Məhkəmə qərarları › İş №2-1(3-8)-624/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-624/2026

18.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-624/2026 18.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Cəərçiyev Cavid İbrahim oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə qarşı “rezidenturaya qəbul üçün ixtisas seçimində iştirak etməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, rezidenturaya qəbul üçün ixtisas seçimində iştirak etməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana müraciət edərək bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə cavabdeh tərəfindən rezidenturaya qəbul üçün ixtisas fənləri üzrə keçirilmiş biliklərin qiymətləndirilməsi imtahanında ona 49 bal hesablanmış, cavabdeh tərəfindən imtahanın mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi, imtahanda iştirak edən namizədlər arasında bərabərliyin təmin edilməməsi, və imtahana mübahisəli, yanlış və proqramdan kənar suallar salınması səbəbindən imtahan nəticəsi 49 bal olaraq ixtisas seçimi müsabiqələrində iştirak etmək üçün tələb olunan 50 baldan 1 bal az hesablanmışdır. Bununla da, ixtisas seçimi müsabiqələrindən qanunsuz olaraq kənarda saxlanılmışdır. Odur ki, hələ də boş qalan plan yerləri üzrə ixtisas seçimi prosesində iştirak etməyi üçün qərar (inzibati akt) qəbul edilməsi xahiş edilmiş, cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, keçirilən rezidenturaya qəbulun ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 49 bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2017-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri cavabdeh tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar. ## ###### 2025-ci il tarixdə keçirilən rezidenturaya qəbulun ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanındakı nəticəsi (49 bal) müsabiqə şərtini ödəmədiyinə görə müsabiqəyə buraxılmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova) Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, başqa bir inzibati iş üzrə (fərqli iddia tələbi/predmeti və fərqli hüquqi və faktiki əsaslarla) təqdim etdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin mümkünsüz hesab edilməsi bu iş üzrə irəli sürdüyü iddianın mümkünsüz sayılması üçün əsas təşkil edə bilməz. Sözügedən yanaşma həm faktiki, həm də hüquqi əsaslardan məhrumdur. Əlavə olaraq bildirir ki, hazırkı iş üzrə iddia Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1ci maddəsinə uyğun olaraq arzulanan inzibati aktın qəbul edilməsinə dair məcburetmə haqqında iddia növünə aiddir. Barəsində şikayət etdiyi qərardadın 12, 13 və 14-cü bəndlərində iddianın “öhdəliyin icrası haqqında iddia” kimi qiymətləndirilməsi yanlışdır. Belə ki, öhdəliyin icrası haqqında iddia cavabdehdən inzibati aktın qəbul edilməsinə yönəlməyən müəyyən hərəkətlərin edilməsini nəzərdə tutur. Halbuki o iddiasında konkret olaraq cavabdehin faktiki və hüquqi əsaslara uyğun olaraq arzuladığı inzibati aktın qəbul etməsini tələb edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 0# ###### 2017-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları”: 3.1. Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir:[7] 3.1.1. baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı; 3.1.2. ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı. 3.2. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı rezidenturaya qəbul üçün ixtisas seçimində iştirak etməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 6-cı maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Sözügedən qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmçinin həmin qərarın 8-ci bəndinin tələblərinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Kollegiya hesab edir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı rezidenturaya qəbul üçün ixtisas imtahanında iştirak edərək 49 bal toplamış, beləliklə də mövcud qaydalara əsasən minimum keçid balı olaraq nəzərdə tutulmuş 50 balı keçmədiyindən nəticəsi qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən də rezidenturaya qəbulun növbəti mərhələsi hesab edilən ixtisas seçiminə buraxılmamışdır. Bundan sonra iddiaçı müxtəlif iddia tələbləri ilə məhkəməyə müraciət edərək ixtisas imtahanın nəticəsinin düzgün hesablanmadığını, bəzi sualların səhv qiymətləndirildiyini, bəzilərinin isə elan edilmiş imtahan dilinə uyğun olmadığını iddia edərək nəticələrin məhkəmə qaydasında yenidən araşdırılmasını tələb etmişdir. Eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək “yekun məhkəmə araşdırılması yekunlaşanadək boş qalan plan yerləri üzrə ixtisas seçimi prosesində iştirak etməsi” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hazırda isə iddiaçı yeni iddia ilə məhkəməyə müraciət edərək rezidenturaya qəbul üçün ixtisas seçimində iştirak etməyinə dair qərar qəbul edilməsinə nail olmaq niyyətindədir. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan müvəqqəti xarakterli müdafiə tədbirinə dair məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi imtahanın həyata keçirildiyi il üzrə rezidenturaya qəbul prosesi başa çatmış, ixtisas seçimi üzrə bütün mərhələlər bitmiş, nəticələr rəsmən elan olunmuş və müvafiq plan yerləri üzrə tədris prosesi başlanmışdır. Sözügedən müvəqqəti xarakterli müdafiə tədbirinə dair iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Apellyasiya instansiyasında icraat zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, həmin tədris ili üzrə həm əsas ixtisas seçimi, həm də boş qalan yerlər üzrə ixtisas seçimi üçün planlar dolmuşdur. Müsabiqə şərtlərini ödəmədiyinə görə iddiaçı heç bir ixtisas seçiminə buraxılmamışdır. Lakin iddiaçı bu il elan edilmiş müsabiqədə iştirak edə bilər. İddiaçının baza fənnləri üzrə məqbul qiyməti vardır. Bu qiyməti 5 il ərzində ixtisas fənnləri üzrə istifadə edə bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 0# ###### 2017-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları”-nın 3-cü bəndinə əsasən əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar. Göründüyü kimi iddiaçı baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında məqbul nəticə əldə etdiyindən ikinci mərhələ olan ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək şansı əldə etmiş, lakin həmin imtahanda əldə etdiyi nəticə qeyri-məqbul qiymətləndirildiyindən ixtisas seçimində iştirak edə bilməmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən iddiaçının baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi məqbul qiymətləndirildiyindən o, 5 (beş) il ərzində ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququna malikdir. İddiaçı isə birbaşa ixtisas seçimlərində iştirak etməyə nail olmaq niyyətindədir. Hüquq müdafiə vasitəsi olaraq isə hazırki iddianı qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da istinad olunduğu kimi iddiaçının mübahisələndirdiyi imtahanın baş tutduğu il üzrə ixtisas seçimləri yekunlaşmış, hətta müvafiq tədris ili də başa çatmaq üzrədir. Eləcə də Dövlət İmtahan Mərkəzinin rəsmi internet informasiya ehtiyatında (dim.gov.az) yerləşdirilmiş məlumatlardan göründüyü kimi 2026-cı il üzrə rezidenturaya qəbul imtahanın birinci mərhələsi ## ### 2026-cı il tarixində keçirilmiş, beləliklə də cari il üzrə qəbul imtahanlarının təşkilinə başlanılmışdır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının hüquqi marağı artıq həm faktiki, həm də normativ əsaslarını itirmişdir, çünki o, rezidenturaya qəbul prosesinin normativ çərçivəsində nəzərdə tutulmuş ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında qeyri-məqbul nəticə əldə etməklə ixtisas seçimində iştirak hüququnu təmin edən tələblərə cavab verməmişdir. Qanunvericilik sisteminə əsasən, rezidenturaya qəbul prosesi – imtahanların təşkili, nəticələrin müəyyən edilməsi, ixtisas seçiminin həyata keçirilməsi və boş qalan yerlərin elan olunması da daxil olmaqla vahid hüquqi mexanizm üzrə həyata keçirilir və bu mexanizm tam şəkildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Rezidenturaya qəbul Qaydaları” ilə tənzimlənir. Həmin Qaydalar rezidenturaya qəbulun obyektivlik, şəffaflıq və bərabər imkan prinsiplərinə əsaslanmasını təmin edir və imtahanın nəticələrinə əsasən namizədlər arasında müsabiqə yolu ilə seçim aparılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin hüquqi marağının davam etdiyini iddia etməsi qanunla müəyyən olunmuş qəbul mexanizminin məqsəd və mahiyyəti ilə ziddiyyət təşkil edir, çünki hüquqi maraq yalnız real və normativ dayaq nöqtəsinə malik olduqda müdafiə predmetinə çevrilə bilər. İmtahan və ixtisas seçimi prosesi qanunla tam şəkildə tənzimləndiyindən, qanunvericilikdə nəzərdə tutulmamış istisnaların tətbiqi və ya fərdi qaydada əlavə imkan yaradılması inzibati orqanın səlahiyyət hüdudlarından kənara çıxmaq olardı. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar