Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-659/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İsrafilov İsrafil Qulamhüseyn oğlunun, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İsrafilov İsrafil Qulamhüseyn oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı “Abşeron rayon Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə ona ayrılmış 0.08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İsrafilov İsrafil Qulamhüseyn cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün onun mülkiyətinə ayrılmışdır. Bələdiyyə ilə arasında müvafiq alqı-satqı müqaviləsi bağlanılmışdır və o, bu torpaq sahəsi ilə bağlı müvafiq ödənişləri də bələdiyyənin hesabına ödəmişdir. Təqdim etdiyi müvafiq sənədlərdən da göründüyü kimi Abşeron rayonu Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarına əsasən iddiaçının fərdi ev üçün həyətyanı torpaq sahəsinin sərhədləri yerli şəhər bələdiyyəsinin memarlıq və tikinti şöbəsinin nümayəndəsi ərazinin baş planında müəyyən edilmiş, Abşeron rayonu X4 planından çıxarış da idiama əlavə edilmişdir. Odur ki, qanuni əsaslarla əldə etdiyim Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün mən, ## #### 2023-cü il tarixdə * saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətinə ## #### 2023-cü il tarixli, 321-3-32/2-İ-0102-8 saylı məktubu ilə imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, , aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən İsrafilov İsrəfil Qulamhüseyn oğluna 0.08 ha torpaq sahəsinin ## ###### 2007-ci il tarixində, ** nömrəli qərarla ayrıldığı halda, alqısatqı aktı və ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin ## ###### 2010- cu il tarixində verilməklə, alqı-satqı aktının qanunamüvafiq qaydada təsdiqlənmədiyi (hüquq sahibinin imzası ilə), Müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi və arxiv arayışının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X4 planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi müəyyən olunmuşdur. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsi üzərində İsrafilov İsrafil Qulamhüseyn oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə həvalə edilməsi qərara alınmışdır. (hakim Rahim Həsənov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı, torpaq sahəsinin dəyərinin ödənilməsini təsdiq edən qəbz, torpaqların alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi və yerquruluşu sənədləri mübahisəli 0,08 ha torpaq sahəsinin iddiaçıya ayrıldığını təsdiq edir. Cabdehin istinad etdiyi rəsmiləşdirmə və razılaşdırma xarakterli çatışmazlıqlar isə qüvvədə olan yekun inzibati aktın hüquqi qüvvəsini aradan qaldırmır. Bu səbəbdən cavabdehin etirazları əsassız hesab edilmiş və iddia təmin olunmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) İddiaçı apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İsrafilov İsrəfil Qulamhüseyn oğlu apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. . TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmeti Abşeron rayon Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İsrafilov İsrafil Qulamhüseyn oğluna fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin əsaslılığının qiymətləndirilməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, belə mübahisələrin həlli zamanı təqdim olunmuş sənədlərin yalnız formal mövcudluğu deyil, həmin sənədlərin hüquqi mənbəyi, səlahiyyətli orqanlar tərəfindən tərtib edilməsi, bir-birini tamamlayıb-tamamlamaması, hüquqi dövriyyəyə daxil olması və iş üzrə digər obyektiv məlumatlarla uzlaşıb-uzlaşmaması məcmu şəkildə qiymətləndirilməlidir. Ayrı-ayrı sənədlərdə mövcud olan texniki və ya arxiv xarakterli uyğunsuzluq, digər sübutların məzmunu nəzərə alınmadan, öz-özlüyündə hüququn mövcud olmadığını göstərən nəticə kimi qəbul edilə bilməz. İş materiallarından görünür ki, iddiaçı hüququnun yaranmasını Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı, həmin qərara istinad edən torpaqların alqısatqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyi, X4 planından çıxarış, torpaq sahəsinin koordinatları və torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsini təsdiq edən qəbzlə əsaslandırmışdır. Həmin sənədlər ayrı-ayrılıqda deyil, eyni torpaq ayırma münasibətinin müxtəlif mərhələlərini təsdiqləyən və bir-birini tamamlayan sənədlər kimi qiymətləndirilməlidir. Kollegiya nəzərə alır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1 və 6.2-ci maddələrinin məzmununa görə bələdiyyə mülkiyyətində olan torpaqlar qanunvericiliyə uyğun olaraq mülkiyyətə verilə bilər və belə verilmə bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırkı işdə torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı, həmin qərara istinad edən alqı-satqı aktı, ödəniş sənədi və yerquruluşu materialları təqdim edilmişdir. Bu sənədlər məcmu halda torpağın iddiaçıya verilməsi barədə bələdiyyənin iradəsinin hüquqi dövriyyədə ifadə olunduğunu göstərir. Məhkəmə kollegiyası xüsusilə nəzərə alır ki, mübahisəli hüquq münasibətində torpaq sahəsini özgəninkiləşdirən tərəf Qobu Bələdiyyəsi, torpaq sahəsini əldə edən tərəf isə iddiaçıdır. İş materiallarında torpaq sahəsinin dəyərinin 1400 manat məbləğində bələdiyyənin hesabına ödənildiyi, bələdiyyə tərəfindən alqı-satqı və yerquruluşu sənədlərinin rəsmiləşdirildiyi göstərilir. Deməli, torpağı verən orqanın iradəsi ilə onu alan şəxsin iradəsi eyni hüquqi nəticəyə yönəlmiş, alıcı öz ödəniş öhdəliyini yerinə yetirmiş, satıcı isə həmin ödənişi qəbul etməklə və sənədləri tərtib etməklə öz iradəsini həyata keçirmişdir. Bu baxımdan tərəflər arasında torpaq sahəsinin iddiaçıya verilməsi faktına dair iradə ziddiyyəti mövcud deyildir. Kollegiya qeyd edir ki, hazırkı nəticə Qobu Bələdiyyəsinin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna verdiyi ## #### 2026-cı il tarixli, *** nömrəli cavabla da bilavasitə təsdiqlənir. Belə ki, Bələdiyyə həmin cavabda 2013-cü ilədək torpaqayırma sənədlərinin qorunması üçün Abşeron Rayon Dövlət Arxivinə göndərildiyini, lakin İsrafilov İsrafil Qulamhüseyn oğluna aid ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarın və ona aid torpaqayırma sənədlərinin texniki səhv nəticəsində Milli Arxiv İdarəsinə təhvil verilmədiyini bildirmiş, eyni zamanda həmin qərarla iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin ayrıldığını və qərarın qüvvədə olduğunu açıq şəkildə təsdiq etmişdir. Bələdiyyə, həmçinin həmin qərar və digər torpaqayırma sənədlərinin öz arxiv fondunda qorunub saxlanıldığını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2023cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə torpaq sahəsinin ayrılması üzrə icraatın yekununda qəbul edilən qərar şəxsə münasibətdə hüquqi nəticə yaradan konstitutiv və hüquqmüəyyənedici sənəd kimi çıxış edir. Belə qərar “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi baxımından qanunla müəyyən edilmiş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbdən qüvvədən düşənədək hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iş üzrə Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının qanunla müəyyən edilmiş qaydada geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi və ya etibarsız hesab olunması barədə iş materiallarında hər hansı inzibati və ya məhkəmə aktı yoxdur. Əksinə, həmin aktı qəbul etmiş bələdiyyənin özü apellyasiya baxışı zamanı qərarın qüvvədə olduğunu təsdiq etmişdir. Cavabdeh də qeydiyyatdan imtina edərkən qərarın hüquqi qüvvəsini aradan qaldıran hər hansı akta istinad etməmişdir. Məhkəmə kollegiyası Abşeron Rayon Dövlət Arxivindən daxil olmuş məlumatların sübuti əhəmiyyətinə ayrıca hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Abşeron Rayon Dövlət Arxivinin ## ### 2026-cı il tarixli cavabında Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının arxiv fondunda mövcud olduğu, həmin qərarın 32 hissədən ibarət olduğu və ** nömrəli qərarla çoxsaylı vətəndaşlara torpaq sahələri ayrıldığı bildirilmişdir. Arxiv orqanı bununla yanaşı, aparılmış araşdırma zamanı İsrafilov İsrafil Qulamhüseyn oğlunun adının aşkar edilmədiyini göstərmiş, lakin sənədlərin həcminin çoxluğuna görə qərarın və ona aid materialların məhkəməyə təqdim edilməsinin imkan xaricində olduğunu bildirmişdir. Eyni məktubda zərurət yarandığı halda ** nömrəli qərarın saxlandığı kitabların nümayəndə vasitəsilə məhkəməyə təqdim edilə biləcəyi də qeyd olunmuşdur. Kollegiya həmin məlumatla kifayətlənməmiş və işin faktiki hallarının tam araşdırılması məqsədilə ## ###### 2026-cı il tarixli əlavə sorğu ilə iddiaçının adının qərarda aşkarlanıbaşkarlanmamasından asılı olmayaraq ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarın, onun verilməsinə əsas olmuş sənədlərin və Qobu Bələdiyyəsinin 2007-ci ilin noyabr ayı üzrə digər qərarlarının tam şəkildə məhkəməyə təqdim edilməsini tələb etmişdir. Bundan başqa, ** nömrəli qərarın saxlandığı kitabların məhkəməyə gətirilməsi ayrıca tələb edilmişdir. Abşeron Rayon Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli növbəti cavabında isə yenidən arxiv fondunda olan ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarlarda iddiaçının adının aşkar edilmədiyini bildirilmiş, eyni zamanda qərarın 32 hissədən ibarət olması səbəbindən onun məhkəməyə təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Beləliklə, məhkəmənin qərarın və onun saxlandığı kitabların bilavasitə tədqiq olunmasına yönəlmiş sorğusu faktiki olaraq icra edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu şəraitdə arxiv orqanının “xxxx” məzmunlu cavabı təkbaşına həlledici və üstün sübut kimi qəbul edilə bilməz. Qərarın 32 hissədən ibarət olması arxiv orqanının öz cavabları ilə təsdiqləndiyi halda, həmin hissələrin saxlandığı kitablar məhkəməyə təqdim edilmədiyindən kollegiyada bütün materialların tam həcmdə nəzərdən keçirilib-keçirilmədiyi, axtarışın hansı həcmdə və hansı meyarlarla aparıldığı barədə tam əminlik yaranmır. Məhkəmənin bilavasitə tədqiq etmək üçün tələb etdiyi ilkin mənbələrin təqdim olunmaması şəraitində arxiv axtarışının mənfi nəticəsi iddiaçının təqdim etdiyi digər rəsmi sənədləri birbaşa təkzib edən sübut sayıla bilməz. Üstəlik, arxiv orqanının mənfi cavabı ilə torpaq sahəsini ayırmış və satmış Qobu Bələdiyyəsinin rəsmi cavabı arasında mühüm fərq vardır. Arxiv orqanı yalnız öz fondlarında apardığı axtarışın nəticəsini bildirdiyi halda, Qobu Bələdiyyəsi mübahisəli qərarı qəbul edən və torpağın özgəninkiləşdirilməsini həyata keçirən ilkin inzibati orqan kimi konkret olaraq həmin qərarın mövcudluğunu, iddiaçıya 0,08 ha torpaq sahəsinin ayrıldığını, qərarın qüvvədə olduğunu və iddiaçıya münasibətdə sənədlərin texniki səhv nəticəsində dövlət arxivinə təhvil verilmədiyini təsdiq etmişdir. Buna görə bələdiyyənin cavabı arxivdə sənədin aşkarlanmaması faktının səbəbini izah edən (aşkar edilməməsi qəbul edildiyi halda) və iş üzrə digər sənədlərlə uzlaşan mühüm sübut kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən, torpaq sahəsinin alqı-satqısının akt və ya müqavilə formasında rəsmiləşdirilməsi, eləcə də həmin rəsmiləşdirmənin sonrakı tarixdə aparılması torpaq sahəsinin ayrılması barədə qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini öz-özlüyündə aradan qaldırmır. Belə hallarda forma tələbinə riayət olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir və inzibati orqanın rəsmiləşdirmə zamanı yol verdiyi qüsurlar əsaslı səbəb olmadan hüquq sahibinin ziyanına təfsir edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə mahiyyət etibarilə alqı-satqı aktının və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin torpağın ayrılmasına dair qərardan sonrakı tarixdə rəsmiləşdirilməsi, alqısatqı aktında hüquq sahibinin imzası ilə bağlı çatışmazlıq, memarlıq və tikinti orqanının rəyinin və arxiv arayışının təqdim edilməməsi, habelə yerquruluşu planından çıxarışın müəyyən möhürlərlə təsdiq olunmaması əsas gətirilmişdir. Lakin kollegiya hesab edir ki, bu dəlillər qüvvədə olan bələdiyyə qərarının və onun əsasında yaranmış hüquqi münasibətin mövcudluğunu aradan qaldıran hallar kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ## ###### 2010-cu il tarixli rəyi də məhz Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarına istinad etməklə İsrafilov İsrafil Qulamhüseyn oğluna 800,0 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması faktını əks etdirir. Bu sənəd mübahisəli qərarın tarixini, nömrəsini, hüquq sahibini və torpaq sahəsinin ölçüsünü eyni qaydada göstərməklə iddiaçının təqdim etdiyi sənədlərin bir-birini qarşılıqlı təsdiqlədiyini göstərir. Eyni qaydada, torpaqların alqı-satqısına dair aktda Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarına istinad edilmiş, torpaq alan şəxs kimi İsrafilov İsrafil Qulamhüseyn oğlu göstərilmişdir. Torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsini təsdiq edən qəbz və yerquruluşu planı da həmin hüquqi münasibətin rəsmiləşdirilməsini təsdiq edən sənədlər sırasına daxildir. Sözügedən sənədlərin müxtəlif tarixlərdə və ayrı-ayrı orqanlar tərəfindən tərtib edilməsinə baxmayaraq, onların hər birində eyni hüquqi əsasa – Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarına istinad olunması həmin sənədlərin vahid hüquqi münasibətə aid olduğunu və bir-birinin məzmununu qarşılıqlı şəkildə tamamladığını göstərir. Kollegiya hesab edir ki, * saylı Abşeron Ərazi İdarəsinin məlumat bazasında iddiaçıya torpaq sahəsinin ayrılmasına dair qeydin aşkar edilməməsi özlüyündə Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının mövcud olmadığını və ya həmin qərarla iddiaçıya torpaq sahəsi ayrılmadığını təsdiq etmir. Nəzərə alınmalıdır ki, hazırkı mübahisə məhz həmin bələdiyyə qərarından irəli gələn hüququn ilk dəfə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlıdır. Bu baxımdan cavabdehin informasiya sistemində iddiaçıya dair əvvəlki qeydin mövcud olmaması mübahisəli hüququn yaranmadığını deyil, həmin hüququn dövlət reyestrində hələ qeydiyyata alınmadığını göstərir. Digər tərəfdən, torpaq sahəsinin ayrılması barədə qərarı qəbul etmiş Qobu Bələdiyyəsi məhkəməyə verdiyi cavabda sözügedən qərarın mövcudluğunu, qüvvədə olduğunu və həmin qərarla iddiaçıya 0,08 ha torpaq sahəsinin ayrıldığını təsdiq etmişdir. Buna görə də cavabdehin məlumat bazasında müvafiq qeydin aşkar edilməməsi bələdiyyənin rəsmi təsdiqini və eyni qərara istinad edən digər hüquqmüəyyənedici sənədləri təkzib edən yetərli sübut kimi qiymətləndirilə bilməz. Bu yanaşma “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan formal tələblərdən sui-istifadənin qadağan olunması və həmin Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası ilə də uzlaşır. İnzibati icraat zamanı təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə onlar mötəbər hesab olunur, sənədlərin mötəbərliyinə əsaslı şübhə yarandıqda isə həmin şübhənin aradan qaldırılması üçün zəruri araşdırmanın aparılması inzibati orqanın üzərinə düşür. Kollegiya onu da nəzərə alır ki, cavabdehin istinad etdiyi çatışmazlıqlar əsasən sənədlərin tərtib və təsdiq formasına, ayrı-ayrı razılaşdırmaların təqdim olunmasına və arxiv məlumatının olmamasına aiddir. Halbuki məhkəmə araşdırması zamanı ilkin hüquqmüəyyənedici qərarın mövcudluğu bələdiyyə tərəfindən ayrıca təsdiqlənmiş, həmin qərara istinad edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi, alqı-satqı aktı, ödəniş sənədi və yerquruluşu materialları işə əlavə edilmişdir. Bu sənədlərin saxta olması, məzmununun həqiqətə uyğun olmaması və ya sonradan etibarsız sayılması barədə hər hansı mötəbər sübut təqdim edilmədiyi halda aradan qaldırıla bilən formal çatışmazlıqların qeydiyyatdan qəti imtina üçün yetərli sayılması qanunçuluq, mütənasiblik və formal tələblərdən sui-istifadənin yolverilməzliyi prinsipləri ilə uzlaşmır. Kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi baxımından da fərqli nəticəyə gəlmək üçün əsas yoxdur. Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması müəyyən edilmədiyindən 15.1.4-cü maddədə nəzərdə tutulan hal mövcud deyildir. Arxiv orqanının 32 hissədən ibarət materialların özünü təqdim etmədən bildirdiyi “adı aşkar edilməmişdir” nəticəsi isə bələdiyyə aktının etibarsızlığına dair qərar və ya onun təqdim edilmiş surətinin saxta olduğunu müəyyən edən sübut deyildir. Buna görə Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan imtina əsaslarından hər hansı birinin iş üzrə mötəbər şəkildə mövcudluğu təsdiqlənmir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə ## ###### 2021ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə etimadın qorunması prinsipinin mahiyyəti maraqlı şəxsin inzibati akta etibar etmək, inzibati orqanın davranışını və qəbul etdiyi aktı qanunauyğun hesab etmək, onun məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququnu ehtiva edir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda qeydiyyatdan imtina edən orqan həmin imtinanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı konkret hüquqi maneəyə əsaslandığını göstərməlidir. Hazırkı işdə iddiaçı Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarına əsaslanmış, torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmiş, həmin qərara istinad edən alqı-satqı və yerquruluşu sənədlərini əldə etmişdir. İllər sonra da qərarı qəbul etmiş bələdiyyə həmin torpaq sahəsinin məhz iddiaçıya ayrıldığını və qərarın qüvvədə olduğunu təsdiqləyir. Belə ardıcıl davranış iddiaçıda əldə etdiyi hüququn dövlət qeydiyyatına alınacağına dair əsaslı və qorunmalı etimad yaratmışdır. Publik qurumların sənəd dövriyyəsində və arxivə təhvil prosesində yol verdiyi texniki çatışmazlığın bu etimadı iddiaçının ziyanına aradan qaldırması qəbul edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair ## #### 2017-ci il tarixli Qərarında da qeydiyyat orqanının təqdim edilmiş sənədləri diqqətlə yoxlamalı olduğu vurğulanmaqla yanaşı, şəxsin qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka hüququnun əsassız məhdudlaşdırılmasının yolverilməzliyi göstərilmişdir. Qeydiyyat orqanı bələdiyyə tərəfindən qəbul olunmuş torpaqayırma aktını qanunsuz hesab etdiyi halda həmin aktın icrasının dayandırılması və ya ləğvi barədə aidiyyəti orqan qarşısında məsələ qaldırmaq və ya məhkəməyə müraciət etmək imkanına malikdir. Cavabdeh hazırkı işdə Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının ləğvi, geri çağırılması və ya etibarsız sayılması üçün hər hansı hüquqi prosedurun həyata keçirildiyini göstərməmişdir. Qeydiyyat orqanının təqdim olunan sənədlərin qanunauyğunluğunu yoxlamaq vəzifəsi onun qüvvədə olan inzibati aktı hüquqi nəticəsiz hesab etmək səlahiyyəti kimi başa düşülə bilməz. Belə bir aktın hüquqi nəticələrinin qeydiyyat mərhələsində yalnız formal və arxiv xarakterli çatışmazlıqlara istinadla faktiki olaraq yox sayılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi ilə uzlaşmır. Məhkəmə kollegiyası Qobu Bələdiyyəsinin mübahisəli münasibətdəki hüquqi mövqeyinə də xüsusi əhəmiyyət verir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi bələdiyyə torpaq sahəsinin satıcısı və torpaqayırma qərarını qəbul etmiş səlahiyyətli orqan olmaqla, hazırkı mərhələdə nə qərarı, nə alqı-satqı münasibətini, nə də iddiaçının həmin torpaq sahəsini əldə etməsini mübahisələndirir. Əksinə, bunları rəsmi məktubla təsdiq edir. İddiaçı da alıcı kimi torpaq sahəsinin dəyərini ödədiyini və hüquqmüəyyənedici sənədləri əldə etdiyini sübutlarla göstərir. Beləliklə, torpağı verənlə torpağı alan arasında hüquqi münasibətin baş verməsinə dair ziddiyyət olmadığı halda, alqı-satqı münasibətinin tərəfi olmayan qeydiyyat orqanının yalnız sənəd və arxiv dövriyyəsindəki çatışmazlıqlara əsaslanaraq bu münasibətin mövcudluğunu inkar etməsi üçün daha yüksək səviyyəli, konkret və mötəbər hüquqi əsas tələb olunur. Həmin yanaşma hazırkı işə tətbiq edildikdə iş üzrə sübutların ümumi məcmusu iddiaçının mövqeyini təsdiqləyir. Belə ki, Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının surəti mövcuddur. Eyni qərara istinad edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi və alqısatqı aktı təqdim edilmişdir. Torpaq sahəsinin dəyərinin ödənilməsi də müvafiq sənədlə təsdiq olunur. Bundan əlavə, Qobu Bələdiyyəsi həmin qərarın qəbul edildiyini və qüvvədə olduğunu rəsmi qaydada təsdiq etmişdir. Abşeron Rayon Dövlət Arxivi isə ** nömrəli qərarın 32 hissədən ibarət olduğunu bildirsə də, məhkəmənin tələb etdiyi ilkin materialları təqdim etməmişdir. Cavabdehin öz məlumatlarında iddiaçıya dair qeydin aşkar edilməməsi də təqdim olunmuş sənədlərin saxta olduğunu və ya ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarın hüquqi qüvvədən düşdüyünü təsdiq etmir. Göstərilən halların məcmusu cavabdehin imtinasının formal xarakter daşıdığını və iş üzrə halların tam araşdırılmasına əsaslanmadığını göstərir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, inzibati orqan özünün və ya digər publik qurumların sənədləşmə, arxivləşdirmə və informasiya sistemlərinin aparılması sahəsində yol verdiyi təşkilati çatışmazlıqlardan şəxsin ziyanına hüquqi nəticə çıxara bilməz. Belə çatışmazlıqlar yalnız təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmadığı və ya hüququn yaranmasına dair aktın qanunla nəzərdə tutulmuş qaydada qüvvədən salındığı mötəbər şəkildə müəyyən edildikdə hüquqi əhəmiyyət kəsb edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi 0,08 ha torpaq sahəsinin ayrılmasına dair Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı və həmin qərarı təsdiqləyən alqısatqı, ödəniş, torpaq orqanının rəyi və yerquruluşu sənədləri mövcuddur. Qərarı qəbul etmiş və torpaq sahəsini satmış bələdiyyə bu faktı hazırda da təsdiqləyir və qərarın qüvvədə olduğunu bildirir. Arxiv orqanının 32 hissədən ibarət materialları məhkəməyə təqdim etmədən verdiyi mənfi axtarış cavabı, eləcə də cavabdehin öz qeydiyyat məlumatlarında iddiaçıya dair qeydin aşkar edilməməsi bu sübutlar məcmusunu təkzib etmək üçün kifayət deyildir. Cavabdeh tərəfindən bələdiyyə qərarının saxta, ləğv edilmiş və ya qanunla müəyyən edilmiş qaydada etibarsız hesab olunmuş olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati aktın qüvvədə olduğu müddətdə hüquqi nəticələr doğurması, formal və təşkilati qüsurların əsaslı hüquqi səbəb olmadan hüquq sahibinin ziyanına təfsir edilməməsi, habelə qeydiyyat orqanının imtinanı qanunda nəzərdə tutulan konkret əsasla əlaqələndirməli olması barədə formalaşdırdığı hüquqi mövqelər hazırkı mübahisənin həlli üçün də rəhbər tutulmalıdır. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin hüquqi statusuna, iddiaçının təqdim etdiyi sənədlərə və cavabdehin öz araşdırması ilə müəyyən edilmiş texniki hallara düzgün hüquqi qiymət vermiş, iddia tələbini təmin etməklə iş üzrə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-659/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-659/2026
18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver