gündəliyində duran iddiaçı3 Mamed qızına, iddiaçı1 və iddiaçı2 fərdi ev tikintisi üçün hər birinə 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərarların (aktların) ləğv edilməsini xahiş etmişdir.

3. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli iclasının gündəliyində duran iddiaçı3, iddiaçı1 və iddiaçı2 fərdi ev tikintisi üçün hər birinə 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərarların ləğv edilməsi qərara alınmışdır (hakim Zaur Pirverdiyev).

4. Üçüncü şəxslər iddiaçı3 və iddiaçı1 qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişlər.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası ## ###### 2025-ci il *-*(***)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

6. Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 onlara məxsus torpaq sahələrinə çəkilmiş daş hasarın Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən söküldüyünü hesab etdiklərindən cavabdeh bələdiyyəyə ərizə ilə müraciət edərək, onlara dəymiş 4.910,00 manat (hər birinə 1.636,66 manat) maddi ziyanın və qiymətləndirici təşkilata ödənilmiş 200 manat pulun ödənilməsini xahiş etmişlər.

7. Iddiaçıların müraciətinə həmin mərhələdə yazılı cavab verilməmişdir.

8. Bundan sonra iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonunun Qobu bələdiyyəsi tərəfindən mülkiyyətə verilmiş torpaq sahələrinin perimetri boyunca çəkilmiş hasarın sökülməsi nəticəsində dəymiş 4.910,00 manat məbləğində ziyana görə hər birinin xeyrinə 1.636,66 manat ziyan məbləğinin cavabdehdən tutularaq ödənilməsi, eləcə də “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 200 (iki yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat:

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Iddiaçıların Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin *-*(***)-***/**** nömrəli işinin icraatından xəbərləri olmamışdır. Məhkəmə qərarı qəbul edildikdən sonra Abşeron rayonu Qobu Bələdiyyəsinin işçiləri rəhbərliyin göstərişi ilə iddiaçılara məxsus torpaq sahəsinin daş hasarını sökmüş, bunu isə torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarlarının məhkəmə qaydasında ləğv edilməsi ilə əsaslandırmışlar. Bundan sonra iddiaçılar həm hasarın bərpasını tələb etmiş, həm də iştirakları olmadan qəbul edilmiş məhkəmə qərarından apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və Sumqayıt Regional Ədliyyə Idarəsinin iddiası mümkün sayılmamışdır. Bununla da torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarlarının hüquqi qüvvəsi bərpa olunmuşdur. Iddiaçılar hesab edirlər ki, məhkəmə qərarı və ya tikilinin sökülməsi barədə hər hansı inzibati akt olmadan hasarın sökülməsi Qobu Bələdiyyəsinin qanunsuz hərəkəti olmuş və onlara maddi ziyan vurmuşdur. Bu ziyanın məbləği “xxxx” MMC tərəfindən ## ### 2022-ci il tarixli mütəxəssis rəyində bazar qiymətləri nəzərə alınmaqla 4.910 manat müəyyən edilmişdir. Həmin dövrdə bələdiyyə qərarları qüvvədə olmadığından məhkəməyə müraciət etmək mümkün olmamış, hazırda isə həmin qərarların hüquqi qüvvəsi bərpa edildiyi üçün iddiaçılar vurulmuş maddi ziyanın Qobu Bələdiyyəsindən tutulmasını tələb edirlər.

10. Məhkəmə icraatının gedişində cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsi ## #### 2025-ci il tarixli, *** nömrəli məktubu ilə iddiaçıların müraciətinə imtina cavabı verərək bildirmişdir ki, araşdırma zamanı sözügedən torpaq sahəsinə dair daş hasarın Abşeron rayon Qobu bələdiyyəsi tərəfindən sökülməsi məsələsinin həqiqəti əks etdirmədiyi müəyyən olunmuşdur. Belə ki, bu cür hallar baş verdiyi zaman qanunvericiliyin tələblərinə uyğun olaraq Abşeron rayon Qobu bələdiyyəsi tərəfindən zəbtlə bağlı akt tərtib olunduqdan sonra polis bölməsinə məlumat verilir və söküntü işlərinin aparılması məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikası cəlb olunmaqla söküntü həyata keçirilir. Eyni zamanda bildirilmişdir ki, torpaq sahəsinin daş hasarının kimlər tərəfindən və hansı qaydada sökülməsi ilə bağlı Abşeron rayon Qobu bələdiyyəsinin məlumatı yoxdur. Bu əsaslarla maddi ziyan məbləğinin (4910,0 manat) və qiymətləndirici təşkilata ödənilmiş (200,0 manat) pulun ödənilməsi tələbinə imtina cavabı verilmişdir.

b) Birinci instansiya məhkəməsinin qərarı:

11. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə).

12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkət (hərəkətsizlik) ilə vurulmuş zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Şəxsin davranışı zərərin yaranmasına səbəb olmamışdırsa, o, mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə obyektiv hüquqi kateqoriya olub, təqsirdən fərqli olaraq şəxsin iradəsindən asılı deyildir. Qanunvericiliyin tələblərinə əsasən, fiziki şəxs inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Lakin bunun üçün zərərin mövcudluğu, məbləği və qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqə sübuta yetirilməlidir. Hazırkı işdə iddiaçılar torpaq sahəsinin daş hasarının cavabdeh tərəfindən sökülməsi nəticəsində zərər vurulduğunu iddia etsələr də, hasarın məhz cavabdeh tərəfindən sökülməsi və iddia olunan zərərin cavabdehin hərəkəti nəticəsində yaranması mötəbər sübutlarla təsdiq edilməmişdir. Buna görə də iddiaçılar istinad etdikləri halları sübuta yetirə bilməmişlər.

13. Həmin qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

14. Iddiaçılar apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışlar.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 (digər iddiaçıların nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıların hər birinə ayrı-ayrılıqda 8 sot torpaq sahəsi ayrılmış və hər bir torpaq sahəsinin ətrafı hasara alınmışdır. 2019-cu ildə Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsi tərəfindən bələdiyyə qərarının ləğv edilməsi barədə qərar qəbul edildikdən sonra 2020-ci ildə bələdiyyə həmin torpaq sahələrinin hasarlarını sökmüşdür. 2022-ci ildə mütəxəssis rəyi tərtib edilərkən hasara aid daşlar hələ ilkin torpaq sahəsində olmuş, sonradan isə bələdiyyə onları götürərək iddiaçılara əkinçilik məqsədilə göstərdiyi başqa torpaq sahəsinin ətrafına hasar çəkmişdir. Hasar sökülərkən bələdiyyə tərəfindən iddiaçılara başqa torpaq sahəsinin veriləcəyi bildirilsə də, həmin torpaq sahəsinin onların mülkiyyətinə verildiyini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Bu əsasla apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, iddiaçılar tərəfindən istinad edilən söküntü işləri bələdiyyə tərəfindən aparılmamışdır və bələdiyyənin belə işləri həyata keçirmək səlahiyyəti də yoxdur. O, iddiaçılarla Effekt MMC arasında torpaq sahəsinin zəbt olunması ilə bağlı mübahisənin mövcud olduğunu, lakin həmin mübahisəyə dair məhkəmə qərarının bələdiyyədə olmadığını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, hazırda mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətində və istifadəsindədir. Bu əsaslarla apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

18. “Inzibati icraat haqqında” Qanun: Maddə 89. Inzibati orqanların məsuliyyəti 89.1. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

19. Inzibati Prosessual Məcəllə: Maddə 2. Inzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; ... Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

20. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

24. Hazırkı qərarın 1-5-ci bəndlərində qeyd olunan hallardan görünür ki, Abşeron rayon Qobu bələdiyyəsinin 2007-ci il tarixli qərarları ilə iddiaçıların hər birinə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərarlar Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2019-cu il tarixli qərarı ilə ləğv edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.

25. Iddiaçılar hazırda onlara ayrılmış torpaq sahələrinin perimetri boyunca çəkilmiş daş hasarın məhz cavabdeh Qobu bələdiyyəsi tərəfindən söküldüyünü iddia edir və cavabdehin hərəkətləri nəticəsində: 1) onlara vurulmuş maddi zərər kimi 4.910,00 manatın (hər birinə 1.636,66 manat olmaqla); 2) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mütəxəssis rəyinin verilməsinə görə onlar tərəfindən ödənilmiş 200 (iki yüz) manat pul vəsaitinin ödənilməsini tələb edirlər.

26. Maddi zərər tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Inzibati icraat haqqında" Qanunun 89.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə məsuliyyət Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş delikt məsuliyyəti normaları çərçivəsində müəyyən edilir. MM-in 21, 1096 və 1100-cü maddələrinin sistemli təhlili göstərir ki, belə tələbin təmin olunması üçün zərərin mövcudluğu və məbləği ilə yanaşı, həmin zərərin cavabdeh inzibati orqana aid edilə bilən hüquqa zidd hərəkətin nəticəsi olması, yəni bu hərəkətlə zərər arasında birbaşa səbəbli əlaqə mötəbər sübutlarla təsdiq edilməlidir. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi kompensasiya öhdəliyini istisna edir.

27. Kompensasiya tələbi mahiyyət etibarilə cavabdehin üzərinə müəyyən pul öhdəliyinin qoyulmasına yönəldiyindən, bu tələb üzrə iddiaçılar tələb etdiyi hüquqi nəticənin yaranmasına əsas verən faktiki halları sübut etmək vəzifəsini daşıyırlar. Məhkəmənin işin hallarını xidməti vəzifəsinə görə araşdırmaq öhdəliyi tərəflərin sübutetmə yükünü aradan qaldırmır. Buna görə də inzibati orqanın üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyinin qoyulması üçün yalnız zərərin baş verdiyinin bildirilməsi kifayət deyildir; zərərin mövcudluğu, onun cavabdehin qanunsuz davranışı nəticəsində yaranması və bu hallar arasında səbəbli əlaqə işdə olan sübutların məcmusu ilə təsdiq olunmalıdır.

28. Hazırkı işdə mübahisənin həlli baxımından əsas sübut predmeti daş hasarın sökülüb-sökülməməsi deyil, iddia olunan söküntünün məhz cavabdeh bələdiyyə tərəfindən həyata keçirilib-keçirilməməsidir. Başqa sözlə, hasarın sökülməsi faktı özlüyündə cavabdehin delikt məsuliyyətini yaratmır; bu məsuliyyətin yaranması üçün söküntü hərəkətinin cavabdehə aid edilməsi və həmin hərəkətlə iddia olunan zərər arasında səbəbli əlaqənin mövcudluğu müəyyən olunmalıdır.

29. Iş materiallarından isə hasarın məhz cavabdeh Qobu bələdiyyəsi tərəfindən söküldüyünü təsdiq edən mötəbər sübutlar müəyyən olunmur. Cavabdeh bələdiyyə istər iddiaçıların müraciətinə verdiyi ## #### 2025-ci il tarixli imtina cavabında, istərsə də məhkəmə icraatında hasarın sökülməsində iştirak etdiyini qəbul etməmiş, əksinə, söküntünün bələdiyyə tərəfindən aparılmadığını bildirmişdir. Cavabdehin bu mövqeyi özlüyündə həlledici olmasa da, iddiaçıların istinad etdikləri faktların digər sübutlarla təsdiq edilməsini zəruri edir.

30. Iş üzrə birinci instansiya məhkəməsində dindirilmiş şahid X9 ifadəsində hasarın tikintisində iştirak etdiyini, sonradan tikinti işlərini davam etdirmək üçün əraziyə gəldikdə hasarın sökülmüş vəziyyətdə olduğunu gördüyünü bildirmişdir. O, hasarın bələdiyyə tərəfindən söküldüyünü qeyd etsə də, bu qənaətinin hansı bilavasitə müşahidəyə və ya etibarlı məlumat mənbəyinə əsaslandığını izah etməmiş, söküntü prosesini şəxsən müşahidə etdiyini göstərməmişdir.

31. Iş üzrə digər şahid X6 isə ifadəsində həmin torpaq sahəsinə hasarın tikilməsində iştirak etdiyini, bir gün hasarın tikilməsi üçün gəldikdə hasarın sökülmüş vəziyyətdə olduğunu gördüyünü bildirmiş, eyni zamanda sahənin MMC tərəfindən zəbt edildiyini və hasarın qanunsuz söküldüyünü qeyd etmişdir.

32. Apellyasiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi də məhkəmə iclasında izahatında iddia olunan tikililərin bələdiyyə tərəfindən sökülmədiyini, iddiaçıların Effekt MMC ilə torpaq sahəsinin zəbt olunması ilə bağlı məhkəmə qaydasında mübahisələri olduğunu bildirmişdir.

33. X4 da ifadəsində tikililərin bələdiyyə tərəfindən deyil, MMC tərəfindən söküldüyünü bildirmiş, MMC-nin hansı cəmiyyət olduğunu konkret olaraq göstərməsə də, onun ifadəsi cavabdehin nümayəndəsinin izahatı ilə qarşılıqlı təhlil edildikdə bu MMC-nin Effekt MMC olduğu müəyyən edilir.

34. Beləliklə, şahid ifadələri hasarın kim tərəfindən sökülməsi məsələsində bir-biri ilə uzlaşmır. Bir şahid söküntünü bələdiyyə ilə əlaqələndirdiyi halda, digər şahid həmin halı MMC ilə bağlamışdır. Bundan əlavə, hər iki şahidin ifadəsindən görünür ki, onlar söküntü prosesini bilavasitə müşahidə etməmiş, yalnız sonradan hasarın sökülmüş vəziyyətdə olduğunu görmüşlər. Bu səbəbdən həmin ifadələr hasarın məhz cavabdeh bələdiyyə tərəfindən söküldüyü faktını etibarlı şəkildə təsdiq edən sübut kimi qəbul edilə bilməz.

35. Iddiaçılar hasarın cavabdeh tərəfindən sökülməsini təsdiq edən hər hansı rəsmi akt, foto və ya video material, söküntünü bilavasitə müşahidə etmiş şəxsin ifadəsi, cavabdehin göstərişi və ya iştirakı barədə sənəd, yaxud bu faktı təsdiq edə biləcək digər mötəbər sübut təqdim etməmişlər. Təqdim olunmuş “xxxx” MMC-nin mütəxəssis rəyi isə yalnız iddia olunan ziyanın məbləğini qiymətləndirir; həmin rəy hasarın kim tərəfindən sökülməsi, söküntünün cavabdehə aid edilməsi və ziyanın cavabdehin hərəkəti nəticəsində yaranması faktlarını təsdiq etmir.

36. Apellyasiya şikayətində iddiaçılar 2019-cu ildə qəbul edilmiş məhkəmə qərarından sonra hasarın bələdiyyə tərəfindən söküldüyünü bildirsələr də, torpaq sahələrinin ayrılması barədə bələdiyyə qərarlarının ləğvi haqqında birinci instansiya məhkəməsinin qərarının sonradan apellyasiya instansiyası tərəfindən ləğv edilməsi özlüyündə bələdiyyənin hasarı sökməsi faktını sübut etmir. Həmin məhkəmə qərarlarının mövcudluğu iddiaçıların torpaq sahələri ilə bağlı hüquqi vəziyyətinə aid olsa da, cavabdehin konkret söküntü hərəkətini həyata keçirməsi və iddia olunan zərərin məhz həmin hərəkətin nəticəsi olması barədə avtomatik nəticəyə gəlməyə əsas vermir.

37. Iddiaçıların nümayəndəsi apellyasiya iclasında sökülmüş daşların sonradan bələdiyyə tərəfindən götürülərək iddiaçılara göstərilmiş başqa torpaq sahəsinin ətrafına hasar çəkilməsində istifadə edildiyini bildirsə də, bu hal da iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmur. Həmin izahat, onu təsdiq edən digər sübutlar olmadıqda, cavabdehin hüquqa zidd davranışının və zərərlə səbəbli əlaqənin müəyyən edilməsi üçün kifayət sayıla bilməz.

38. Iş üzrə toplanmış sübutların məcmusu da iddia olunan söküntü hərəkətinin cavabdeh bələdiyyəyə aid edilməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası nəzərə alır ki, iş materiallarında cavabdehin söküntü barədə hər hansı göstərişi, bu məqsədlə texnika və ya işçi qüvvəsi cəlb etməsi, sökülmüş daşların cavabdeh tərəfindən götürülməsi və ya başqa torpaq sahəsində istifadə olunması barədə obyektiv məlumat yoxdur. Belə olan halda, iddiaçıların izahatları və apellyasiya şikayətində irəli sürdükləri dəlillər ehtimal xarakteri daşıyır və cavabdehin konkret hüquqa zidd hərəkətini müəyyən etmək üçün yetərli sübut bazası formalaşdırmır.

39. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hüquqa zidd hərəkət etməsi, həmin hərəkətlə iddia olunan zərər arasında səbəbli əlaqənin mövcudluğu və cavabdehin delikt məsuliyyətini yaradan digər hallar sübuta yetirilməmişdir. Kompensasiya tələbinin təmin olunması üçün zərərin mövcudluğu ilə yanaşı, onun məhz cavabdehin qanunsuz davranışının nəticəsi olması da etibarlı sübutlarla təsdiq edilməli olduğu halda, hazırkı işdə belə sübutlar təqdim olunmamışdır.

40. “xxxx” MMC tərəfindən mütəxəssis rəyinin hazırlanmasına görə ödənilmiş 200 manat pul vəsaitinin tutulması tələbinə münasibətdə kollegiya qeyd edir ki, həmin məbləğ cavabdehin sübuta yetirilmiş qanunsuz hərəkəti nəticəsində yaranmış zərər kimi qiymətləndirilə bilməz. Bu xərc iddiaçıların öz təşəbbüsləri ilə sübut əldə etmək məqsədilə çəkdikləri məsrəfdir. Əsas kompensasiya tələbi təmin edilmədiyindən həmin məbləğin zərər kimi cavabdehdən tutulması üçün də hüquqi əsas yaranmır. Belə məsrəflərin ödənilməsi məsələsi zərərin tərkib hissəsi kimi deyil, yalnız müvafiq prosessual normalar çərçivəsində məhkəmə xərci kimi qiymətləndirilə bilər.

41. Beləliklə, işin sadalanan xüsusatlarını ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara məhz cavabdeh bələdiyyə tərəfindən maddi ziyan vurulmasının sübuta yetirilməməsi iddianın rədd edilməsini şərtləndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə sübutlara lazımi hüquqi qiymət verilmiş, apellyasiya şikayətinin dəlilləri isə qərarın ləğvi üçün əsas yaratmamışdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar