Məhkəmə qərarları › İş №2-1(3-8)-64/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-64/2026

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-64/2026 18.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı "daşınmaz əmlakın dövlət reyestrində çıxarışın ləğv edilməsi və bununla bağlı məlumatların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoiyulması" tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-366/2025 nömrəli qərarından üçüncü şəxslər Babayev Babaşxan Elxan oğlu və X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları 23 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Babayev Babaşxan Elxan oğlu 14 fevral 2001-ci il tarixli JN 0096 saylı kod 30712018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Qobustan rayon şöbəsinin xx.xx.2004-cü il tarixli 47 №li arayışına əsasən ona məxsus 5 ha torpaq sahəsini İddiaçı satmışdır. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinin 10 mart 2020-ci il tarixli 05/01-A-24/13 saylı məktubunda qeyd edilmişdir ki, 23 avqust 2004-cü il tarixli 4ə- 23 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi ********* olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qobustan rayonu, Xilmilli kəndində yerləşən 5.8 ha torpaq sahəsi Babayev Babaşxan Elxan oğlu, Babayev Elnur Babaşxan oğlu, Babayev Tural Babaşxan oğlu, Babayev Xəyyam Babaşxan oğlu,Babayeva Elnurə Babaşxan qızı və X2 paylı mülkiyyətindədir Həmin çıxarış əsasında Babayev Babaşxan Elxan oğlu 5.80 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixdə 4Ə-977 reyestr nömrəli müqavilə əsasında X6 özgəninkiləşdirmişdir Qobustan rayon İcra Hakimiyyəti Başçısının Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Babayev Tural Babaşxan oğluna verilmiş xx.xx.2022-ci il tarixli 16 saylı arayışda qeyd edilmişdir ki, X19 verilmiş dövlət aktında adı Turan kimi qeyd edilmişdir. Əslində düzgün adı Turaldır. Qobustan rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(026)-23/2025 saylı qətnaməsinə əsasən iddiaçılar Babayev Babaşxan Elxan oğlunun, Babayev Tural Babaşxan oğlunun, Babayev Elnur Babaşxan oğlunun, Əhmədova Elnurə Babaşxan qızının, Babayev Xəyam Babaşxan oğlunun və X3 cavabdeh Qobustan rayon Notariat ofisinə (İddiaçı üçüncü şəxs kimi cəlb olunmaqla) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Qobustan rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçılar Babayev Babaşxan Elxan oğlunun, Babayev Tural Babaşxan oğlunun, Babayev Elnur Babaşxan oğlunun, Əhmədova Elnurə Babaşxan qızının, Babayev Xəyam Babaşxan oğlunun və X3 cavabdeh Qobustan rayon Notariat ofisinə (İddiaçı üçüncü şəxs kimi cəlb olunmaqla) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Qobustan rayon Məhkəməsi tərəfindən 03 mart 2025-ci il tarixdə iddianın rədd edilməsi barədə e-2(026)-23/2025 saylı qətnamə qəbul edilmiş və həmin qətnamənin surəti 12 mart 2025-ci il tarixli məktubla tərəflərə rəsmi qaydada göndərilmişdir. Hazırda qətnamə qanuni quvvəsini almış və bu günkü tarixə qədər həmin qətnamədən apellyasiya şikayəti məhkəməyə daxil olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli məktubu ilə **********47 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notarit Arxivinin xx.xx.2020-ci il tarixli məktubu ilə Qobustan rayon Dövlət Notariat Ofisində 23 avqust 2004-cü il tarixdə 4ə-23 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 14 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixli tarixli MA ******* blank, ********** qeydiyyat nömrəli çıxarışın itirildiyi barədə və həmin sənədin dublikatının verilməsi üçün Babayev Babaşxan Elxan oğlunun xx.xx.2022ci il tarixli ********** nömrəli ərizəsi daxil olmuş və həmin ərizə əsasında ona xx.xx.2022-ci il tarixdə reyestrdən elektron çıxarışın işlənməsi təmin olunmuşdur. Həmin çıxarış əsasında Babayev Babaşxan Elxan oğlu 5.80 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixdə 4Ə-977 reyestr nömrəli müqavilə əsasında X6 özgəninkiləşdirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Babayev Babaşxan Elxan oğlu və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********47 nömrəli çıxarışın 23 avqust 2004-cü il tarixli 4Ə-23 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən satılmış 5 ha hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2004-cü ilin avqust ayında Qobustan rayonunun Xilmilli kənd sakini Babayev Babaşxan Elxan oğlundan həmin vaxtı qüvvədə olan manat məzənnə ilə beş milyon manat ödəməklə 5 hektar əkinə yararlı torpaq sahəsi almışdır, buna dair Qobustan rayon notariat kontorunda 23 avqust 2004-cü il tarixdə topağın alqışı-satqısı barədə 4Ə-23 reyestr nömrə ilə müqavilə bağlasalar da torpağı dövlət reyestrində adına rəsmiləşdirməmişdir. Həmin tarixdən hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir və hər il dövlət tərəfindən verilən subsidiyaları da alır. 2022-ci ildə əkdiyi məhsula görə subsidiyaları almaq üçün Qobustan rayon Kənd təsərrüfatı idarəsinə müraciət etmişdir, orada bildirilmişdir ki, həmin torpaq sahəsi torpağın əvvəlki sahibinin adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Şamaxı Ərazi İdarəsi Tərəfindən 2011-ci ildə rəsmiləşdirilmişdir və ona seriya MA 221448 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin vaxtdan hal-hazıradək Babaşxanla razılığa gəlmək istəsə də o, iddiaçı ilə razılığa gəlmək istəmir və torpağı onun adına rəsmiləşdirmir. Bununla əlaqədar Şamaxı 14 saylı Ərazi İdarəsinə müraciət etmişdir, onlar həmin torpaq sahəsinin başqasının adına olduğuna görə iddiaçının adına rəsmiləşdirilməsindən 23 may 2023-cü il tarixdə **********52 saylı məktubla imtina etmişlər. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin dövlət notariat arxivinə müraciət edərək həmin müqavilənin qüvvədə olub-olmaması barədə rəsmi arayış almışdır. Yuxarıda göstərdiyi kimi həmin torpaq sahəsi 19 ildir ki, iddiaçının istifadəsindədir. Sənədlər adına rəsmiləşdirilmədiyindən dövlət tərəfindən verilən subsidiyaları ala bilmir. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək zərurətindədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsaslann olub-olmaması müəyyən edilir. İddiaçı X1 rayonu, Nabur kəndi ərazisində yerləşən Babayev Babaşxan Elxan oğlunun adına olan 5.0 ha torpaq sahəsinə dair reyestrdən çıxarışın ləğv edilməsinə köməklik göstərilməsi barədə ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununa əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Ərazi İdarəsinin hər-hansı bir şəxsin mülkiyyət hüququnun ləğv edilməsi səlahiyyəti yoxdur. Bu səbəbdən iddiaçı X7 ərizəsinin icrası mümkün olmamış və bu məsələ ilə bağlı aidiyyəti üzrə müraciət olunması tövsiyə olunmuşdur. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Babayev Babaşxan Elxan oğlu, Babayev Elnur Babaşxan oğlu, Babayev Tural Babaşxan oğlu, Babayeva Elnurə Babaşxan qızı, X8 və Babayev Xəyyam Babaşxan oğlu tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, üçüncü şəxslər 2004-cü ildə mübahisəli torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə hər bir pay sahibinin şifahi razılığı olmuş və icarə haqqının irəlicədən ödənilməsi şərti ilə həmin torpaq sahəsi 2011-ci ilə tarixədək iddiaçının istifadəsinə verilmişdir. Lakin torpaq üzərində mülkiyyət hüququna malik olan ailə üzvləri torpaq sahəsindən təyinata uyğun səmərəli istifadə olunmasını nəzərə alaraq torpağın iddiaçı tərəfindən əkilibbecərilməsinə 2022-ci ilə kimi lazimi şərait yaradaraq etiraz etməmişlər. Sonradan həmin torpaq sahəsinə ailə təsərrüfatının idarə edilməsi üçün zəruri ehtiyac yarandığından öz torpaqlarını iddiaçıdan geri almışlar. İddia ərizəsində qeyd edilənlərin əksinə olaraq mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə pay sahibləri ilə iddiaçı arasında hər hansı müqavilə bağlanmamış və məhkəmənin iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsi tərəflərindən imzalanmamışdır. Digər tərəfdən Hüquqların Dövlət qeydiyyatı haqqında verilmiş çıxarışda bərabər qaydada pay sahibi olan paylı mülkiyyət sahiblərinin imza etmədiyi alqı-satqı müqaviləsi notariat orqanının notariusu tərəfindən hər hansı hüquqi əsaslarla təsdiq edilə bilməz. Üçüncü şəxs qismində cəlb edilmiş Babayev Babaşxan Elxan oğlu və Babayev Tural Babaşxan oğlu tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi 2004-cü ildə rəsmiləşdirilsə də, iddiaçı uzun müddət həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə müraciət etməmiş və xx.xx.2011-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 6 nəfər ailə üzvünün payları göstərilməklə Babayev Babaşxan Elxan oğlunun adma seriya MA №0221448 saylı Çıxarış verilmişdir. 2011-ci il tarixdə verilmiş Çıxarışda payları göstərilməklə adları keçən ailə üzvlərindən biri Babayev Tural Babaşxan oğlunun adının texniki səhv nəticəsində “Turan” yazılması səbəbindən inzibati ərazi üzrə icra nümayəndəliyinin verdiyi arayış əsasında “ad” səhvinin düzəldirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə eyni seriya, nömrəli dublikat Çıxarış verilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçı tərəfındən 2004-cü ildə alqısatqı edilməsi iddia olunan torpaq sahəsinin 2023-cü il tarixinə kimi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeyd olunması üçün heç bir müraciət daxil olmamış və Babayev Babaşxan Elxan oğlunun ailə üzvlərinin ümui paylı mülkiyyətində olmuş həmin torpaq sahəsi xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmşlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4732/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Babayev Babaşxan Elxan oğlu, Babayev Elnur Babaşxan oğlu, Babayev Turan Babaşxan oğlu, Babayev Xəyyam Babaşxan oğlu, Babayeva Elnurə Babaşxan qızı və X8, 2-1(118)-366/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Babayev Tural Babaşxan oğlu, 2-1(118)-366/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-366/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Babayev Babaşxan Elxan oğlu və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********47 olan (xx.xx.2011-ci il və xx.xx.2022-ci il qeydiyyat tarixli) çıxarışın, 23 avqust 2004-cü il tarixli 4Ə-23 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış 5 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində olan məlumatların silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Qobustan rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(026)- 23/2025 saylı qətnaməsi preyudisial əhəmiyyət daşıyır. İşin hallarından görünür ki, reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi ********* olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qobustan rayonu, Xilmilli kəndində yerləşən 5.8 ha torpaq sahəsi Babayev Babaşxan Elxan oğlu, Babayev Elnur Babaşxan oğlu, Babayev Tural Babaşxan oğlu, Babayev Xəyyam Babaşxan oğlu,Babayeva Elnurə Babaşxan qızı və X2 paylı mülkiyyətindədir. Həmin çıxarış əsasında Babayev Babaşxan Elxan oğlu 5.80 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixdə 4Ə-977 reyestr nömrəli müqavilə əsasında X6 özgəninkiləşdirmişdir. Bu halda iddiaçı Babayev Babaşxan Elxan oğlu və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********47 nömrəli çıxarışın 23 avqust 2004-cü il tarixli 4Ə-23 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən satılmış 5 ha hissəsində ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Qərardan narazı qalan üçüncü şəxslər Babayev Babaşxan Elxan oğlu və X10 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Babayev Babaşxan Elxan oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2004-cü ildə mübahisəli torpaq sahəsini iddiaçıya icarəyə verilməsi barədə hər bir pay sahibinin şifahi razılığı olmuş və icarə haqqının əvvəlcədən ödənməsi şərti ilə həmin torpaq sahəsi 2011-ci ilə qədər iddiaçının istifadəsinə verilmişdir. Lakin mübahisəli torpaq üzərində mülkiyyət hüququ qalmaq şərti ilə iddiaçı mübahisəli torpaqdan səmərəli və təyinatına uyğun istifadə etdiyindən həmin torpaq sahəsini 2022-ci ilə qədər iddiaçının əkib-becərməsinə etiraz etməmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi 2011-ci ildə onları idarəyə dəvət edərək mübahisəli torpaq sahəsinə dair çıxarış vermişdir. Lakin 3-cü şəxslərdən Babayev Tural Babaşxan oğlunun adı çıxarışda Turan yazıldığından onun adındakı hərif səhvi düzəldilərək dublikat çıxarış verilmişdir. Məhkəmə nəzərə almamışdır ki, üçüncü şəxslərin adında 14 ildən çoxdur ki, çıxarış olduğu halda və 2004-cü ildə bağlanmış alqı-satqı müqaviləsindən 21 il keçdikdən sonra nə üçün iddia müddəti tətbiq edilməmişdir. Bundan əlavə məhkəməyə iddia müddətinin tətbiq edilməsi haqqında ərizə verilməsinə baxmayaraq məhkəmə, ümumiyyətlə, iddia müddətinə toxunmur. Həmçinin torpaq sahəsi adına özgəninkiləşdirilən X5 da marağını nəzərə almamışdır. Belə ki, X5 adına mübahisəli torpaq sahəsinə dair çıxarış verilmiş və həmin sənəd hüquqi qüvvəsini saxlamaqdadır. Üçüncü şəxs X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin iş üzrə mübahisəli torpaq sahəsinə dair iddiaçılara məlum olmayan şəraitdə tərtib edilərək təsdiq olunmuş 2004-cü il tarixli 4Ə-23 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından uzun müddət əvvəl qanunsuz olaraq rəsmiləşdirilmiş və belə bir müqavilənin mövcud olması yalnız bu yaxın vaxtlarda ona məlum olmuşdur. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gündən başlanır. Mülki Məcəllənin 337.1 -ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Beləliklə, Qobustan rayon Notariat kontorunda 23 avqust 2004-cü il tarixində torpağın alqı-satqısına dair 4Ə-23 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsi etibarsızdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxs X5 vəkili Cavadov X11 Məhkəmə İnformasiya sistemində kabinet vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbi Babayev Babaşxan Elxan oğlu və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********47 nömrəli çıxarışın 23 avqust 2004-cü il tarixli 4Ə-23 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən satılmış 5 ha hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəzlənmişdir. İş materiallarından müəyyən edilir ki, 23 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Babayev Babaşxan Elxan oğlu 14 fevral 2001-ci il tarixli, JN 0096 saylı, kod 30712018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Qobustan Rayon Torpaq Komitəsinin xx.xx.2004-cü il tarixli 47 nömrəli arayışına əsasən ona məxsus 5 ha torpaq sahəsini İddiaçı satmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 10 mart 2020-ci il tarixli 05/01-A-24/13 saylı məktubuna əsasən, 23 avqust 2004-cü il tarixli, 4Ə- 23 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin dəyişdirilməsi və ya ləğv olunması barədə arxivə hər hansı məlumat daxil olmamışdır. Bu hal həmin müqavilənin hüquqi qüvvədə olduğunu təsdiq edir. Bununla bağlı məhkəmə kollegiyası üçüncü şəxsin B.Babayevin iddiaçı ilə aralarında icarə müqaviləsinin bağlanmasına dair dəlilini əsassız hesab edir. Üçüncü şəxs həmin dəilini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. O, Qobustan rayon Məhkəməsində alqı-satıqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmış və onun vəsatəti əsasında həmin işə baxılıb yekum məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Qobustan rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(026)-23/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Babayev Babaşxan Elxan oğlunun və qeyrilərinni (ailə üzvlərinin) cavabdeh Qobustan rayon Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. İddiaçılar həmin iddia tələbini onunla əsaslandırmışlar ki, çıxarış olmadığı halda 2004-cü ildə alqı-satqı müqavilsi bağlana bilməzdi. Həmin vaxt onların arasında torpaq sahəsinin icarəyə verilməinə dair şifahi razılaşma olmuş, 2022-ci ilədək həmin torpaq sahəsindən istifadə etməsinə etiaz etməmişlər, sonradan torpaqdan istifadəyə ailənin ehtiyacı yarandığından torpağı geri almışlar və Ə.Abıyev çıxarışın ləğv edilməsi barədə iddia qaldırmışdır. Onların arasında hər hansı müqavilə bağlanmamış, inzibti məhkəməyə sübit kimi təqdim olunan alqı-stqı müqaviləsi iddiaçılar tərəfindən imzalanmamışdır. Eyni zamanda B.Babayev izahatında Ə.Abıyevlə aralarında icarə müqaviləsinin bağlandığını və ailə üzvlərinin əqdin bağlanmasında iştirak etmədiyini izah etmişdir. Mülki iş üzrə aparılan məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, istinad olunan notariat işinə B.Babayevin yetkinlik yaşına çatmış ailə üzvlərinin alqı-satqıya razılıq ərizələri əlavə edilmişdir, xx.xx.1989-cu il təvəllüdlü Əhmədova (Babayeva) Elnurə Babaşxan qızı və xx.xx.1993-cü il təvəllüdlü Babayev Xəyyam Babaşxan oölunun xx.xx.2004-cü il tarixdə müqavilə bağlanan zaman 18 yaşı tamam olmamışdır. Həmin işin gedişində B.Babayev vizual olaraq alqı-satqı müqaviləsindəki imzasına baxış keçirərək imzanın ona məxsus olduğunu, lakin aldadıldığını və həmin müqaviləni icarə müqaviləsi zənn edib imzaladığını bildirmişdir. Qobustan rayon Məhkəməsi onun bu barədə izahatını inandrıcı hesab etməyərək qeyd etmişdir ki, Babaşxan Babayevin müqaviləni imzalayarkən onu oxumaq, məzmunu ilə tanış olmaq, daha sonra müqaviləni imzalamaq imkanı olmuşdur. Bu isə onu göstərir ki, onun aldadılaraq müqaviləni imzalaması üçün şərait olmamışdır, bununla bağlı məhkəmə onun izahatını inandırıcı hesab etməmiş və formal mülahizə kimi qiymətləndirilmişdir. Məhkəmə həmçinin iddiaçının ailə üzvlərinin razılıq ərizələrinin müqavilənin bağlandığı tarixə təsadüf etdiyinə nəzər yetirmişdir və bunu ailə üzvlərinin məhz bu əqdə razılıqları kimi qiymətləndirilmişdir. İstinad olunan qətnamə hazırkı iş üzrə müəyyən edilmiş hallara münasibətdə preyudisial əhəmiyyət daşıyır və 23 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlılığını təsdiq edir. Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla belə, işin faktiki halları göstərir ki, 2004-cü il tarixli müqavilə ilə artıq özgəninkiləşdirilmiş 5 ha torpaq sahəsi sonradan 5,8 ha sahənin tərkibində yenidən Babayev Babaşxan Elxan oğlu və ailə üzvlərinin adına dövlət qeydiyyatına alınmışdır. Bu isə əvvəl bağlanmış və qüvvədə olan alqı-satqı müqaviləsinin nəticələri ilə ziddiyyət təşkil edir. Belə olan halda, iddiaçı 23 avqust 2004-cü il tarixli 4Ə-23 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə satılmış 5 ha hissə üzrə reyestr nömrəsi **********47 olan çıxarışın müvafiq hissədə ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Bundan əlavə, iş materiallarından görünür ki, ilkin olaraq xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmin sənəddə Babayev Tural Babaşxan oğlunun adı texniki səhv olaraq “Turan” kimi göstərilmiş, xx.xx.2022-ci il tarixdə isə ********* qeydiyyat nömrəli yeni çıxarış verilərək həmin texniki səhv aradan qaldırılmışdır. Bu dəyişiklik hüquqi vəziyyətin mahiyyətini dəyişdirməmiş, yalnız texniki xarakter daşımışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-366/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar