Məhkəmə qərarları › İş №2-1(3-8)-644/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-644/2026

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-644/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:

1. X3 və İddiaçı onlara torpaq sahəsinin ayrılması barədə ayrı-ayrılıqda ##.##.2006-cı il və ##.##.2006-cı il tarixli ərizələrlə Xaçmaz rayonu, Palçıqoba bələdiyyəsinə müraciət etmiş, bununla əlaqədar tərəflərindən bələdiyyənin hesabına torpaq sahələrinin dəyəri ödənilmişdir.

2. Müraciətləri nəzərə alınaraq, Xaçmaz rayon Palçıqoba bələdiyyəsinin ##.##.2007ci il tarixli, ** nömrəli qərarı ilə: - X3 Xaçmaz rayon Palçıqoba bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsinin; - İddiaçı alqı-satqı predmeti olan torpaq sahəsindən 0,04 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

3. Palçıqoba bələdiyyəsinin nümayəndəsi ilə Sevda Məmmədova arasında “Torpaqların alqı-satqısına dair” akt imzalanmış, həmçinin, ##.##.2007-ci il tarixdə ayrılan 0,06 ha torpaq sahəsi bələdiyyənin baş planından çıxarışda (1:2000 miqyasında) göstərilərək, Xaçmaz Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti Işləri Şöbəsi ilə razılaşdırılmışdır.

4. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli rəyi ilə Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə Sevda Məmmədovaya ayrılması nəzərdə tutulan 0,06 ha torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun az yararlı torpaqlarına aid olmaqla, ayrılması məqsədəmüvafiq hesab edilmişdir

5. AZ-II seriyalı, ****** nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən X3 ##.##.2023-cü il tarixdə ölmüşdür.

6. Xaçmaz rayon * saylı Notariat ofisi tərəfindən DƏDRX-nin * saylı Xaçmaz Ərazi Idarəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli, *** nömrəli məktubdan müəyyən edilir ki, X2 mərhum Sevda Məmmədovanın qanun üzrə vərəsələri sırasına daxildir.

7. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə ərizə ilə cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək, Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə mərhum anası X3 ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun ona məxsus olmasına dair arayışın verilməsini xahiş etmişdir.

8. Cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti üçün mərhum X3 0,06 ha torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu aşkar olunmuşdur.

9. Həmçinin, iddiaçının Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə ona ayrılmış 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair müraciətinə də cavabdeh tərəfindən eyni əsasla imtina cavabı verilmişdir.

10. Verilən imtina cavabları ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən iddiaçıya məxsus 0,04 ha və 0,06 ha bitişik torpaq sahələrinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və reyestrdən 0,04 ha torpaq sahəsinə dair iddiaçının adına çıxarışın və plan ölçü sənədinin, 0,06 ha hissəsinin isə mərhum anası - X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

11. Iddiaçı tələbini hazırkı qərarın 1-9-cu bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, torpaq sahələrinə dair bütün hüquqmüəyyənedici sənədlər – bələdiyyə qərarı, torpaqların alqı-satqısına dair akt, rəy, yerquruluşu planından çıxarış, qəbz və s. sənədlər inzibati orqana təqdim edilmiş, lakin, müraciətinə imtina cavabları verilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə torpaq sahələrinin kənd təsərrüfatına yararsız olduğu qeyd edilmişdir. Bundan başqa, qonşuluqda yerləşən torpaq sahələri üzərində şəxslərin xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

12. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına əsasən iddiaçının “Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən iddiaçıya məxsus 0,04 ha və 0,06 ha bitişik torpaq sahələrinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və reyestrdən 0,04 ha torpaq sahəsinə dair iddiaçının adına çıxarışın və plan ölçü sənədinin, 0,06 ha hissəsinin isə mərhum anası - X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasından - “Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası - X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair iddiası üzrə işin icraatı ayrılmışdır.

13. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarı əsasında ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın qeydiyyat tarixində düzəlişlər edilmiş, bundan başqa, bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı Xaçmaz rayonu, Palçıqoba kəndinin baş planından çıxarışda torpaq sahəsinin ölçüləri göstərilməmişdir.

14. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Xaçmaz rayonu, Palçıqoba bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərari ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva).

16. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Iddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır. Xaçmaz rayonu, Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq sahəsinin S.Məmmədovaya satılmasına dair qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. 0,06 ha torpaq sahəsinin qonşuluğunda olan torpaqlara ##.##.2007-ci il tarixli ************ reyestr nömrəli çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ...

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

23. “Inzibati icraat haqqında” Qanun: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. ...

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

25. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

26. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

27. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

28. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Hazırkı mübahisənin predmetini Xaçmaz rayon Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçının mərhum anası X3 ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun ona məxsus olmasına dair arayışın verilməsi barədədir.

30. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin dəlilləri 3 hissədən ibarətdir: 1) DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın qeydiyyat tarixində düzəlişlər edilməsi; 2) Bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı Xaçmaz rayonu, Palçıqoba kəndinin baş planından çıxarşda torpaq sahəsinin ölçülərinin göstərilməməsi; 3) Torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS-də) kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması.

31. Birinci instansiya məhkəməsi cavabdehin qeyd olunan dəlillərini əsassız hesab edərək iddianı təmin etmişdir.

32. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq şikayətin 1-ci dəlilinə münasibətdə bildirir ki, iddiaçının mərhum anası tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi onunla bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq etdiyindən müvafiq rəylərin alınmaması, eləcə də qeyd edilən prosesin yekununda rəsmiləşdirilməsi məqsədi daşıyan alqı-satqı aktının qanunamüvafiq qaydada tərtib edilməməsi torpaq sahəsi üzərində hüququn qeydiyyatından imtina üçün əsas ola bilməz.

33. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

34. Şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində müvafiq rəylərin alınmaması, həmçinin, alqı-satqı aktının düzgün tərtib edilməməsi özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan rəylərin alınmamasının, alqı-satqı aktının düzgün tərtib edilməməsinin torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də, bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır.

35. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən belə bir əsaslandırma aparılmamışdır.

36. Odur ki, şikayətin bu dəlilini kollegiya əsassız sayır.

37. Cavabdeh şikayətin 2-ci dəlilində bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı Xaçmaz rayonu, Palçıqoba kəndinin baş planından çıxarşda torpaq sahəsinin ölçülərinin göstərilmədiyini bildirsə də, iş materiallarında olan həmin sənədin əslindən (səhifə 56) görünür ki, cavabdehin bildirdiyinin əksinə olaraq bələdiyyə tərəfindən Sevda Məmmədovaya ayrılmış torpaq sahəsinin sahəsi – 0,06 ha olduğu qeyd edilmiş, həmin sənəd Xaçmaz Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti Işləri Şöbəsi və bələdiyyə tərəfindən təsdiq edilmişdir.

38. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı həmin torpaq sahəsi cavabdeh tərəfindən yerində müayinə edilərək # ###### 2025-ci il tarixdə məhkəməyə müayinə aktı təqdim edilmişdir. Müayinə aktında sahənin koordinatlarının qonşu torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmədiyi qeyd edilmiş, torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşmə vəziyyəti arasında hər hansı uyğunsuzluq olduğu göstərilməmişdir.

39. Bu baxımdan, şikayətin bu dəlili də əsassızdır.

40. Şikayətin sonuncu dəlili ilə bağlı isə kollegiya bildirir ki, torpaq sahəsinə dair yuxarıda qeyd olunna müayinə aktından sahənin elektron baza məlumatlarında və torpaqların elektron kadastrı jçotu informasiya (TEKUIS) sistemində kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olduğu, isalahat uqodiyasının örüş olduğu müəyyən edilir.

41. Lakin, nəzərə almaq lazımdır ki, torpaq sahəsi hazırda TEKUIS-də örüş torpaqlarına aid olsa da, iş materiallarından görünür ki, bələdiyyə tərəfindən Sevda Məmmədovaya ayrıldığı dövrdə kənd təsərrüfatına az yararlı torpaq sahəsi olmuşdur.

42. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli rəyində Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə Sevda Məmmədovaya ayrılması nəzərdə tutulan 0,06 ha torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna aid az yararlı torpaq olduğu göstərilmiş və həmin sahənin ayrılması məqsədəmüvafiq hesab edilmişdir.

43. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun bələdiyyə qərarı ilə iddiaçıya torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan redaksiyasının 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

44. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən müvafiq fərmanına əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirir.

45. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçının mərhum anasına həmin torpaq sahəsi qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin razılığı əsasında ayrılmış və həmin orqan torpaq sahəsini kənd təsərrüfatına az yararlı sahə kimi qiymətləndirmişdir.

46. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin az yararlı olduğu qeyd edilən rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz.

47. Bundan başqa, müayinə aktından və akta əlavə edilmiş mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən 0,69 ha və 0,12 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasına dair dövlət reyestrindən 302013009737 və ************ reyestr nömrəli çıxarışlardan müəyyən edilir ki, həmin torpaq sahələri kateqoriyasına görə müvafiq olaraq “ehtiyat fondu torpaqları” və “yaşayış məntəqələrinin torpaqları” olaraq xüsusi mülkiyyət hüququ üzrə vətəndaşların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

48. Göründüyü kimi həmin ərazidə yerləşən qonşu torpaq sahibinin sahə üzərində xüsusi mülkiyyət hüququ qeydə alındığı və ona bu barədə müvafiq çıxarış verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçının mərhum anasına münasibətdə mülkiyyət hüququnun ona məxsus olmasına dair arayış verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.

49. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

50. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

51. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir.

52. iddiaçının mərhum anasının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Xaçmaz rayon Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.

53. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

54. Bələdiyyənin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

55. Əksinə, Xaçmaz rayon Palçıqoba bələdiyyəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli arayışdan görünür ki, bələdiyyənin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı hazırda qüvvədədir.

56. Göründüyü kimi həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

57. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3 və 3.4cü maddələrinə görə insan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməli, Konstitusiyada və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

58. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 8-ci maddəsi ilə mütənasiblik, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət normayaratma fəaliyyətinin əsas prinsipləri sırasında müəyyən olunmuşdur.

59. Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin tərkib hissəsi kimi mütənasiblik prinsipi hüququn məhdudlaşdırılma dərəcəsinin yalnız qanuni məqsəd üçün zəruri və ağlabatan həddə olmasını tələb edir. Bu təməl prinsip məhdudlaşdırmanın tətbiqi zamanı dövlətin və ya cəmiyyətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmasını şərtləndirdiyindən, belə tarazlığın qorunmaması və ya şəxsin həddən artıq məhrumiyyətə məruz qalması mütənasibliyin pozulması ilə nəticələnə bilər.

60. Işin yuxarıda qeyd olunan hallarına istinadən kollegiya hesab edir ki, iddiaçının hazırkı hüququnun realizəsi ilə bağlı cavabdeh tərəfindən müəyyən edilmiş məhdudiyyət mütənasiblik prinsipinin tələblərinə uyğun gəlmir.

61. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

62. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar